Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Təcili xəbər, Azərbaycan MN: "Goranboy, Tərtər və Bərdə rayonlarının əraziləri atəşə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Bərdə rayonlarının ərazilərini atəşə tutur.

  2. “Qarabağlılar barışığa razılaşmadı” - Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 2011-ci ildə BBC-yə verdiyi müsahibədən, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 2011-ci ilin aprelində BBC Rusca xidmətinə müsahibə verib.

    Levon Ter-Petrosyan

    Arxivdən: Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 2011-ci ilin aprelində BBC Rusca xidmətinə müsahibə verib.

    Həmin müsahibədən bir hissəni təqdim edirik:

    BBC: Siz Qarabağ uğrunda hərəkata başlayanda, bunun nəylə bitəcəyini azacıq da olsa, təsəvvür edirdinizmi?

    LTP: Yox, təsəvvür etmirdik. Çünki biz başlayanda, 1988-ci ildə Sovet İttifaqının dağılacağını heç kim ağlına gətirə bilməzdi. Biz ona istinad edirdik ki, Sovet İttifaqı var, Sovet konstitusiyası var. Konstitusiya çərçivəsində bu məsələni qaldırmağa bizə icazə verilmişdi. Qarabağı Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə qatmaq. Belə presedentlər olub, Qaraqalpaqstan bir neçə dəfə Özbəkistanın tərkibindən çıxarılaraq Qazaxıstana verilib və geriyə qaytarılıb, Krım və sairə. Belə presedentlər olub. Bu problemi diqqətlə öyrənmək əvəzinə Sovet rəhbərliyi qarşıduma siyasətinə əl atdı. Məhz Mərkəz bu münaqişəni getdikcə daha çox qızışdırdı. Onlar qoşun yeritdilər, Fövqəladə vəziyyət, komendant saatı və sairə elan etdilər. Bundan sonra, əlbəttə, proses radikallaşdı.

    BBC: Sizcə tərəflərin tammiqyaslı, hərtərəfli sülh sazişinin bağlanmasına ən yaxın olduqları an nə vaxt olub?

    LTP: Düşünürəm ki, bu, 1997-ci ildə olub. 1997-ci ildə bu problemi həll etmək imkanı olub. Yəni, hansısa əraziləri Azərbaycana vermək, barışıq imzalamaq və sairə, Qarabağın müvəqqəti statusuna dair razılaşma əldə etmək və sonradan isə yekun status məsələsini həll etmək.

    BBC: Bu, niyə gerçəkləşmədi?

    LTP: Çünki qarabağlılar hesab edirdilər ki, bunlar azdır. Yanaşma maksimalist yanaşması idi. Onlar düşünürdülər ki, təzyiqi bir az da gücləndirməklə, daha artığını əldə edə bilərlər. Təkcə qarabağlılar yox, burada, mənim ətrafımda da, mənim komandamda da belə düşünən adamlar var idi. Onlar bu planı qəbul etmədi. Onda mən onlara dedim ki, əgər siz düşünürsünüz ki, daha yaxşı bir variant var, onda buyurun, mən həmin variantı poza bilmərəm, cəhd edin, bəlkə alındı.

    BBC: Daha 20 ildən sonra Ermənistan necə olacaq? Müxtəlif sseanarilər: ən pis halda nə ola bilər? Azərbaycanla birbaşa hərbi toqquşma və ya staqnasiya variantı?

    LTP: Yox, yox, yox – mən optimistəm, mən optimistəm. Mən əminəm ki, vəziyyət daha yaxşı olacaq, əlbəttə ki, daha yaxşı olacaq. Bizim indi yeganə problemimiz var. Bizdə hakimiyyət təhrif olunub. Bunu bərpa etsək, hər şey öz yerini tutacaq. Normal bir ölkə olacaq. Azad bir ölkə. Azərbaycanla da məsələmiz öz həllini tapacaq. Türkiyə ilə də məsələmiz həll olunacaq. Yəni, əgər, bilimirəm, misal üçün, Ermənistan hansısa katastrofik bir situasiyayla üzləşsə, günah bizdə olacaq... yalnız bizdə.

  3. Qarabağın cənubunda erməni könüllüləri necə yaşayır və nəyə hazırlaşırlar. Cəbhə xəttinə yaxın yerdən reportaj

  4. Ermənistan qarşı tərəfin əlinə düşmüş 17 əsir barədə bildiyini açıqlayıb

    Ermənistan hakimiyyəti 17 əsgərinin Azərbaycanda əsirlikdə olmasına bələddir, çərşənbə axşamı Yerevanda mətbuat konfransında Ermənistan İstintaq Komitəsi Kriminologiya İdarəsinin rəhbəri Rafayel Vardanyan deyib.

    “Hərbi əsirlər barəsində təcili tədbirlərin qəbul edilməsi üçün biz Ermənistan Müdafiə Nazirliyi Hərbi Əsirlər üzrə İdarələrarası Komissiya və AİHM (Avropa İnsan Haqları Məhkəməsi) ilə işləyirik. Bu onlara tibbi yardım göstərmək, hüquqlarının pozulmaması ilə və s. məsələlərlə bağlıdır," - Vardanyan deyib.

    Armenpress agentliyi bildirir ki, İstintaq Komitəsi hazırda daha iki əsgər haqqında məlumatları dəqiqləşdirir.

    Azərbaycan onlarda olan erməni hərbçilərinin sayı barədə məlumat verməyib. Yalnız Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası bazar ertəsi yaydığı məlumatda bildirib ki, onlar iki erməni hərbçini və iki mülki şəxsi Ermənistanda olan iki azərbaycanlı girovla dəyişməyə hazırdır.

  5. İlham Əliyev: "Qarabağ regionunun gələcəyini dinc bir ərazi kimi görürük"

    Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Qarabağ regionunun gələcəyini dinc bir ərazi kimi görür.

    O, bu barədə Twitter hesabında yazıb.

    "Biz öz investisiyalarımızla və quruculuq təcrübəmizlə bu regionu dünyanın ən firavan regionlarından birinə çevirə bilərik. Lakin bundan ötrü müharibənin nəticələri aradan qaldırılmalıdır,"- prezident qeyd edib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  6. Ermənistan: "Polis qalmaqala səbəb olan video üzrə araşdırma aparacaq"

    Ermənistan polisi son günlər sosial şəbəkələrdə paylaşılan, cəbhə bölgəsində əməkdaşlarından birinin təchizatın pis təşkil olunmasından gileyləndiyini əks etdirən video görüntü ilə bağlı xidməti araşdırma aparılacağını bildirir.

    Videoda Qarabağ döyüş bölgəsində xidmət edən polis əməkdaşlarından biri təchizatın son dərəcə pis təşkil olunduğunu deyir.

    Polis əməkdaşı qeyri-etik ifadələr istifadə edərək deyir ki, komandanlıq onları özbaşına taleyin ixtiyarına buraxıb.

    Ermənistan polisi videoda səsləndirilən bütün problemlərin sonradan həll olunduğunu və döyüş növbətçiliyinin qısa bir zamanda nizamlandığını bildirir.

    Sosial şəbəkədə yayılmış video ilə bağlı xidməti araşdırma başlanıb, nəticələri barədə müvafiq tədbirlər görüləcək, Ermənistan polisinin məlumatında deyilir.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  7. İran XİN nümayəndəsi Ermənistan-Azərbaycan münaqişə zonası olan sərhədi yoxlayacaq

    Abbas Ərəqçi

    Şəklin mənbəyi, İrna

    Şəklin alt yazısı, İran xarici işlər nazirinin müavini Abbas Ərəqçi Azərbaycan və Ermənistanla sərhəddə yerləşən İran ərazilərinə səfərə çıxıb

    İran İslam Respublikasının Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini Abbas Əraqçi çərşənbə axşamı günü Azərbaycan-Ermənistan münaqişə zonası ilə həmsərhəd bölgələrə baş çəkmək üçün İranın Ərdəbil əyalətinə gəlib.

    İranın İRNA xəbər agentliyinin yaydığı məlumata görə, cənab Əraqçi səfəri zamanı İranın böyük su anbarı bəndlərinə və Araz çayı boyunca yerləşən elektrik qurğularına baş çəkəcək.

    Abbas Ərəqçi İran su anbarı bəndlərinin və elektrik enerjisi qurğularının əhəmiyyətli olduğunu və iki şimal qonşu arasındakı münaqişə vaxtı zərər görməməli olduğunu bildirib.

    Əraqçı, həmçinin bildirib ki, o, yerli rəsmilərlə mühafizə olunacaq yerləri qorumaq üçün görüləcək zəruri tədbirlər barədə müzakirə aparacaq.

    Xarici İşlər nazirinin müavini Ərdəbil vilayətinin Aslandüzdəki “Mil-Muğan” su anbarına baş çəkib və daha sonra oradakı qurğuları görmək üçün İranın sərhəd bölgəsi olan Şərqi Azərbaycan vilayətinə yola düşüb.

    Dağlıq Qarabağ münaqişəsinin bir ay əvvəl yeni mərhələsi başlayıb.

    Münaqişə zamanı atılan bəzi mərmilər İranın sərhəd şəhərlərinə düşüb və orada yaşayan iranlılar üçün təhlükə riski yaradıb.

    İrana sərhəd qəsəbələrində bir neçə minaatan və artilleriya mərmilərinin düşməsindən sonra İran tərəflərə xəbərdarlıq edib.

    Bundan sonra İslam İnqilabı Keçikçiləri Korpusunun quru qoşunları sərhəd şəhərlərində yaşayan iranlıların təhlükəsizliyini təmin etmək üçün Azərbaycan və Ermənistanla sərhəd şəhərlərində yerləşdirilib.

  8. Təcili xəbər, Azərbaycan MN: "Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur.

    "Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutur," - qurum bildirib.

  9. Azərbaycan MN Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə məlumatı təkzib edib

    Azərbaycan MN

    Şəklin mənbəyi, Azərbaycan MN

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə məlumatı təkzib edib.

    Ermənistan bildirib ki, çərşənbə axşamı səhər saatlarında Azərbaycan tərəfi PUA və artilleriya-raket vasitələrindən istifadə edərək, Ermənistanın cənubunda İranla sərhəddə Ermənistan sərhəd zastavasını atəşə tutub.

    Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb və hücum nəticəsində ölən və xəsarət alan olmadığını qeyd edib.

    Azərbaycan Müdafiə Nazirliyi bu məlumatın "yalan və təxribat xarakteri daşıdığınə" bildirib.

    Nazirlik vurğulayıb ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.

    "Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur," - qurum bildirib.

  10. Xankəndində deyirlər ki, “gecə nisbi sakit olub”

    Çərşənbə axşamına keçən gecə Dağlıq Qarabağ yaşayış məntəqələrində nisbətən sakit keçib, tanınmamış “DQR Fövqəladə Hallar Xidmətinin” məlumatında deyilir.

    Məlumata görə, gərgin vəziyyət Əskgəranda müşahidə olunub.

  11. Tanınmamış “DQR müdafiə ordusunun komandanı” Calal Harutyunyan yaralanıb

    Bu barədə tanınmamış “DQR prezidenti” Arayik Harutyunyan öz Facebook səhifəsində məlumat verib.

    Məlumata görə, yaralanmış general Calal Harutyunyan vəzifəsindən azad edilib, onun yerinə Mikayel Arzumanyan təyin olunub. Mikayel Arzumanyana dərhal general-leytenant rütbəsi verilib. O, tanınmamış “DQR ordusu”nda müxtəlif vəzifələrdə çalışıb, təyinatdan qabaq general-mayor rütbəsində olub.

    Son məlumatlara görə, general Calal Harutyunyanın həyatına təhlükə yoxdur.

    “Cənab Harutyunyanın həyatına heç bir təhlükə yoxdur, döyüş mövqelərindən birində aldığı xəsarət, xoşbəxtlikdən, ağır deyil,” - tanınmamış “DQR prezidentinin mətbuat katibi” Vahram Poğosyan Facebook hesabında qeyd edib.

  12. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Qubadlı şəhərindən video yayıb

    Azərbaycan ordusu 27 ildən çoxdur Ermənistan ordusunun nəzarətində olan Qubadlını azad edib.

    Azərbaycan Müdafiə Nazirliyi Qubadlı şəhərindən video yayımlayıb.

    Təsvirlərdə Qubadlı şəhərinin mərkəzində olan yaşayış binaları, fərdi evlər əvvəllər Ermənistan ordusunun hərbi hissəsi olmuş ərazilər göstərilib.

    Ermənistan Müdafiə nazirliyinin nümayəndəsi də Qubadlı şəhərinin Azərbaycanın nəzarətinə keçdiyini təsdiq edib.

    Qubadlı şəhəri və rayonun ərazisi keçmiş Dağlıq Qarabağ muxtar vilayəti ətrafında olan və 27 ildən çoxdur ki, Ermənistan ordusunun nəzarətində olan bölgədir.

    Videonun alt yazısı, Azərbaycan 27 ildən çoxdur Ermənistan ordusunun nəzarətində olan Qubadlını azad edib.
  13. BBC Ruscanın müxbiri Bərdədən yazır: "Məktəbdə qələbəlikdir, ancaq dərs yoxdur"

    Azərbaycan Bərdə Qarabağ

    BBC Rusca xidmətinin müxbiri Olqa İvşina Bərdədən yazır:

    "Bərdə məktəbində indi qələbəlikdir, amma dərs yoxdur.

    Məktəblilər koronavirus epidemiyasına görə evdə oturublar, sinif otaqlarında isə Azərbaycanın Tərtər rayonundan olan qaçqınlar yerləşdirilib. Orada atışmalar bu müharibənin ilk günündən, sentyabrın 27-dən bəri dayanmır.

    “Bax, nəvəm nə çəkib! Kalaşnikov avtomatı və pulemyotu, RPQ. Hər şey necə də oxşayır!" – Ustahəmid İsfəndiyarov fərəh hissi ilə mənə uşaq rəsmlərindən ibarət albomu göstərir.

    Vərəqlərdə bir-birinə atəş açan tanklar və vertolyotlar təsvir olunub. Uşaqlar ətrafdakı dünyanı gördükləri kimi çəkirlər. Və bu dünya - müharibədir.

    “Atəş elə güclü idi ki! Beləsini gözləmirdik. Əvvəl evdə qalmaq istədik, ancaq gördük ki, bombalama çox güclüdür. 30 il əvvəl, gənc bir əsgər olduğum zaman adama o qədər də qorxulu gəlmirdi. İndi isə tamamilə fərqli hisslər doğurur, - deyir Ustahəmid. - Burada atışmanın olması bizi çox narahat edir. Ən çox əziyyət çəkən uşaqlarımızdır. Bax, bu uşaqlar, mənim nəvələrim. İndi də biz məktəbin sinif otağında yaşayırıq".

    Bu cür vəziyyət böyükləri qayğılandırır, onların ətrafında isə uşaqlar ora-bura qaçırlar. Oğlanlar kartondan oyuncaq avtomatlar düzəldib bir-biriylə yorulmadan müharibə-müharibə oynayırlar.

    Məktəb dəhlizlərinin görünüşü bir qədər dəyişib. İndi hər mərtəbədə qaçqınlar üçün xüsusi olaraq gətirilmiş bir soyuducu və bir paltaryuyan maşın var. Məktəbin həyətində yuyulmuş paltarlar asılıb qurudulur.

    Sinif otaqlarının əksəriyyətindən partalar çıxarılıb, divarlar boyu isə döşəklər sərilib.

    Qaçqınlar hər sinif otağında 3-6 nəfər şəklində yaşayırlar.

    Bu insanların burada nə qədər qalacağını və şagirdlərin məktəbə nə vaxt qayıda biləcəyini heç kim bilmir.

    Vidalaşmadan əvvəl direktor mənə yarımçıq qalmış abidə postamentini göstərir. Burada Birinci Qarabağ müharibəsində həlak olmuş məzunun abidəsi qurulmalı idi.

    İndi abidə genişləndirilə bilər - məktəbin daha bir neçə keçmiş şagirdi indi cəbhədə döyüşür. Direktor ümid edir ki, abidənin üzərində yeni lövhəyə səbəb ölülər deyil, dirilər olacaq".

    Bərdə Azərbaycan Qarabağ
    Qarabağ, Bərdə, Azərbaycan
  14. Hikmət Hacıyev Tərtər bölgəsində “Euronews” jurnalistlərinin hədəf alınmasını pisləyib

    raket atəşi

    Şəklin mənbəyi, "Euronews"-dan kadr

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan ərazisində “Euronews” çəkliş qrupunun hədəf alınmasını pisləyib.

    “Ermənistanın bu hücumunu azad sözə və peşəkar jurnalistikaya təcavüz kimi qiymətləndiririk”,- Hikmət Hacıyev bəyənatında bildirib.

    Ermənistan tərəfindən bu məsələ hələ şərh olunmayıb.

    Məlumata görə, “Euronews” jurnalistləri işğaldan azad edilmiş Talış və Suqovuşan kəndləri ərazisində video çəkliş edərkən onların avtomobili "Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulub".

    Raket avtomobildən yan keçib və xəsarət alan olmayıb, ancaq avtomobilə qəlpələr sıçrayıb “Euronews”-un bölgədən hazırladığı video sujetdə bildirilib.

  15. Müdafiə Nazirliyi: Cəbhə döyüşləri davam edib

    döyüşlər

    Şəklin mənbəyi, EPA

    Azərbaycan Müdafiə Nazirliyi bazar ertəsindən çərşənbə axşamına keçən gecə cəbhədə döyüşlərin davam etdiyi barədə məlumat yayıb.

    Nazirlik Ermənistan tərəfini sonuncu humanitar atəşkəs rejimini pozmaqda ittiham edib.

    Məlumata görə, Ermənistan tərəfi Xocəvənd, Füzuli, Qubadlı istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini və cəbəyə yaxın yaşayış məskənlərini atəşə məruz qoyub.

    “Hücum etmək cəhdlərinin qarşısı alınan Ermənistan tərəfi itki verərək geri oturdulub,” - Azərbaycan Müdafiə Nazirliyi bildirib.

    Ermənistan tərəfindən hələ ki, cəbhədəki döyüşlər və atəşkəsin pozulması barədə şərh verilməyib.

    Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan öz rəsmi Facebook səhifəsində döyüşlər barədə yazıb. “Cənub-şərq iştiqamətində şiddətli döyüşlər gedir,”- Artsrun Hovhannisyan tanınmamış “Dağlıq Qarabağ Respublikası” ərazisində olan döyüşlər haqqında bildirib.

    Azərbaycan ordusunun yaydığı məlumata görə, döyüşlərdə “Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi vurulub və həlak olanlar arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da olub”.

    Ermənistan Müdafiə Nazirliyi hələ ki, bu məsələni şərh etməyib.

    Azərbaycan tərəfi cəbhənin müxtəlif istiqamətlərdə olan döyüşlərində Ermənistana məxsus xeyli canlı qüvvəni vurduğunu və biri tank olmaqla bir neçə hərbi texnikanı sıradan çıxardığını bildirib.

  16. Qubadlı sakini: "Hələ də inanmıram ki, qayıdacağıq o yerlərə"

  17. Ermənistan Müdafiə Nazirliyi Qubadlını itirdiyini etiraf edib

    Facebook/Armenian Unified Infocenter

    Şəklin mənbəyi, Facebook/Armenian Unified Infocenter

    Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan Azərbaycan ordusunun bir gün əvvəl Qubadlını aldığını etiraf edib.

    "Dünən axşam gecə saatlarında döyüşlər zamanı, təəssüf ki, düşmən Qubadlını götürə və bəzi istiqamətlərdə irəliləyə bildi," Hovhannisyan deyib (sinxron tərcümədən sitat).

    Bu vaxta qədər nə Hovhannisyan, nə də Ermənistan Müdafiə Nazirliyi nəinki Qubadlının, hətta Azərbaycan hərbçilərinin bir neçə gün əvvəl azad olunduğunu elan etdikləri və dəlil kimi video görüntülər yayımladıqları halda Cəbrayıl və Hadrutun itkisini qəbul etmişdilər.

    "Bəli, düşmən müəyyən sahələrdə uğur qazandı, bəli, Syunikin qapılarına yaxınlaşdılar. Ancaq vəziyyət fəlakətli deyil. Mən erməni əsgərinin gücünə inanıram ... Qələbə qazanmalıyıq, çünki bu, varlığımız üçün döyüşdür," Artsrun Hovhannisyan bazar ertəsi keçirilən gündəlik brifinqdə deyib.

    Hovhannisyanın açıqlamaları son dərəcə qeyri-adi səslənib, çünki o, indiyə qədər Azərbaycan ordusunun irəliləməsini tanımaqdan qətiyyətlə imtina edib.

    Syunik Azərbaycan bölmələrinin son bir həftə ərzində Zəngilan və Qubadlı regional mərkəzlərini və yaxın yaşayış məntəqələrini azad edərək sərhədlərinə yaxınlaşdığı Ermənistanın ən cənub bölgəsinin adıdır.

  18. Nikol Paşinyan: "Erməni xalqı böyük, hətta ağrılı güzəştlərə hazırdır, amma təslim olmağa yox"

    Nikol Paşinyan Azərbaycan Ermənistan Qarabağ

    Şəklin mənbəyi, AFP

    Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, erməni xalqı Qarabağ məsələsində "böyük və hətta ağrılı güzəştlərə getməyə hazırdır", ancaq Azərbaycanın "tələb elədiyi kapitulyasiyaya (təslimə) yox".

    Facebook-da canlı yayımda çıxış edən Baş nazir etiraf edib ki, bugünkü üçüncü atəşkəs cəhdi baş tutmayıb.

    O, çıxışında ABŞ Dövlət katibi Mike Pompeo ilə dünənki telefon danışığı barədə danışıb, deyib ki, o, Dövlət katibinə bu cəhdin əvvəlki iki cəhd kimi, çox güman ki, uğursuz olacağını söyləyib.

    Azərbaycan və Ermənistan arasında ilk humanitar atəşkəs razılaşmaları oktyabrın 10-u və 17-si Rusiyanın vasitəçiliyi ilə əldə olunsa da, tərəflər atəşkəs razılaşmasına riayət edilməməkdə bir-birilərini günahlandırıblar.

    Üçüncü atəşkəs razılaşması ABŞ-da Dövlət katibi Mike Pompeo-un vasitəçiliyi ilə əldə olunub.

  19. Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndinin görüntülərini yayıb.

  20. Azərbaycan FHN: "Daşkəsəndə meşəlik ərazidəki yanğın söndürülüb"

    Daşkəsən rayonundakı meşə ərazisində baş vermiş yanğın söndürülüb, Azərbaycan Fövqəladə Hallar Nazirliyi bildirib.

    Qurum Ermənistan ərazisindən mərmilər atıldığı üçün meşədə yanğın baş verdiyini açıqlamışdı.

    FHN bildirib ki, yanğının geniş sahəyə yayılmasının və sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

    Nazirlik qeyd edib ki, ümumilikdə, təqribən 10 hektara yaxın sahədə quru ot, kol-kos və qismən ağaclar yanıb.