Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Hikmət Hacıyev Ermənistanı saxta məlumatlar hazırlamaqda ittiham edir

    Hikmət Hacıyev

    Şəklin mənbəyi, Azərtac

    Prezidentin köməkçisi Hikmət Hacıyev bazar ertəsi günü deyib ki, Ermənistan tərəfi öz hərbçilərinə Azərbaycan hərbçilərinin geyimini geyindirib "mülki əhaliyə qarşı təxribatlar" törədə bilər.

    Cənab Hacıyev bildirib ki, Ermənistan müdafiə nazirinin erməni əsgərlərlə görüşünü göstərən bir fotoda nazirin yanında oturmuş bir əsgərin Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi geyimini geyinməsi diqqət çəkib: "Fotoda Ermənistan müdafiə nazirinin yanında əyləşən ayaqyalın erməni əsgərin hərbi geyimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimi ilə eynilik təşkil etməsi ciddi şübhələr doğurub. Bir neçə dəqiqədən sonra Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti tərəfindən həmin fotoşəkillər rəsmi ünvanlardan silinib".

    Onun sözlərinə görə, oxşar hadisə daha əvvəl də Ermənistan Müdafiə Nazirliyi tərəfindən edilib. Prezident köməkçisi bildirib ki, Ermənistan tərəfinin yaydığı fotolarda guya Azərbaycan DSX-nin hərbi geyimini geymiş “muzdluların” olduğu video yayılıb.

    "Ermənistan tərəfi PKK terrorçularına və Ermənistan əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərini geyindirərək onlar tərəfindən mülki erməni əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini təşkil edə və sonradan bütün propaqanda resurslarını cəlb edərək məsuliyyətin Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər. Döyüş şəraitində məhv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi formasi geyindirilmiş PKK terrorçularını isə guya Azərbaycan tərəfdən vuruşan muzdlular kimi təqdim edə bilər,"- Hikmət Hacıyev deyib.

    Cənab Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki erməni əhalisini Ermənistan silahlı qüvvələrinin və tanınmamış “Dağlıq Qarabağ” rəhbərliyinin təxribatlarına qarşı ayıq-sayıq olmağa, hərbi obyektlərdən kənar durmağa çağırıb.

    Ermənistan Azərbaycanın bu bəyanatına hələ şərh verməyib.

  2. Azərbaycan Müdafiə Nazirliyi deyib ki, hərbi aviasiyadan istifadə etməyib

    Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan tərəfinin bazar ertəsi günü yaydığı və Xocəvənd istiqamətində hərbi aviasiyadan istifadə edilməsi xəbəri həqiqəti əks etdirmir.

    "Azərbaycanın hərbi aviasiya vasitələrindən istifadə etməsi barədə Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti dezinformasiyadır", - Azərbaycan Müdafiə Nazirliyi bildirib.

    Nazirliyin məlumatına görə, "Azərbaycan əldə edilmiş yeni humanitar atəşkəs rejimi barədə razılığa riayət edir".

    Tanınmamış "Dağlıq Qarabağ Respublikası Fövqəladə Hallar Xidməti" məlumat yayıb ki, Xocəvənd (Martuni) şəhəri Azərbaycanın hava hücumuna məruz qalıb.

    "Azərbaycan tərəfi Martuni şəhərində hərbi təyyarələrdən istifadə edərək humanitar məqsədli atəşkəs razılaşmasını kobud şəkildə pozub" məlumatda bildirilib.

    Üçüncü humanitar atəşkəs razılaşması bu gün səhər saat 8-də qüvvəyə minib.

    Ermənistan və Azərbaycan tərəfləri bir-birini atəşkəsi pozmaqda günahlandırır. Sonuncu razılaşma ABŞ-ın vasitəçiliyi ilə əldə edilib.

  3. Azərbaycan MN: "Ağcabədi rayonu atəşə tutulub"

    Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ağcabədi rayonu oktyabrın 26-da atəşə tutulub.

    "Oktyabrın 26-sı saat 11.20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub," qurumun məlumatında deyilir.

  4. Hikmət Hacıyev: “Növbəti dəfə atəşkəsin pozulması məsuliyyəti Ermənistanın üzərinə düşür”

    Hikmət Hacıyev

    Şəklin mənbəyi, Azertag

    Şəklin alt yazısı, Hikmət Hacıyev

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan tərəfinin atəşkəsi yenidən pozduğunu deyib.

    O bildirib ki, humanitar atəşkəs rejimi qüvvəyə minmək ərəfəsində Ermənistan Baş nazirinin atəşkəsə riayət etmək barədə açıqlamasından dərhal sonra Ermənistan silahlı qüvvələri Laçın rayonu istiqamətində Azərbaycan qoşunlarını artileriya atəşinə tutub.

    Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan da Azərbaycanı ititham edib və bəyan edib ki, Azərbaycan tərəfindən atəşkəsin “müntəzəm pozunlması təqribən səhər 9.10-da qeydə alınıb”.

    “Azərbaycan tərəfi cənub-şərq istiqamətində yerləşən mövqeləri hədəfə alıb və bu istiqamətdə 5 top mərmisi atıb”,- Şuşan Stepanyan öz Twitter səhifəsində bildirib.

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sözlərinə görə, atəşkəs müddətində Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən də Azərbaycanın Gədəbəy, Tovuz və Daşkəsən rayonları atəşə məruz qalıb.

    “Ermənistanın humanitar atəşkəsi sözdə dəstəkləyir, əməldə isə humanitar atəşkəsin arxasında gizlənərək Azərbaycan silahlı qüvvələrini və mülki əhalini atəşə tutmaq, qüvvələrini təmərküzləşdirmək və yeni mövqelər əldə etmək üçün istifadə edir”, - Hikmət Hacıyev bəyan edib.

    Cənab Hacıyev deyib ki, “Azərbaycan tərəfi təmkin nümayiş etdirir” və atəşkəsin pozulma hallarını qeyd edib həmsədr ölkələrə məlumat verir. O bildirib ki, növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür.

    Ermənistan tərəfi bildirib ki, Azərbaycan bu gün səhər 8.45-dən başlayaraq atəşkəsi pozub və tanınmamış “Dağlıq Qarabağ Respublikası hərbçilərinə" artileriya atəşi açıb.

    Ermənistan Müdafiə Nazirliyinin nümyəndəsinin deyib ki, onun ölkəsi ABŞ-da əldə edilmiş razılaşmaya ciddi şəkildə riayət edir və Azərbaycan tərəfinin ittihamlarının reallıqla heç bir əlaqəsi yoxdur.

    Şuşan Stepanyan bu addımların “gələcək təxribatları üçün zəmin hazırlanması kontekstində edildiyini” deyib.

  5. Nikol Paşinyan atəşkəs rejiminə əməl ediləcəyini deyib

    Ermənistanın Baş naziri Nikol Paşinyan cəbhədə atəşkəs barədə razılığa əməl olunacağını bəyan edib.

    "Dünən Vaşinqtonda razılaşdırıldığı kimi, ABŞ-ın vasitəçiliyi ilə, saat 08.00-dan etibarən qüvvəyə minən atəşkəs rejimini Ermənistan tərəfi tam qoruyacaq", - Nikol Paşinyan öz rəsmi Facebook səhifəsində yazıb.

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Nikol Paşinyanın həqiqəti demədiyini bildirib.

    "Saat 08.04-dən bəri Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlayıblar. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrini top və minaatanlar ilə 08.05-dən bəri atəşə tutub",- Hikmət Hacıyev öz Twitter səhifəsində yazıb.

  6. Azərbaycan Müdafiə Nazirliyi: "Ordu humanitar atəşkəs rejiminə tam riayət edir"

    Ordu

    Şəklin mənbəyi, Azertag

    Şəklin alt yazısı, Azərbaycan Müdafiə Nazirliyi

    Bazar ertəsi günü Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, bu gün səhər saat 8-dən etibarən cəbhə boyu qüvvəyə minmiş humanitar atəşkəs rejiminə ordu tam riayət edir.

    Azərbaycan Müdafiə Nazirliyi onu da bəyan edib ki, humanitar atəşkəs elan olunsa da Ermənistan tərəfi əldə olunmuş razılaşmanı pozub.

    Ermənistan tərəfinin bu iddialar barədə şərhi hələ məlum deyil.

    25 oktyabr bazar günü ABŞ Dövlət Departamenti bəyan edib ki, öz vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri Zohrab Mnatsakanyan və Ceyhun Bayramov bazar ertəsi günü yerli vaxtla səhər saat 8-dən humanitar atəşkəs elan etmək haqqında razılığa gəliblər.

    Tərəflər daha əvvəl də oktyabrın 10-u və 17-də humanitar atəşkəs elan edib, lakin hər iki dəfə faktiki olaraq əməl edilməyib – döyüş və atəşmalar davam edib.

    Tərəflər atəşkəsin pozulmasında bir-birilərini ittiham ediblər.

    “Humanitar atəşkəs” əsirlər və həlak olanların cəsədlərinin mübadiləsini nəzərdə tutur.

  7. Təcili xəbər, Qubadlı şəhəri azad edilib, İlham Əliyev Twitter-də bildirib.

    Azərbaycan Prezidenti İlham Əliyev Qubadlı şəhərinin azad olunduğunu bildirib. Bu barədə o, rəsmi “Twitter” səhifəsində yazıb.

    "Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir.

    Eşq olsun Azərbaycan Ordusuna!

    Qarabağ Azərbaycandır!" - deyə o, tvitində vurğulayıb.

  8. Təcili xəbər, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğaldan azad olunub- İlham Əliyev

    İlham Əliyev Qarabağ Azərbaycan

    Şəklin mənbəyi, Azərtac

    Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsinin işğaldan azad olunduğunu açıqlayıb. O bu barədə Müdafiə Nazirliyində keçirdiyi operativ müşavirədə bildirib.

    "Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq," - İlham Əliyev deyib.

    Prezident uğur qazanmasına rəğmən döyüşlərdə qüsurlar və yubanmalar olduğunu bildirib.

    O, Qarabağda döyüşlər başladığı 27 sentyabrdan bəri ilk dəfədir ki, bu barədə danışır: “Ancaq, eyni zamanda bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir”.

    Prezident onu da əlavə edib ki, hərbi əməliyyatlar elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirilməsin. “Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər,”- o deyib.

    İlham Əliyevin sözlərinə görə, Azərbaycanın “hərbi arsenalında olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım” olmur.

    O deyib ki, o, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılması, bütün dağıntıların qeydə alınması, aktlar tərtib edilməsi, vətəndaşların dağıdılmış əmlakının uçota alınması üçün tapşırıq verib.

    Azərbaycan Prezidenti deyib ki, atəşkəs üçün onların bir şərtləri var: Ermənistanın təəssübkeşliyini çəkən ölkələr atəşkəs istəyirlərsə, Ermənistana təzyiq göstərsinlər.

    İlham Əliyev bildirib ki, atəşkəs qeyd-şərtsiz ola bilməz: “Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi”.

    Prezident əlavə edib ki, bu gün də Ermənistan silahlanır və hər gün Ermənistana ən müasir silahlar göndərilir. O vurğulayıb ki, əgər bu 27-28 il ərzində Ermənistana maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, Azərbaycan öz torpaqlarını işğaldan, özü də sülh yolu ilə çoxdan azad edərdi.

  9. İran Azərbaycanla sərhədə texnika və əsgərlər göndərib

    İran, Azərbaycan, sərhəd, Qarabağ

    Şəklin mənbəyi, İRNA

    İran Azərbaycanla sərhədinə əlavə hərbi texnika və əsgərlər yerləşdirib. Bu barədə İRNA xəbər yayıb.

    Azərbaycanın bununla bağlı hələ ki, şərhi yoxdur.

    İranın İRNA agentliyinin verdiyi xəbərə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun tankları və digər hərbi texnikası "insanların və sərhədin təhlükəsizliyini təmin etmək üçün" Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Culfa şəhərində və Azərbaycanla sərhəddə yerləşən Xudafərin şəhərində yerləşdirilib.

    Agentlik sərhədə əlavə olaraq göndərilmiş texnika və əsgərlərin sayını göstərməyib.

    Son iki gündə sosial şəbəkələrdəki İran hesablarında Azərbaycan sərhədinə doğru hərbi texnika daşıyan bir neçə yük maşınının video və fotoları paylaşılıb.

    Hərbi əməliyyatlar zamanı İran ərazisinə təsadüfi olaraq onlarla raket düşüb.

    Azərbaycan Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə yenicə verdiyi müsahibəsində deyib ki, Azərbaycan İranla sərhədində yerləşən əraziləri işğaldan azad edib və və buna görə də artıq Araz çayının o biri tərəfində, iranlılar üçün heç bir narahatlıq olmayacaq.

  10. Ermənistan Qarabağ münaqişəsində daha 11 hərbçisinin öldüyünü açıqlayıb.

    Bununla döyüşlərdə həyatını itirən erməni hərbçilərinin sayı 974 olub.

    Bu məlumatlar tam olmaya bilər, tərəflərin itkiləri barədə məlumatları müstəqil mənbələrdən yoxlamaq mümkün deyil.

    Azərbaycan döyüş itkilərini hələ ki, açıqlamır.

  11. İlham Əliyev: "...arzu edirəm ki, hərbi həll bu gün dayansın və biz danışıqlar masasına keçək"

    İlham Əliyev

    Şəklin mənbəyi, President.az

    Prezident İlham Əliyev Qarabağ müharibəsinin hərbi yolla həllinin bu gün dayanmasını və danışıqlar masasına keçilməsini arzu edir: "Əfsuslar olsun ki, bu hərbi amil çoxlu ziyan və qurbanlara səbəb olur," - o, şənbə günü ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsində deyib.

    İlham Əliyev söyləyib ki, subtstantiv danışıqlara nə qədər tez başlanılsa, həll yolu bir o qədər tez tapılar.

    "Bəli, biz hazırıq. Mən bunu dəfələrlə açıq demişəm. Biz bu gün atəşkəsi razılaşdırmağa hazırıq. Lakin, eyni zamanda Ermənistan, onun baş naziri deməlidir ki, onlar Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiqdir. İki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur".

    Prezident münaqişənin sülh yolu ilə həllinin mümkünlüyündən danışıb, lakin bunun "Ermənistanın iradəsindən asılı olduğunu" deyib.

    O, "Nəyə görə ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda birlikdə yaşaya bilməzlər?" deyə sual edib.

    İlham Əliyev jurnalistin hərbi əməliyyatlardan "ola bilsin ki, bir çox müxtəlif məsələlərdən narazı olan kütlənin diqqətini vətənpərvər döyüşə çəkmək üçün istifadə edirsiniz" şərhinə cavab olaraq deyib ki, ölkədə ciddi sosial problem yoxdur.

    "İqtisadiyyatımız sabitdir. İqtisadiyyatımız davamlıdır. Sizin dediyiniz kimi, bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamağa ehtiyac yoxdur".

    Cənab Əliyev söyləyib ki, Azərbaycanda korrupsiya olsa da, "buna qarşı mübarizə aparılır".

  12. Ermənistan Müdafiə Nazirliyi hərbi əməliyyatlar başlayandan bəri ilk dəfə olaraq Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərdə gedən döyüşlərin təsvir olunduğunu iddia etdiyi xəritə yayımlayıb.

    Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı hələ ki, şərh etməyib.

    Xəritədə Azərbaycan ordusunun işğaldan azad etdiyi bəzi ərazilər qırmızı rəngdə işarələnib, amma bütün məlumatlar Azərbaycanın açıqlamaları ilə üst-üstə düşmür: Azərbaycan Hadrut, Füzuli və Zəngilan rayon mərkəzlərinin, eləcə də şimaldakı Madagiz kəndinin öz nəzarətində olduğunu bəyan edib.

    Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan şənbə günü bu xəritəni təqdim edərkən iddia edib ki, "Bir çox yerlərdə vəziyyət dəyişkəndir və Ermənistan qüvvələri çox vaxt Azərbaycan qüvvələrini video çəkdikləri yerlərdən tez bir zamanda vurub çıxarır".

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bütün hücumlarının qarşısının alındığını və şənbədən bazar gününə keçən gecə cəbhədə Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüşlərin getdiyini, Azərbaycan ordusunun nəzarətə götürdüyü əraziləri bir qədər də genişləndirdiyini açıqlayıb.

  13. Qubadlının azad olunan kəndlərinin videosu yayılıb

    Bazar günü Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunmuş bəzi kəndlərindən olan video yayımlayıb.

    Nazirlik videoda göstərilən kəndlərin adlarını açıqlamayıb.

    Videonun alt yazısı, Azərbaycan Müdafiə Nazirliyi Qubadlının azad olunan kəndlərindən çəkilən video yayımlayıb
  14. "Tərtər zonasında vəziyyət qeyri-sabitdir," - BBC müxbiri Olqa İvşina cəbhəyanı bölgədən xəbər verir

    Tərtər zonasında vəziyyət qeyri-sabitdir, BBC müxbiri Olqa İvşina Azərbaycanın cəbhəyanı Bərdə şəhərindən xəbər verir.

    O yazır ki, Bərdə səmasında hərbi vertolyot uçur: “Tərtər tərəfdən hər iki dəqiqədən bir yaylım atəş səsi eşidilir (bunun əks tərəfə atılan və yaxud əksinə, əks tərəfdən atılıb gələn mərmi səsi olduğunu söyləmək çətindir).

    Elə indicə yerli məsciddən namaza dəvət edən azan səsi eşidilir. Zəif də olsa, aydın eşidilən yaylım atəş səsləri azan səsini müşayiət edir".

  15. Tanınmamış "DQR-in Ombudsmanı" minlərlə qaçqın olduğunu deyir

    Yeni müharibə nəticəsində Dağlıq Qarabağın təxminən 90 min sakini və ya əhalisinin təxminən 60 faizi qaçqına çevrilib, - bunu tanınmamış "Dağlıq Qarabağ Respublikasının Ombudsmanı" Artak Beqlaryan bildirib.

    Beqlaryanın sözlərinə görə, bu insanların bir qismi atəşlərdən qorunmaq üçün Qarabağın bir hissəsindən digərinə, digər qismi isə Ermənistana qaçıb.

    Qarabağdakı hazırkı qaçqınların sayına dair müstəqil dəyərləndirmələr hələlik yoxdur.

    Azərbaycan tərəfi müharibədən əvvəl Dağlıq Qarabağda 40 min azərbaycanlının yaşadığını və 1990-cı illərdə həm onların, həm də Dağlıq Qarabağ ətrafındakı yeddi rayondan bütün azərbaycanlıların - 700 mindən çox insanın qovulduğunu bəyan edib.

  16. Azərbaycan MN: "Ağdam, Tərtər və Ağcabədi atəşə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 25-də bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam, Tərtər və Ağcabədi rayonlarını "atəşə tutur".

  17. Baş Prokurorluq: "Ordu əməliyyatları barədə informasiya yaymaq məsuliyyət yaradır"

    Azərbaycan Baş Prokurorluğu bazar günü məlumat yayaraq sosial şəbəkə istifadəçilərinə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib.

    Məlumatda deyilir ki, "Azərbaycanın müharibə vəziyyətində olması nəzərə alınmalıdır və ordunun əməliyyatları barədə video, foto və informasiya yayılmamalıdır".

    Prokurorluq bu vizual informasiyaların çəkilməməsinə, yayılmamasına və paylaşılmamasına çağrış edib.

    Qurumun məlumatına görə, belə məlumatlar qarşı tərəfin "informasiya əldə etməsinə şərait yaradır və hərbçilərin həyatını təhlükəyə atır".

    Baş Prokurorluq bəyan edib ki, belə məlumatların yayılması "qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət yaradır".

    Azərbaycan Müdafiə Nazirliyi də oxşar xəbərdarlıq yayıb və əhalini hərbi sirr təşkil edəcək məlumatları yaymamağa çağırıb.

  18. "Gəlin bir-birimizə hörmət edək". Gürcüstanda ermənilərlə azərbaycanlılar yanaşı necə yaşayırlar

  19. Hikmət Hacıyev: “Bu səfər Fransanın neytrallığına kölgə salır”

    Hikmət Hacıyev

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bəyan edib ki, Fransa parlamentinin nümayəndələrinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır.

    Ermənistanın yerli mediası yazıb ki, Fransa parlamentinin 15 deputatdan ibarət nümayəndə heyəti oktyabrın 24-dən 27-dək Ermənistanda və Dağlıq Qarabağda olacaq.

    Prezident köməkçisi Hikmət Hacıyev bildirib ki, bu səfər rəsmi Yerevanın ballistik raketlərdən istifadə edərək mülki Azərbaycan əhalisinə qarşı “zorakılıq etdiyi bir vaxtda” baş verir.

    Prezidentin köməkçisi deyib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi neytrallığı və qərəzsizliyi təmin etməlidir, amma bu səfər Fransanın “neytrallığına kölgə salır”.

    Cənab Hacıyevə görə, belə “provokativ addımlar haqlı olaraq Azərbaycan ictimaiyyətinin ciddi hiddətinə səbəb olur”.

    O deyib ki, fransalı parlament nümayəndələrinin səfəri regionda gərginliyi azaltmır, əksinə, Ermənistanı “mülki əhaliyə hücumda cəsarətləndirir”.

  20. "Oradan ayaqyalın gəldiyim üçün, oraya da ayaqyalın qayıtmağa hazıram və xoşbəxt olacağam"

    Allahyarov və qonşuları
    Şəklin alt yazısı, Natiq Allahyarov öz qonşularının əhatəsində

    İlk baxışda Natiq Allahyarovun yaşadığı ev adi bir yataqxana kimi görünür. Ancaq buradakı hər qapı arxasında sizə ağrı və faciədən danışa bilərlər, BBC News Rusca müxbiri Olqa İvşina yazır.

    Bu, 1992-1994-cü illərdəki müharibə vaxtı Dağlıq Qarabağdan və ətraf Azərbaycan rayonlarından qaçmağa məcbur olan azərbaycanlıların yaşadığı evdir.

    “Bizi artıq mühasirəyə alanda qaçdıq. Qucağımızdakı iki-üç aylıq körpələrlə gedirdik. Və onlar, yolda olduğumuzdan, aclıq və susuzluqdan elə əllərimizdə ölürdülər,”- deyən Natiqin səsi titrəməyə başlayır.

    Birinci Qarabağ müharibəsi vaxtı Ağdam şiddətli döyüşlər meydanına çevrildi. Azərbaycanın verdiyi məlumata görə, açılan atəş və sakinlərin Ağdamdan qaçması vaxtı 6500-ə yaxın azərbaycanlı həlak olub.

    “O qəhrəmanlar, indi orada yatan şəhidlər - onlar mənim ürəyimdədir, onlar elə mənim özüməm. Orada mənimlə qan töküblər,” Natiq yadına salır.

    O, hələ 5 dəqiqə əvvəl sakit, gülərüz və özünə arxayın idi. İndi isə dayanmadan üzündə göz yaşları axır. Bəzən o, əlləriylə üzünü örtür, hönkür-hönkür ağlamağını saxlamağa çalışarkən bütün bədəni titrəməyə başlayır.

    Sentyabr ayının sonundan bəri yataqxananın otaqlarında həmişə televizor işləyir.

    Hamı cəbhə məlumatlarını izləyir və hansı yaşayış məntəqələrinin Azərbaycanın nəzarətinə keçdiyi barədə xəbərləri gözləyir.

    Natiq ümid edir ki, Azərbaycan qoşunları tezliklə onun doğma Ağdam şəhərini də nəzarət altına ala biləcəklər.

    “Oraya çox sevinərək qayıtmağa hazıram. Çünki qəhrəmanlarımızın, ata-analarımızın məzarları oradadır. İndi sevincdən ürəyim pərən-pərən olur,” – Natiq deyir.

    Döyüşlər zamanı Ağdamda bir çox bina xeyli zədələnib və daha sonra tamamilə dağılıb.

    Hazırda Ağdam yaşayış məntəqəsindənsə, daha çox xaraba qalan bir ərazidir.

    "Fərq yoxdur! Oradan ayaqyalın gəldiyim üçün, oraya da ayaqyalın qayıtmağa hazıram. Və xoşbəxt olacağam. Mənə heç nə, heç bir şərt lazım deyil.Yetər ki, yenidən ata və analarımızın məzarlarını, torpaqlarımızı görüb öpə bilim,” - Natiq deyir.

    Və onun bu sözləri ilə söhbət əsnasında bizi əhatəyə alan qonşular razılaşır.

    Yataqxana binası
    Şəklin alt yazısı, Qaçqınların yaşadığı bina