Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Cəbhədə döyüşlər: "Ağdərə, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı əsas istiqamətlərdir"

    toplar

    Şəklin mənbəyi, Getty Images

    Şəklin alt yazısı, Azərbaycanın artileriya qurğuları atəş açarkən

    Azərbaycan Müdafiə Nazirliyi ötən gün və bu gecə cəbhədə döyüş əməliyyatlarının əsasən Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam etdiyini bildirib.

    Nazirliyin məlumatına görə, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini və cəbhəyə yaxın ərazilərdə yerləşən yaşayış yerlərini müxtəlif silahlardan atəşə tutub.

    Ermənistan tərəfindən hələ ki, atəşkəsin pozulması məsələsində şərh yoxdur.

    “Ermənistan tərəfinin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib. Onların bir neçə döyüş texnikası məhv edilib”, - Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.

    Müdafiə Nazirliyi iddia edib ki, Ermənistan tərəfinin avtomobil texnikalarının sayı azaldığından onların “ön xətdəki bölmələrində ərzaq, silah və sursatla təminatında problemlər yaranıb”.

    Ermənistan tərəfindən bu haqda heç bir məlumat yoxdur. Bir gün əvvəl Ermənistan tərəfindən əsgərlərin təminatında problemlərin olduğu barədə video yayılıb və təsvirlərdə əsgərlərin şikayətləri səsləndirilib.

    Bundan sonra Ermənistan polisi araşdırma apardığını və videoda səslənən bütün problemlərin öz əhllini tapdığını bəyan edib.

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, qarşı tərəf döyüşlərdə iştirak üçün 2000 nəfərdən ibarət heyət toplamaq istəsə də 300 nəfər cəlb edə bilib. Nazirlik iddia edir ki, Ermənistan tərəfin heyət çatışmazlığı var.

    Ermənistan döyüşlər başlayandan bir müddət sonra ölkədə səfərbərlik elan edib.

  2. Azərbaycan Müdafiə Nazirliyi: "Tərtər rayonu atəşə tutulur"

    Çərşənbə günü səhər Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Tərtər rayonunun ərazisi atəşə tutulub.

    Nazirliyin məlumatına görə, Ermənistan silahlı qüvvələri artileriya atəşlərinə səhər saat yeddi radələrində başlayıb.

    Ermənistan tərəfindən bu barədə hələ ki şərh yoxdur.

    Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ermənistan tərəfinin hücum etdiyini bildirərək işğal olunmuş torpaqları uğrunda əks hücum əməliyyatları keçirdiyini bəyan edib.

    İndiyə kimi tərəflər üç dəfə humanitar atəşkəs elan etsələr də bu baş tutmayıb.

    Bir gün əvvəl cəhbədə hərbi əməliyyatların aparılmasının bir ayı tamam olub.

  3. Hikmət Hacıyev: "Azərbaycan Human Rights Watch və Amnesty İnternational-a müraciət edib"

    Hikmət Hacıyev

    Şəklin mənbəyi, Azertag

    Prezident köməkçisi Hikmət Hacıyev deyib ki, Azərbaycan Human Rights Watch və Amnesty İnternational kimi beynəlxalq təşkilatlara müraciət edib.

    “Biz gözləyirik ki, onlar obyektiv şəkildə Ermənistanın bu cinayət əməllərini, xüsusilə də mülki insanlara qarşı ballistik raketlərdən, kasetli bombalardan istifadə edilməsi hallarını yerindəcə araşdırsınlar. Biz gözləyirik ki, onlar tərəfindən obyektiv və səhih hesabatlar hazırlanaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq,” – oktyabrın 27-də keçirilən brifinqdə cənab Hacıyev deyib.

    Bundan əvvəl Human Rights Watch təşkilatı bildirib ki, Azərbaycan hökuməti təşkilata Azərbaycanın cəbhə zonasından kənarda yerləşən ərazilərinə hücumlarla bağlı araşdırma aparmaq üçün ölkəyə gəlməsinə icazə verməyib.

    Qurumun Cənubi Qafqaz məsələləri üzrə direktoru Georgi Qoqia BBC News Azərbaycanca deyib ki, bunun üçün Azərbaycan Xarici İşlər Nazirliyinə və müxtəlif ölkələrdəki səfirliklərə bir neçə məktub ünvanlayıblar, lakin hələ icazə verilməyib.

  4. Anna Hakobyan

    Şəklin mənbəyi, Anna Hakobyan

    Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı hərbi təlim keçəcəyini və cəbhəyə yollanacağını bildirib.

    42 yaşlı Anna Hakobyan bu barədə özünün Facebok səhifəsində yazıb.

    O, "Ermənistanın sərhədlərini qorumaq üçün” 13 qadınla birlikdə hərbi təlimlərə başlayacağını açıqlayıb.

    Ermənistan 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayır və bu il sentyabrın 27-də tərəflər arasında ağır döyüşlər başlayıb.

    Hər iki tərəfdə həm hərbçilər, həm də dinc sakinlər arasında ölənlər var.

  5. Nikol Paşinyan erməniləri "bütün güclərini səfərbər etməyə" çağırır.

    Nikol Paşinyan Azərbaycan Ermənistan

    Şəklin mənbəyi, Youtube/Factor.am

    Ermənistan Baş naziri Nikol Paşinyan erməniləri bütün güclərini səfərbər etməyə çağırır.

    O, xalqa televiziya ilə müraciətində deyib ki, Qarabağda döyüşmək üçün kifayət qədər silah və ehtiyat var, amma "məğlub olmamaq üçün bütün erməni xalqı tam gücünü səfərbər" etməlidir, eyni zamanda "ən sərt nizam-intizama və əmrlərin sözsüz yerinə yetirilməsinə ehtiyac var".

    Paşinyan deyib ki, bir aydır müharibə davam edir: "Lakin Artsax (Dağlıq Qarabağ-red.) yaralı da olsa, hələ ki, ayaq üstədir və ilk növbədə qəhrəman ordumuz, qəhrəman xalqımızın sayəsində. Bu dəhşətli, lakin qəhrəmanlıq prosesi bizə ümid verir. Artsax davam gətirəcək, çünki ruhumuz sarsılmazdır, iradəmiz sarsılmazdı. Müharibə o mərhələyə qədəm qoyub ki, onun davam etməsinin hər saniyəsi hər dəfə xaincəsinə pozan düşmənin xülyalarını iflasa uğradır,"- o, çıxışında bildirib.

    "Heç bir çətinlik Ermənistan hökumətinin Dağlıq Qarabağ məsələsinə dair strategiyasını dəyişməz. Ümummilli vəzifəmizi yerinə yetirmək üçün millətin və cəmiyyətin müstəsna birliyi gərəkdir,"- Paşinyan deyib.

    Baş nazirin sözlərinə görə, bütün dövlət idarəçilik sistemi təşkilati nöqsanların aradan qaldırılması" üzərində çalışır.

    O deyib ki, qarşıya qoyulan tapşırıqları həll etmək üçün "Qarabağ müdafiə ordusunun şəxsi heyəti və silahı" kifayət edər.

    "Biz heç bir daxili və xarici qüvvəyə bizim azad və xoşbəxt gələcəyimizə dair şübhə toxumunu səpməyə qoymarıq,"- Nikol Paşinyan deyib.

    O əlavə edib ki, dünənki çıxışının ziddiyyətli reaksiyalar doğurduğunu bilir, amma bu çıxışı "iki məqsəd güdüb: beynəlxalq aləmə erməni tərəfin konstruktivliyi və erməni xalqın Artsaxın hüquqları uğrunda mübarizə etmək əzmində olduğunu göstərmək".

    Nikol Paşinyan bazar ertəsi Facebookda canlı yayımda çıxışında demişdi ki, Ermənistan "böyük və hətta ağrılı güzəştlərə getməyə hazırdır".

    Ermənistan 30 ilə yaxındır ki, Azərbaycan ərazisinin bir hissəsini işğal edib.

    Birləşmiş Millətlər Təşkilatı (BMT) 1993-cü ildə erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxmasını tələb edən 4 qətnamə qəbul etsə də, bu qətnamələr indiyə kimi icra olunmayıb.

    Bu il sentyabrın 27-də Azərbaycan Ermənistanın təmas xəttindəki mülki əhalini davamlı atəş təzyiqi altında saxladığını əsas gətirərək, bütün cəbhə boyu əks hücum əməliyyatlarına başlayıb.

    1 aydır davam edən döyüşlər ərzində Azərbaycan Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının bir çox ərazisini, bəzi kəndləri və strateji yüksəklikləri azad etdiyini açıqlayıb.

    Hər iki tərəf hərbi və mülki itki verib.

  6. İlham Əliyev: "Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var"

    İlham Əliyev Qarabağ

    Şəklin mənbəyi, Azertag

    Şəklin alt yazısı, "Nə Rusiya, nə də Fransa rəsmiləri idia etdikləri “suriyalı döyüşçülər” barədə sübutlar təqdim etməyiblər"

    Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Rai-1 televiziyasına müsahibəsində deyib ki, nə Rusiya, nə də Fransa rəsmiləri iddia etdikləri "suriyalı döyüşçülər" barədə sübutlar təqdim etməyiblər.

    İlham Əliyev bildirib ki, əsasız ittihamları Fransa və Rusiyadan eşidib.

    "Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil, heç bir sübut təqdim edilməyib",- İlham Əliyev bildirib.

    Prezident bəyan edib ki, o, Fransa tərəfinə müraciət edib ki, onların və Azərbaycanın nümayəndələri görüşsünlər və sübutlar təqdim olunsun, amma heç bir sübut təqdim olunmayıb.

    İlham Əliyev bildirib ki, bu addımlar Azərbaycana qara yaxmaq cəhdidir və bu cür əsassız ittihamların həmsədr ölkələrdən səsləndirilməsinə təəssüflənir.

    "Onlar obyektiv olmalıdırlar. Axı, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq. Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz bu insunasiyaları (uydurmaları-red.) qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur," - İlham Əliyev deyib.

    Onun sözlərinə görə, Azərbaycanın nizami ordusunun 100 min döyüşçüsü var və zərurət yaranarsa, səfərbərlik elan edə bilər.

    İlham Əliyev döyüşlərdə Türkiyə qoşunlarının iştirakı iddialarını da yalan adlandırıb.

    Prezident bildirib ki, bu barədə heç bir sübut yoxdur və Türkiyənin F-16 təyyarəsi Azərbaycanda birgə təlimlər vaxtından qalıb.

    "Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə, oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar," - İlham Əliyev İtaliyanın Rai-1 televiziyasının sualını cavablandırarkən deyib.

    Prezident bildirib ki, münaqişənin sülh yolu ilə həlli üçün bir neçə beynəlxalq model öyrənilib, amma təklif olunan özünüidarə forması Ermənistan tərəfindən "rədd edilib".

    "Onlar hesab edirdilər ki, dünyanın aparıcı ölkələrinin hərbi, siyasi, iqtisadi dəstəyinə güvənərək bizim əraziləri əbədi işğal edə biləcəklər, lakin onlar kobud səhv edirdilər. Bu gün biz özümüzün haqlı olmağımızı döyüş meydanında sübut edirik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçiririk və beynəlxalq hüququ bərpa edirik," - İlham Əliyev deyib.

    Azərbaycan Prezidenti onu da bildirib ki, o, gələcəkdə Qarabağı dağlıq və aran hissələrində azərbaycanlıların və ermənilərin birgə dinc yaşadığı firavanlaşan ərazi kimi görür.

    O deyib ki, Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etsə, Azərbaycan öz investisiyası və ölkənin yenidən qurulması üzrə təcrübəsi ilə regionu dünyanın ən firavan regionlarından birinə çevirə bilər.

    Cənab Əliyev barışığın mümkün olduğunu bildirib və deyib ki, azərbaycanlılar o torpaqlara qayıtmalı və ermənilərlə qonşuluqda, razılıq şəraitində yaşamalıdırlar.

    "Avropa ölkələrinin vuruşduğu İkinci Dünya müharibəsindən sonra ölkələrin necə barışdığını bilirik - bugünkü qonşular o vaxt çox insanı qətlə yetiriblər. Lakin bu, daim yaddaşda yer tutmamalı, nifrət doğurmamalıdır. Erməni ideoloqları bu gün bununla məşğuldurlar. Xoş məram göstərilməlidir. Əgər belə olsa, mənim dediyim olacaq"- İlham Əliyev deyib.

    Prezident əlavə edib ki, Qarabağı ya dinc, ya da müharibə yolu ilə qaytaracaqlar.

  7. Azərbaycan MN: "Zəngilan istiqamətində ərazilər atəşə tutulur"

    Anar Eyvazov

    Şəklin mənbəyi, APA

    Müdafiə Nazirliyi Zəngilan istiqamətində ərazilərin atəşə tutulduğunu bildirir.

    Mətbuat katibliyinin nümayəndəsi Anar Eyvazov bildirib ki, cəbhə boyunca zərbələrə məruz qalan yaşayış məntəqələrinə qarşı yaylım atəş və artilleriya sistemlərindən istifadə olunub.

    “Xocavənd, Qubadlı və Füzuli istiqamətlərində hücum etməyə cəhd edən düşmən itki verərək, geri çəkilməyə məcbur edilib," - Bakıda keçirilən brifinqdə Azərbaycan MN-nin nümayəndəsi bildirib.

    Anar Eyvazovun sözlərinə görə, cavab tədbirləri nəticəsində qarşı tərəfin diviziya qərargah rəisi daxil olmaqla, “xeyli sayda canlı qüvvə” itirib.

    Bununla yanaşı qarşı tərəfin texnikası, hərbi qurğuları və diviziyanın əsas komanda məntəqəsi “məhv edilib”.

    Anar Eyvazov Ermənistan ərazisinin atəşə tutulması barədə qarşı tərəfin iddialarını “növbəti dezinformasiya” adlandırıb.

  8. Erməni tərəfi 3 mülki şəxsin yaralandığını deyir

    Tanınmamış “DQR-in Ombudsmanı” bildirib ki, Xankəndindən bir neçə kilometr şərqdə dağlıq bir kənd olan Nıngi kəndinin atəşə tutulması nəticəsində üç qadın yaralanıb.

    Qurum oktyabrın 27-də kəndə kaset başlıqlı raketlərin atıldığını iddia edib.

    Məlumatı müstəqil mənbələrdən təsdiq və ya inkar etmək mümkün olmayıb.

    Azərbaycan müharibə başlayandan bəri bəyan edir ki, yalnız hərbi hədəflərə zərbə endirir və dəfələrlə münaqişə bölgəsindəki mülki əhalini hərbi infrastrukturdan kənar durmağa çağırıb.

  9. Azərbaycan FHN: "Bərdədə 5 evə ziyan dəyib"

    Berde

    Şəklin mənbəyi, Azərbaycan FHN

    Azərbaycan Fövqəladə Hallar Nazirliyi bildirib ki, bu gün Ermənistan silahlı qüvvələrinin ağır artilleriya zərbələri nəticəsində Bərdə rayonunun Qarayusifli kəndində 5 fərdi yaşayış evinə ciddi ziyan dəyib.

    "Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Düşmən tərəfinin atəşləri nəticəsində 13 nəfər mülki şəxs xəsarət alıb, 4 nəfər həlak olub," - qurumun məlumatında deyilir.

    Berde

    Şəklin mənbəyi, Azərbaycan FHN

  10. Azərbaycan XİN: "Bu, Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının bariz göstəricisidir”

    Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 27-də Bərdəyə edilən raket zərbəsilə bağlı açıqlama yayıb.

    Azərbaycan tərəfi bildirir ki, Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 4 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla 13 nəfər ciddi xəsarət alıb.

    “Bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir,” – Azərbaycan XİN bildirib.

    Qurum qeyd edib ki, iki ölkənin XİN rəhbərlərinin Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən "növbəti qanlı cinayətin törədilməsi" Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqlara maneə törətmək məqsədi güddüyünün bariz göstəricisidir.

    “Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır. Cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyəti qəti mövqe sərgiləməyə çağırırıq,” – qurumun məlumatında deyilir.

    Ermənistan Bərdəni atəşə tutmadığını bildirib.

  11. "Uşaqlar artıq müharibəni çəkirlər" - BBC News Ruscanın Bərdədən hazırladığı video-reportajda

    Berde

    Qarabağda baş verən döyüşlər yeni qaçqın və köçkün dalğası yaradıb, Bərdədə olan BBC News Rusca xidmətinin müxbirləri deyirlər.

    Onlar bildirirlər ki, ilkin məlumatlara görə, bu müharibə başlayandan bəri hər iki tərəfdən təxminən 200 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

    İntensiv mərmi atəşinə məruz qalan Tərtər sakinləri Bərdə şəhərindəki məktəb binasında yaşayırlar.

    BBC News Rusca xidməti həm indi, həm də 30 il əvvəl - birinci Qarabağ müharibəsi zamanı müharibədən qaçanlarla görüşüb.

    Videonu bu keçiddən izləyə bilərsiniz:

  12. 30 günlük döyüşlərdə Azərbaycan 69, Ermənistan 37 mülki şəxsin öldüyünü açıqlayıb

    Sentyabrın 27-dən başlayan döyüşlərdə Azərbaycan tərəfindən ölən mülki şəxslərin sayı artıb.

    Bundan əvvəl bu rəqəm 65 idi, amma Azərbaycan Baş Prokurorluğun oktyabrın 27-də Bərdəyə atılan mərmi nəticəsində 4 mülki şəxsin öldüyünü xəbər etməsi ilə, say 69-a yüksəlib.

    30 günlük döyüşlərdə 300-dən çox mülki şəxsin xəsarət aldığı bildirilib.

    Ermənistan tərəfi isə bu günə qədər 37 mülki şəxsin, 974 əsgərin öldüyünü açıqlayıb.

    Azərbaycan tərəfi hərbi itkilər barədə açıqlama vermir.

  13. ABŞ dövlət katibi Pompeo Əliyev və Paşinyanı atəşkəsə riayət etməyə çağırır

    Mike Pompeo

    Şəklin mənbəyi, Getty Images

    ABŞ Dövlət katibi Mike Pompeo ayrılıqda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb və onları atəşkəsə əməl etməyə çağırıb.

    ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən verilən məlumata görə, PompeoƏliyev və Paşinyanla danışıqlarında onların öz vədlərini yerinə yetirmələrində və həqiqi bir atəşkəs təşkil etmələrində israr edib.

    O, eyni zamanda Qarabağ probleminin hərbi yolla həllinin olmadığını təkrarlayıb.

    Azərbaycan Prezidenti yeni müharibə zamanı artıq bir neçə dəfə “hərbi həll yolu yoxdur” tezisiylə razılaşmadığını söyləyib.

    Ermənistan Prezidenti də "münaqişənin diplomatik həlli yoxdur" deyib.

    Ermənistan, Azərbaycan, Rusiya, Fransa və ABŞ-ın təzyiqi altında üç dəfə - oktyabrın 10, 17 və 25-də humanitar atəşkəs elan etsələr də, reallıqda bu hələ də başlamayıb, döyüşlər və atəş davam edir.

    Mike Pompeo bu bardə Twitter hesabında da yazıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  14. “Qarabağlılar barışığa razılaşmadı” - Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 2011-ci ildə BBC-yə verdiyi müsahibədən

  15. Hikmət Hacıyev: "ANAMA bildirib ki, Bərdəyə "Smerç" raketi atılıb"

    Bərdə, mərmi

    Şəklin mənbəyi, Twitter/Hikmət Hacıyev

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinad edərək bildirib ki, Bərdədə mülki şəxslərə qarşı kassetli "Smerç" raketindən istifadə edilib.

    O, bu barədə Twitter hesabında yazıb.

    "Mülki insanlara qarşı kasetli silahların istifadəsi qadağandır. 2 yaşındakı körpə qız da daxil olmaqla 4 mülki öldürülüb, 13 mülki şəxs yaralanıb. Kasetli bombalar səbəbiylə çox sayda ziyan var," - o yazıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  16. Baş Prokururluq Bərdədə ölənlərin adlarını açıqlayıb

    Berde

    Azərbaycan Baş Prokurorluğu bildirib ki, erməni silahlıları oktyabrın 27-də günorta saatlarından başlayaraq, Goranboy və Bərdə rayonlarını müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub.

    "Erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya, Əhmədova Aybəniz, Ismayılov Ehtiram və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu həlak olub, 7 nəfər isə xəsarət alıb," - qurumun məlumatında bildirib.

    Daha əvvəl Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev öz Twitter hesabında hadisə zamanı ölənlərin sayının 4-ə yüksəldiyini yazıb.

    "Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır," - Baş Prokurorluq bildirib.

  17. Hikmət Hacıyev Bərdədə ölənlərin sayının 4-ə yüksəldiyini deyib

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Bərdəyə atılan mərmi nəticəsində ölənlərin sayı 4-ə çatıb.

    O, bu barədə Twitter hesabında yazıb.

    "Ermənistanın raket hücumu nəticəsində Bərdədə ölənlərin sayı 4-ə yüksəldi. Mülki insanlara qarşı fərq qoyulmadan və hədəfli hücum davam edir," - o yazıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  18. Təcili xəbər, Bərdə sakini: "Kənddə təlaş oldu, uşaqlar bərk qorxdular"

    Bərdənin Qarayusifli kəndinə mərmi düşüb, sakinlər deyir.

    "Mərmini göydə vurdular, göydə partlayış oldu, qəlpələri töküldü. Kənddən qışqırıq gəldi, getdik. 4 nəfərin öldüyünü deyirlər, biri uşaqdır," kənd sakini BBC News Azərbaycancaya deyib.

    Onun sözlərinə görə, partlayış səsi çox möhkəm olub.

    "Kənddə təlaş oldu, uşaqlar bərk qorxdular," deyən sakin bu kəndə heç vaxt mərmi düşmədiyini bildirib.

  19. Hikmət Hacıyev: "Bərdədə ölənlər arasında bir azyaşlı var"

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Bərdəyə atılan mərmi nəticəsində ölənlər arasında bir azyaşlı var.

    O, bu barədə Twitter hesabında yazıb.

    "Uşaq öldürmə siyasəti və Ermənistanın siyasi-hərbi rəhbərliyinin müharibə cinayətləri davam edir. Yanğın təcili yardım xidmətləri tərəfindən söndürülür," - o yazıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  20. Hikmət Hacıyev: "Bərdəyə atılan mərmi nəticəsində azı 3 mülki şəxs ölüb"

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Bərdəyə atılan mərmi nəticəsində azı 3 mülki şəxs ölüb, 10 nəfər ağır yaralanıb.

    O, bu barədə Twitter hesabında yazıb.

    "Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt vuracaqlarına dair açıqlama verib. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturlar," - Hikmət Hacıyev yazıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X