Bərdə sakinləri: "Niyə bu müharibə cəbhədə yox, burada gedir, niyə mülkilər vurulur?!”

Şəklin mənbəyi, Azərbaycan FHN
Bərdə sakini Ülviyyə Babayeva hadisə baş verəndə maşınla hərəkət edirmiş. O deyir ki, 3 güclü səs eşidiblər və maşınla hadisə yerinə yaxınlaşıblar.
“Yanğın çıxdı, gəldik şəhərə ki, mərmilər düşüb. Biri bankın qabağında maşının içinə düşüb, qəlpələr ətrafı dağıdıb, şüşələr… Biri yanğınsöndürmənin qarşısına düşüb, ölən-yaralılar var, biri musiqi məktəbinə düşüb,” – sakin deyir.
Onun sözlərinə görə, mərminin düşməsi qəflətən olub.
“Hər kəz öz gündəlik həyatında idi, bank işləyirdi, mağazalar açıq idi normal qaydada. Qəflətən oldu,” – o deyir.
Ülviyyə Babayeva təsvir edir ki, həmin anda insanlarda çaşğınlıq, qorxu var idi.
“Çox adam partlayış olan yerə toplaşmışdı,amma polis onları ərazidən uzaqlaşdırdı, çünki çatlamış şüşələrin qırılıb-tökülmə ehtimalı var idi,” – o, gördüklərini BBC News Azərbaycancaya danışır.
Bərdə sakini deyir ki, insanlar həm də əsəbidir.
“İnsanlar deyirlər, niyə bu müharibə cəbhədə yox, burada gedir, niyə mülkilər vurulur?!”
Ülviyyə Babayeva deyir ki, Bərdə sakinləri ölənlərə görə şoka düşüb və BBC News Azərbaycanca ilə danışan vaxt o, mərminin yaratdığı dağıntını görüb ah çəkir və “bura nə gündədir?!” deyir.

Şəklin mənbəyi, Azərbaycan FHN










