Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.
Canlı reportaj
Erməni tərəfinin hərbi itkiləri - 1166
Bu gün erməni tərəfi, ümumilikdə, 108 nəfər həlak olmuş əsgərin adlarını dərc ediblər.
Bununla da həlak olmuş erməni hərbçilərinin ümumi sayı 1166 nəfərə çatıb.
Azərbaycan döyüş itkiləri barədə məlumatları hələ ki, açıqlamayıb.
Azərbaycan MN: "Ermənistanla sərhəd zastavanın atəşə tutması məlumatı dezinformasiyadır"
Şəklin mənbəyi, Azərbaycan MN
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, bu gün Azərbaycan Ordusunun Ermənistanla sərhəd zastavanı minaatanlardan atəşə tutması ilə bağlı yayılan məlumat tamamilə dezinformasiyadır.
"Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır. Əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub,"- qurum bildirib. .
Azərbaycan MN bildirib ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədləri yoxdur.
Putin: "Ermənistan və Azərbaycan bir həll yolu tapmalıdır"
Şəklin mənbəyi, Getty Images
Rusiya prezidenti Vladimir Putin cümə axşamı Dağlıq Qarabağda dərhal
atəşkəsə və Türkiyə də daxil olmaqla, bir çox ölkənin təkliflərini nəzərdən
keçirəcək sülh danışıqlarına çağırıb.
Vladimir Putin qeyd edib ki, Azərbaycan və Ermənistanın
danışıqlar masasına oturmalıdır.
"Ermənistan və Azərbaycan, Türkiyənin də daxil olduğu Minsk
Qrupu çərçivəsində danışıqlar vasitəsiylə bir həll yolu tapmalıdır," –
Putin deyib.
Vladimir
Putin cümə axşamı günü Qarabağ münaqişəsinin nizamlanmasına dair layihələri
xatırladıb. Həmin layihələr Dağlıq Qarabağ ətrafındakı erməni qüvvələri tərəfindən
işğal olunmuş rayonların mərhələli qaydada Azərbaycana qaytarılmasını nəzərdə
tuturdu.
"Biz ən əvvəldən onu əsas
tuturduq ki - demək lazımdır ki - bizim mövqeyimiz tamamilə açıqdır - Ermənistanla qarşılıqlı əlaqə ilə Qarabağ zonasının müəyyən rejimini təmin etməklə, Azərbaycana 5+2 rayonun verilməsinin
mümkünlüyü barədə danışmaq lazımdır və sair," – İnterfax Putinin Moskvada
keçən investisiya forumunda çıxışından iqtibas gətirib.
Qarabağla bağlı uzun illər
davam edən nəticəsiz danışıqlarda müzakirə olunan "5+2" düsturu, Azərbaycana
əvvəlcə Dağlıq Qarabağdan cənub və şərqdə yerləşən beş rayonun qaytarılmasını nəzərdə
tuturdu.
Bu rayonları - üçünü tamamilə,
ikisini qismən - erməni qüvvələri 1993-cü ildə işğal edib.
İkinci mərhələdə isə Ermənistanla
Dağlıq Qarabağ arasında yerləşən iki rayonun geri qaytarılması nəzrədə
tutulurdu.
"Bu səbəbdən əgər indi erməni tərəfi baza prinsiplərinə sadiq olduğunu bildirərsə, biz dərhal hazırda işğal altında olan Laçın, Kəlbəcər rayonlarının və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacağıq."
Təcili xəbər, Tanınmamış "DQR prezidenti" Azərbaycan Ordusunun Şuşanın 5 kilometrliyində olduğunu bildirir
Şəklin mənbəyi, Wikipedia
Tanınmamış "Dağlıq Qarabağ Respublikasının prezidenti" videomüraciətində deyib ki, Azərbaycan ordusu
Şuşadan 5 kilometr məsafədədir.
Arayik Harutyunyan Qarabağdakı bütün erməniləri şəhərin müdafiəsinə qalxmağa səsləyib.
"İndi onlar vətənimiz və varlığımıza nəinki bütün cəbhə boyu hədə yaradır, həm də nəyin bahasına olursa olsun, məğrur erməni qala şəhərini ələ keçirməyə çalışaraq, Şuşa istiqamətində ciddi hərbi ehtiyatlar sərf edirlər. Düşməni Şuşadan ayıran məsafə 5 km-dən artıq deyil", o belə deyib.
Ermənistan Müdafiə Nazirliyi artıq bir neçə gündür ki, Şuşadan bir neçə kilometr cənub-şərqə doğru, vadidə yerləşən Çanaxçı (Avetaranots) və Sığnaq kəndləri tərəfdə döyüşlər barədə məlumat versə də, əmin edirdi ki, oradakı erməni birləşmələri yalnız "təxribat qrupları" ilə döyüşür.
Bu səhər qurum ərazidə "ağır döyüşlərin getdiyini" açıqlayıb, indi isə Harutyunyanın açıqlaması səslənir.
Bu vadidən keçən yol Şuşanın yaxınlığında yerləşən Şuşakəndə aparır.
Buradan iki-üç kilometr aralıda, aşağıda Xankəndi yerləşir.
Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı Azərbaycan Ordusunun Şuşaya yaxınlaşması ilə bağlı şərh verməyib, lakin bildirib ki, “Biz atəşkəs rejiminə riayət edirik”.
Türk Şurası Ermənistanı Bərdəyə atəş açdığına görə pisləyib
Türkdilli ölkələrin təşkilatı olan Türk Şurası Bərdə şəhərini atəşə tutduğu üçün Ermənistanı kəskin pisləyib və qoşunlarını Qarabağdan çıxarmağa çağırıb.
"Beynəlxalq ictimaiyyət məsuliyyəti üzərinə götürməli və müdaxilə edərək Ermənistanın törətməkdə davam etdiyi hərbi cinayətlərə son qoymağa Ermənistan hakimiyyətini məcbur etməlidir," - Türk Şurasının ötən gün açıqladığı bəyanatda deyilir.
Türk Şurasına Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Şuranın Baş katibi vəzifəsini hazırda Qazaxıstan təmsilçisi Bağdad Əmriyev tutur.
Bərdə şəhərinə dünən edilən raket hücumu nəticəsində rəsmi məlumatlara əsasən, 21 insan həlak olub, 70-ə yaxın adam yaralanıb
Tanınmamış "DQR Ombudsmanı" Xankəndində "atəşlərdən ölən və yaralılardan" danışıb
Tanınmamış "DQR Ombudsmanı" Artak Bealaryan Xankəndinin "bu gün ərzində atəşə tutulması nəticəsində
mülki sakinlər arasında ölən və yaralanan olduğunu" bildirib.
O, həmçinin deyib ki, bu gün şəhər müharibənin
başlandığı bir ayda həmişəkindən "daha davamlı və intensiv" bombalanıb.
“Mülki əhali arasında ölən və yaralananlar var. Və dağıntılar vardır. Bu gün
bütün müharibə müddətində ən aqressiv hücum günüdür”, - tanınmamış “DQR
hakimiyyətinin” teleqram-kanalı Beqlaryanın sözlərini iqtibas edir.
Ölən və xəsarət
alanların sayı barədə Beqlaryan məlumat vermir.
Azərbaycan Müdafiə Nazirliyi Xankəndiyə raket, Əsgəran, Ağdərə və Xocavəndə isə aviasiya zərbələrinin endirilməsi barədə məlumatları təkzib edib və bildirib ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə riayət edir və yalnız qarşı tərəfin atəş nöqtələrinə adekvat zərbələr endirir.
Azərbaycan: İşğaldan azad olunmuş ərazilərdə komendantlıqlar yaradılır
Şəklin mənbəyi, Azərtac
Prezident
İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə
müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb.
Fərmana görə, bu ərazilərdə Azərbaycanın inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər
rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılacaq.
Müvəqqəti komendantları təyin etmək və müvəqqəti
komendantlıqların fəaliyyətini təşkil etmək Daxili İşlər Nazirliyinə tapşırılır.
Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Müdafiə
Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə əlaqələndirməlidirlər.
Müvəqqəti komendantlıqların nəzdində Dövlət Təhlükəsizliyi
Xidməti, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət Nazirliyi, Ərazilərinin
Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və müvafiq yerli icra hakimiyyəti
orqanlarının nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılacaq.
Müvəqqəti komendantlıqların nəzdində olan dövlət
qurumlarına bu ərazilərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq müxtəlif vəzifələr
yerinə yetirmək tapşırılıb.
Prezidentinin
Administrasiyası müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata
keçirəcək.
Azərbaycan FHN: "Göygöldə yanğın söndürülüb"
Azərbaycan Fövqəladə Hallar Nazirliyi bildirib ki, döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində meşəlik ərazidə başlayan yanğın söndürülüb.
"Yanğının söndürülməsi məqsədilə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin səyi nəticəsində ərazinin mürəkkəb dağlıq relyefə malik olmasına baxmayaraq, yanğın qısa müddətdə söndürülərək alovun geniş əraziyə yayılmasına və sıx meşəyə keçməsinə imkan verilməyib," - qurum bildirib.
Bərdəyə raket hücumu ilə bağlı dörd cinayət işi açılıb - Video
Bərdəyə raket hücumu ilə bağlı 4 maddə ilə cinayət işi açılıb, Azərbaycanın Baş Prokurorluğu bildirib.
Oktyabrın 28-də Bərdə şəhərinin mərkəzi ərazilərinə raket zərbəsi endirilib və nəticədə 21 nəfər həlak olub, 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həlak olanların 8-i uşaq, 15-i qadındır.
Ermənistan tərəfi Bərdəyə raket atmadığını bildirib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Təcili xəbər, Azərbaycan MN: "Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi atəşə tutulur"
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur.
"Humanitar atəşkəs rejimini kobudcasına pozmağa davam edən Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisini artilleriya atəşinə tutur," - qurumun məlumatında deyilir.
Təcili xəbər, Atəş nəticəsində Goranboyda bir nəfər həlak olub - Baş Prokurorluq
Azərbaycanın Baş Prokurorluğu bildirib ki, oktyabrın 29-da səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
"Bu gün saat 17 radələrində Goranboy rayonu, Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib", qurum bildirib.
Azərbaycan FHN: "Göygöl atəşə məruz qalıb, meşəlik ərazidə yanğın baş verib"
Azərbaycan Fövqəladə Hallar Nazirliyi bildirib ki, Göygöl rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalıb və meşəlik ərazidə yanğın baş verib.
"Yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hazırda yanğının geniş əraziyə yayılmaması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək," - qurum bildirib.
Nazirlik bildirir ki, Göygöl rayonu döyüş zonasından kənarda yerləşir.
Erməni tərəfi Azərbaycandan 29 hərbçinin meyitinin və bir mülki şəxsin alındığını deyir
Erməni
tərəfi Azərbaycandan 29 hərbçi cəsədlərinin Azərbaycan tərəfindən aldığını təsdiqləyib.
Bundan başqa, Müdafiə Nazirliyi mətbuat katibi Şuşan Stepanyanıın Facebook məlumatına
görə, Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə daha bir mülki şəxsin Ermənistana
ötürüldüyünü bildirib.
“Rusiyanın (Müdafiə Nazirliyi) müstəsna səyləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin səyyar qrupu və ATƏT-in fəaliyyətdə olan xüsusi nümayəndəsinin vasitəçiliyi sayəsində oktyabrın 29-da erməni tərəfinə Qarabağ münaqişəsi zonasında həlak olmuş 29 erməni hərbçisinin cəsədləri ötürülüb”, - Stepanyan yazıb.
“Erməni tərəfi, humanitar atəşkəs razılığına sadiq qalaraq, Qarabağ tərəfində qalmış Azərbaycan hərbçilərinin nəşlərini Azərbaycan tərəfinə verməyə, cəbhə boyunca mövqelər arası ərazidə qalan cəsədlərin təxliyə edilməsi və hərbi əsirlərin mübadiləsi haqqında danışıqlar prosesinə başlamağa hazırdır,” o əlavə edib.
Cəsədlər
Ermənistan-Azərbaycan sərhədindin Tavuş rayonu (Azərbaycan tərəfdən Tovuz rayonu) Ayqepar kəndi hissəsində
ötürülüb.
Azərbaycan 30 hərbçinin meyitini və 1 mülki şəxsi Ermənistana təhvil verib
Şəklin mənbəyi, Azertag
Şəklin alt yazısı, Hikmət Hacıyev 30 əsgər və zabit meydinin və iki mülki şəxsin Ermənistana verildiyini deyib
Azərbaycan Prezidentinin
köməkçisi Hikmət Hacıyev bildirib ki, bu gün Rusiya tərəfinin iştirakı ilə bir mülki şəxsin və 30 əsgər və zabit meyidinin Ermənistana verilməsi baş tutub.
Onun sözlərinə görə, daha bir nəfər tibbi vəziyyəti imkan verən kimi qarşı tərəfə veriləcək.
Hikmət Hacıyev Tərtərdə
jurnalistlərə deyib ki, 18 oktyabrdan, ikinci atəşkəs razılaşmasından bu yana
Ermənistan tərəfi meyitlərin və iki dinc sakinin verilməsi təklifinə cavab
verməyib.
Cənab Hacıyev bu məsələdə
qarşı tərəfdə öz əlaqələrindən istifadə edən Rusiyanın Müdafiə naziri Sergey
Şoyquya təşəkkür edib.
Onun sözlərinə görə,
Rusiyanın dəstəyi ilə hər iki tərəf humanitar dəhliz yaradıb və təhfil verilmə
təhlükəsiz şəraitdə başa çatıb.
“Rusiyanın bu humanitar
təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində
humanitar koridorun açılmasına və əsgərlərinin meyitlərinin qəbul edilməsinə
razılığını verdi. Azərbaycan tərəfdə olan Ermənistanın iki mülki şəxsindən yaşlı
kişi təhvil verilib. Digəri isə qadın Gürcüstan vasitəsiylə Ermənistan tərəfə
verilib”,- Hikmət Hacıyev deyib.
O bildirib ki, bu
məsələdə Beynəlxalq Qızıl Xaç Komitəsinə və ATƏT-in fəaliyyətdə olan sədrinin
şəxsi nümayəndəsinin ofisi də iştirak edib.
Cənab Hacıyev bu addımın
“Azərbaycanın humanitar dəyərlərə, beynəlxalq hüquqa, Cenevrə konvensiyalarına
sadiqliyini” göstərdiyini deyib.
Azərbaycan MN Ermənistanın iki Su-25 təyyarəsinin "vurulduğunu", Ermənistan "vurulmadığını" deyir
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən sıradan çıxarılıb.
Ermənistan Müdafiə Nazirliyi Su-25 təyyarələrinin vurulduğunu inkar edib.
Azərbaycan Baş Prokurorluğu: "İndiyədək 90 mülki şəxs öldürülüb, 392 nəfər yaralanıb"
Azərbaycan Baş Prokurorluğu bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində indiyədək 90 mülki şəxs öldürülüb, 392 nəfər yaralanıb.
Qurumun məlumatında deyilir ki, 2406 yaşayış evi, 92 çoxmənzilli yaşayış binası və 423 mülki obyekt yararsız vəziyyətə düşüb.
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkədəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı humanitar atəşkəs rejimi Ermənistan silahlı qüvvələri tərəfindən pozulub.
Azərbaycan MN Ağdərəyə aviasiya zərbələri endirmədiyini deyir
Azərbaycan Müdafiə Nazirliyi cümə axşamı açıqlayıb ki, Ermənistanın bu gün Azərbaycan aviasiya vasitələrinin tətbiqi ilə Ağdərə şəhərinə zərbələr endirilməsi barədə yaydığı xəbər "dezinformasiyadır".
"Bir müddət əvvəl Müdafiə Ordusunun hava hücumundan müdafiə qüvvələri düşmənin digər Bayraktar döyüş PUA-larını məhv etdilər. Azərbaycan qüvvələri Martakert (Ağdərə) şəhərinə qarşı hərbi aviasiya istifadə ediblər. Stepanakert (Xankəndi), Əsgəran, Martuni (Xocavənd) və Martakertdə (Ağdərə) hava basqını xəbərdarlığı işə düşüb", - Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Twitter hesabında yazıb.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi "ümumiyyətlə havaya qalxmayıb".
İlham Əliyev Recep Tayyip Erdoğanı təbrik edib
Şəklin mənbəyi, Anadolu Agentliyi
Prezident İlham Əliyev oktyabrın 29-da Türkiyə Prezidenti Recep Tayyip Erdoğana zəng edib.
O, cənab Erdoğanı və Türkiyə xalqını Türkiyənin Cümhuriyyət Günü münasibətilə təbrik edib, president.az bildirir.
İlham Əliyev Türkiyə Prezidentinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana göstərdiyi siyasi dəstəyi yüksək qiymətləndirdiyini bildirib.
BMT Bərdəyə hücumu pisləyib
BMT Baş Katibi Antonio Guterresin mətbuat katibi Stephane Dujarric oktyabrın 28-də keçirilən brifinqdə qurumun Azərbaycan və Ermənistan şəhərlərinin atəşə tutulmasını "qınadığını" bildirib.
"Baş katibin birmənalı şəkildə bildirdiyi kimi, biz Bərdə şəhərinə edilən çoxsaylı insanın öldüyü və yaralandığı bildirilən hücum da daxil olmaqla münaqişənin təsir etdiyi bütün yaşayış məntəqələrinə edilən hücumları, habelə Stepanakert / Xankəndi və Dağlıq Qarabağ münaqişə zonasında digər ərazilərin atəşə tutulması barədə xəbərlərin daxil olmasını qətiyyətlə pisləyirik. Bu cür hücumlar üçün heç bir əsas ola bilməz".
Qurum bir daha tərəfləri öhdələrinə götürdükləri humanitar atəşkəs rejimini "dərhal tətbiq etməyə və mülki insanları və mülki infrastrukturu ayırmaq və qorumaqla bağlı öhdəliklərinə tam əməl etməyə" çağırıb.
"Davam edən döyüş əməliyyatları qəbuledilməzdir və dərhal dayandırılmalıdır," - Stephane Dujarric söyləyib.
Məlumatda deyilir ki, BMT Uşaq Fondu (UNICEF) bir ay davam edən döyüşlərdə 130 mindən çox insanın yerlərindən didərgin düşdüyünü, 76 məktəb və uşaq bağçasına ziyan dəydiyini açıqlayıb.
Qurum, həmçinin mülki bölgələrdə gündəlik raket hücumlarına məruz qalmanın psixoloji təsirindən saysız-hesabsız uşaqların qorxduğunu bildirib.