Təcili xəbər, Cenevrə görüşündə nə barədə razılığa gəlinib?

Şəklin mənbəyi, OSCE
Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri ilə görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov, Stephane Visconti və Andrew Schofer) bəyan edib ki, tərəfləri bir daha oktyabrın 17-də Parisdə və oktyabrın 25-də Washington-da təsdiqlənmiş və oktyabrın 10-da Moskvada verilmiş Birgə Bəyanata uyğun olaraq humanitar atəşkəsin təcili təşkili də daxil olmaqla, öz öhdəliklərini tam yerinə yetirməyə çağırıblar.
Həmsədrlər nazirlərlə həm ayrılıqda, həm də birgə görüşüblər.
Görüşlərdə ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk (PRCiO) də iştirak edib. Onlar həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi və BQXK prezidenti Peter Maurer ilə də məsləhətləşmələr aparıblar.
Atəşkəsin və ya digər öhdəliklərin həyata keçirilməsinə xələl gətirmədən tərəflər təcili əsasda bir sıra addımlar atmağa razılaşıblar.
- Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki əhalini və ya qeyri-hərbi obyektləri qəsdən hədəfə almayacaq;
- Tərəflər BQXK və ATƏT sədrinin şəxsi nümayəndəsinə lazımi təhlükəsizlik zəmanətləri verməklə döyüş sahəsindəki qalıqların mübadiləsi və bərpasının həyata keçirilməsində fəal iştirak edəcəklər;
- Tərəflər bir həftə ərzində giriş və nəticədə mübadiləni təmin etmək məqsədi ilə BQXK və ATƏT sədrinin şəxsi nümayəndəsinə hazırki hərbi əsirlərin siyahısını çatdıracaqlar;
- Tərəflər 10 oktyabr Birgə Bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsinin mümkün mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər.
Bəyanatda deyilir ki, tərəflər 10 oktyabr Birgə Bəyanatının 3-cü bəndinə uyğun olaraq, hərtərəfli həllin əsas elementləri üzrə mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı fikir mübadiləsi aparıblar.
Həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün tərəflərlə intensiv çalışmağa davam edəcək.








