“Kəlbəcər… qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından
bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük
sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan
xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr
qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 25-də Kəlbəcərin azad edilməsi ilə bağlı xalqa müraciətində deyib.
O, Kəlbəcər
rayonunun işğaldan azad edilməsi münasibətilə “bütün Azərbaycan xalqını ürəkdən
təbrik etdiyini” bildirib.
Kəlbəcərin işğalından danışan İlham Əliyev deyib ki, rayonun işğalı “o
vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir”.
O vurğulayıb ki, “bütövlükdə
torpaqların işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq
Cəbhəsidir".
"Əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə
gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız
işğal altına düşməyə bilərdi”, cənab Əliyev bildirib.
O deyib
ki, o vaxt “Azərbaycanda daxili çəkişmələr baş alıb getməsi, yaranmış siyasi
böhran və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlar” verib.
İlham
Əliyevin sözlərinə görə “əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə
gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə,
dövlətçilik əldən gedəcəkdi”.
Daha
sonra çıxışında Kəlbəcərdən bəhs edən ölkə başçısı “erməni “tarixçiləri” və
saxtakarların qədim alban kilsələrini saxtakarlıqla erməniləşdirdiklərini” deyib.
“Tarixə
baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban
kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqoryan
kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri
mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq
onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ
ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm
ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır.
Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub”.
Azərbaycan
Prezidenti Qafqaz Albaniyasına aid olan tarixi abidələrin, kilsələrin
Azərbaycanın tarixi-mədəni sərvəti olduğunu və bu kilsələrin qorunduğunu”
diqqətə çatdırıb.
“Azərbaycanın
multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya
tərəfindən, dünya liderləri tərəfindən təqdirlə qarşılanır. Narahatlıq ifadə
etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam,
Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər
ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu, narahatlıq
doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa?
Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən,
xarici həmkarlarımla təmaslar əsnasında qaldırmışdım. Nə üçün buna heç kim
narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət
göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı”, Azərbaycan
Prezidenti bəyan edib.