You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Bunu da oxuyun, (Arxivdən)

    Azərbaycan Prezidenti İlham Əliyev bazar günü - noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edildiyini elan edib.

    Şuşa 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. O vaxtdan bəri bu işğal ermənilər üçün "böyük qələbə", azərbaycanlılar üçün "ən ağır itki" sayılırdı.

  2. Sosioloqlar rusların Qarabağdakı münaqişə ilə bağlı fikirlərini öyrəniblər

    “Rusların böyük əksəriyyəti (91 faiz) Dağlıq Qarabağdakı hərbi münaqişə ilə bağlı nəsə bilir və ya eşidib. Onların 69 faizi məsələnin Rusiyanın fəal iştirakı sayəsində həll olunduğuna inanır,” Ictimai Rəy Fondunun apardığı sosial sorğunun nəticələri belə deyir, Rusiyanın Ria Novosti xəbər agentliyi yazır.

    Agentliyin xəbərində deyilir ki, "təqdim olunan məlumatlardan göründüyü kimi, respondentlərin 49 faizi Dağlıq Qarabağdakı münaqişə barədə məlumatlı olduqlarını və 42 faizi bu haqda nələrisə eşitdiyini deyib". "Eyni zamanda, münaqişə haqqında nəsə bilən və ya eşitmiş olanların 48 faizi Qarabağda hərbi qarşıdurmanın bu yaxınlarda elan olunduğundan xəbərdar olduqlarını, 32 faizi bu barədə nəsə eşitdiklərini söyləyib.

    Bu barədə ilk dəfə eşidən respondentlər 12 faiz təşkil edib", agentlik İctimai Rəy Fonduna istinadən yazır:

    "Münaqişə barədə nəsə bilən və ya eşidənlərin 58 faizi hesab edir ki, heç bir ölkə qalib hesab edilə bilməz": "Qələbəni Azərbaycanın qazandığına inananlar respondentlərin 14 faizini təşkil edib. Respondentlərin yalnız 1 faizi Ermənistanı qalib hesab edir. 19 faiz isə suala cavab verməkdə çətinlik çəkib".

    "Dağlıq Qarabağdakı münaqişə Rusiyanın fəal iştirakı sayəsində həll edilib", bunu bilən və ya eşitmiş olanlar 69 faiz təşkil edir, məlumatda deyilir:

    "Onlardan 12 faizi Rusiyanın münaqişənin həllində həlledici rol oynamadığına inanır. Sorğu iştirakçılarının 10 faizi bu suala cavab verməkdə çətinlik çəkib. Bu cür respondentlərin yarısından çoxu (57 faiz) rus sülhməramlılarının Qarabağa daxil olmasına kifayət qədər müsbət baxır, 25 faizin yanaşması mənfidir. Digər 1 faiz isə bunun onlar üçün əhəmiyyətli olmadığını söyləyiblər".

    Agentlik yazır ki, "ümumiyyətlə, bu hərbi qarşıdurmanın bitməsindən sonra Rusiyanın Zaqafqaziyada nüfuzunun artması toqquşma haqqında məlumatı olan və ya eşidən anket iştirakçılarının 57 faizi tərəfindən təsdiqlənib, 10 faiz isə əksinə Rusiyanın nüfuzunun zəiflədiyini düşündüyünü deyib. İştirakçılardan 24 faizi cavab verməyə çətinlik çəkib":

    "Rusiyanın Zaqafqaziyada təsirinin xeyli artdığının lehinə olan mübahisələr arasında respondentlər Rusiya Federasiyasının Ermənistanla Azərbaycan arasındakı hərbi əməliyyatları dayandıra və münaqişəni həll edə bildiyini, sülhməramlı qüvvələrin tətbiqi ilə bölgədəki mövcudluğunu gücləndirə biləcəyini göstərdilər. Onlar bununla həmçinin Rusiyanın beynəlxalq aləmdə nüfuzunun artdığını deyiblər.

    Rusiyanın Zaqafqaziyada təsirinin kifayət qədər zəiflədiyini düşünənlər Dağlıq Qarabağdakı vəziyyətin hələ də qeyri-sabit olduğunu və Türkiyənin bölgədəki təsir gücünün artdığını söyləyirlər".

    "Ümumrusiya telefon sorğusu 20-22 noyabr tarixlərində aparılıb. Sorğu min respondent arasında keçirilib. Statistik səhv faizi 3,8-i keçmir", agentlik bildirir.

  3. Xankəndi və Laçında həyat - Şəkillər

  4. Rusiya sülhməramlıları Xankəndindəki məktəbə televizor hədiyyə ediblər

  5. Mevlüt Çavuşoğlu: “Qarabağla bağlı bəyanat regionda davamlı sülh üçün ümidverici addımdır”

    Türkiyənin xarici işlər naziri deyib ki, “Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan birgə bəyanat regionda davamlı sülh üçün ümidverici addımdır”.

    Mevlüt Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri (XİN) Şurasının Nigerdə keçirilən 47-ci iclasında Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb.

    O deyib ki, birgə bəyanat BMT, ATƏT və İƏT qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü yenidən təsdiq edib.

    Türkiyəli nazir İƏT Baş katibliyinin atəşkəslə bağlı açıqlamalarını məmnuniyyətlə qarşıladıqlarını bildirib.

    Mevlüt Çavuşoğlu iclas iştirakçılarını Azərbaycanın Ermənistanın hücumları ilə bağlı qərar layihələrində təqdim etdiyi yoxlama təkliflərini qəbul etməyə dəvət edib.

  6. Türkiyənin siyasi partiyaları Fransa Senatının qərarını qınayıb

    Türkiyənin dörd siyası partiyası Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni qınayan birgə bəyanat yayıb.

    "Fransa Senatının 25 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquq, əxlaq və ədalətə zidd olaraq qəbul etdiyi qətnaməni qətiyyətlə pisləyirik", Parlament spikeri Mustafa Şentop-un imzası ilə yayılan sənəddə deyilir.

    Sənədi Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın Türkiyə Parlamentindəki millət vəkillərinin qrup rəhbərləri imzalayıb, Anadolu agentliyi bildirib.

    Fransa Senati “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edib. Fransa hökuməti bunun ölkənin rəsmi mövqeyi olmadığını bildirib.

    Ermənistan XİN bunu Dağlıq Qarabağ münaqişəsinin həllində "həlledici addım" adlandırıb.

    Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Səfiri Zacharie Gross nazirliyə çağıraraq ona etiraz notası təqdim edib.

  7. Ermənistanda Rusiya hərbçisinin ölümü araşdırılır

    Ermənistanda Rusiya hərbçisinin qəfil ölümü ilə bağlı araşdırma aparılır.

    Müqavilə əsasında xidmət edən hərbçinin cəsədi Gümri şəhərindəki mənzildə ötən gün aşkar olunub. Onun üzərində zorakılıq əlamətləri nəzərə çarpmır, istintaqa istinadən agentliklər bildirir.

    Hadisəni ölkədə yerləşən Rusiya hərbi baza komandanlığının komissiyası və yerli hüquq-mühafizə orqanları araşdırır.

    Ermənistan İstintaq Komitəsi ölüm faktı ilə bağlı “materialların hazırlandığını” bildirib.

    "Şirak vilayəti üzrə Ermənistan İstintaq Komitəsinin şöbəsində rusiyalı müqaviləli hərbi qulluqçunun qəfil ölümü faktı ilə əlaqədar materiallar hazırlanır", - qurumun mətbuat xidmətinin nümayəndəsinə istinadən yayılan məlumatda deyilir.

  8. Xankəndində yenidən dərslər başlayır

    Xankəndində ilk orta təhsil məktəbində tədris prosesi bərpa olunub.

    Dərslər sentyabr ayının sonunda başlayan münaqişəyə görə dayandırılmışdı. O zaman məktəblərlərlə yanaşı uşaq bağçaları da bağlanmışdı.

    "Bu gün Stepanakertdəki (Xankəndi) məktəbdə tədris prosesi başlayır. Daha sonra başqa məktəblər də açılacaq", - şəhər administrasiyasının nümayəndəsi jurnalistlərə bildirib.

    Məktəbin açılışı ilə bağlı tədbirdə Rusiya sülhməramlı missiyasının nümayəndələri də iştirak ediblər, onlar məktəbə televizor bağışlayıblar.

  9. Azərbaycan əsgərlərinin cəsədlərinin minalandığını göstərən videolar yayılıb.

    Videolarda görünür ki, əsgərlər öldürüldükdən sonra onların üzərinə mina bağlanıb və Azərbaycan ordusunun üzvləri bu minaları cəsədlərin üzərindən ayırmağa çalışır.

    Videonun çəkildiyi bu ərazidə çoxlu sayda cəsədin olduğu görünür.

    Videonun hansı rayonun ərazisində çəkildiyi məlum deyil.

    Videolar sarsıdıcı olduğu üçün səhifəmizdə paylaşa bilmirik.

  10. Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb

    Azərsu ASC bildirib ki, Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb.

    Şuşa şəhəri noyabrın 8-də işğaldan azad edilib.

  11. Azərbaycan və Ermənistan əsirlərin və cəsədlərin mübadiləsinin gecikməsinə görə bir-birini ittiham edir

    “Ermənistan tərəfi bizim adı da, özü də bəlli olan, videoları yayılan iki hərbi əsirimizi qaytarmır, heç yerini təsdiqləmirlər, amma faktiki olaraq biz bilirik ki, onlar oradadırlar”.

    Ombudsman Aparatının əməkdaşı Rəşid Rumzadə BBC News Azərbaycancaya Ermənistan Ombudsmanı Armen Totoyanın “dünya ictimaiyyətini əsirləri və cəsədləri qaytarmaqda süründürməçilik edən Azərbaycan səlahiyyətlilərinə diqqət yetirməyə dair” çağırışına cavab olaraq belə deyib.

    O bildirib ki, Azərbaycan tərəfi Ermənistan tərəfini məhz bu məsələdə ittiham etdiyi üçün, bu, Ermənistan tərəfinin kontur addımıdır”.

    Cümə günü Ermənistan Ombudsmanı Arman Tatoyan beynəlxalq ictimaiyyəti və xüsusən də beynəlxalq təşkilatları insan haqları mövzusunda cəsədlərin və əsirlərin mübadiləsi prosesini "süni surətdə uzadan" Azərbaycan səlahiyyətliləri məsələsinə diqqət yetirməyə çağırıb.

    O, “sözügedən prosesi təxirə salmaq məqsədi ilə Azərbaycan hakimiyyəti orqanlarının əsirlərin mübadiləsinin cəsədlərin mübadiləsi prosesi başa çatdıqdan sonra baş verəcəyini, eyni zamanda cəsədlərin mübadiləsi prosesinin əsassız olaraq uzandığını bildirir. Bütün bu gecikmələrə görə Azərbaycanın Cenevrə Konvensiyasının zəmanət verdiyi əsas tələbləri kobud şəkildə pozduğunu” deyib.

    Azərbaycan Ombudsman Aparatından bildiriblər ki, Azərbaycan bu məsələ ilə bağlı hələ noyabrın 12-də qarşı tərəfə iddia qaldırıb.

    Azərbaycan döyüşlərin qaynar fazası dövründə oktyabrın 28-də 31 erməni hərbçisi və bir mülki vətəndaşı birtərəfli qaydada Ermənistana təhvil verdiyini açıqlamışdı.

  12. Kreml Putinin Ermənistan və Azərbaycan liderləri ilə "intensiv dialoqda, telefon dialoqunda olduğunu" açıqlayıb

    "Rusiya Prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan liderləri ilə intensiv dialoq aparır,” bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

    Pskov deyib ki, “bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook-da cümə gecəsi Rusiya prezidenti Vladimir Putinlə saatda iki dəfə telefonla danışıb, Qarabağdakı vəziyyəti onunla müzakirə etdiyini bildirib”.

    "Prezidentin bütün beynəlxalq telefon danışıqları barədə rəsmi məlumat vermirik. Prezident dəfələrlə Qarabağ nizamlanması prosesində Ermənistan və Azərbaycandakı həmkarları ilə intensiv dialoqda, telefon dialoqunda olduğunu bildirib", Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.

  13. Nikol Paşinyan erməni xalqına müraciət edib

    Ermənistanın Baş naziri deyib ki, hazırda ölkə qarşısında duran ən vacib vəzifə Dağlıq Qarabağda əldə olunmuş sülhün qorunmasıdır.

    "Bu gün əldə edilmiş sülhü qorumaq, onu davamlı və mümkünsə, daimiyə çevirmək çox vacibdir”, - həmvətənlərinə televiziya ilə müraciət edən Nikol Paşinyan deyib.

    O, Ermənistan və Qarabağ ətrafında sabitliyin, Laçın dəhlizinin fasiləsiz işinin təmin edilməsini xalqın Qarabağa qayıtması ən mühüm hədəflər adlandırıb.

    Nikol Paşinyanın sözlərinə görə, ölkədə "anarxiya və xaos" təəssüratı yaratmaq istəyən qüvvələr mövcuddur və onlar dağıntılar yaratmaqla, hakimiyyətə qayıtmağa çalışırlar.

    O, belə cəhdlərin qarşısının alınacağını deyib.

    "Ancaq yenə də deyirəm, buna yol verməyəcəyik, xalq yol verməyəcək".

    Hökumət əleyhdarlarının "hakimiyyət və xalq arasında ayırıcı xətt" yarada bilmədiyini deyən Nikol Paşinyan hüquq-mühafizə orqanlarına minnətdarlığını bildirib.

    Ermənistan hökumətinin başçısı əlavə edib ki, Dağlıq Qarabağla bağlı bəyanat qəbul edilərkən yaranan şəraitdə başqa bir çıxış yolu yox idi, "çünki hər hansı başqa variant daha pis olardı".

  14. Rusiya: "Qarabağda sabitliyə yönələn irəliləmə davam edir"

    Rusiya Dağlıq Qarabağda sabitliyə yönələn irəliləmənin davam etdiyini bildirib.

    Xarici İşlər Nazirliyinin məlumatına görə, son həftə ərzində münaqişə bölgəsində atəşkəs rejiminin pozulması halları qeydə alınmayıb.

    Bunları Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

    “Cari il 9 noyabr tarixli üçtərəfli bəyanatın icrasını hər hansı ciddi insidentsiz təmin etmək mümkün olur,” - cümə günü keçirilən brifinqdə Mariya Zaxarova qeyd edib.

    Onun sözlərinə görə, son həftə ərzində müşahidə olunan müsbət təmayüllər Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən təsdiqlənmiş və hazırda tətbiq olunan “xəttin düzgünlüyünün sübutudur”.

  15. Azərbaycan MN Zod mədəni ilə bağlı yayılan xəbərlərə şərh verməyib

    Azərbaycan Müdafiə Nazirliyi Zod mədəni ilə bağlı yayılmış xəbərlərə şərh verməyib.

    Ermənistanın KİV-i bildirib ki, noyabrın 26-da səhər saatlarında Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən işğaldan azad olunduqdan sonra da hələlik Ermənistan tərəfində olduğu deyilən Zod mədənində hadisə baş verib.

    Ermənistanın news.am saytı yazıb ki, "250-yə yaxın Azərbaycan hərbçisi 7 erməni hərbçinin olduğu mədən ərazisinə girərək ərazinin onlara məxsus olduğunu bildirib və ərazini tərk etmələrini tələb edib".

    "Erməni hərbçilər telefonla müxtəlif aidiyyatı şəxslərə zəng etsələr də onlara cavab verilməyib. Mədən rəhbərliyi azərbaycanlılarla danışıqlar apararaq azərbaycanlılardan nə baş verəcəyini gözləməyi xahiş edib və inandırıb. Azərbaycanlılar isə rəhbərlik və hərbçilərə sabah gələndə mədəndə olmamalı olduqlarını deyiblər", sayt yazıb.

    Ermənistan Xarici İşlər Nazirliyi bundan bir gün sonra deyib ki, “döyüş növbətçiliyinin həyata keçirilməsi məqsədiylə 27 noyabrda Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında müvəqqəti hərbi mövqelərin faktiki yerləşmə nöqtələrinin dəqiqləşdirilməsinin baş tutub”.

    Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü bu məsələyə şərh verilməyəcəyini qeyd edib.

    Azərbaycanlı sosial media istifadəçiləri Zod mədəni ətrafında nələrin baş verdiyini, mədənin hansı tərəfdə qalacağı ilə bağlı məsələləri sorğulayırlar.

    Kəlbəcər rayonu noyabrən 25-də Azərbaycana təhvil verilib.

  16. "Ağdamdan geriyə xarabalıqlar qalıb" - BBC News Azərbaycancanın müxbirləri deyirlər

    "Azərbaycan postlarını keçdik. Sonra erməni postunu keçdik. Gördüyümüz ancaq dağıntılardır. Yerdə ancaq dağıdılmış evlərin kubikləri var. Məzarlıqlar da dağıdılıb. Uzun üzüm sahələrinin bircə tirləri qalıb", BBC News Azərbaycancanın müxbirləri bildirir.

    Bir qədər əvvəl Ağdam şəhərinə girdiklərini bildirən müxbirlərimiz deyirlər ki, "Ağdamdan geriyə xarabalıqlar qalıb".

    "Burada demək olar ki, daşı-daş üstündə qalan bina Ağdam məscididir. Onun da bəzi divarları çatlayıb-dağılıb, qapı-pəncərələri isə yoxdur," müxbirimiz deyir.

  17. Xarici işlər naziri Ceyhun Bayramovla italiyalı həmkarı Luici Di Maio arasında telefon danışığı olub

    "Xarici işlər naziri Ceyhun Bayramovla İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio arasında telefon danışığı olub", Azərbaycan XİN bildirib.

    Qurum açıqlayıb ki, "nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə ediblər".

    "O cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsini vacibliyini, bu bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar", məlumatda deyilir.

    Məlumatda həmçinin nazirlərin "ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi apardıqları bildirilib:

    "Onlar çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər. Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər".

  18. ETSN: "Qubadlının Qaralar kəndində növbəti ağacəkmə aksiyası Şərq çinarı təbiət abidəsinin yaxınlığında keçirilib"

    "Növbəti ağacəkmə aksiyası işğaldan azad olunmuş Qubadlı rayonunun Qaralar kəndi ərazisində, erməni işğalçıları tərəfindən məhv edilmiş yaşı 300 ildən artıq olan Şərq çinarı təbiət abidəsinin yerləşdiyi ərazinin yaxınlığında keçirilib", Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) xəbər verir.

    ETSN bildirir ki, "Qubadlı rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə baş tutan aksiyada karantin rejiminin tələblərinə əməl olunmaqla 50-dən çox Şərq çinarı əkilib, yol kənarındakı kəsilmiş tut ağaclarının yerinə isə 400 tut ağacı əkilməklə tut bağı salınıb".

    "Bununla da, erməni işğalçıları tərəfindən Qarabağ bölgəsində məhv edilmiş yaşıllıqların yenidən bərpasına töhfə verilib", nazirlik bildirir.

    Qurum həmçinin bildirir ki, "Azərbaycan ərazisində həyata keçirilən payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonlarının ərazilərində də ağacəkmə aksiyaları keçirilib".

  19. Jean-Baptiste Lemoyne: "Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli şəkildə tanıması bu gün heç kimin... xeyrinə olmayacaq"

    "Gəlin açıq danışaq, Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli şəkildə tanıması bu gün heç kimin: nə Ermənistanın, nə Dağlıq Qarabağda yaşayan sakinlərin, nə Fransanın, nə Minsk Qrupunun digər həmsədrlərin, nə də bu məsələdə bizi dəstəkləməyəcək Avropalıların xeyrinə olmayacaq".

    Bunu Fransa Xarici İşlər Nazirliyinin brifinq zamanı dövlət katibi Jean-Baptiste Lemoyne-nin sözlərinə istinadən Fransanın Azərbaycandakı səfirliyinin rəsmi saytı paylaşıb.

    Məlumatda bildirilir ki, cənab Lemoyne "bu, hökumətin siyasəti deyil, Ermənistanın siyasəti deyil, tərəfdaşlarımızın siyasəti deyil" deyib.

    "Dağlıq Qarabağ münaqişəsinin həlli birtərəfli jestdən, fransızlardan deyil, tərəflər arasındakı dialoqdan gələcək. Bu gün tərəflər bu dialoqu davam etdirmək üçün həmsədrlərin dəstəyinə həmişəkindən daha çox ehtiyac duyurlar", cənab Lemoyne bildirib, səfirlik yazır.

    Məlumatda həmçinin Fransa XİN dövlət katibinin "birtərəfli tanınmaya başlamağın heç bir maraq kəsb etmədiyini" söylədiyi deyilir.

  20. Nikol Paşinyan Facebookda bu gecə Vladimir Putinlə iki dəfə telefonla danışdığını yazıb

    “Son bir saatda Rusiya Prezidenti Vladimir Putinlə aramızda iki dəfə telefon danışığı olub”.

    Bunu Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 27-də gecə saatlarında Facebook səhifəsində yazıb.

    Onun sözlərinə görə, danışıqlarda Dağlıq Qarabağdakı vəziyyətlə bağlı "bir sıra məsələlərə" toxunulub.

    "Müzakirə üçün mövzular Laçın dəhlizindəki qəsəbələr, itkin düşmüş şəxslərin verilməsi, ölənlərin cəsədlərinin axtarışı işi, məhkumların mübadiləsi, sülhməramlıların yerləşdirilməsi, habelə bölgədəki nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı məsələləri əhatə edib, " Paşinyan yazıb.

    Baş nazir bu cür danışıqların mütəmadi olaraq aparıldığını vurğulayıb.

    "Bu cür müzakirələr müntəzəm olaraq, bəzən gündə bir neçə dəfə baş verir. Bu müzakirələr barədə hər zaman xarakteri və tezliyini nəzərə alaraq məlumat yaymırıq," Paşinyan yazıb.