“Biz həm də ona görə şadıq ki, Bəyanatın bəndlərinin
hazırlanmasında birbaşa iştirak etməyən Minsk qrupunun digər üzvləri gec də
olsa, Bəyanatın mətninə öz münasibətlərini, müsbət münasibətlərini
bildiriblər”, - Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya XİN başçısını
qəbul edərkən deyib.
O, Rusiya xarici işlər naziri Sergey Lavrovla deyib ki, Minsk qrupundan “daha operativ reaksiya gözləsə də
görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub”.
“Necə deyərlər, heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır. Mən bilirəm ki, Moskvada ATƏT-in Minsk
qrupunun nümayəndələrinin görüşü keçirilib. Güman edirəm ki, onların bu bəyanata
müsbət yanaşması da təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzunmüddətli
sülhün bərqərar olması işində mühüm rol oynayacaq”, Azərbaycan Prezidenti
bildirib.
“Onu da qeyd etmək istərdim ki, Rusiya
Federasiyasının Prezidentinin mövqeyi ilə tamamilə şərikəm. O bəyan edib ki,
bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyinə
ümid edir. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq
Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması
və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər
eşidəcəyik”, - dövlət başçısı vurğulayıb.
İlham Əliyev “regionda təhlükəsizlik
tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
oynadığı mühüm rolu” qeyd edib.
"Düşünürəm ki, bütövlükdə həm
sülhməramlı missiya baxımından, həm də regionda uzunmüddətli əməkdaşlıq
baxımından tərəfdaşlığın formatı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafelərinə
uyğundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi
məsələlərində də əsas rol oynamalıdırlar. Üçtərəfli Bəyanatda razılaşdırılmış
məqamlar onu göstərir ki, xoş məram və konstruktiv yanaşma olduqda əvvəllər
həlledilməz hesab olunan məsələləri həll etmək olar”, cənab Əliyev deyib.
İlham Əliyev həmçinin
bildirib ki, Rusiya ilə Azərbaycan “nizamlama prosesinin bütün peripetiyalarını
yaxşı bilir”.
“Lakin şadam ki, həm Azərbaycan xalqına, həm də Ermənistan
xalqına sülh şəraitində yaşamağa, müharibənin vurduğu yaraları sağaltmağa
çalışmağa, gələcək barədə, birgə gələcək barədə bizim üçün, qonşularımız üçün
təhlükəsiz gələcək barədə düşünməyə çalışmağa imkan verəcək və bununla da
regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail
ola bilmişik”, o əlavə edib.