You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.
Canlı reportaj
Ermənilər Laçını tərk edirlər - fotolar
Laçın rayonunun boşaldılmasına dair fotolar yayılıb.
Rayon 10 noyabr üçtərəfli Bəyanata əsasən dekabrın 1-də Azərbaycana qaytarılmalıdır.
Yayılan digər fotolarda isə Rusiya sülhməramlılarının nəzarət etdiyi Laçın dəhlizində həyat təsvir olunur.
Xankəndiyə 30 minədək qaçqın qayıdıb
Xankəndiyə 30 minədək erməni sakin qayıdıb.
Bunu şəhər "meri" David Sarkisyan jurnalistlərə deyib.
O deyib ki, ən ağır zamanlarda şəhərdə 200-300 adam qalmışdı.
"Düşünürəm ki, hamı qayıdacaq, çünki sülhməramlılar bizi qorumağa gəliblər. Onların Ermənistanda və Rusiyada yaşamağa yeri yoxdur. Sülhməramlılarla aramız normaldır", Ria Novosti xəbər verib.
Sülhməramlılara radio-elektron mübarizə kompleksləri verilib
Rusiya Dağlıq Qarabağdakı kontingentinə radio-elektron mübarizə kompleksləri göndərib, Müdafiə Nazirliyinə istinadla yayılan İzvestiya qəzetinin xəbərində deyilir.
Məlumata asasən, sülhməramlı qüvvələrə verilən Leer-3 sistemi "mobil telefonlara mətn, səs və video mesajları göndərmək" üçün istifadə olunacaq.
Üç dron və idarə mərkəziylə təchiz olunan kompleks rabitə qülləsini “təqlid etməyə” qadirdir.
Bundan əvvəl Leer-3-dən Suriyada istifadə olunduğu qeyd edilir.
Dağlıq Qarabağ münaqişəsi: "Ermənistan kritik nöqtədədir", Jirayr Libaridyanın təhlili
Ermənistan Parlamenti hərbi vəziyyət rejimini ləğv etmədi
Ermənistan Parlamenti ölkədə hərbi vəziyyət rejiminin ləğv edilməməsinə qərar verib.
Bu qərarı 56 deputat dəstəkləyib, 36 deputat əlehinə olub, 2 nəfər bitərəf qalıb.
Ermənistanda hərbi vəziyyət sentyabrın 27-də Qarabağda müharibə başlayan gün elan edilib.
Ria Novosti yazır ki, hərbi vəziyyətin ləğvi barədə qanun layihəsi ilə "Maarifçi Ermənistan" və "Firavan Ermənistan" partiyaları çıxış etmişdi. Hakim "Mənim addımın" fraksiyası isə buna etiraz edib.
Bundan əvvəl "Maarifçi Ermənistan" partiyasının üzvü Gevorg Gorgisyan demişdi ki, hazırda ölkədə şərtlər dəyişib, hərbi vəziyyətin elan edilməsi zamanı mövcud hallar yoxdur, bu vəziyyətin davam etməsi demokratiyanın əsasları olan söz, toplaşma, tətil və vətəndaşların hərəkəti ilə bağlı məhdudiyyətlər yaradır və bütün bunlar iqtisadi problemlərə səbəb olur.
"Firavan Ermənistan" partiyasından deputat Şaki İsayan deyib ki, hərbi vəziyyətin ləğvindən sonra Baş nazir Nikol Paşinyanın impiçmenti proseduruna baxılmalıdır.
Silahlı Qüvvələrin Baş Qərargahının təşkilati-səfərbərlik şöbəsinin rəisi Albert Bağdasaryan isə deyib ki, ordu hərbi rejimin qaldırılmasına qarşı deyil, amma eyni zamanda "sərhədlərin və əlavə ərazilərin qorunmasını təmin etmək üçün tədbirlər görmək lazımdır."
Bağdasaryan tədricən demobilizasiya tətbiq etdikdən sonra üç aylıq təlim düşərgəsi yaratmağı təklif edib.
Müdafiə Nazirliyinin baş katibi Artur Sarkisyan mövcud bütün problemlər həll olunana qədər hərbi vəziyyəti ləğv etməkdən çəkinməyə çağırıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Səfirinə etiraz notası verib
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Səfiri Zacharie Gross nazirliyə çağıraraq ona etiraz notası təqdim edib.
Etiraz notası 25 noyabr tarixində Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədardır.
"Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinə zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa səfirinin diqqətinə çatdırılıb", XİN bildirib.
Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını deyib.
Dağlıq Qarabağa Rusiya xilasedicilərinin əlavə qrupu gəlib
Xankəndinə Rusiya xilasedicilərinin əlavə qrupu gəlib. Bu barədə TASS agentliyi xəbər verir.
Məlumata əsasən, yerli sakinlərə yardım edəcək mütəxəssislər müxtəlif bölgə və idarələri təmsil edirlər.
"Noginsk, Tula və “Lider” xilasetmə mərkəzlərinin xilasedicilərindən ibarət Rusiya Fövqəladə Hallar Nazirliyinin birgə qrupu Dağlıq Qarabağa gəlib. Onlarla bərabər Fövqəladə Hallar Nazirliyinin mərkəzi aparatının nümayəndələri və Energetika Nazirliyinin mütəxəssisləri də gəlib", - qrupun nümayəndəsi TASS agentliyinə bildirib.
Ermənistan müxalifəti mitinqdə hakimiyyətdən ölkədə hərbi vəziyyəti ləğv etməyi istəyib
Cümə axşamı Ermənistan parlamentinin qarşısında etiraz edənlər "Mənim addımım" hakim blokunun deputatlarını ölkədəki mövcud hərbi vəziyyəti ləğv etməyə çağırıblar.
News.am saytının məlumatına görə, etiraz edənlər hökumətin ünvanına "Utan, utan”, “Siz cavab verəcəksiniz” kimi şüarlar səsləndiriblər.
Nümayişə çox sayda polis nəzarət edib.
Noyabrın 10-da Ermənistan Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında atəşkəs üçün üçtərəfli razılaşma imzalayaıblar.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində və ətrafında 27 sentyabrdan başlayan hərbi əməliyyatlar 44 gündən sonra bu razılaşma ilə tamamilə dayandırıldı.
Razılaşmaya görə, Ermənistan silahlı qüvvələri ərazidən çıxır, Rusiya sülhməramlıları bölgəyə yerləşdirilir.
Bundan başqa Ağdam, Kəlbəcər rayonları artıq Azərbaycana verilib, Laçın rayonun isə dekabrın birinə kimi Azərbaycana verilməsi gözlənilir.
Milli Məclis Azərbaycan hökumətinə çağırış edib
Milli Məclis Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilməsi, Azərbaycan ilə Fransa arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılması, iqtisadi əlaqələrin isə dərindən təhlil edilərək, lazımi tədbirlər görülməsi ilə bağlı Azərbaycan hökumətinə çağırış edib.
Bu, ötən gecə Fransa Senatında Dağlıq Qarabağın "müstəqilliyinin tanınması" ilə bağlı qətnamənin qəbul edilməsindən sonra gəlir.
Azərbaycan qətnaməni "hüquqi qüvvəsi olmayan sənəd" adlandırıb.
Azərbaycandakı Fransa Səfirliyi qəbul edilmiş qətnamənin "Fransa hökumətinin siyasəti olmadığını" deyib.
Ermənistan XİN qətnaməni "Dağlıq Qarabağ məsələsinin həllində həlledici addım" adlandırıb.
Beynəlxalq hüquqa görə Azərbaycan torpağı kimi tanınan Dağlıq Qarabağdakı separatçıların elan etdiyi tanınmamış "DQR"-i heç bir BMT üzvü ölkəsi, o cümlədən Ermənistan müstəqil ölkə kimi tanımır.
Ermənistan XİN: "Fransa Senatındakı qətnamə Dağlıq Qarabağ məsələsinin həllində həlledici addımdır"
Ermənistanın xarici işlər naziri Ara Avazyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və həmsədrlərin gələcəkdəki qrafiki ilə bağlı müzakirələr aparıb.
Cümə axşamı günü Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistanlı nazir Minsk qrupunun həmsədrləri ilə telefonla danışıb.
Nazir vurğulayıb ki, ATƏT-in Minsk Qrupu münaqişənin yeganə beynəlxalq miqyaslı vasitəçilik formatı kimi davamlılığını təmin etməlidir.
Bundan əvvəl, çərşənbə günü Ermənistan Xarici İşlər Nazirliyi Fransa Senatında qəbul edilən qətnaməni Fransa xalqının insan haqlarına və sivil dəyərlərə sadiq olmasının nümayişi kimi qəbul edib.
"Fransa Senatının qəbul etdiyi qətnamə Artsax [Dağlıq Qarabağ-red.] xalqı tərəfindən həyata keçirilən öz müqəddəratını təyinetmə hüququnun tanınması və Dağlıq Qarabağ məsələsinin ədalətli həlli istiqamətində həlledici bir addımdır", - Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib.
Nazirlik bəyan edib ki, bu qərarda Türkiyənin siyasətinin genişlənməsi ilə beynəlxalq hüququn və insan haqlarının pozulmasının açıq şəkildə qəbul edilməsi xüsusi vacib hesab edilib.
Fransa Senatında separatçı, tanınmamış "Dağlıq Qarabağ Respublikasının" tanınmasına çağrış edən tövsiyə qətnaməsində Azərbaycanla yanaşı Türkiyənin də adı çəkilir və bir çox yerdə bu ölkəyə də ittihamlar yönləndirilir.
Azərbaycan bu bəyanatı "hüquqi qüvvəsi olmayan sənəd" adlandırıb.
Azərbaycandakı Fransa Səfirliyi qəbul edilmiş qətnamənin "Fransa hökumətinin siyasəti olmadığını" deyib.
Başqalarına yardım edərkən özünü ölümə atan Niftalının anası: "Qəbrinə getmirəm, öldüyünə inanmıram"
Ermənistanda müxalifət ölkədə elan olunmuş hərbi vəziyyətin uzadılması fikri ilə razıdır, bu barədə "Maariflənmiş Ermənistan" partiyasının katibi Gevorg Gorgisyan bu gün parlament iclasında bildirib.
O deyib ki, hökumətin qanunvericiliyə müəyyən dəyişiklər etmək ehtiyacı olduğunu nəzərə alaraq belə qərar veriblər.
Ermənistanda hərbi vəziyyət sentyabrın 27-də elan olunub.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO Baş katibi Jens Stoltenberg telefon söhbətlərində Dağlıq Qarabağ, Şərqi Aralıq dənizi və Əfqanıstanla bağlı mövzulara toxunublar, Anadolu agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Sahibə Qafarova: "Fransa heç vaxt işğalçı ilə işğala məruz qalan arasında fərq qoymayıb"
Cümə axşamı günü Milli Məclisdə Fransa Senatında "Dağlıq Qarabağ Respublikasının" tanınmasına çağrış edən qətnamənin qəbulu pislənilib.
Azərtacın məlumatına görə, bu gün keçirilən iclasda Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu qətnamədə "Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti təhrif olunub".
"Bu qərəzli qətnamənin qəbulu Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəyə kölgə salmaq məqsədi daşıyır", - Sahibə Qafarova deyib.
O deyib ki, azadlıq və demokratiyadan danışan bu ölkə heç vaxt işğalçı ilə işğala məruz qalan arasında fərq qoymayıb, qərəzli mövqe nümayiş etdirib.
Fransanın Azərbaycandakı səfiri deyib ki, Senatın qərarı hökümətin siyasəti deyil.
Sahibə Qafarova xatırladıb ki, Fransa 1994-cü ildən Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi iştirak edir.
Yerli medianın məlumatına görə, Milli Məclisdə bir neçə deputat Azərbaycanın Fransadakı səfirinin geri çağrılmasına, Fransanın Minsk qrupundan çıxarılmasına və bu ölkə ilə əlaqələrin məhdudlaşdırılmasına çağrış edib.Bundan başqa Fransa Senatının qərarına etiraz bəyanatının hazırlanması ilə bağlı komissiya yaradılıb.
Fransa səfiri: "Dağlıq Qarabağın tanınması Fransa hökümətinin siyasəti deyil"
Fransanın Azərbaycandakı səfiri Zacharie Gross öz rəsmi Twitter səhifəsində Fransa Senatının qəbul etdiyi qərara şərhini paylaşıb.
Səfir bildirib ki, "Dağlıq Qarabağ Respublikasını birtərəfli şəkildə tanımaq Fransa hökumətinin siyasəti deyil".
O bu sözləri Fransa hökumət nazirinin fikirlərindən iqtibas edib.
Səfir paylaşımı Senatın qərarını aydınlaşdırmaq üçün etdiyini deyib.
Rusiya sülhməramlıları Kəlbəcərin Azərbaycana ötürülməsinə nəzarət ediblər
Rus sülhməramlıları, Kəlbəcər bölgəsinin Azərbaycana verilməsi zamanı üçtərəfli razılaşmanın icrasına nəzarət ediblər.
Rusiya Müdafiə Nazirliyinin saytının yaydığı məlumata görə, "sülhməramlı kontingentinin hərbçiləri, Kəlbəcər bölgəsinin köçürülməsi zamanı üçtərəfli razılaşmanın şərtlərini yerinə yetirərkən, mülki əhalinin təhlükəsizliyini və bölgənin mütəşəkkil köçürülməsini təmin ediblər".
Məlumata görə, noyabrın 25-dən etibarən Kəlbəcər bölgəsi Azərbaycan tərəfinə təhvil verilib.
Bu addım noyabrın 10-da Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin üçtərəfli razılaşma imzalamasıyla mümükün olub.
İmzalanmış sənədə əsasən indiyə kimi Ağdam və Kəlbəcər əraziləri Azərbaycana verilib. Dekabrın birinə kimi isə Laçın rayonunun bəzi ərazilərinin Azərbaycana verilməsi gözlənilir.
Rusiya Müdafiə Nazirliyi: Xankəndidə həyat bərpa olunur
Rusiya Müdafiə Nazirliyi tanınmamış "Dağlıq Qarabağ Respublikasıın" mərkəzində Xankəndidə (Stepanakert) Rusiyanın İdarələrarası Humanitar Müdaxilə Mərkəzinin köməyi ilə dinc həyatın bərpa olunduğunu bəyan edib.
Nazirliyin məlumatına görə, şəhərdə ictimai nəqliyyatın işini bərpa edib və yol qrafiki, elektrik və su təchizatı qurulub. Rusiya Müdafiə Nazirliyi bildirib ki, mülki insanlar evlərinə qayıtmağa davam edirlər.
Bundan əlavə Rusiya sülhməramlıları Xankəndinin (Stepanakert) ümumi yollarının təmizlənməsində və sosial infrastruktur obyektlərinin bərpasında yerli rəhbərliyə kömək etməyə davam edir. Nazirlik bildirib.
Rusiya tərəfinin yaydığı məlumata görə, sülhməramlılar Kəlbəcər bölgəsinin köçürülməsi zamanı üçtərəfli razılaşmanın şərtlərininin yerinə yetirilməsinə də nəzarət ediblər.
Erməni alim Jirayr Libaridyan Ermənistanı Azərbaycanla qonşuluq münasibətləri yaratmağa çağırır
Hikmət Hacıyev: "Fransa Senatının qətnaməsi adi kağız parçasından başqa bir şey deyil"
"Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil, - Prezidentin köməkçisi Hikmət Hacıyevin Fransa Senatında tanınmamış "DQR-in tanınması"na dair qətnamə layihəsinin qəbulu ilə bağlı şərhində vurğulanıb.
O qeyd edib ki, "dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur."
Hikmət Hacıyev Fransa Senatının qərarını "təxribatçı addım" adlandıraraq "Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin təzahürü" kimi səciyyələndirib.
"Qətnamənin mətnində Azərbaycan və qardaş Türkiyənin ünvanına yer alan saxta ittiham və böhtanları qəti şəkildə rədd edirik, münaqişənin tarixi, siyasi və hüquqi aspektlərini təhrif etmək cəhdlərini kəskin qınayırıq," - Prezidentin köməkçisi vurğulayıb.
Azərbaycan Prezidentinin köməkçisi deyib: "Ermənipərəst Fransa siyasi dairələri anlamalıdır ki, Azərbaycan öz torpaqlarında xarici işğalçı hərbi qüvvələrə qarşı müharibə aparmışdır və həmin ərazilər Azərbaycanın beynəlxalq hüquqda tanınan suveren əraziləridir. Heç bir qüvvə Azərbaycanı buna görə ittiham edə və Azərbaycanın hərbi birləşmələrinin bu ərazilərdən çıxarılmasını tələb edə bilməz."
Hikmət Hacıyev xatıladıb ki, "2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatla Ermənistan və Azərbaycan arasında hərbi eskalasiyaya son qoyulmuş və regionda sülhün bərqərar olunması istiqamətində praktiki işlərə başlanmışdır".
"Təəssüflə qeyd edilməlidir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransa nə qədər paradoksal olsa da, bu razılaşmanı pozmağa və münaqişəni yenidən alovlandırmağa çalışır. Fransanın son vaxtlar bir sıra beynəlxalq təşkilatlarda ölkəmizə qarşı riyakar siyasət aparması Azərbaycan tərəfində ciddi narahatlıq və suallar doğurur," - Prezidentin köməkçisi qeyd edib.
"Fransa Hökuməti bu kimi təxribatçı addımların yolverilməz olmasına dair rəsmi mövqeyini bildirməli və qətnaməni qınayan bəyanat verməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etməlidir," - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.