Hikmət Hacıyev Ermənistanı saxta məlumatlar hazırlamaqda ittiham edir
Prezidentin köməkçisi Hikmət Hacıyev bazar ertəsi günü deyib ki, Ermənistan tərəfi öz hərbçilərinə Azərbaycan hərbçilərinin geyimini geyindirib "mülki əhaliyə qarşı təxribatlar" törədə bilər.
Cənab Hacıyev bildirib ki, Ermənistan müdafiə nazirinin erməni əsgərlərlə görüşünü göstərən bir fotoda nazirin yanında oturmuş bir əsgərin Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi geyimini geyinməsi diqqət çəkib: "Fotoda Ermənistan müdafiə nazirinin yanında əyləşən ayaqyalın erməni əsgərin hərbi geyimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimi ilə eynilik təşkil etməsi ciddi şübhələr doğurub. Bir neçə dəqiqədən sonra Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti tərəfindən həmin fotoşəkillər rəsmi ünvanlardan silinib".
Onun sözlərinə görə, oxşar hadisə daha əvvəl də Ermənistan Müdafiə Nazirliyi tərəfindən edilib. Prezident köməkçisi bildirib ki, Ermənistan tərəfinin yaydığı fotolarda guya Azərbaycan DSX-nin hərbi geyimini geymiş “muzdluların” olduğu video yayılıb.
"Ermənistan tərəfi PKK terrorçularına və Ermənistan əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərini geyindirərək onlar tərəfindən mülki erməni əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini təşkil edə və sonradan bütün propaqanda resurslarını cəlb edərək məsuliyyətin Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər. Döyüş şəraitində məhv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi formasi geyindirilmiş PKK terrorçularını isə guya Azərbaycan tərəfdən vuruşan muzdlular kimi təqdim edə bilər,"- Hikmət Hacıyev deyib.
Cənab Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki erməni əhalisini Ermənistan silahlı qüvvələrinin və tanınmamış “Dağlıq Qarabağ” rəhbərliyinin təxribatlarına qarşı ayıq-sayıq olmağa, hərbi obyektlərdən kənar durmağa çağırıb.
Ermənistan Azərbaycanın bu bəyanatına hələ şərh verməyib.