“Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın". Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birgə Ağdama səfəri zamanı Ağdam məscidinin qarşısında çıxışında belə deyib.
Cənab Əliyev "necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik" deyib.
İlham Əliyev "bütün dağıdılmış şəhərlərin və orada qalan tarixi abidələrin bərpa ediləcəyini" bildirib.
Ağdamın işğaldan azad olunması barədə danışan ölkə başçısı "Ağdamın alınması üçün onsuz da əməliyyat planlaşdırıldığını" vurğulayıb.
“Müharibənin bütün sirlərini açmaq hələ
ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam
rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. …Biz Ağdamı onsuz da alacaqdıq, amma itkilər
olacaqdı, özü də böyük sayda. Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi
azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, mənim
şərtlərimə əməl etdi və öz məğlubiyyətini etiraf etdi”.
Ağdamda Azərbaycan bayrağını
qaldıran Prezident döyüş meydanında əldə edilən qələbənin “Ağdam rayonunu,
eyni zamanda, Kəlbəcər və Laçın rayonlarını bir güllə atmadan, bir şəhid vermədən
işğaldan azad edilməsinə imkan yaratdığını” söyləyib.
Prezident qeyd edib ki, işğaldan
azad edilmiş torpaqlara Azərbaycan xalqının, şəhidlərinin canı, qanı
bahasına, qəhrəmanlarının şücaəti hesabına qayıdılıb: “Biz güc toplamalı
idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə
deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün
dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq
hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün
yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində
işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik".
Azərbaycan Prezidenti son 17 il ərzində “münaqişənin
həlli üçün hüquqi baza yaradılmasından” da danışıb.
Dövlət başçısı qeyd edib ki, bütün beynəlxalq
təmaslarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın
mövqeyini, tarixi həqiqətləri və mövcud vəziyyəti bütün həmkarlarına çatdırıb.
“Mənim demək olar ki, bütün ikitərəfli beynəlxalq
təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi xüsusi yer alır...
Son 17 il ərzində demək olar ki, bütün çıxışlarımda bu məsələ ilə bağlı öz
fikrimi bildirmişdim, dünya ictimaiyyətini məlumatlandırmışdım. Çünki əfsuslar
olsun ki, 1990-cı illərin əvvəllərində münaqişə ilə bağlı dünyada dolğun təsəvvür
yox idi... Erməni lobbisi tərəfindən ortalığa atılmış məlumat var idi. Əks təqdirdə,
bizim torpaqlarımız işğal altına düşə-düşə ABŞ Konqresi məşhur 907-ci düzəlişi
qəbul etməzdi. Azərbaycan torpaqları işğal altına düşürdü, ancaq Amerika
Konqresi Azərbaycanı təcavüzkar kimi tanımışdır və bizi humanitar yardımdan məhrum
etmişdir. O vaxt erməni lobbisi buna nail oldu. Azərbaycan diplomatiyası, sadəcə
olaraq, onların qarşısında adekvat addım ata bilməmişdi”, Prezident deyib.
Azərbaycan Prezidenti Məkkədən gətirdiyi
“Qurani-Kərim”i Ağdam məscidinə bağışlayıb.