Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki,
“vaxtilə reallığı ermənilər dəyişirdisə, indi onu azərbaycanlılar dəyişir”.
BBC News Azərbaycancaya açıqlamasında politoloq vurğulayır ki, hazırda
status-kvo dəyişdiyi üçün köhnə baza prinsipləri də nəzərdən keçirilməlidir.
“O vaxt baza prinsipləri formalaşanda məsələ həll olunsaydı,
bəlkə də Azərbaycan tərəfi baza prinsiplərini qəbul edərdi.
O deyir ki, Azərbaycan artıq "öz
ordusunun gücünə və açıq deyək, əsgər və şəhidlərinin qanı bahasına" baza
prinsiplərində sözügedən rayonların çoxunu azad edib.
"Həmsədrlər həmişə bizə deyirlər
ki, biz reallığı nəzərə almalıyıq və bunun əsasında vəziyyəti
qiymətləndirməliyik. İndi reallıq dəyişib. Vaxtilə ermənilər onu dəyişiblər,
indi biz dəyişirik. İndi köhnə baza prinsipləri reviziya olunmalıdır. Cenevrə
görüşü göstərir ki, həmsədrlər tərəflərin bu məsələyə baxışını
dəqiqləşdirirlər”.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk
qrupunun həmsədrləri ilə birgə ötən həftəsonu Cenevrədə görüşüblər.
Politoloqun təhlilinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sonuncu Cenevrə görüşündə danışıqlar, əsasən humanitar
atəşkəsə əməl edilməsi, bu atəşkəslə bağlı tərəflərin şərtlərini yazılı şəkildə
ortaya qoymasını və substantiv məsələlərə aid münasibətlərini açıqlamasını əhatə
edib.
Tofiq Zülfüqarov əlavə edir ki, atəşkəslə bağlı Azərbaycanın
mövqeyi bəllidir: Ermənistan tərəfi işğal olunmuş ərazilərdən işğalçı
qüvvələrin çıxarılmasını öhdəlik kimi qrafik şəklində öz üzərinə götürsə,
Azərbaycan atəşkəsə razılıq verə bilər.
Rusiyanın münaqişə davam edərkən neytrallığını qoruya bilməsi
məsələsinə gəlincə, cənab Zülfüqarova görə Rusiya neytral mövqeyini “əsasən”
qoruya bilir.
“Demək çətindir. Ancaq Ermənistan da bunu etiraf edir ki, onlar
istənilən səviyyədə dəstək almır. Azərbaycan isə əksinə, bu baxımdan Türkiyədən
lazım olan dəstəyi alır. Və belə olan halda biz görürük ki, Azərbaycanın
xeyrinə olan vəziyyət yaranır. Bu da aparılan siyasətin nəticəsidir və reallıqdır”.
Bu məqamda və ya daha sonra üçüncü tərəflərin münaqişəyə
qoşulması ehtimalına gəlincə, Tofiq Zülfüqarov “öncə münaqişənin harada baş
verməsinə baxmağın vacibliyini" qeyd edir.
"Münaqişə harada baş verir? Azərbaycan ərazisində. Bu sual
və bu cavab üçüncü qüvvələrin burada iştirakı imkanlarına aydınlıq gətirir.
Azərbaycan öz suveren ərazisində beynəlxalq qanunlar çərçivəsində istənilən
addımı ata bilər. Üstəlik, hazırda Rusiyanın neytrallığını qoruması və
Türkiyənin Azərbaycanın yanında yer alması ilə bir növ balanslaşdırılmış
siyasət yaranıb,”- Tofiq Zülfüqarov bildirib.
Sabiq nazirin sözlərinə görə, Azərbaycan demək
olar ki, Ermənistanla təkbətək mübarizə aparır: “Ermənistan
ictimaiyyətinin, xalqının hələ 30 il əvvəldən qarşıya qoyduğu adekvat olmayan
siyasi hədəfləri var. Onlar indi real baxmalıdırlar ki, bu hədəflərə nail
olmağa potensialları çatırmı? Hesab edirəm ki, Ermənistanın bu hədəflərə nail
olmağa potensialı çatmır və biz yaxın günlərdə Ermənistanın mövqeyinin
dəyişməsinə şahid olacağıq”.