You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Türkiyənin Ağrı şəhərinin bələdiyyə sədri Savcı Sayan öz rəsmi Twitter hesabında deyir ki, yaxın vaxtda Ağrı dağının Ermənistana tərəf olan yamacında bu təsvir görünəcək.

    O bildirib ki, Ağrı şəhər bələdiyyəsi bunun üzərində sürətlə işləyir.

    Türkiyə dövlət rəsmilərindən bu məlumatla bağlı hələ ki, şərh verilməyib.

  2. Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonunun Taqavard kəndi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının "vurulması" barədə məlumatı təkzib edərək, bunu erməni tərəfinin "öz itkilərini gizlətmək üçün uydurulan yalan" adlandırıb.

    Çərşənbə axşamı günü səhər tanınmamış "DQR Müdafiə Nazirliyinin" mətbuat xidməti bildirib ki, "qarşı tərəfin çox sayda canlı qüvvəsi və hərbi texnikası dağıdılıb və bu hərəkət davam edir".

    Rusiyalı hərbi bloqçu Semyon Pegov öz WarGonzo Telegram kanalında görüntülər yayaraq bu məlumatı "təsdiq etdiyini" yazıb, lakin onun yaydığı videoda zirehli texnika göstərilir.

    Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan tərəfi belə məlumat yaymağa "məcbur qalıb".

    "Ermənistan mətbuatının guya Azərbaycan xüsusi təyinatlılarına məxsus kalonların Xocavənd rayonunun Taqavard kəndi istiqamətində məhv edilməsi barədə yaydığı məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti uydurmasıdır",- Azərbaycan MN-nin sitatında bildirilir.

    Nazirlik bildirib ki, Ermənistan "artmaqda olan itkilərini ört-basdır etməyə çalışdığı üçün" belə addım atıb.

  3. ANAMA: "Ermənistan silahlı qüvvələri Tərtərə iki ədəd fosforlu mərmi atıb"

    Noyabrın 3-də Ermənistan silahlı qüvvələri Tərtərin Səhləbad kəndinə iki ədəd fosforlu mərmi atıb, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) açıqlayıb.

    Qurumdan BBC News Azərbaycancaya bildiriblər ki, mərmilər yaşayış yerlərindən 150 metr məsafəyə düşüb.

    Agentlik aşkarlanmış partlamamış mərminin daşınması mümkün olmadığı üçün yerində zərərsizləşdiriləcəyini qeyd edib.

  4. Arayik Harutyunyan müharibədən boyun qaçıran məmurları tənqid edib

    Tanınmamış "DQR prezidenti" Arayik Harutyunyan səfərbər edilən, lakin döyüş əməliyyatlarında iştirak etməkdən yayınan bütün məmurların vəzifədən kənarlaşdırılacağını və məsuliyyətə cəlb ediləcəyini deyib.

    Məlumata görə, döyüşlərə qatılmış Ruslan Sarqsyanın həyat yoldaşı Zarine Saracyan Arayik Harutyunyana müraciət edərək təklif edib ki, “müxtəlif bəhanələrlə isticə yerlərdə oturan“ bütün hərbi mükəlləfiyyətli dövlət qulluqçuları vəzifədən azad edilsin. O, hakimiyyətdən ən sərt hərəkətləri gözlədiyini bildirib.

    Arayik Harutyunyan qadının Facebook müraciətinə münasibət bildirərək, öz səhifəsində qeyd edib ki, bütün “bu kimi rüsvayçı hərəkət edən” məmur və dövlət qulluqçuları barəsində müvafiq tədbirlər – vəzifədən azad edilmə və ya qanunla nəzərdə tutulan başqa sanksiya – tətbiq ediləcək.

    “Eyni zamanda öz məsuliyyətsiz hərəkətinin ağırlığını başa düşüb Vətən qarşısında borcunu yerinə yetirməyə hazır olanlara daha bir şans verməyə hazıram”, - Arayik Harutyunyan öz Facebook səhifəsində yazıb.

  5. Hikmət Hacıyev: "Azərbaycanda əsirlikdə olan erməni hərbçilər hər hansı fiziki, psixoloji təzyiqlərdən kənardır"

    “BMT-nin İnsan hüquqları üzrə ali komissarı tərəfindən Ermənistanın törətdiyi cinayətlərə münasibət bildirilib. Xüsusilə biz müsbət addım kimi qeyd edirik ki, onun tərəfindən verilmiş açıqlamada Azərbaycanın Bərdə şəhərində kassetli silahlardan istifadə edilməsi ilə əlaqədar olan faktlar öz əksini tapıb”.

    Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

    O, bəyanatda Gəncəyə ballistik raket atılması barədə məlumatların yer almamasına "təəssüfləndiyini" bildirib.

    Cənab Hacıyev Ermənistan tərəfinin saxta videolar hazırladığını, bunun Azərbaycanın müvafiq strukturları tərəfindən təsdiq olunduğunu söyləyib.

    Hikmət Hacıyev deyib ki, Azərbaycan bu sahədə "üzərinə düşən beynəlxalq öhdəliklərdən çıxış edir".

    "Azərbaycanda əsirlikdə olan erməni hərbçilər hər hansı fiziki, psixoloji təzyiqlərdən kənardır. Azərbaycanda olan erməni əsirlərin qida və digər təminatı, onlarla davranış qaydaları beynəlxalq hüquqda nəzərdə tutulmuş qaydada həyata keçirilir."

    O həmçinin Azərbaycan tərəfdən bir müddət əvvəl 30 erməni hərbçisinin cəsədinin Ermənistana verildiyini xatırladıb.

    Cənab Hacıyev söyləyib ki, Ermənistan Xankəndi və digər yaşayıq məntəqələrində mülki obyektlərə zərbə endirilməsi barədə "yalan məlumat yayır".

    O, Azərbaycanın "mülki insanlarla mübarizə aparmadığını, yalnız oradakı legitim hərbi hədəflərə zərbə endirdiyini" bildirib.

  6. BMT rəsmisi mülki əhaliyə qarşı davam edən hücumlardan "narahatdır"

    BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Michelle Bachelet Dağlıq Qarabağ münaqişəsi zamanı beynəlxalq humanitar hüququn pozularaq mülki əhaliyə qarşı davam edən hücumlardan narahatlığını ifadə edib.

    Ali Komissar bu hücumların "beynəlxalq humanitar hüquqa zidd olaraq müharibə cinayətlərinə bərabər ola biləcəklərinə" dair xəbərdarlıq edib.

    “Münaqişənin sentyabr ayında indi gördüyümüz dəhşətli nəticələrlə yenidən başlamasından indiyədək tərəflərin mülki həyat itkilərinin qarşısını almaq və ya ən azından minimuma endirmək, mülki infrastruktura, o cümlədən məktəblərə və xəstəxanalara zərər vurulmaması, mülki şəxsləri döyüşçülərdən və mülki obyektləri hərbi hədəflərdən ayırmaq üçün bütün mümkün addımların atılması üçün, təkrar-təkrar çağırışlar olub,” - Michelle Bachelet deyib və əlavə edib ki, – Buna rəğmən evlər dağıdılıb, küçələr xarabalıqlara çevrilib və insanlar qaçmağa və ya zirzəmilərdə təhlükəsizlik axtarmağa məcbur olub”.

    Məlumatda deyilir ki, Azərbaycan hökumətinin verdiyi məlumata görə, sentyabr ayının sonundan etibarən onun nəzarətindəki ərazilərdə ən azı 91 mülki şəxs həlak olub. Ermənistan hökuməti Dağlıq Qarabağ münaqişəsi zonasında 45, Ermənistanda isə iki mülki şəxsin həlak olduğunu bildirir. BMT-nin İnsan Hüquqları Bürosu bu rəqəmləri müstəqil olaraq təsdiqləyə bilmədiyini qeyd edir.

    “Yüzlərlə insan yaralanıb və on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb,” - BMT rəsmisi bildirib.

    “Hər iki tərəfin kaset sursatından istifadəsi barədə dərin narahatlıq doğuran xəbərlər fonunda, bir daha Ermənistanı və Azərbaycanı onların istifadəsini dayandırmağa və onu tamamilə qadağan edən Kaset Sursatlar haqqında Konvensiyasını ratifikasiya etmiş 100-dən çox dövlətə qoşulmağa çağırıram,” - Michelle Bachelet deyib.

    Azərbaycan bundan əvvəl bildirib ki, o, mülki şəxsləri hədəfə almır.

    Bundan əlavə, müvəkkil "müharibə cinayətlərini" sənədləşdirə biləcək videoların ortaya çıxmasından narahatlığını ifadə edib.

    "Sosial mediada bir çox saxta görüntülər paylaşılarkən, media qurumları tərəfindən barəsində detallı araşdırmalar aparılmış, Azərbaycan hərbçilərinin əsgər geyimində iki əsir ermənini öldürməsini göstərdiyini iddia edən videolar qaçılmaz və dərindən narahat edən məlumatları ortaya çıxarıb", BMT rəsmisi bildirib.

    Lakin Michelle Bachelet eyni zamanda deyib ki, müəyyən bir instansiyada hərbi cinayətin baş verib-vermədiyini yalnız səlahiyyətli məhkəmə təyin edə və qərar verə bilər.

    Bir müddət əvvəl BBC News Rusca Xidməti hazırladığı məqaləsində videoda görüntülənən iki şəxsin adlarının Benik Akopyan və Yuri Adamyan olduğunu bildirib.

    Azərbaycan rəsmiləri bu görüntüləri saxta adlandırmışdı.

    Michelle Bachelet-in bəyanatında deyilir ki, Azərbaycan hökuməti son döyüşlər nəticəsində təqribən 40.000 insanın müvəqqəti köçkün olduğunu bildirib. Ermənistan Xarici İşlər nazirinin sözlərinə görə, Dağlıq Qarabağdan təxminən 90.000 etnik erməni mövcud döyüş əməliyyatlarından qaçıb və hazırda Ermənistandadır.

    "Mən tərəfləri insan haqları vəziyyətinin yerində effektiv monitorinqinin aparılması üçün münaqişənin təsirinə məruz qalmış bütün sahələrdə - o cümlədən mənim komandalarım tərəfindən müvafiq sahələrdə - insan haqları və humanitar əlçatımlılığın təmin edilməsi məsələsini siyasiləşdirməməyə çağırıram", o deyib.

    BMT rəsmisinin bəyanatında deyilir ki, o, “bir daha münaqişə tərəflərini fərqlilik, mütənasiblik və ehtiyat prinsiplərinə riayət edərək və yaşayış məntəqələrində geniş ərazilərə təsirləri olan partlayıcı silahların istifadəsindən yayınaraq mülkiləri və mülki infrastrukturu qorumaq üçün beynəlxalq humanitar hüquqlar üzərindəki öhdəliklərini yerinə yetirməyə çağırıb."

    BMT rəsmisi bütün tərəfləri humanitar atəşkəsə əməl etməyə və münaqişənin sülh yolu ilə həlli yolu tapmaq üçün danışıqlara çağırıb.

  7. Azərbaycan Müdafiə Nazirliyi (MN) qarşı tərəfin snayper qrupunun "zərərsizləşdirilməsi" ilə bağlı açıqlama yayıb.

    Qurum bildirib ki, “Azərbaycanın işğal olunmuş ərazisinə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəş zərbələri endirilib”.

    Nazirliyin məlumatında deyilir ki, zərbə nəticəsində "Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup zərərsizləşdirilib”.

    Bundan başqa Azərbaycan MN qarşı tərəfin "ağır itkilərə məruz qaldığını” da açıqlayıb.

    Nazirlik noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində "hücuma keçməyə cəhd göstərdiyini", hücumun qarşısının alındığını və qarşı tərəfin "ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edildiyini” bildirib.

    Ermənistan tərəfinin bu məlumatlarla bağlı şərhi məlum deyil.

  8. Erməni tərəfi "şərq istiqamətində taktiki məqsədlə geri çəkildiyini" deyib, Azərbaycan MN "bütün istiqamətlərdə tam taktiki və atəş üstünlüyünə malik olduğunu" bildirib

    Azərbaycan Müdafiə Nazirliyi “qarşı tərəfin məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırıldığını” bəyan edib.

    Erməni tərəfi “şərq istiqamətinin kiçik bir hissəsində gələcək döyüş hərəkətləri üçün, taktiki məqsədlə geriyə çəkilərək, daha sərfəli mövqe tutduğunu” açıqlayıb.

    Azərbaycan Müdafiə Nazirliyi həmçinin bildirib ki, "Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat tamamilə həqiqətə uyğun deyil".

    Tanınmamış “DQR müdafiə ordusu” bundan əvvəl xəbər yayıb ki, "bu səhər Qarabağ münaqişə bölgəsində ön xəttin cənub istiqamətində nişan atəşləri ilə" qarşı tərəfin "texnikası və canlı qüvvəsinə itkilər yetirib”.

    Məlumatda həmçinin Azərbaycan tərəfinin "şimal istiqamətində həmlə fəallığının dəf edildiyi", Azərbaycan tərəfinin "taktiki üstünlük əldə etmək cəhdlərinin davam etməsi" və "müdafiə ordusu"nun operativ-taktiki vəziyyətə nəzarət etdiyi" açıqlanıb.

    Azərbaycan MN "həmlə" barədə məlumatı təkzib edib və bildirib ki, "Azərbaycan Ordusu cəbhənin bütün sahələrində düşmən üzərində tam taktiki və atəş üstünlüyünə malikdir", nazirlik bildirir.

  9. Təcili xəbər, Azərbaycan MN: "Ağdam və Ağcabədi rayonları atəşə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi noyabrın 3-də açıqlayıb ki, Ermənistan silahlı qüvvələrinin bölmələri "yenidən Ağdam və Ağcabədi rayonlarının kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutur".

  10. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, bu gün Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarının sıradan çıxarıldığını açıqlayıb və bu barədə görüntülər yayıb.

    Erməni tərəfinin bununla bağlı şərhi məlum deyil.

  11. Ayətullah Əli Xameneyi: "Azərbaycanın əraziləri azad edilməli, ermənilərin təhlükəsizliyi qorunmalıdır"

    İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi çərşənbə axşamı günü yerli televiziyaya müsahibəsində Qarabağ bölgəsindəki toqquşmalardan danışıb.

    İranın İrna xəbər agentliyinin məlumatına görə, Ayətullah Əli Xameneyi deyib ki, "İki qonşumuz arasındakı müharibə acı bir hadisədir."

    İranın rəhbəri bildirib ki, münaqişə ən qısa müddətdə bitməlidir.

    "Azərbaycanın əraziləri hamısı azad edilməli və ermənilərin təhlükəsizliyi qorunmalıdır",- Ayətullah Əli Xameneyi bildirib.

    Xameneyi vurğulayıb ki, "beynəlxalq sərhədlər pozulmamalı və terrorçular sərhədlərimizə yaxınlaşmamalıdırlar" və onlar İran sərhədlərinə yaxınlaşarlarsa "onların öhdəsindən gəlinəcək".

    O, çıxışında konkret hansı "terrorçuları" nəzərdə tutduğunu açıqlamayıb.

  12. "Ermənistan ərazisindən Zəngilan rayonu istiqamətində bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən qarşı tərəfin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib".

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı günü məlumat yayıb.

  13. Azərbaycan MN: "Ermənistan silahlı qüvvələri Füzulini “Smerç” sistemindən atəşə tutur"

    Azərbaycan Müdafiə Nazirliyi noyabrın 3-də bildirib ki, Ermənistan silahlı qüvvələri Füzuli şəhərini və ətraf kəndləri “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutur.

    Ermənistan Müdafiə Nazirliyi bu məlumatı məlumatı təkzib edib.

    “Azərbaycan tərəfinin guya Ermənistan silahlı qüvvələrinin “Smerç” zenit-raket yaylım atəşi sistemindən Füzuli şəhəri və ətrafının atəşə tutması haqqında bəyanatı absurddur. Ermənistan ərazisindən sözügedən istiqamətdə atəş açılmayıb”, - nazirliyin mətbuat katibi Şuşan Stepanyan Facebook-da yazıb.

  14. Azərbaycan Baş Prokurorluğu: "İndiyədək 91 mülki şəxs öldürülüb, 405 nəfər yaralanıb"

    Azərbaycan Baş Prokurorluğu açıqlayıb ki, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində indiyədək 91 mülki şəxs öldürülüb, 405 nəfər yaralanıb.

    Qurum bildirib ki, 2488 yaşayış evi, 97 çoxmənzilli yaşayış binası və 461 mülki obyekt yararsız vəziyyətə düşüb.

  15. Azərbaycan MN: "Cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan PUA-sı vurulub"

    Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, noyabrın 3-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycanın hava hücumundan müdafiə bölmələri tərəfindən vurulub.

    Nazirlik bildirib ki, PUA "cəbhədə uçuş keçirməyə cəhd göstərərkən" sıradan çıxarılıb.

    Ermənistan tərəfi hələ ki, bu barədə məlumat yaymayıb.

  16. İlham Əliyev Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

    Prezident İlham Əliyev noyabrın 2-də Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

    President.az xəbər verir ki, söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.

  17. ANAMA: "Bazar ertəsi 6 rayonda operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib"

    "Bazar ertəsi günü Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) 6 rayonun ərazisində mərmilərin aşkarlanması ilə bağlı 32 müraciət daxil olub", ANAMA məlumat yayıb.

    Qurum bildirir ki, “agentlik Ağcabədi, Ağdam, Bərdə, Füzuli,Goranboy və Tərtərin bəzi şəhər, kənd və qəsəbələrində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib”.

    “Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 122 mm-lik raket, 1 ədəd raketin hissəsi, 22 ədəd bombacıq və 58 ədəd partlamış mərmi qalıqları aşkar olunub”, ANAMA-nın məlumatında deyilir.

    Agentlik həmçinin bildirir ki, “Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb”.

    “Noyabrın 2-də Agentliyin əməkdaşı Zeynalov Telman Bəbir oğlu Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minaya (PMN-Э) düşüb. Partlayış nəticəsində sol ayağı topuq nahiyəsindən amputasiya olunub”, qurumun yaydığı məlumatda bildirilib.

  18. Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub"

    "Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub", Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qurum bildirib ki, "qarşı tərəf noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqelərini atəşə tutulub".

    Azərbaycan tərəfi itkilərin olub-olmaması ilə bağlı məlumat verməyib.

  19. Azərbaycan MN cəbhədə noyabrın 3-nə olan son vəziyyət barədə

    "Noyabrın 2-də gün ərzində və 3-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub", Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Qurum bildirir ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib.

    Nazirliyin məlumatında həmçinin deyilir ki, "qarşı tərəf cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnika itkiləri verərək geri çəkilməyə məcbur edilib".

    "Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını sıradan çıxarılıb", MN açıqlayıb.

    Nazirlik "hazırda Azərbaycan qoşunlarının əməliyyat şəraitinə nəzarət etdiyini" bəyan edib.

    Ermənistan tərəfi hələlik bu barədə açıqlama verməyib.

  20. "Kəlbəcərə ayaqyalın, başıaçıq qaçacağıq,"- Kəlbəcərdən məcburi köçkün olan Mingəçevir sakini