Bakıda bəzi sakinlər McDonald’s restoranlar şəbəkəsini boykot edirlər.
Boykot edənlər deyirlər ki, bir neçə gün əvvəl şirkətin sosial media hesablarından “Qarabağ Azərbaycandır” şüarının silinməsi onlara təsir edib.
Müxbirimizlə söhbət edən Bakı sakini Vahid İsrafilov deyib ki, o, paytaxtın mərkəzindəki McDonald’s restoranın filialının qarşısında dayanaraq bir neçə adama boykot barədə məlumat verib.
Onun sözlərinə görə, boykot barədə sosial şəbəkələrdə oxuyub və sonra könüllü olaraq bu aksiyaya qoşulub.
“Belə şirkətlər "Qarabağ Azərbaycandır" sözünü inkar edirlərsə, bu bizim ərazi bütövlüyümüzü tanımamaqdır”, o əlavə edib.
"Bir az dayanıb sonra gedəcəyəm öz işlərimi görməyə”, deyən Bakı sakini 10-a yaxın adamla danışdığını və onlardan bəzilərinin onu "dinləyib" boykota qoşulduğunu, az bir qisminin isə "dinləməyib" restorana daxil olduğunu açıqlayıb.
Restoranlar şəbəkəsini boykot edən Çiçək Həziyeva deyib ki, "əgər restoranın əvvəldən siyasətə qoşulmaması kimi bir şərti var idisə bu addımı atmamalıydılar. Əvvəl dəstək göstərib, sonra onu silmək düzgün olmayan haldır".
“Bizim ölkəmizdə pul qazanan şirkətin bizim torpaqlarımızın bütövlüyünü qəbul etməməsini doğru saymıram, ona görə də boykota qoşuldum”, - Çiçək Həziyeva deyib.
Tələbə olan Əli Mustafazadə deyib ki, o, sosial şəbəkədə McDonald’s-ın paylaşımı silməyi barədə eşidib və boykot çağrışlarına qoşulub.
“Mənə pis təsir etdi. Başqa ölkələrdə olan şirkətlər qondarma dövlətin bayrağını yayırlar, amma bizim ədalətli istəyimizinı qarşısın alırlar, Qarabağ haqqında elanı sildiriblər”, Əli Mustafazadə deyib.
Bakı sakini Vadil Sadıqov Fəvvarələr meydanında dostu ilə gəzir və boykot edənləri kənardan izləyib.
O hesab edir ki, insanların etirazını başa düşür, amma boykot etmək qərarını “çox mənasız bir addım sayır”.
“Boykot etməklə heç nə dəyişmir. Burda iki-üç gün boykot etməklə onun dövriyyəsində ciddi bir dəyişiklik olmayacaq. Bu restoranın qlobal şirkət olduğunu nəzərə alsaq onların o paylaşması düzgün deyildi. Amma paylaşıb sonra silmək də düzgün deyil”, - Vadil Sadıqov deyib.
BBC News Azərbaycancanın müxbiri müşahidə edib ki, restoranda əvvəlki kimi qələbəlik olmayıb.
Etiraz aksiyası edənlər müxbirimizin müşahidə etdiyi dövrdə restorana gələn heç kimə yaxınlaşıb boykot barədə deməyiblər.
Polis ətrafda təhlükəsizlik tədbirləri görüb və aksiyanı kənardan müşahidə edib.
BBC News Azərbaycanca McDonald’s restoranlar şəbəkəsindən boykot məsələsi ilə bağlı şərh ala bilməyib.
Restoranlar şəbəkəsi qalmaqaldan sonra sosial şəbəkələrdəki səhifələrdən bəzi postları silməyini belə izah edib - "bir məqsədimiz var-əsas amalımıza, yəni insanları qida ilə təmin etmək fikrinə sadiq qalmaq".
"Cari dəyişkən zamanda bunun önəmi xüsusilə yüksəkdir və biz bu təşəbbüsü dəstəkləyən növbəti xeyirxah addımlarımız barədə məlumatları tezliklə açıqlayacağıq. İstəyimiz odur ki, insanların bir yerdə toplanaraq yemək və xoş anları birlikdə paylaşa biləcəkləri bir məkan yaradaq”, deyə restoran rəsmi açıqlama yayıb.
Şirkət “bütün dünya üzrə McDonalds-ın öz qapılarını hər kəsin üzünə açdığını" bildirib.