Azərbaycan Müdafiə Nazirliyi Füzüli rayonunun işğaldan azad olunan kəndlərinin görüntülərini yayıb.
Görüntülərdəki ərazilərin hansı kəndlər olduğu açıqlanmır.
You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.
Azərbaycan Müdafiə Nazirliyi Füzüli rayonunun işğaldan azad olunan kəndlərinin görüntülərini yayıb.
Görüntülərdəki ərazilərin hansı kəndlər olduğu açıqlanmır.
Azərbaycan Müdafiə Nazirliyi noyabrın 6-da bildirib ki, Tərtər rayonunun işğal olunmuş Göyarx (keçmiş Levonarx) kəndində "erməni silahlı qüvvələrinin minaatanlarınının heyəti Azərbaycan bölmələri tərəfindən vurulub".
Ermənistanın bununla bağlı şərhi hələ ki, məlum deyil.
Azərbaycan Müdafiə Nazirliyi erməni qoşunlarının Ağdərədəki hərbi hissələrinin "iflic vəziyyətdə" olduğunu bildirib.
Azərbaycan MN oradakı erməni hərbi bölmələrinin təminatında "ciddi çatışmazlıqlar yarandığını", onların cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan "xeyli itki verdiyini" deyir.
Erməni qüvvələri Tağavard kəndi yaxınlığında Azərbaycan hərbçilərinin hücumlarını dəf etdiyini bildirir.
BBC News Rusca yazır ki, separatçı "DQR televiziyası" bu kəndin yaxınlığında, ön xətdən reportaj verib, amma video müstəqil yoxlamadan keçməyib, bu hadisənin həqiqiliyi, vaxtı və yerini təsdiq etmək mümkün olmayıb.
Azərbaycan Müdafiə Nazirliyi noyabrın 6-da açıqlayıb ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qazyan, Qaynaq,Qapanlı və Hüsənli kəndlərini artilleriya atəşinə tutur.
Rusiya Prezidenti Vladimir Putin cümə günü Rusiya Federasiyası Təhlüəsizlik Şurasının daimi üzvləri ilə Qarabağdakı vəziyyəti müzakirə edib, - TASS Prezidentin mətbuat katibi Dmitri Peskova istinadən xəbər verir.
Oktyabrın 11-də erməni silahlılarının Gəncəyə atdığı raket nəticəsində Ələsgərovlar ailəsinin 3 üzvü - Ceyhun Ələsgərov, Tərənə Ələsgərova və Ülvi Ələsgərov həyatlarını itiriblər. Yaxınları onların yoxluğuna inanmaq istəmir.
"Bir ailədən 3 meyit. Yeznəm, bacım, bacımın oğlu, dözlüməz dərddir,"- Təranə Ələsgərovanın bacısı ağlayaraq danışır.
O deyir ki, bacısının ən böyük arzusu oğlunun toyunu görmək olub.
Ceyhun Ələsgərov Ağdamda doğulubmuş. Ailə Ağdamın alınacağı günü gözləyirmiş.
Müxbirimiz bu ailənin yas mərasimində olub.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Qubadlının Məmər kəndindəki məscidin yaxınlığında yerləşən 18-ci əsrə aid tarixi abidə Ermənistanın işğalı vaxtı tövləyə çevrilib.
O bu barədə Twitter hesabında yazıb.
Hikmət Hacıyev UNESCO, İSESCO və İslam Əməkdaşlıq Təşkilatına müraciət edərək bununla bağlı hərəkətə keçməyə və "bu vəhşi hərəkətləri ciddi şəkildə pisləməyə" çağırıb.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qubadlının azad edilmiş Məmər kəndindəki 18-ci əsrə aid məscidin görüntülərini paylaşıb.
O bu barədə Twitter hesabında paylaşım edib.
"Məscid tamamilə dağıdılıb. Qubadlı rayonunun Məmər kəndi işğalda olarkən, XVIII əsrin dini/mədəniyyət abidəsinə qarşı vandalizmlə yanaşı, ora təhqir əlaməti olaraq, Ermənistan tərəfindən donuzxanaya çevrilib,"- o yazıb.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, "qarşı tərəfin silah-sursat anbarı partlayıb".
Qurum bildirib ki, Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub.
Alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib, nazirlik bildirir.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, bu sursat anbarı erməni hərbçilərinin Ağdərədə yerləşən qüvvələrini silah və döyüş sursatları ilə təmin edirdi,"- qurumun məlumatında deyilir.
Azərbaycan MN-nin açıqlamasında sursat anbarının niyə partlaması səbəbləri barədə məlumat verilmir.
Anbarın partlaması ilə bağlı Ermənistanın şərhi hələ ki, məlum deyil.
Azərbaycan Müdafiə Nazirliyi noyabrın 6-da açıqlayıb ki, cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə "Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən" erməni hərbçiləri mövqeləri "ataraq qaçıb".
Nazirliyin məlumatında deyilir ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri "onlara tapşırılan hədlərə çıxmayıb".
Ermənistanın bununla bağlı hələ ki, şərhi yoxdur.
Azərbaycan Müdafiə Nazirliyi "Ermənistan Müdafiə Nazirliyinin törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışdığını" açıqlayıb.
Qurum bildirib ki, "Ermənistanın Azərbaycan Ordusu tərəfindən Xankəndinin guya atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır".
Ermənistan Vahid İnformasiya Mərkəzi tanınmamış “DQR Dövlət Təcili Xidmətinə” istinad edərək bildirib ki, Xankəndinə “kasetli bomba atılır. Azərbaycan tərəfi dəqiq şəhəri - yaşayış binalarını, mülki və ictimai infrastrukturu hədəf alır," - TASS xəbər verir.
"Bu cür məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır,”- deyə Azərbaycan Müdafiə Nazirliyi Xankəndinin, ümumiyyətlə hədəfə alınmadığını bildirib.
Human Right Watch oktyabrın 28-də Bərdəyə atılan raket zərbəsi zamanı erməni silahlı qüvvələrinin kasetli bombadan istifadə edildiyini bildirmişdi. Həmin hadisə zamanı 20-dən çox adam ölmüş, 70-dən çox adam yaralanmışdı.
Ermənistan Bərdəni raket atəşinə tutmadığını bildirmişdi.
TASS yazır ki, “kasetli bomba - bu halda, ehtimal ki, topçu silahları - mülki şəxslər üçün xüsusi təhlükə yaradır: bir çox kiçik partlayıcı elementləri böyük bir əraziyə səpələyir, bunların çoxu dərhal işə yaramır və insanlar üçün aylar və illər sonra da təhlükə yaratmağa davam edir”.
“Bu səbəbdən yüzdən çox ölkə belə silah-sursatın qadağan edilməsi haqqında beynəlxalq konvensiyanı imzalayıb. Ancaq nə Ermənistan, nə də Azərbaycan həmin ölkələr arasındadır. İnsan haqları təşkilatları, xüsusən də Beynəlxalq Əfv Təşkilatı münaqişənin hazırkı mərhələsinin başlanğıcından bəri hər iki tərəfi bu silahlardan istifadəyə görə tənqid edib”.
Azərbaycanda bəzi dövlət qurumları işğaldan azad olunmuş ərazilərdə işə başlayıb.
"Azərişıq"dan sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) sözügedən ərazilərdə ilk fəaliyyətini həyata keçirib.
Cümə günü FHN açıqlayıb ki, noyabrın 5-də işğaldan azad olunmuş torpaqlarda ilk yanğınsöndürmə əməliyyatı həyata keçirib.
"Noyabrın 5-də Füzuli şəhərində inzibati binanın yaxınlığında açıq sahədə məişət tullantıları yanıb.
Yanğın əraziyə dərhal cəlb olunmuş yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülərək, alovun inzibati binaya keçməsinin qarşısı alınıb
Yanğın nəticəsində 50 kv.m sahədə məişət tullantıları yanıb,"- qurumun məlumatında deyilir.
Azərbaycan hökuməti bir qədər əvvəl işğaldan azad edilmiş ərazilərdə artıq işıqlandırma prosesinə başlandığını bildirmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl Suqovuşan və Talış kəndlərinə yol tikilməsi üçün vəsait ayırmışdı.
Azərbaycanın Baş Prokurorluğu bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 92 mülki şəxs öldürülüb, 404 nəfər yaralanıb.
504 mülki obyekt, 100 çoxmənzilli yaşayış binası, 3064 yaşayış evi yararsız vəziyyətə düşüb.
Tanınmamış "DQR-in Fövqəladə Hallar Xidməti" Facebook hesabında yazıb ki, bu gecə Xankəndi və Şuşa “şiddətli atəşə tutulub”.
Məlumata görə, noyabrın 6-na keçən gecə Qarabağın "dinc yaşayış məntəqələri atəşə məruz qalıb".
"Raket atəşi nəticəsində Şuşada bir neçə yaşayış binası yanıb, dağıntılar var. İlkin məlumata görə, üç nəfər mülki şəxs ölüb", məlumatda deyilir.
Azərbaycan tərəfi hələlik bununla bağlı şərh verməyib.
BBC News Rusca müxbiri Marina Katayeva
Ermənistanı Qarabağla birləşdirən yolda nəzarət məntəqəsi var. Dünəndən etibarən yol mülki şəxslər üçün bağlıdır.
Ermənistanın sərhəd kəndlərinin sakinləri deyirlər ki, Laçın dəhlizinin bağlanması onlar üçün böyük bir problem deyil, ancaq bu, münaqişə bölgəsindən çıxan qaçqınlar və ya evlərinə getmək istəyən Qarabağ sakinləri üçün çətinlik yarada bilər.
Məntəqənin yanında qarşısında paltar yığılmış çantalar olan iki qadın oturub.
Onlardan biri Anna noyabrın 3-də tərk etdiyi Laçındakı evinə getmək istəyir. Annanın qardaşı müharibədə yaralanıb və onu ziyarət etməyə Yerevana getmişdi.
Səhərisi gün yolu bağladılar – rəsmilər deyiblər ki, Azərbaycan "təxribat qrupları" həmin yola gəlib çatıblar - və Anna geri qayıda bilməyib.
Bu gün o, yola düşə biləcəyi ümidi ilə nəzarət məntəqəsinin qarşısına gəlib. Anna deyir ki, mütləq evinə getməlidir, çünki iş görməlidir. Anna tək yaşayır, deyir ki, Berdzorda (Laçının erməni adı) hər şey normaldır, heç nə dəyişməyib.
Laçının bu səhər atəşə tutulduğu xəbərlərini görməyib.
Yarım saat gözlədikdən sonra Annanı evinə yollanan bir Qarabağ sakininin avtomobilinə mindirirlər və o, yola düşür
"Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur", Azərbaycan Müdafiə Nazirliyiməlumat yayıb.
Qurum bildirib ki, "Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür".
"Gecə ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi də qarşı tərəfdən artilleriya atəşinə tutulub", MN-nin məlumatında deyilir.
"Noyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub", Azərbaycan Müdafiə Nazirliyi bildirir.
Qurum bildirib ki, "döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib".
"Qarşı tərəf cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır", nazirliyin məlumatında deyilir.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Shushan Stepanyan Facebook-da dünən cəbhədə baş verənlərlə bağlı yazdığı məlumatda "Şuşa istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikasının yığıldığını" bildirib.
O, yazıb ki, ""müdafiə ordusu"nun bölmələri Azərbaycanın hərbi texnikasını dəqiq atəşlə sıradan çıxarıb".
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinini bu iddialarına şərh verməyib.
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub", Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.
Qurum bildirib ki, "noyabrın 5-dən 6-na keçən gecədən başlayaraq səhər saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri qarşı tərəfdən fasilələrlə atəşə tutulub".
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz Twitter hesabında "Ermənistanın bu cür təxribatlarla hərbi əməliyyatların coğrafiyasını genişləndirməyə çalışdığını" yazıb.
Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) bildirib ki, Xankəndini (Stepanakert) tərk etmək istəyən jurnalistlər ya artıq Ermənistana çatıblar, ya da təhlükəsiz dəhlizlə bunu etmək üzrədirlər.
Bu mərhələdə hələ də orada olanların dəqiq sayını müəyyənləşdirmək mümkün deyil, qurum bildirib.
RSF bir daha onların təhlükəsizliyinin təmin edilməsinə çağırıb.
Təşkilat bundan əvvəl də Azərbaycan, BMT və ATƏT-ə çağırış edərək Xankəndində olan 80 nəfər yerli və xarici jurnalistin təxliyəsinə yardım edilməsini istəmişdi.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, "ümumiyyətlə, Xankəndindən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə Laçın dəhlizi vasitəsi ilədir. Bu günə olan məlumata görə hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir".
Slavik cəbhə xəttinin cəmi beş kilometrliyində olan Teğ erməni kəndindəndir, BBC News Rusca müxbiri Marina Katayeva yazır.
Slavik ona yaxın inək saxlayır və ailəsini dolandırır. Hər səhər Slavik atına minib kəndin yaxınlığındakı tarlaya çıxır.
Atəşlər başlanandan və mərmilər Teğin civarında partlayanda Slavik uşaqlarını Ermənistanın dərininə göndərib, arvadı ilə evlərində qalıblar.
O deyir ki, bu atəşlərdən narahatdır, ancaq kimsə heyvana qulluq etməlidir, onları qapalı saxlamaq olmaz.
Slavikin oğlu və qardaşı cəbhədə vuruşur. Slavik "müharibə vaxtı heyvan otarmağa qorxmurmu?" – sualımıza “Əlbəttə, qorxuram”, - deyə cavab verən nadir adamlardandır