Prezident İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib ki, Dağlıq Qarabağda yaşayanların hamısı orada "sülh və ləyaqət içində yaşamağa davam edəcəklər".
"Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək", o qeyd edib.
İlham Əliyev söyləyib ki, azərbaycanlılar Dağlıq Qarabağda "enik təmizləməyə məruz qalıb, qətlə yetirilib, işgəncəyə məruz qalıb və didərgin salınıblar".
O, buna görə heç kimin Ermənistanı günahlandırmamasına, ona qarşı sanksiyalar irəli sürülməməsinə "təəssüfləndiyini" bildirib.
Prezident deyib ki, "müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar".
Cənab Əliyev söyləyib ki, Ermənistanın Baş nazirin "yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq".
"Hələ ki, o, üzərinə belə bir öhdəlik götürməyib. Kompromislər haqqında ona sual verildikdə o, həmişə öz müqəddəratını təyinetmədən danışır. Lakin öz müqəddəratını təyinetmə onların getməli olduğu kompromis deyil. Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas prinsiplərin icrasına müvafiq olaraq işğal olunmuş bütün ərazilərin boşaldılması olmalıdır. Əsas prinsiplərdə deyilir ki, əvvəlcə beş rayon, sonra da iki rayon boşaldılmalıdır. Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o, deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, müharibənin dayanmasını istəmir".
İlham Əliyev bildirib ki, "Azərbaycan tərəfindən muzdlular vuruşmur və buna ehtiyac yoxdur" və əlavə edib ki, əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair "kifayət qədər dəlillər var".
"Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulublar".