You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Ermənistanda Qarabağdan gəlmiş ermənilər üçün qərargah yaradılacaq

    Ermənistanda Qarabağdan gəlmiş ermənilərin yerləşdirilməsi və ehtiyaclarının ödənilməsi məsələlərini əlaqələndirmək məqsədilə qərargah yaradılacaq, bazar ertəsi jurnalistlərə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib.

    O qeyd edib ki, belə bir struktur olmasa da, artıq bir ay yarımdır ki, bu məsələ ilə Hökumət aparatı ilə Əmək və Sosial Məsələlər Nazirliyi məşğul olur, lakin tezliklə iş formatı bir qədər dəyişdiriləcək.

    “Soydaşlarımızın yaşama yerləri ilə təmin olunması problemi müəyyən dərəcədə həll olunub, biz bu məsələlərin sistemləşdirilmiş həlli üçün mexanizmlər yaratmaq məsələsini müzakirə edirik, lakin bu, hadisələrin inkişafından asılı olacaq," - Qriqoryan deyib.

    Onun sözlərinə görə, Qarabağdan gələnlərin mehmanxana və pansionatlarda yerləşdirilməsi də mümkündür, bütün imkanlar nəzərdən keçirilir, Mher Qriqoryan deyib.

    Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, onlar Qarabağ münaqişəsi bitdikdən sonra Azərbaycanın erməni mənşəli vətəndaşları ilə azərbaycanlıların birgə dinc yaşamasını istəyir.

  2. ABŞ Qarabağa Skandinaviyadan sülhməramlıların göndərilməsini təklif edir

    ABŞ Dağlıq Qarabağda Skandinaviya ölkələrindən sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyasını dəstəkləyir. Bu barədə "Kommersant yazıb.

    "Türkiyə tərəfindən hər cür vasitəçilik və ya sülhməramlılıq ABŞ üçün də, Ermənistan üçün də uğursuz təşəbbüsdür. Hesab edirik ki, hər iki tərəf Skandinaviya sülhməramlılarının yerləşdirilməsinə razı olmalıdır."

    "Hesab edirik ki, hər iki tərəf skandinaviya sülhməramlılarının yerləşdirilməsinə razı olmalıdır. Bölgədə yerləşdiriləcək barışıq qüvvəsi yaratmaq və atəşkəsi qoruyub saxlamaq üçün skandinaviya hökumətləri ilə işləyirik,"- ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Robert O'Brien deyib.

    Onun sözlərinə görə, silahlı sülhməramlı qüvvələrə ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən ABŞ daxil olmamalıdır.

    "Biz Skandinaviya ölkələrinin hökumətləri ilə atəşkəsin qorunması üçün bölgədə yerləşdirilə biləcək sülhməramlı qüvvələrin yaradılması üzərində işləyirik, - O'Brien Los-Angeles-də erməni diasporunun nümayəndələri qarşısında çıxış edərkən söyləyib.

    Bu barədə beynəlxalq vasitəçilər və Skandinaviya ölkələrindən şərh yoxdur.

    Azərbaycan Xarici İşlər Nazirliyi BBC News Azərbaycancaya bu məsələ ilə bağlı şərh verilməyəcəyini bildirib.

    Bundan əvvəl Prezident İlham Əliyev deyib ki, Azərbaycan sülhməramlıların yerləşdirilməsi indiyədək söhbət mövzusu olmayıb və müharibə Azərbaycan ərazisində getdiyi üçün həlledici sözün Azərbaycanda olduğunu qeyd edib.

  3. Elçin Əmirbəyov Azərbaycanın etnik təmizləmə planları ilə bağlı ittihamları rədd edir

    Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın müşaviri Elçin Əmirbəyov BBC News Ruscaya üçün şərhində Azərbaycan ordusu tərəfindən Dağlıq Qarabağdakı erməni əhalisinə qarşı etnik təmizləmə aparılacağına dair qorxuları "əsassız" adlandırıb.

    "Dağlıq Qarabağdakı erməni mülki əhalisi üçün “Azərbaycan silahlı qüvvələri tərəfindən etnik təmizləməyə məruz qalma təhlükəsinin olduğu” barədə Ermənistan tərəfinin son vaxtlar fəal şəkildə yaydığı tezisi Azərbaycan qətiyyətlə rədd edir," – Əmirbəyov yazıb.

    “Bu, Ermənistanın Azərbaycana qarşı başladığı, beynəlxalq ictimai rəyi aldatmağa yönəlmiş, Ermənistanın daim yaratdığı bir qurban obrazına simpatiya səfərbər etməyə və Dağlıq Qarabağdakı münaqişə bitdikdən sonra bizim azərbaycanlı və erməni mənşəli vətəndaşlarımızın dinc yanaşı yaşaya biləcəklərini bəribaşdan inkar etməyə yönəlmiş dezinformasiya kampaniyasının uydurma və heç bir əsası olmayan elementidir,"- Elçin Əmirbəyov deyib.

  4. Azərbaycan MN: "Qubadlı və rayonun kəndləri artilleriya atəşinə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, noyabrın 2-də günün ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələri Qubadlı və rayonun kəndlərini artilleriya atəşinə tutur.

    Hazırda da Ermənistanın Qafan rayonunun David Bek kəndi istiqamətindən Qubadlı rayonunun ərazisi intensiv atəşə tutulur, - nazirlik açıqlayıb.

  5. “Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur," - Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan mətbuatı bu gün işğal altında olan Azərbaycana məxsus yaşayış məntəqələrinin "guya Azərbaycan Ordusu tərəfindən müxtəlif silahlardan atəşə tutulması ilə bağlı bir neçə dəfə həqiqətə uyğun olmayan məlumatlar yayıb".

    Bazar ertəsi günü Ermənistan Müdafiə Nazirliyi "Azərbaycan tərəfinin müxtəlif mülki yaşayış məntəqələrinə raket və raket hücumlarına davam etdirdiyini" bildirmişdi.

    Azərbaycan MN "bir daha rəsmi olaraq" bildirir ki, Azərbaycan Ordusu "mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır".

  6. Tanınmamış "DQR-in müdafiə nazirinin müavini" öldürülüb

    Bu gün erməni tərəfinin açıqladığı, Qarabağ döyüşlərində həyatını itirmiş 11 nəfərdən ibarət siyahıda tanınmamış “DQR Müdafiə Ordusunun komandan müavini, polkovnik" Artur Sarkisyanın da adı var.

    "Müdafiə Ordusu mətbuat xidmətinin" məlumatına görə, o, döyüş əməliyyatları zamanı öldürülüb.

    Artur Sarkisyan bu vəzifəyə bu il iyulun 4-də təyin olunmuşdu.

  7. Bu təqribi xəritə mediaya açıqlanmış məlumatlara əsasən hazırlanıb.

  8. Erməni tərəfi Şuşa və Xocavənd döyüşlərində həlak olanların siyahısını açıqlayıb

    Bazar ertəsi erməni qüvvələrinin nümayəndələri Xocavənd (Martuni) yaxınlığında şiddətli döyüşlər və Azərbaycan ordusunun Şuşa istiqamətində hücumları barədə məlumat yaymışdı.

    Bu barədə və cənub, Hadrut istiqaməti, eləcə də Laçından cənubda döyüşlər haqqında Ermənistan Müdafiə Nazirliyi nümayəndəsi Artsrun Hovhannisyan məlumat vermişdi.

    Şuşa istiqamətində Azərbaycan ordusunun hücumları barədə tanınmamış “DQR hərbi idarəsinin mətbuat katibi” Suren Sarumyan bəyan etmişdi.

    Bundan başqa erməni tərəfi bu müharibədə həlak olan daha 11 hərbçilərin adını dərc edib. Erməni qüvvələrin ümumi itkilərinin rəsmi sayı 1177 nəfər təşkil edir.

    Azərbaycan öz hərbçilərinin itkiləri barədə məlumat vermir.

  9. Rusiyanın Türkiyədəki səfiri: Rusiya və Türkiyə “optimal qarşılıqlı əməkdaşlıq alqoritmi tapıblar”

    Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov İnterfaksa müsahibəsində bəyan edib ki, Moskva ilə Ankara kompromislər tapmağı və fikir ayrılıqlarını həll etməyi öyrəniblər.

    O, həmçinin Türkiyənin Qarabağ münaqişəsinin tənzimlənməsində xüsusi rol almaq istəyini dəstəkləyir – Moskva ABŞ və Fransa ilə başçılıq etdiyi, Türkiyənin isə üzv olduğu ATƏT-in Minsk Qrupu formatına sadiqdir.

    “İlk öncə xatırlatmaq istəyirəm ki, bu il oktyabrın 10-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Onun yekun bəyanatında yazılıb ki, tənzimləmə mexanizmi dəyişməz qalır,” - Yerxov deyib.

    “Bu, o deməkdir ki, döyüş əməliyyatlarının dayandırılması və tənzimləmə üzrə danışıqların təmin edilməsi, məlum olduğu kimi, Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi Minsk Qrupu çərçivəsində cəmləşir. Türkiyə, xatırladım, onun üzvüdür”.

  10. Təcili xəbər, İlham Əliyev: "Müzəffər Azərbaycan Ordusu 8 kəndi azad edib"

    "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"- bazar ertəsi günü Azərbaycan Prezidenti İlham Əliyev öz Twitter hesabından bildirib.

  11. Təcili xəbər, Azərbaycan MN: "Tərtər və Goranboy intensiv atəşə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan və Qapanlı kəndləri, Goranboy rayonun Yenikənd kəndi intensiv artilleriya atəşinə tutulur.

  12. Arayik Harutyunyan “könüllü döyüşçülərlə görüşüb”

    Tanınmamış “DQR prezidenti” Arayik Harutyunyan bazar ertəsi günü səhər “birinci Qarabağ müharibəsi iştirakçıları Vladimir Balayan və Şahen Meğryanın adlarını daşıyan könüllü döyüşçülər dəstəsi ilə görüşüb”. Bu barədə Arayik Harutyunyanın mətbuat katibi Vahram Poğosyan öz Facebook səhifəsində məlumat verib.

    Görüşdə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan da iştirak edib.

    Bazar günü sosial mediada Arayik Harutyunyanın kortejinin vurulduğu xəbəri yayılmışdı.

    Bu barədə Azərbaycan heç bir rəsmi məlumat açıqlamamışdı.

    Azərbaycan Müdafiə Nazirliyi yalnız onu bildirmişdi ki, oktyabrın 31-də saat 17:00 radələrində ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alınıb və “havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət” vurulub.

    Azərbaycan Müdafiə Nazirliyi vurulduğunu bildirdiyi maşın karvanının fotosunu da yaymışdı.

    Həmin gün erməni tərəfi nəinki Arayik Harutyunyanın kortejinin, ümumiyyətlə, heç bir avtomobil karvanının vurulmadığını bildirmişdi.

  13. Bunu da izləyin, (arxivdən)

    Hazırda Mingəçevirdə yaşayan, əslən Qubadlı rayonunun Xəndək kəndindən olan Məmmədovlar ailəsi rayonlarının azad edilmiş əraziləri barədə xəbəri çox həyəcanla dinləyiblər.

    62 yaşlı Qafar Məmmədov danışır ki, 35 yaşı olanda Qubadlı-Laçın zonasında gedən döyüşlərdə vuruşub, həyat yoldaşı azyaşlı uşaqları ilə oranı tərk etdikdən sonra o da ailəsinə qoşulmalı olub.

    Ətraflı videomuzda izləyin:

  14. Azərbaycan 84 yaşlı mülkinin meyitini Ermənistana təhvil verib

    Azərbaycan 84 yaşlı mülki şəxs - Mişa Melkumyanın meyitini Ermənistana təhvil verib.

    Bu barədə BBC News Azərbaycancaya Beynəxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi İlahə Hüseynova məlumat verib.

    O bildirib ki, bazar günü Melkumyanın cənazəsi Qızıl Xaçın köməyi ilə Yerevana göndərilib.

    BBC News Rusca xidməti yazıb ki, Hadrutun “yaşlı sakinləri Yevgeniya Babayan və Mişa Melkumyan erməni silahlı qüvvələri geri çəkiləndə şəhəri tərk edə bilməyib”.

    Yevgeniya Babayan Yerevana köçürülsə də, Ermənistan Mişa Melkumyanı təhvil almaqdan imtina etmiş, bunu onun səhhəti ilə izah etmişdi.

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev oktyabrın 30-da BBC News Azərbaycancaya bildirmişdi ki, 84 yaşlı Mişa Melkumyan "müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkib və bu gecə vəfat edib".

  15. Azərbaycan MN: "Qarşı tərəf cəbhənin Zəngilan istiqamətində mövqelərimizə hücum etməyə cəhd göstərib"

    Noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri hücuma cəhd göstərib.

    Bu barədə bazar ertəsi günü Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Qurum bildirib ki, "qarşı tərəf bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə Azərbaycan bölmələrinin mövqelərini atəşə tutub".

    "Ermənistan tərəfinin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb".

    Müdafiə Nazirliyi bildirib ki, "döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən qarşı tərəf Ermənistan ərazisinə çəkilməyə məcbur edilib".

    Müdafiə Nazirliyi, həmçinin "Azərbaycan mövqelərinə havadan hücum edən qarşı tərəfin Su-25 döyüş təyyarəsinin də sıradan çıxarıldığını" açıqlayıb.

    Ermənistanın döyüş təyyarəsinin sıradan çıxarılması ilə bağlı xəbərə mövqeyi bəlli deyil.

    Ermənistan Müdafiə Nazirliyi yalnız onu bildirib ki, gecə cəbhədə döyüşlər gedib və "qarşı tərəfin cəhdlərinin qarşısı alınıb".

  16. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, gecə "Qarabağ-Azərbaycan cəbhə xəttində müxtəlif intensivlikdə döyüşlər gedib".

    O bildirib ki, Azərbaycan qüvvələri cənub-şərq istiqamətdə zirehli texnikasını cəbhə xəttinə “yaxınlaşdırmağa cəhd edib," amma Şuşan Stepanyan bunun qarşısının alındığını deyib.

    O, həmçinin “dinc yaşayış məntəqələrinin artilleriya və raket atəşinə” tutulduğunu bildirib.

    "Hazırda operativ-taktiki vəziyyət Artsax müdafiə ordusunun nəzarətindədir," - Şuşan Stepanyan əlavə edib.

    Azərbaycan dəfələrlə bəyan edib ki, dinc yaşayış məntəqələrinə zərbə endirmir.

  17. Azərbaycan MN Su-25-lə "qarşı tərəfin mövqelərinə" aviazərbə endirdiyini açıqlayıb.

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi "qarşı tərəfin mövqelərini bombardman edib".

    Qurum bildirib ki, oktyabrın 31-də "endirilmiş aviazərbələr nəticəsində qarşı tərəfin səngərlərdə və yeraltı sığınacaqlardakı xeyli sayda canlı qüvvəsi zərərsizləşdirilib".

    Azərbaycan pilotlu Su-25 döyüş təyyarələrinin istifadəsi ilə bağlı açıqlamanı ilk dəfədir ki, verir.

    Azərbaycan Müdafiə Nazirliyi indiyədək döyüşlərdə aviasiyadan istifadə etmədiyini bildirmişdi.

  18. Azərbaycan MN: "Ermənistan Azərbaycanla dövlət sərhədində atəşkəs rejimini pozub"

    Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.

    Məlumatda deyilir ki, noyabrın 2-nə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrin mövqeləri atəşə tutulub.

    Ermənistan tərəfi hələ ki, bu barədə açıqlama verməyib.

  19. ANAMA: "Dünən müxtəlif bölgələrə mərmi düşməsi barədə 14 müraciət daxil olub"

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bildirib ki, noyabrın 1-də quruma Ağcabədi, Füzuli, Goranboy və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə 14 müraciət daxil olub.

    Məlumatda deyilir ki, aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd idarə olunan raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 41 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

  20. Təcili xəbər, Azərbaycan MN: "Ağdam və Ağcabədi artilleriya atəşinə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, noyabrın 2-də saat 06:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutur.