You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Döyüşlərin necə getməsi barədə:

    Azərbaycan Müdafiə Nazirliyi cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinə "ciddi ziyan" verdiyini bildirib.

    Nazirlik bu istiqamətindəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində qarşı tərəfin itki verərək mövqelərini tərk etdiyini və 30-dək könüllünün xəsarət aldığını qeyd edib.

    Bundan başqa, 62-ci artilleriya briqadasının 4-cü reaktiv divizionunun atəşə tutulması nəticəsində bir ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarıldığı, ölən və yaralanların olduğu qeyd olunub.

    Ermənistan Məlumat Mərkəzi bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Xankəndi şəhərini atəşə tutub. Hazırda zərərçəkmişlər barədə məlumat yoxdur.

  2. Baş Prokurorluq: Tərtərdə bir dinc sakin yaralanıb

    Baş Prokurorluq bildirib ki, bu gün saat 17 radələrində qarşı tərəfin silahlı birləşmələri Tərtər rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub.

    "Tərtər rayonu, Əski Para kəndində fərdi yaşayış evinin yaxınlığına mərmi düşməsi nəticəsində 1962-ci il təvəllüdlü Osmanov Nüsrət Qurban oğlu xəsarət alıb", qurum bildirib.

  3. Azərbaycanın mülki itkiləri 93-ə çatdı

    Bu gün Bərdədə bir dinc sakinin həlak olması ilə sentyabrın 27-dən bəri Azərbaycanın mülki itkiləri 93 nəfərə çatıb, Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

    XİN Ermənistanı mövcud humanitar atəşkəsi "kobud şəkildə" pozmaqda ittiham edərək "şiddətlə" qınayıb.

    "Ermənistandan beynəlxalq ictimaiyyətin, o cümlədən BMT TŞ-nin qətnamələrinin tələblərinə uyğun olaraq, silahlı qüvvələrinin Azərbaycanın hələ də işğal altında olan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasını tələb edirik", qurum bildirib.

  4. Azərbaycan Ermənistandakı kəndi atəşə tutmadığını bildirib

    Azərbaycan Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı məlumatı “təxribat xarakterli dezinformasiya” adlandırıb.

    Bu barədə Müdafiə Nazirliyinin rəsmi məlumatında deyilir.

    “Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur”.

    Bundan əvvəl Ermənistan Ombudsmanı Аrman Tatoyan ölkənin cənubundakı Sünik rayonunda yerləşən iki kəndin – David Bek və Aqarakın "Azərbaycan tərəfindən atəşə tutulduğunu" bildirib.

    Öz növbəsində, Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan ərazisindən Qubadlı rayonunun “işğaldan azad olunmuş kəndlərinin” və Azərbaycan Ordusunun mövqelərinin “gün ərzində intensiv atəşə” məruz qaldığını vurğulayır.

  5. Hücumdan sonra Azərbaycanın Xarkovdakı konsulluğunun mühafizəsi gücləndirilib

    Ukrayna polisi Xarkovda Azərbaycan və Ermənistanın konsulluqlarını 24 saatlıq mühafizəyə götürüb. Bu tədbir Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun odlu silahdan atəşə tutulmasından sonra elan olunub.

    “7 Noyabr tarixində saat 2:30 radələrində 102 xidmətinin operatorundan Yaroslav Mudrı küçəsindəki müəssisədə həyəcan siqnalının daxil olduğunu bildirib”, - Ukrayna Milli Polisin saytındakı xəbərdə deyilir.

    Şənbə günü Azərbaycan Xarkov şəhərindəki Fəxri Konsulluğunun binasının atəşə tutulduğu elan edərək, hücumu pisləyən bəyanat yayıb.

    XİN bildirib ki, "iki nəfər binanın qapısı və pəncərələrinə odlu silahdan 6 dəfə atəş açıb". Hadisədə zərərçəkən olmayıb.

    Hadisə yerində olan Ukrayna hüquq-mühafizəçiləri yoxlama zamanı aşkar edilən 2 ədəd patron gilizi və 3 metal qalıqlarını müsadirə ediblər, vilayətin polisi bildirir.

    Hücumla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  6. Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Fuğanlı, Hacılı və Daşveysəlli kəndlərinin görüntülərini yayıb.

  7. Təcili xəbər, Baş Prokurorluq: Bərdədə bir nəfər dinc sakin həlak olub

    Baş Prokurorluq bildirib ki, bu gün saat 16 radələrində qarşı tərəfin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub və nəticədə Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə ciddi ziyan dəyib.

  8. Azərbaycan Xarkovdakı Fəxri Konsulluğuna hücumu pisləyir

    Azərbaycan Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binasına hücumu pisləyən bəyanatla çıxış edib.

    Rəsmi açıqlamaya əsasən, binanın qapısı və pəncərələrinə odlu silahdan 6 dəfə atəş açılıb.

    “Son zamanlar Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı radikal erməni qüvvələri tərəfindən davamlı təhdidlərin edildiyini nəzərə alaraq, Xarkovdakı Fəxri Konsulluğumuza edilən bu hücum məhz bu təhdidlər kontekstində nəzərdən keçirilməlidir”, - XİN-in şənbə günü yaydığı bəyanatında deyilir.

    “Radikal erməni qüvvələrinin Azərbaycanın xarici ölkələrdəki diplomatlarına, eləcə də yerli azərbaycanlı icma üzvlərinə qarşı təhdid xarakterli və həyati təhlükə doğuran hücumlarını qətiyyətlə pisləyirik”.

    7 noyabra keçən gecə, saat 2.30 radələrində baş vermiş hadisədə zərər çəkənlərin olmadığı bildirilir.

    Rəsmi məlumatda deyilir ki, konsulluğun kameralarında hücum edənlərin “2 nəfər olduğu” qeydə alınıb.

    Hücumla bağlı cinayət işi açılıb və Kiyev rayonunun polisi tərəfindən araşdırma aparılır, Ukrayna mətbuatı xəbər verir.

  9. Qarabağdan yol qeydləri: Laçında vəziyyət necədir?

  10. Ermənistanın istintaq komitəsi bildirib ki, "21 erməni Azərbaycan əsirliyindədir".

    "Armenpress" agentliyinin verdiyi xəbərə görə, bunu Ermənistan istintaq komitəsinin rəsmi nümayəndəsi Rafael Vardanyan mətbuat konfransında açıqlayıb.

    Vardanyan əlavə edib ki, bu məlumatlar daim yenilənir və dəyişə bilər.

    Hər iki tərəfdəki əsirlərin sayı barədə ümumiləşdirilmiş məlumat yoxdur. Nə Azərbaycan, nə də Ermənistan neçə əsirin özündə saxladığını açıqlayıb.

    Oktyabrın 29-da Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 30 hərbçinin meyitini və bir mülki şəxsi birtərəfli qaydada Ermənistana təhvil verib.

  11. Beynəlxalq Qızıl Xaç Komitəsi Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkəcək

    Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkəcək.

    Onlar sentyabrın 27-dən başlayan atışmalardan sonra Ermənistana köçürülüb.

    İndiyədək rəsmi bildirilməsə də, onların Şuşa həbsxanasında saxlanıldığı iddia edilirdi.

    Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova BBC News Azərbaycancaya deyib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş "mümkün qədər qısa zamanda" olacaq.

    İlahə Hüseynova onların Ermənistanda hansı şəhərdə saxlanması və vəziyyətləri barədə şərh verməyib.

    Rusiya vətəndaşları, əslən azərbaycanlı olan Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

    Dilqəm Əsgərov və Şahbaz Quliyev separatçı "DQR məhkəməsinə" çıxarılıb və Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə 22 il iş verilib.

    Azərbaycan bununla bağlı BMT-yə müraciət edib.

  12. Təcili xəbər,

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutduğunu və buna qarşı cavab tədbirləri görüldüyünü açıqlayıb.

  13. Təcili xəbər, İlham Əliyev Xocalının 2 kəndi də daxil olmaqla, 16 kəndin azad olunduğunu elan edib

    “Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir", bu barədə Azərbaycan Prezidenti Ilham Əliyev öz Twitter hesabından paylaşıb.

  14. Tanınmamış “DQR in Fövqəladə Hallar Xidməti məlumat yayıb ki, hazırda Şuşa və Daşaltıda "şiddətli döyüşlər gedir".

    "Qurumun" məlumatına görə, noyabrın 7-nə keçən gecə Dağlıq Qarabağ cəbhəsinin “bütün əsas istiqamətlərində döyüş əməliyyatları davam edib".

    Azərbaycan şənbə günü səhər saatlarında Şuşanın atəşə tutulmadığını bildirib.

    İndiyədək Azərbaycan Şuşa ətrafında döyüşlər getməsilə bağlı rəsmi məlumat açıqlamayıb.

    Azərbaycan MN döyüşlərin "müxtəlif intensivlikdə cəbhənin bütün - əsasən Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam etdiyini" bildirib.

  15. Təcili xəbər, Azərbaycan MN: "Ağdamın kəndləri atəşə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, "Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ağdam rayonunun Çullu və Çıraqlı kəndləri artilleriya atəşinə tutulur".

    Qurumun məlumatında "Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görüldüyü" açıqlanıb.

  16. Azərbaycan Müdafiə Nazirliyi "Şuşanın atəşə tutulması" ilə bağlı yayılmış məlumatı təkzib edib, "Şuşanın atəşə tutulması" ilə bağlı məlumatı gün səhər Tanınmamış "DQR-in Fövqəladə Hallar Xidməti" Facebook hesabında yazıb.

    Azərbaycan Müdafiə Nazirliyi şənbə günü “Azərbaycan Ordusunun Şuşa şəhərini atəşə tutmadığını" açıqlayıb.

    Qurum "Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən fasilələrlə atəşə tutulması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbərin tamamilə həqiqətə uyğun olmadığını" bildirib.

    Tanınmamış "DQR-in Fövqəladə Hallar Xidməti" şənbə günü Facebook hesabında yazıb ki, bu gecə Şuşa şəhəri “şiddətli atəşə tutulub”.

    "Qurum" bildirib ki, Xankəndi və başqa yaşayış məntəqələrində nisbi sakitlik qorunub.

  17. Təcili xəbər, Azərbaycan MN: "Tərtər və Ağcabədinin bəzi kəndləri artilleriya atəşinə tutulub"

    "Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutub", Azərbaycan Müdafiə Nazirliyi bildirir.

    Qurum açıqlayıb ki, "Azərbaycan Ordusu tərəfindən qarşı tərəfin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür".

  18. Azərbaycan MN: “Qarşı tərəfin xüsusi təyinatlı və kəşfiyyat bölmələrinə ciddi zərər vurulub”

    Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin xüsusi təyinatlı və kəşfiyyat bölmələrinə “ciddi zərər vurulması ilə bağlı" məlumat yayıb.

    Qurumun məlumatında deyilir ki, "cəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti sıradan çıxarılıb".

    Bundan başqa, Azərbaycan MN bu səhər qarşı tərəfin “bir neçə avtomobil texnikası və minaatan qurğusunun sıradan çıxarıldığını” da yazıb.

    Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan “şənbə günü səhər saatlarında cəbhənin şərq istiqamətində Azərbaycanın bir pilotsuz uçan aparatının (PUA) sıradan çıxarıldığını” bildirib.

    Azərbaycan Müdafiə Nazirliyi hələlik bu iddiaya şərh verməyib.

  19. Azərbaycan Müdafiə Nazirliyi cəbhədə noyabrın 7-nə olan son vəziyyətlə bağlı

    “Noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub”, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

    Qurum bildirib ki, “döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib”.

    “Qarşı tərəf cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib," nazirliyin məlumatında deyilir.

    Azərbaycan Müdafiə Nazirliyi “hazırda cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatlarının davam etdiyini bildirib”.

    Ermənistan tərəfi hələlik bununla bağlı şərh verməyib.

  20. Şuşa uğrunda döyüşlər: vəziyyət necədir?

    BBC News Rusca yazır ki, hər iki tərəfin müdafiə idarələrindən alınan məlumatlardan ehtimal etmək olar ki, Azərbaycan ordusu cəbhənin bir neçə istiqamətində hücuma keçir. Lakin əsl strateji əhəmiyyət Şuşa yaxınlığında və Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçın yolu istiqamətindəki döyüşlərdir.

    Müharibənin nəticəsini həll edəcək məqam yaxınlaşıb, Asia Times üçün reportajında kanadalı jurnalist Neil Hauer yazır.

    Şuşa-Laçın yolu bir neçə gündür ki, mülkilər üçün bağlıdır və onun nəzarəti uğrunda şiddətli döyüşlər gedir. Cümə axşamı günü Qarabağda qalan rusiyalı jurnalistlər bu yoldakı atışmaları təsvir edən video görüntülər dərc etmişdilər.

    Cümə günü Eurasianet nəşrində çıxan reportajda bu yolun müdafiəsinə hazırlaşan erməni əsgərlərin yol boyunca səngərlər qazdığı bildirilir.

    Ermənistan Müdafiə Nazirliyi cümə axşamı günü məhz bu yolda Azərbaycan silahlı qüvvələrinə qurulan pusqunun nəticələrini əks etdirən video dərc etmişdi. Azərbaycan Şuşa uğrunda döyüş getməsi ilə bağlı hər hansı rəsmi məlumat yaymayıb.

    Yol erməni qüvvələrin nəzarəti altında qalmaqdadır – bunu rəsmi Bakı da təsdiqləyir. Lakin Azərbaycan qoşunları lap yaxında – Şuşanın bir neçə kilometliyindədir.

    “Bu nə deməkdir? Sadəcə, noyabrın ortalarında Qarabağda müharibənin son nəticələri həll oluna bilər. Hər hansısa yolla ermənilər azərbaycanlıları gerilədib öz mövqelərini yüksəkliklərdə qorumağa nail ola bilsələr, onların vəziyyəti sabitləşdirmək və müharibəni çıxılmaz vəziyyətə salmaq imkanı olar,” - Neil Hauer yazır.

    “Lakin əgər Azərbaycan qüvvələri Şuşaya qalxıb onu ələ keçirsələr, onlar Qarabağın qalan hissələri üzərində hakim mövqe əldə etmiş olar – və xüsusilə də on kilometrlikdə dağın ətəyində yerləşən Stepanakert üzərində”, o qeyd edir.