ANAMA: "Partlamamış hərbi sursatlar zərərsizləşdirilib"
ANAMA agentliyi noyabrın 8-də "Azərbaycanın Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Tərtər və Xocavənd rayonlarının bəzi kənd və qəsəbələrində və Horadiz şəhərində keçirdiyi 29 əməliyyat nəticəsində partlamamış hərbi sursatların zərərsizləşdirilməsi" barədə məlumat yayıb.
Qurum Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə keçirilmiş operativ və təxirəsalınmaz əməliyyat çıxışları nəticəsində "19 ədəd partlamamış hərbi sursat (PHS), 2 piyada əleyhinə mina, 296 tank əleyhinə mina, 21 tank əleyhinə minanın partladıcısı, 168 qram qara barıt, 903 ədəd müxtəlif çaplı patronların aşkarlandığını" bildirib.
Bundan başqa ANAMA "hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 21 ədəd partlamış mərmi qalıqlarının aşkar olunduğunu" da bəyan edib.
"Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd partlamamış hərbi sursat (PHS), 1 9N235 bombacığı, mexaniki minatəmizləmə qrupu tərəfindən 1 piyada əleyhinə mina (PMN) zərərsizləşdirilib", qurum bildirib.
ANAMA "Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən indiyədək 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatının aparıldığını da" açıqlayıb.