Azərbaycanda Qarabağ müharibəsinin başa çatmasına dair razılaşmanın imzalanması qeyd olunur, sosial mediada videolar yayılır.
You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.
Canlı reportaj
Təcili xəbər,
BBC News Rusca Xidməti yazır ki, Yerevanda İnqilab Meydanında minlərlə adam var. Onlar Baş nazir Paşinyanın istefasını tələb edirlər.
Onların sözlərinə görə, onun razılaşmanı imzalaması "satqınlıqdır."
Separatçı "Dağlıq Qarabağ Respublikasının Təhlükəsizlik Şurasının katibi" Samvel Babayan Facebook-da yazıb ki, o, atəşkəs bəyanatının imzalanmasının qarşısını almağa çalışıb.
“Xain prosesi dayandırmaq üçün parlamentə qaçdım, ancaq DQR Prezidentinin razılığı ilə bu açıqlama verildi”.
BBC News Rusca müxbirləri Yerevandan yazırlar ki, "hökumət binalarına girməyə etməyə çalışan kiçik bir qrup var. Onlardan biri indi binaya girdi. İnsanlar içəri girirlər. İndiyə qədər hamı ümumiyyətlə dinc, lakin çox qəzəblidir.
Yüzlərlə insan Respublika Meydanına toplaşıb. Onların əksəriyyəti dinc davranırlar. Bəzən izdiham bir şeylər söyləyir, bəzən dayanırlar, onların yanından keçən maşınlar siqnal verirlər. Böyük əksəriyyət sadəcə baş verənləri izləyir".
Yerevanın mərkəzinda hökumət binasına zərər dəyib, Bu fotonu BBC Rusca müxbiri çəkib
BBC Rusca müxbiri Yuri Vendik Yerevandan bildirir ki, Paşinyanın Qarabağ barədə bəyanatından sonra izdiham şəhərin mərkəzinə toplaşıb və hətta hökumət binasına da daxil olublar.
Təcili xəbər,
Rusiya sülhməramlıları artıq Qarabağa yola düşüb, bu barədə Rusiyanın NTV kanalı məlumat yayıb.
İlham Əliyev çıxış edir
Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb, o bildirib.
Biz - Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin aşağıdakıları bəyan edirik:
1. 10 noyabr 2020-ci il, Moskva vaxtilə saat 00-00-dan Dağlıq qarabağ münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərində dayanırlar.
2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana geri qaytarılır.
3. Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 odlu silahlı hərbi qulluqçundan, 90 zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətinin bitməsinə 6 ay qalmış hazırki müddəanın tətbiqinə xitam verilməsi ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
5. Münaqişə tərəflərinin razılaşmaların həyata keçirilməsinə nəzarətin səmərəliliyini artırılması məqsədilə atəşkəsə nəzarət üzrə Sülhməramlı Mərkəz yaradılır.
6.Ermənistan Respublikası 15 noyabr 2020-ci ilədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq. Laçın dəhlizi 5 km enliyində Rusiya sülhməramlı kontigentinin nəzarəti altına verilir. Tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontigentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verilir.
7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıtsın.
8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, Ermənistan Respublikası vətəndaşlarının nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir. Nəqliyyat üzrə əlaqənin təhlükəsizliyinə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşaası təmin ediləcəkdir.
Təcili xəbər, Yerevan mərkəzində Paşinyana etiraz
Yerevanda izdiham Nikol Paşiyanın bəyanatından sonra mərkəzə toplaşmaqdadır.
Onlar Paşinyanın müharibəni dayandırmaq qərarına etiraz edirlər.
Təcili xəbər, Nikol Paşinyan Qarabağ müharibəsinin "başa çatdığını" elan edib
Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ müharibəsinin "başa çatdığını" elan edib.
"Qarabağ müharibəsinin saat 01: 00-da bitməsi üçün Rusiya və Azərbaycan prezidentləri ilə bir bəyanat imzaladım.
Artıq yayımlanan bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün sözlə görünməz dərəcədə ağrılıdır. Bu qərarı hərbi vəziyyətin dərin təhlili və ona yaxşı bilən insanların qiymətləndirməsi nəticəsində verdim", o, Facebook-da yazıb.
O deyib ki, yaxıngünlərdə ətraflı izahatverəcək.
"Bu bir qələbə deyil, ancaq uduzduğunuzu etiraf etməyincə məğlubiyyət olmayacaq. Biz heç vaxt özümüzü uduzmuş kimi tanımayacağıq və bu, milli birlik və dirçəliş dövrümüzün başlanğıcı olmalıdır. Gələcəyimizi planlaşdırmaq və keçmişdəki səhvləri təkrarlamamaq üçün müstəqilliyimizi təhlil etməliyik," Nikol Paşinyan bildirib.
O bəyanatını bu sözlərlə bitirib:
"Bütün şəhidlərimizin qarşısında diz çökürəm. Vətəni canları ilə qoruymuş və qoruyan bütün əsgərlərimizin, zabitlərimizin, generallarımızın, könüllülərimizin qarşısında baş əyirəm. Onlar Artsax ermənilərini fədakarlıqla xilas etdilər. Axıra qədər mübarizə apardıq. Və biz qazanacağıq. Artsax dayanır. Yaşasın Ermənistan! Yaşasın Artsax!"
Zakir Həsənov Rusiya tərəfinə üzhxahlıq edib və başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb:
Başsağlığında deyilir: “Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərin əvvəllər müşahidə olunmadığı Ermənistan-Azərbaycan dövlət sərhədinin bilavasitə yaxınlığında, sutkanın qaranlıq vaxtı, aşağı hündürlükdə, hava hücumundan müdafiə radarlarının müşahidə zonasından kənar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv döyüş toqquşmasının davam etdiyi bir vaxtda uçuş həyata keçirən Mi-24 helikopteri ilə baş vermiş faciəvi hadisə məni dərindən kədərləndirdi.
Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Rusiya tərəfinə üzrxahlıq bildiririk.
Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olan ekipaj üzvlərinin ailələrinə, əzizlərinə və yaxınlarına başsağlığı bildirir və xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.
Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.
Prezident İlham Əliyevin BBC News-a müsahibəsinin tam mətni
Baş Prokurorluq helikopterin vurulması ilə bağlı araşdırma aparır
Azərbaycanın Baş Prokurorluğu Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə bağlı "dərhal araşdırmalara başlanıldığını və nəticəsindən asılı olaraq qanuni və obyektiv qərarın qəbul edilməsinin təmin ediləcəyini" bildirib.
Politoloq Eldar Namazov Şuşa haqqında: "Mədəniyyətdə unikal yer tutur"
"Şuşa - mədəniyyətdə misilsiz bir yer tutur, bu ocaqdan məşhur musiqiçilərimiz və şairlərimiz çıxıb," - politoloq və Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin müşaviri Eldar Namazov BBC-yə deyib.
"Bu, həm də Qarabağın ürəyidir, hər iki ölkədə geniş yayılmış bir fikir mövcuddur ki, Şuşaya nəzarət edən Qarabağa da nəzarət edir."
Digər azərbaycanlı ekspertlər kimi Namazov da 1992-1994-cü illərdəki müharibədə Şuşanın itirilməsinin azərbaycanlıların "milli mənliyinə ən böyük zərbə" olduğunu qeyd edir.
"Və indi Şuşanın geri alınması - bu, ən xoş xəbərdir. İstənilən azərbaycanlıdan soruşulsa ki, ən çox, Xankəndinin, yoxsa Şuşanın alınmasına sevinərdimi, cavab Şuşa olacaq."
BBC-nin müharibə jurnalisti Orla Guerin Mi-24 helikopterinin vurulması ilə bağlı:
"Bakı bunu faciəli hadisə adlandırdı. O ümid edəcək ki, Moskva üzrxahlığı qəbul edəcək və məsələ elə bununla da bitəcək.
Ermənistan isə, əksinə olaraq Prezident Putini münaqişəyə cəlb etmək istəyir. Onun Rusiyanın hərbi dəstəyinə ehtiyacı var.
6 həftə əvvəl, Dağlıq Qarabağ uğrunda yenidən müharibə başladıqdan bəri, Rusiya və onun bölgədəki rəqibi Türkiyənin cəlb olunması da daxil, daha geniş bir münaqişə qorxusu var.
Helikopterin vurulması təcrid olunmuş bir hadisədir, amma eyni zamanda riskləri xatırladır."
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sözçüsü bildirib ki, qurum rus helikopterinin vurulması ilə nəticələnən Ermənistandakı faciəli hadisə ilə bağlı ciddi narahatlığını bildirir.
Bu gün axşam saatlarında Ermənistan üzərində Mi-24 helikopterinin vurulduğu məlum olub.
Hadisədən bir qədər sonra Azərbaycan Xarici İşlər Nazirliyi hadisənin təsadüfən baş verdiyini deyərək Rusiyaya üzrxahlıq edib və hadisənin başvermə amillərini sadalayıb.
Münaqişə bölgəsinə dair təqribi xəritə
Təcili xəbər, Mi-24 helikopterinin vurulması: Azərbaycan Rusiyaya üzrxahlıq edib
Azərbaycan Ermənistan üzərində vurulmuş Rusiyanın Mi-24 helikopterinə görə Rusiyaya üzrxahlıq edib və hadisənin necə baş verdiyini izah edib.
"Azərbaycan tərəfi təsadüf xarakteri daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəli hadisə ilə əlaqədar Rusiya tərəfinə üzrxahlığını bildirir, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin saytında rus dilincə çap olunmuş açıqlamada qeyd olunur.
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumata əsasən bu ilin 9 noyabr tarixində saat 18.30 da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub."
XİN hadisənin baş vermə amillərini də sadalayıb:
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi toqquşmalar davam etdiyi bir vəziyyətdə helikopterin uçuşu Ermənistan-Azərbaycan dövlət sərhədinə olduqca yaxın bir yerdə baş verirdi.
Uçuş qaranlıqda, alçaq hündürlükdə, hava hücumundan müdafiə radarlarının aşkarlama zonasının xaricində baş verirdi.
Rusiya Federasiyası Hava Qüvvələrinin helikopterləri əvvəllər göstərilən ərazidə qeydə alınmamışdı."
Nazirliyin məlumatına görə, qeyd olunan amilləri və bölgədəki gərgin vəziyyəti, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığını nəzərə alaraq, növbətçi hərbi bölüm tərəfindən atəşin açılması qərarı verilib.
"Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verir və xəsarət alanlara tezliklə sağalmalarını arzu edir. Azərbaycan tərəfi müvafiq kompensasiya ödəməyə hazır olduğunu bəyan edir", XİN bildirib.
, İlya Barabanov, BBC Rusca xidmətinin müxbiri yazır:
“31-ci briqada Dağlıq Qarabağa yollanır! Bu müharibə kimə lazımdır? Oğlanlarımıza uğurlar”, - bunu bazar ertəsi öz İnstagram hesabında Ulyanovsk vilayəti Qanunvericilik Məclisinin sədr müavini, RF Kommunist Partiyası fraksiyasının lideri Ayrat Qabardinov yazıb.
Onun dərc etdiyi videoda yük maşınları karvanı görünür. Lakin onların harada - təlim meydanı və ya hərbi aerodromda olduqlarını aydın deyil.
Rusiya Hava Desant Qoşunları 31 saylı desant-hücum qvardiya briqadası Ulyanovskda yerləşir.
Briqada Rusiya ordusunda ən yaxşılarından biri sayılır, onun cəbbəxanasında radioelektron mübarizə kompleksləri və pilotsuz uçuş aparatları vardır.
31-ci briqadanın hərbçiləri İkinci Çeçen müharibəsində, eləcə də 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində iştirak edib.
Azərbaycan Müdafiə Nazirliyi bu məlumata şərh verməyib.
Bu məlumatı başqa mənbələrdən təsdiqləmək hələ ki, mümkün olmayıb.
Təcili xəbər, Rusiya Müdafiə Nazirliyi: "Ermənistan üzərində Rusiya helikopteri vurulub"
Ermənistan üzərində Rusiya helikopteri vurulub, Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.
Nazirlik həmçinin Mi-24 helikopteri yerdən portativ zenit raket sistemi ilə vurulduğunu deyib, TASS agentliyi yazır.
Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi ilə əlaqə yaratmaq mümkün olmayıb.
TASS agentliyi həmçinin yazır ki, helikopter heyətinin iki üzvü həlak olub, üçüncü isə yaralı olaraq hava limanına aparılıb.
"Ermənistandakı 102-ci Rusiya hərbi bazasının komandanlığı bu ölkənin ərazisi üzərində Rusiyanın Mi-24 helikopterinin kim tərəfindən vurulduğunu araşdırır", - agentlik bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Exo Moskvanın" efirində vurulan Mi-24 helikopterlə bağlı yayılan xəbərləri şərh edib.
O, Moskvanın Ermənistanı və Azərbaycanı hərbi əməliyyatları ən qısa müddətdə dayandırmağa çağırdığını söyləyib.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisənin təsadüfən baş verdiyini deyərək Rusiyaya üzrxahlıq edib və hadisənin başvermə amillərini sadalayıb.