“Hazırda
ortada bir sülh müqaviləsi olmadığından birmənalı fikir söyləmək çətindir,"- təhlilçi
Şahin Cəfərli belə deyir.
O
deyir ki, sadəcə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış bəyanatın
müddəalarında bir çox detal qeyd olunmayıb, suallar hələ açıq qalır.
“Dağlıq
Qarabağda Azərbaycanın nəzarətindən kənar qalmış ərazilərdə idarəetmə necə
olacaq, o ərazilərin statusu necə olacaq? Bu birgə bəyanatda hər hansı statusun
verilməsindən söhbət getmir. Orada erməni əhalisinin özünüidarəetməsi necə
qurulacaq? O ərazilərə polis qüvvələri daxil ola biləcəkmi? Azərbaycan təhlükəsizlik
strukturları daxil ola biləcəkmi? Bax, bu suallar cavabsız qalır”, o bildirir.
Cənab
Cəfərli eyni zamanda həmin rayonların inzibati sərhədləri ilə bağlı da qeyri-müəyyənliyin
mövcudluğunu” vurğulayır.
“Sovet
dövründə həmin rayonların inzibati quruluşu və sərhədləri başqa cür idi. Müstəqillik
dövründə o inzibati ərazi vahidlərinə xeyli dəyişiklik edilib. İndi Sovet
dövründəki ərazi quruluşu əsas götürüləcək, yoxsa Azərbaycanın müstəqillik
dövründəki inzibati ərazi quruluşu əsas götürüləcək? Bu cür suallar çoxdur, ona
görə də birmənalı fikir söyləmək mümkün deyil”.
Anlaşmanı
ümumilikdə qiymətləndirən Şahin Cəfərli hesab edir ki, “onu heç cür ideal hesab
etmək olmaz, çünki orada Azərbaycanın maraqları baxımından heç də xoş olmayan məqamlar
var”.
O
düşünür ki, Azərbaycan ərazisinin bir hissəsinə xarici qoşunların gəlməsi və
oradakı idarəetmə məsələlərində onların söz sahibi olması əlbəttə ki, “Azərbaycanın
suverenlik hüquqlarının məhdudlaşdırılması deməkdir”.
“Məsələn,
sülhməramlılar çoxmillətli kontingent olsaydı, bunu normal qəbul etmək olardı.
Amma yalnız bir dövlətin, söhbət bu konflikti yaradan, bu günədək konservləşdirmiş
Rusiyadan gedirsə, əlbəttə ki, bunun Azərbaycanın maraqlarına uyğun məsələ kimi
qiymətləndirmək mümkün deyil”.
Cənab Cəfərliyə görə, anlaşmadakı “ən böyük məsələ
Azərbaycan ərazilərinə Rusiya ordusunun yenidən daxil olmasıdır”.
“Sülhməramlı
adı altında da olsa, söhbət hər halda Rusiya hərbi kontingentindən gedir. Azərbaycan
27 il əvvəl Rusiya ordusunu öz ərazisindən çıxartmışdı. Yalnız Qəbələ RLS-də
Rusiya ordusuna məxsus məhdud kontingent qalmışdı. Faktiki olaraq, Rusiya ordusu
Azərbaycana qayıtdı”.
Şahin
Cəfərli deyir ki, Rusiya bununla öz maraqlarını təmin edə bildi.
Şahin Cəfərlinin fikrincə, Azərbaycan
Prezidenti İlham Əliyev ölkə ictimaiyyəti
və ölkənin siyasi qüvvələri ilə müəyyən məsləhətləşmələr apardıqdan sonra qərar
qəbul etməsi yaxşı olardı.
“Bu
cür qəflətən, qapalı qapılar arxasında bu məsələyə razılıq verilməsi, hesab edirəm
ki, düzgün deyil. Çünki bu, milli məsələdir, ümummilli məsələdir və mən hesab
edirəm ki, ictimaiyyətin nümayəndələri olaraq siyasi qüvvələrin,
QHT-lərin, cəmiyyətin iştirakı olmalı idi,” - o vurğulayır.