You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə çağırılıb,- @CivilNetTV-nin son tvitində deyilir.

  2. Erdoğan: "Türk-Rus Ortaq Mərkəzi ilə bağlı anlaşma memorandumu bu gün səhər imzalanıb"

    Türkiyə Prezidenti Recep Tayyip Erdoğan deyib ki, Qarabağda qurulacaq ortaq sülhməramlı qüvvələr arasında Rusiya ilə birgə Türkiyə də yer alacaq.

    O deyib ki, atəşkəsə nəzarət üçün qurulacaq Türk-Rus Ortaq Mərkəzi ilə bağlı anlaşma memorandumu bu gün səhər imzalanıb.

    “Bu mərkəz Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında yaradılacaqdır. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısını almaq üçün bütün tədbirlər bu mərkəz tərəfindən həyata keçiriləcəkdir. Beləliklə, Azərbaycan torpaqlarında və Qarabağda 28 illik işğal rəsmi və faktiki olaraq sona çatdı,”- o deyib.

    Türkiyə Böyük Millət Məclisində AK Partiya Qrup toplantısında çıxışı zamanı cənab Erdoğan Qarabağın tamailə qurtuluşu münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbyacan xalqını təbrik edib.

    O deyib ki, razılığa görə hələ də azad edilməmiş olan Azərbaycan torpaqları ilə Qarabağlın qalan hissələri Azərbaycana veriləcək.

    “Razılığa görə Ermənistan Kəlbəcəri 15 noyabra qədər, Ağdam və Qazaxın kəndlərini 20 noyabradək, Laçını isə dekabrın 1-dək təslim etməlidir. Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında yol inşa ediləcək, eyni zamanda Ermənistan ilə Xankəndi arasında nəqliyyat dəhlizi olacaq,”- Türkiyə Prezidenti deyib.

  3. Kəlbəcərin erməni sakini: "Ruslar bizi Kəlbəcərdən çıxarır"

    Kəlbəcər sakini Aleksandr Kanayan Facebook-da yazıb ki, Rusiya sülhməramlıları yerli sakinləri evlərindən çıxarır və onları rayondan qovur.

    Separatçı Dağlıq Qarabağ “prezidentinin köməkçisi” David Babayan deyib ku, Kanayanın bəyanatları həqiqət deyil və Rusiya sülhməramlıları hazırda Kəlbəcərdə deyil.

    Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış razılaşmaya əsasən, erməni silahlı qüvvələri Kəlbəcəri cəmi dörd günün içərisində - noyabrın 15-də tərk etməlidir.

  4. “Hər şey bir yana, bir məsələ qəti aydındır ki, Ermənistanın demokratiya eksperimentinin üzərində qırmızı işıqlar yanıb sönür. O (demokratiya –red.) ciddi təhlükə qarşısındadır və buradan xilas olmaya bilər. Ümid edirəm ki, yanılıram. Dua edirəm ki, yanılıram”, bu sözləri Cənubi Qafqaz üzrə təhlilçi Dr. Artyom Tonoyan öz Twitter hesabında yazıb.

  5. Rusiyanın RIA Novosti agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən Rusiya sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsi xəritələrini paylaşıb.

    Agentliuk bildirib ki, Rusiya hərbçiləri bir gün əvvəl Ermənistana gəliblər və onların bir hissəsi artıq təyinat bölgəsinə gediblər.

    Təmas xətti və Laçın dəhlizi boyunca 16 müşahidə postu qurulacaq.

    Xəritədə Ağdamın da kənarlarında rus sülhməramlılarının yerləşəcəyi görünür. Rusiya sülhməramlıların Ağdam kənarında yerləşəcəyi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı razılaşmada bundan bəhs olunmayıb.

  6. Siyasi təhlilçilər və iqtidar təmsilçiləri döyüşlərin dayandırılması ilə bağlı razılaşma haqqında nə düşünürlər?

    Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Dağlıq Qarabağda sentyabrın 27-də başlamış döyüşlərin dayandırılması ilə bağlı razılaşma əldə edilib.

    Razılaşma ilə bağlı Azərbaycanda fikirlər müxtəlifdir. Bir sıra siyasi şərhçilər bu məsələdə pessimist olsa da, ümidli görünənlər də var.

    BBC News Azərbaycanca siyasi təhlilçilərini fikirlərini toplayıb.

  7. Dağlıq Qarabağa gələn Rusiya sülhməramlıları Laçında ilk nəzarət məntəqəsi yaradıblar.

    Bu barədə jurnalist Oleq Panfilov öz Twitter hesabında yazıb.

  8. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Fransanın rəsmi şəxsləri ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq "birtərəfli, qərəzli və qeyri-obyektiv" bəyanatlar səsləndirir.

    O, söyləyib ki, Fransa mandatına uyğun olaraq neytral tərəf kimi çıxış etməli olduğu halda, "açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür".

    Cənab Hacıyev Azərbaycan, Rusiya və Ermənistan arasında birgə bəyanatın qəbul edilməsində Fransanın rolunun olmadığını bildirib.

    "ATƏT-in Minsk Qrupunun həmsədrləri adından danışmaq üçün Fransanın səlahiyyəti yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Fransa Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmadığı halda, indi birtərəfli qaydada canfəşanlıq nümayiş etdirir. Görəsən, bu 30 il ərzində Fransanı nə zamansa azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaması narahat edibmi? Amma bunun əksinə olaraq, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və beynəlxalq hüququn aliliyinin təmin olunması Fransanı narahat etməkdə davam edir", - Hikmət Hacıyev söyləyib.

  9. Ermənistan paytaxtı Yerevanda mitinq başlayıb

    Yerevanda 17 siyasi partiya Azadlıq meydanında mitinq keçirir.

    Pollis xüsusi təyinatlıları kütləni dağıtmağa çalışır. Lakin mitinq iştirakçıları getməyə hazırlaşmır.

    “Nikol - davaçan” – Nikol – satqın – mitinq iştirakçıları qışqırırlar.

    Bəyanat imzalanan gündən Nikol Paşinyan ictimaiyyət arasında görünmür. O, yalnız bir-iki dəfə Facebook-la müraciət yayıb. Bu günə kimi onun harada olduğu bilinmir.

    Mitinqdən əvvəl polis bir neçə nəfəri həbs edib.

    Daha əvvəl polis tədbiri keçirməkdən çəkinməyə çağırıb, hazırda Ermənistanda Qarabağ müharibəsi ilə bağlı hərbi vəziyyət və koronavirus epidemiyası ilə bağlı karantin vəziyyətidir.

    On minlərlə insan Azadlıq meydanında Nikol Paşinyanın və hökumətin istefasını tələb edir.

    Mitinq iştirakçıları hakimiyyəti Qarabağla bağlı “xəyanətkar” bəyanat imzalamaqda ittiham edirlər.

  10. Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib

    Noyabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə milli müdafiə naziri Hulusi Akar arasında görüş keçirilib.

    Azərbaycan Müdafiə Nazirliyi görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu bildirib.

    Türkiyənin Anadolu Agentliyi yazır ki, Hulusi Akar Azərbaycan Silahlı Qüvvələrinin "tarixdə qızıl hərflərlə yazıla bilən bir müvəffəqiyyət əldə etdiyini" deyib.

    "Gəlinən nöqtə bizi çox xoşbəxt etdi. Bu əməliyyat bir oyanışdır. Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi", - cənab Akar söyləyib.

  11. "Hələ də düşünürük ki, uduzmamaışıq"

    BBC müxbirləri bu gün müharibə dövründə tanınmamış Dağlıq Qarabağdan qaçqın düşənlərlə görüşüb.

    Xankəndindən (Stepanakert) olan 22 yaşlı Diana deyib:

    "Biz Ermənistana 27 sentyabrda gəldik. Artsaxda (ermənilər Dağlıq Qarabağı belə adlandırır - BBC) hər şey əla idi: normal bir həyat sürdük, işləyirdik, uşaq böyüdürdük. Ancaq səhər [27 sentyabr] hər şey başladı. – necəsə qaça bildik.

    O gecə uşaq yatmağa imkan vermədi - yalnız səhər saat 6-da yuxuya getdik və artıq saat 7:30-da qayınanam otağa girdi, məni oyatdı: "Müharibə başladı". Və gecə ikən zirzəmiyə qaçdıq. O anda heç bir şey hiss etmədik, evin üstümüzə çökəcəyini düşündük. Bir az sakitləşdikdə Ermənistana qaçdıq.

    [Qarabağda] çox qorxunc idi. Hər gün yaxınlarımızdan bir zəng gözləyirdik. Elə günlər olub ki, onlar zəng etməyiblər. Nəhayət zəng etdikdə, sanki yenidən doğulurduq. Zəngdən zəngə kimi yaşayırdıq.

    İndi hər kəs bir möcüzənin baş verməsini gözləyir və bütün bunlar (bağlanan müqavilələrdən bəhs edir - BBC) ləğv edilsin. Hamı başa düşür ki, belə yaşamaq mümkün deyil. Heç kim hadisələrin belə inkişaf edəcəyini gözləmirdi. Prezidentimizə sona qədər inanırdıq, qazanacağımıza əmin idik. Hələ də itirmədiyimizi düşünürük. Sadəcə satıldıq".

  12. Rusiya sülhməramlıları Dağlıq Qarabağa yola düşüblər

    Rusiyadan Ermənistana gedən Rusiya sülhməramlılarının birləşmələri Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə və hərbi əməliyyatların idarə olunmasına nəzarət ediləcək əraziyə doğru irəliləyir.

    Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumatda deyilir ki, hərbi kolonlar 250 kilometrdən çox yol qət etməli və Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya müşahidə postlarının yaradılması ilə sülhməramlı kontingent yerləşdirməlidirlər.

    Nazirlik bildirib ki, içərisində Rusiya sülhməramlı qüvvələrinin komandanlığının zabitləri və 15 sülhməramlı briqadanın hərbçiləri olan iyirmi İl-76 hərbi nəqliyyat təyyarəsi artıq Ermənistan ərazisinə edib.

    Bundan başqa, 400-dən çox hərbi qulluqçu, material, zirehli daşıyıcılar, avtomobil və xüsusi texnika, rabitə vasitələri təyyarələrlə əraziyə çatdırılıb.

  13. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyik (ANAMA) bildirib ki, noyabrın 9-da Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, İmişli, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə quruma 19 müraciət daxil olub.

    ANAMA açıqlayıb ki, aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 131 ədəd partlamamış hərbi sursat (PHS), 65 ədəd bombacıq, 249 ədəd tank əleyhinə mina, 252 ədəd tank əleyhinə minanın partladıcısı, 8647 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 36 ədəd boş avtomat darağı, 2 ədəd dron və 58 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

    Agentliyin partlayış qrupu tərəfindən 130 ədəd partlamamış hərbi sursat (PHS), 65 ədəd bombacıq zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 42 min 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

  14. Erdoğan və Putin telefonla danışıblar

    Bu gün Türkiyə Prezidenti Recep Tayyip Erdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vurub, Kremlin saytında bildirilir.

    Xəbərə görə, Vladimir Putin türkiyəli həmkarına 9 noyabr 2020-ci il tarixili üçtərəfli Bəyanatda öz əksini tapmış Azərbaycan Prezidenti İlham Əliyevlə və Ermənistanın baş naziri Nikol Paşinyanla razılaşmaların mahiyyəti barədə məlumat verib.

    Recep Tayyip Erdoğan, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və hərtərəfli tənzimlənməsinə yaxşı zəmin yaradan Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirib,

    Qan tökülməsini dayandırmağa imkan verən tammiqyaslı atəşkəs razılığının əldə olunmasının vacibliyi xüsusilə qeyd edilib.

    "Bəyanatda nəzərdə tutulmuş bir sıra kompleks tədbirlərin həyata keçirilməsi kontekstində gələcək sıx qarşılıqlı fəaliyyət barədə razılığa gəlinib," məlumatda belə deyilir.

  15. Əliyev Türkiyənin xarici işlər, müdafiə və kəşfiyyat rəhbərləri ilə görüşüb

    Prezident İlham Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib.

    Görüş zamanı Prezident İlham Əliyev çərşənbə axşamı günü Türkiyə Prezidenti Recep Tayyip Erdoğanla telefon söhbətində "Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi apardığını" bildirib.

    "Hesab edirəm ki, bu da çox önəmli addımdır. Bu, bölgədə iş birliyinin yeni formatıdır. Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq, - Əliyev deyib. - Bu mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bu gün sizinlə də danışacağıq və rusiyalı həmkarlarımızla danışacağıq ki, qısa müddət ərzində bu mərkəz yaradılsın".

    İlham Əliyev qeyd edib ki, erməni qüvvələri "bu ayın sonuna qədər bütün torpaqlardan, hələ də işğal altında olan torpaqlardan çəkilməlidirlər".

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə Recep Tayyip Erdoğanın təbriklərini çatdıraraq deyib: "Sizin qələbəniz, bizim qələbəmizdir, - bu böyük zəfər münasibətilə təbrik edirik".

    "Bundan sonrakı prosesdə sizin də dediyiniz kimi, birgə nəzarət mərkəzinin yaradılması daxil olmaqla, atacağımız addımları da birlikdə müzakirə edəcəyik, dəyərləndirəcəyik", - Çavuşoğlu vurğulayıb.

  16. Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova da Türkiyənin iştirakı barədə fikir söyləyib.

    “Bu dəqiqələrdə Rusiya XİN-ə istinadən ikitərəfli, mən Türkiyə ilə nəzərdə tuturam, Azərbaycan ərazisində mənzillənəcək bir mərkəzin yaradılması barədə məlumatlar ortaya çıxıb. Burada aydın anlamaq lazımdır ki, söhbət bəyanatda qeyd olunan sülhməramlı səylərdən yox, tamamilə fərqli bir missiyadan, birgə səylərin başqa bir hissəsi haqqında gedir. Bunu ayırmaq lazımdır, bunlar fərqli şeylərdir, " – Zaxarova Rusiya-24 telekanalının efirində deyib.

    Lakin o, hansı fərqli missiyadan söhbət getdiyini izah etməyib.

    Bundan əvvəl Rusiya XİN-i ATƏT-in Minsk Qrupunu əvəz edəcək hər hansı bir ikitərəfli formatın yaradılması barədə heç bir şey bilmədiyini bəyan edib.

    Rusiya və Türkiyə prezidentlərinin Qarabağ problemini tənzimləmək üçün işçi qrup yaratmağa guya razılaşdıqları barədə xəbərlərə XİN-də belə reaksiya verilib.

    Bu cür məlumatlar Türkiyə mediasında Azərbaycan Prezidenti İlham Əliyevin Vladimir Putinlə video söhbətinin tam yazısının yerləşdirilməsindən sonra peyda olub.

  17. BQXK tərəflərə kömək etməyə hazırdır

    Beynəlxalq Qızıl Xaç Komitəsi qurbanların cəsədlərinin təhvil verilməsi işində tərəflərə kömək etməyə hazırdır, BQXK-nin Ermənistanda kommunikasiya və preventiv proqramlar şöbəsinin rəhbəri Zara Amatuni deyib.

    Onun sözlərinə görə, hələlik quruma müraciətlər daxil olmayıb.

  18. Yerevanda etirazlar

    BBC müxbirləri müşahidə edib ki, axşama yaxın Yerevanda etirazçıların sayı artsa da, sonradan azalıb.

    Ermənistan hökumətinin binası qarşısında toplaşan etirazçı qruplarından biri bayraqlar altında Respublika meydanına tərəf hərəkət edib.

    Etirazçılar sülh sazişinin ləğvini tələb edirlər.

    Meydan tərəfdə olanların sayı 100-dən çox deyil.

  19. Siyasi təhlilçilər və iqtidar təmsilçiləri döyüşlərin dayandırılması ilə bağlı razılaşma haqqında nə düşünürlər?

  20. Rusiya Prezidenti Vladimir Putin helikopterin vurulması nəticəsində həlak olan hərbçilərin ailələrinə yardım göstərməyi tapşırıb," BBC News Rusca xidməti yazır.

    BBC News Ruscanın məlumatına görə, Rusiya Prezidenti helikopterdə həlak olanların - komandir Yuri İşşuk və baş leytenant Roman Fedin olduqlarını deyib.

    “Həmçinin pilot-operator, manqa şturmanı zərər çəkib. Ona tezliklə sağalmaq diləyək”, - Putin əlavə edib.

    Azərbaycan Rusiya vertolyotunu təsadüfən vurduğunu etiraf edib, üzr istəyib və zərərçəkən pilotların ailələrinə təzminat ödəməyə hazır olduğunu bildirib. Vertolyotda iki ekipaj üzvü həlak olub, biri orta ağır xəsarətlərlə təxliyə edilib.