BBC News Rusca müxbiri Yuriy Vendik yazır ki, "Yerevanda çərşənbə günü səhər bir qrup etirazçı yenidən parlament binası həyətinə toplaşaraq binaya daxil olub və tələb ediblər ki, deputatlar baş nazir Nikol Paşinyanın Qarabağ üzrə imzaladığı sülh anlaşmasını etibarsız hesab etsinlər.
Onlar bu sülh razılaşmasını baş nazir tərəfindən xəyanət hesab edir, bu sənədi müharibədə məğlubiyyət nəticəsi kimi tanımaq istəmirlər. Onlar sonadək inanırdılar ki, erməni ordusu Qarabağda axıra kimi dayanıb qalib gələcək.
Bu inamı Müdafiə Nazirliyinin cəbhədəki vəziyyət haqqında reallıqdan çox uzaq və qıvraq bəyanatları möhkəmləndirirdi.
Etirazçıları tanınmamış "DQR başçıısı" Arayik Harutyunyanın video müraciətində - müharibə davam etsəydi, ermənilər bir neçə gün ərzində darmadağın edilərdi – sözləri də inandırmır.
İndi siyasətçilər və hərbçilər danışıqlar aparır və Ermənistanın müharibədə məğlubiyyətindən sonra düçar olduğu bu, son dərəcə ağır böhrandan çıxış yolu axtarır.
Baş nazir Paşinyan Facebook-da daha bir çıxış edərək, bu şərtlərlə sülhün qaçılmaz olmasının səbəblərini izah edib.
Eyni zamanda heç kəs Paşinyanın harada olduğunu bilmir. Onun özü əmin edir ki, Ermənistandadır.
Qarabağda isə 45 gün ərzində ilk dəfə bu gün sakitlik düşüb. Nə döyüş, nə də atışma var.
Və Rusiya sülhməramlıları texnikasının ilk karvanı bu səhər Qarabağa daxil olub."