Tərtər sakinləri evlərinə qayıdırlar.
Sentyabrın 27-dən bəri başlamış və noyabrın 10-da dayandırılmış müharibədə Tərtər ən çox mərmi atılan bölgə olub, Azərbaycan rəsmiləri bildiriblər.
You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.
Tərtər sakinləri evlərinə qayıdırlar.
Sentyabrın 27-dən bəri başlamış və noyabrın 10-da dayandırılmış müharibədə Tərtər ən çox mərmi atılan bölgə olub, Azərbaycan rəsmiləri bildiriblər.
Mevlüt Çavuşoğlu deyib ki, "Atəşkəsə nəzarət mərkəzdə Rusiyanın rolu nədirsə Türkiyənin də rolu o olacaq. Bu mərkəzdə birlikdə işləyəcəyik".
Cümə axşamı günü Bakıda keçirilən mətbuat konfrasında Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bildiirb ki, sabah Rusiyadan gələn nümayəndə heyəti ilə atəşkəsə nəzarət mərkəzinin əsasları müyyən ediləcək.
O deyib ki, Azərbaycan, Türkiyə və Rusiyadan olan nümayəndələr atəşkəzə nəzarət mərkəzlərinin yerləşəcəyi yerləri müzakirə edəcək və Azərbaycan tərəfinin təsdiq etdiyi yerlərdə bu mərkəzlər və onun şöbələri yerləşəcək.
Nazir bildirib ki, Rusiyadan gələn heyətlə bu məsələ müzakirə olunduqdan sonra "gəlib Azərbaycanla detalları müzakirə edəcəyik".
"Mərkəzin məqsədi atəşkəsi pozulmasını havadan, yerdən müşahidə etmək olacaq. Atəşkəs pozulsa ona qarşı hansı tədbirlərin görülməsini müəyyən edib lazimi addımları atacaq", - Mevlüt Çavuşoğlu deyib.
O bildirib ki, üçtərəfli razılaşma Azərbaycanın işğal olunmuş torpaqlarının hamısının qaytarılmasını nəzərdə tutub.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qarabağa heç bir türk sülhməramlı göndərilməyəcək, TASS agentliyi yazır.
O, beynəlxalq gündəmdəki aktual mövzularla əlaqədar Rusiya və xarici KİV-lərə verdiyi müsahibədə bu barədə danışıb.
"Türkiyə Cümhuriyyətinin heç bir sülhməramlı bölməsi Dağlıq Qarabağa göndərilməyəcək. Bu, liderlərin [Azərbaycan, Ermənistan və Rusiya Dağlıq Qarabağdakı hərbi əməliyyatların tamamilə dayandırılması barədə] bəyanatında açıq şəkildə bildirilir,"- o deyib.
Rusiyalı nazir türk müşahidəçilərin hərəkət sərhədinin Azərbaycanda müşahidə mərkəzinin yerləşməsi ilə məhdudlaşacağını söyləyib.
"Türk müşahidəçilərin hərəkətliliyinin sərhədləri, yaradılan Rusiya-Türk monitorinq mərkəzinin Azərbaycan ərazisinə, ərazinin Qarabağa yaxın olmayan və əlavə olaraq razılaşdırılacaq hissəsində yerləşməsi, yerləşdirilməsi üçün müəyyən ediləcək coğrafi koordinatlarla məhdudlaşır,"- o deyib.
Sergey Lavrov deyib ki, kiminsə Qarabağla bağlı razılaşmanı pozmağa çalışdığına dair heç bir əlamət yoxdur.
Rusiyalı nazir qeyd edib ki, Moskva bütün tərəflərin Qarabağda Rusiya sülhməramlılarının olmasında maraqlı olduqlarına əmindir.
Bundan əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar demişdi ki, Türkiyə sülhməramlı qüvvələrdə iştirak edəcək.
Türkiyənin Müdafiə Naziri Hulusi Akar deyib ki, Türkiyə Qarabağdakı atəşkəsə nəzarət edəcək ortaq sülhməramlı qüvvələrdə iştirak edəcək.
Yerevanda 10 müxalifət nümayəndəsi hərbi vəziyyət şəraitində mitinq təşkil etmək və dövlət sirrini açmaq ittihamları ilə həbs olunub.
Daha iki nəfər barəsində ölkəni tərk etməmək qətimkan tədbiri seçilib, Ermənistan İstintaq Xidməti bildirir.
Firavan Ermənistan Partiyasının rəhbəri Qaqik Tsarukyan, Daşnaksutyun nümayəndəsi Qeğam Manukyan, keçmiş iqtidar Respublikaçı Partiyasının nümayəndələri Eduard Şarmazanov və David Hambardzumyan, keçmiş parlament sədri Ara Sahakyan zorakılıqla müşayiət olunan iğtişaşlar təşkil etmək maddəsi ilə ittiham olunur.
Daşnaksutyun nümayəndəsi İşxan Sağatelyan, Milli Təhlükəsizlik Partiyasının lideri Qarnik İsaqulyan, Bir Ermənistan Partiyasının lideri Artur Ğazinyan dövlət sirri ehtiva edən sənəd və kompüter informasiyasından istifadə qaydalarının pozulması maddəsinə əsasən ittiham olunur.
Vətən Partiyasının sədri, sabiq MTX rəisi Artur Vanetsyan və politoloq Suren Surenyants həm zorakılıqla müşayiət olunan iğtişaşlar təşkil etmək, həm də dövlət sirri ehtiva edən sənəd və kompüter informasiyasından istifadə qaydalarının pozulması maddələrinə əsasən ittiham olunur.
Daha iki nəfər – Vahaqn Çaxalyan və Hraçya Ğukasyan – kütləvi iğtişaş təşkil etmək maddəsi üzrə ittiham olunur, onlar ölkəni tərk etməmək haqqında iltizam verib.
İlkin istintaq aparılır.
Noyabrin 11-də Yerevanda müxalif qüvvələr Nikol Paşinyana etimadsızlıq elan etmək və onun Qarabağda müharibənin dayandırılması haqqında Rusiya və Azərbaycan rəhbərləri ilə imzaladığı ortaq razılaşmanın ləğv edilməsi üçün növbədənkənar iclas keçirmək tələbi ilə mitinq keçirib.
Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasını parlamentdə təmsil edən “Mənim addımım” iqtidar fraksiyasının bəyanatı göstərir ki, mövcud hakimiyyət, bütün erməni xalqına qarşı bağışlanmaz cinayət törədərək, Qarabağı və Ermənistanı necə fəlakətə uğratdığını hələ dərk etməyib, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyasının bəyanatında deyilir.
Bundan qabaq Yerevanda müxalif qüvvələri Nikol Paşinyana etimadsızlıq elan etmək və onun Qarabağda müharibənin dayandırılması haqqında Rusiya və Azərbaycan rəhbərləri ilə imzaladığı ortaq razılaşmanın ləğv edilməsi üçün növbədənkənar iclas keçirmək tələbi ilə mitinq keçirib.
Lakin iclas yetərsay təmin olunmadığına görə baş tutmayıb. Hakimiyyət fraksiyasında parlamentə tək Milli Məclisin sədr müavini Lena Nazaryan gəlib.
Daha sonra “Mənim addımım” parlament fraksiyası rəsmən bəyan edib ki, Ermənistanda daxili siyasi durumu sarsıtmaq məqsədilə, cəbhədə vəziyyəti və hərbçiləri təhlükəyə uğradan hər hansı iclasda iştirak etmək niyyətində deyil.
“Bəyanatdan [iqtidar fraksianın] aydın olur ki, hakimiyyət daxili siyasi böhrandan konstitusiya yolu çıxmağı inkar edir və faktiki olaraq qarşıdurmanı gərginləşdirmək yolunu seçib. Bu, hakimiyyət tərəfindən guya sadiq olduqları demokratiya və parlamentarizmə etinasızlıq göstərməkdən başqa bir şey deyil”, - Erməni Milli Konqresi hesab edir.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Aerokosmik Qüvvələrinin Mi-8 və Mi-24 helikopterləri Qarabağ ərazisindəki sülhməramlı əməliyyatlara cəlb ediləcək.
RİA Novostinin məlumata görə artıq səkkiz helikopter Yerevandakı aerodroma gəlib.
"Helikopterlər atəşkəs və hərbi əməliyyatların nəzarət bölgələrində havadan izləmə üçün istifadə ediləcək",- məlumatda deyilib.
Helikopterlərdən həmçinin sülhməramlı şəxsi heyətini və əmlakını çatmaq çətin olan ərazilərə aparmaq üçün istifadə olunacağı bildirilib.
Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı bir gündə 414 rusiyalı sülhməramlı qüvvənin və onlarla avtomobilin və digər nəqliyyat vasitələrinin, habelə səkkiz helikopter və pilotsuz təyyarənin Dağlıq Qarabağa köçürüldüyünü bildirmişdi.
Əldə olunan üçtərəfli razılaşmaya görə, Rusiya sülhməramlıları bölgədə 960 silahlı hərbçi, 90 zirehli heyət daşıyıcı texnikası, 380 ədəd avtomobil və digər texnikadan ibarət olan qüvvələr ilə təmsil olunacağı elan edilib.
Rusiya, Ermənistan və Azərbaycan rəhbərlərinin 10 noyabrda əlda etdiyi üçtərəfli razılaşmanın dərc olunan mətnində hərbi helikopterlərin və pilotsuz uçuş aparatlarının istifadəsi öz əksini tapmayıb.
Rusiya, Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağ uğrunda 27 sentyabrdan bəri davam edən qarşıdurmanı dayandıran üçtərəfli razılaşmaya imza atıblar.
Bir sıra təhlilçi bununla, 44 gün davam edən münaqişənin başa çatdığını deyir. Lakin digərləri belə fikirlə razılaşmır. Onlardan biri də ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Richard Dale Kauzlarich-dir.
BBC News Azərbaycancaya danışan diplomat deyir ki, son illər bölgədə yaranan nifrət asanlıqla sovuşmayacaq.
“Bu, qeyd-şərtsiz atəşkəsə səbəb olacaqmı? Əmin deyiləm. Ancaq əminəm ki, müharibə hələ bitməyib”.
Amerikalı diplomatdan fərqli olaraq Chatham House düşüncə mərkəzinin təhlilçisi hesab edir ki, razılaşma müharibəni “başa çatdırır” və o, Azərbaycanın “əsas münaqişə hədəflərinə cavab” verir.
“Hal-hazırda Rusiya sülhməramlıları daha çox qan tökülməsinin qarşısını alır və göründüyü kimi, bu, Azərbaycanın üçtərəfli razılaşma sayəsində əldə etdiyi bir çox hədəfi təmin etmək üçün Bakının ödəməli olduğu qiymətdir,”- Laurence Broers deyir.
Hərçənd ki, təhlilçinin fikrincə, Rusiya sülhməramlılarının qalması üçün seçilən “beş illik yuvarlanan yeniləmə” sistemi Azərbaycan-Rusiya münasibətlərini sınağa çəkə biləcək amildir və razılaşma münaqişəyə son qoymur, “əksinə, lap əvvəlcədən qeyri-sabit olan yeni bir vəziyyət yaradır.”
Rusiya sülhməramlı kontingentinin vəzifələriylə bağlı qeyri-müəyyənlik də mövcuddur, bu fikriylə bölüşən Richard Kauzlarich rusiyalı hərbçilərin konkret nə edəcəyi ilə bağlı suallar verir.
“Dağlıq Qarabağdakı rus qoşunlarına gəldikdə, onların “missiyasının” nə olacağı bəlli deyil. Bu, hələ də Dağlıq Qarabağda olan mülki əhalinin qorunmasıdırmı? Ermənistan və Azərbaycan hərbi qüvvələrinin ayrılmasını təmin/müşahidə etməkdirmi?”.
Bu arada, cənab Broers əksinə, Rusiyanın nüfuzu ilə bağlı sual doğurmayan bir məqama diqqəti çəkir.
“Digər Avrasiya dövlətlərində Rusiyanın sülhməramlı əməliyyatları onun təsir gücünün əhəmiyyətli vasitəsinə çevrilib və bununla da razılaşma qısa və orta müddətdə Ermənistan, Azərbaycan və bütöv Cənubi Qafqazda Rusiyanın nüfuzunun əhəmiyyətli dərəcədə artmasını nəzərdə tutur”.
Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb.
Sənədə əsasən, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
Çərşənbə günü Azərbaycan ərazisində cəbhə bölgəsinə yaxın ərazilərdə 4 ədəd partlamamış hərbi sursat (PHS), 143 ədəd bombacıq, 212 ədəd tank əleyhinə mina, 96 ədəd tank əleyhinə minanın partladıcısı və 83 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bildirib ki, mərmilər Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonları ərazisində aşkarlanıb.
Məlumata görə, agentliyin nümayəndələri 142 ədəd bombacığı, 3 ədəd PMN minasını zərərsizləşdirilib.
ANAMA bəyan edib ki, qurumun mütəxəssisləri mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə aparıblar.
Dağlıq Qarabağda olan jurnalist Gabriel Chaim bu şəkli paylaşıb: “Erməni əsgərlər Azərbaycan Kəlbəcər rayonunu təhvil almazdan öncə, vidalaşmaq üçün şam yandırır”, DG, Dadivank Monastırı, 11 noyabr, 2020
Yerevanda Qarabağda müharibənin dayandırılması haqqında bəyanatı imzalanmasına etiraz edən mitinq iştirakçıları Ermənistan parlament binası önündə növbədənkənar iclas keçiriləcəyi və sənədi imzalamış baş nazir Nikol Paşinyanın istefası məsələsininin həll olunacağını gözləyirlər.
Müxalif "Firavan Ermənistan" və "Zəkalı Ermənistan" fraksiyaları bir neçə saatdır ki, parlament binasındadırlar, lakin iclasın baş tutması üçün yetərsəs təmin olunmur.
Əksəriyyət təşkil edən "Mənim Addımım" iqtidar fraksiyası gəlməyib.
Bu gün 17 siyasi partiya, o cümlədən parlamentdə təmsil olunan "Firavan Ermənistan Partiyası" baş nazir Paşinyanın istefası tələbi ilə izdihamlı mitinq keçiriblər.
Mitinqdə keçmiş hakim Ermənistan Respublikaçı Partiyası və Daşnaksutyun Erməni İnqilabi Federasiyasının nümayəndələri də iştirak edib. Zəkalı Ermənistan müxalif parlament fraksiyası iştirak etməyib.
Sosial medianın erməni və azərbaycanlı istifadəçiləri Azərbaycan Mədəniyyət Nazirinin birinci müavini Anar Kərimovun Xudavənd monastırının qədim Qafqaz Albaniyası sivilizasiyasına aid olması barədə Tvitterdə yazdıqlarına narazılıq ifadə edib.
Anar Kərimov yazıb ki, bu kilsələr 9-13-cü əsrlərdə Kəlbəcərdə alban şahzadəsi Vaxtanq tərəfindən tikilib.
Erməni istifadəçilər regionda birgə və sülh içərisində yaşamaq üçün erməni mədəniyyətinə məxsus abidələrin qorunmasını vacib hesab etdiklərini yazıblar.
“Biz ermənilər indi azərbaycanlıların əlindəyik. İndi Qafqazı daha yaxşı və sülh yerinə çevirmək üçün təşəbbüs və imkanlar sizin əlinizdədir. Ümid edirəm ki, siz bizdən daha fərqli olacaqsınız,”- bir istifadəçi yazıb.
Bəzi azərbaycanlılar isə ermənilərin azərbaycanlılara məxsus abidələri iranlaşdırmasına, azərbaycanlıların isə ermənilərə məxsus abidələri farslaşdırmasına qarşı olduqlarını ifadə ediblər.
”Azərbaycan erməni icmasının milli irsini qorumaq məsuliyyətini üzərinə götürməlidir. Ermənilər öz mədəni abidələrinə baş çəkə və mədəniyyətlərini icra edə bilməlidirlər. Əks halda, bu etnosidə aparacaq,”- bir azərbaycanlı istifadəçi yazıb.
“Əminəm ki, Azərbaycan tərəfi dağıdılmış və vandallaşdırılmış tarixi abidələrini sənədləşdirir və onlar bərpa ediləcək. Bütün hallarda biz qisas yanaşmasını arxada qoymalıyıq”, azərbaycanlı istifadəçilərdən biri yazıb.
Erməni istifadəçilər həmçinin paylaşılan şəkillərdəki abidələrin üzərində “erməni hərflərini görmək mümkündür” deyə yazıblar.
Azərbaycan Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirib ki, cümə günündən ölkə üzrə internetin verilməsinə tətbiq olunan məhdudlaşdırma aradan qaldırılır.
Qurum bildirib ki, ölkədə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabrda aradan götürüləcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlayan döyüşlər vaxtı ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.
Dağlıq Qarabağ separatçılarının rəhbəri Arayik Harutyunyan Facebook vasitəsilə müharibə səbəbindən Ermənistana təxliyə olunmuş qarabağlıları öz evlərinə qayıtmağa çağırıb.
“Mütəşəkkil surətdə ya ayrı-ayrı hamınızı Qarabağa öz evlərinizə qayıtmağa çağırıram”.
Harutyunyan yaxın günlərdə sıradan çıxmış kommunikasiyaların təmir olunacağı, su, elektrik məsələlərinin həll ediləcəyini deyib.
“Qaz məsələsini də həll etməyə çalışarıq. Əmin edirəm ki, bütün ehtiyatlardan istifadə edərik, çalışarıq ki, heç bir sosial probleminiz olmasın”.
Arayik Harutyunyan deyib ki, Azərbaycan qoşunlarının nəzarəti altına düşən yaşayış məntəqələrinin sakinlərinin ona müraciətinə də cavab verib.
“Nə edək? Əlbəttə, gərək qoruyaydıq. Müdafiə edə bilmədik... Bu gün mən söz verirəm: əlimizdən gələni edəcəyik ki, sosial problem olmasın. Biz bu gün hazırıq, ilk mərhələdə - Yerevanda, sonra imkan daxilində – Artsaxda ən əsas məişət, yaşayış, sosial və s. şəraitləri təmin etməyə. Gələcəkdə - əsaslı həll edilər”.
O bu gün konkret gələcək planlarının, siyasi xəritə, siyasi qərarların olmadığını bildirib.
“Amma sizi inandırır, əmin edirəm. Yol olacaq, yollar təhlükəsiz olacaq. Təlaşa düşməyin. Olan mülk-əşyanızı Ermənistana köçürməyin. Geri gətirəcəksiniz. Öz xoşunuzla qaytaracaqsınız. Özünüz görərsiniz ki, yaxşı yaşayacağıq Artsaxda, nəinki başqa yerdə”.
Avropa İttifaqının Ali Nümayəndəsi, Vitse-prezident Josep Borrell Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanat verib və bildirib ki, Dağlıq Qarabağ və onun ətrafında hərbi əməliyyatların dayandırılmasını alqışlayır.
"Bazar ertəsi günü Ermənistanla Azərbaycan arasında Rusiya vasitəçiliyi ilə razılaşdırılmış atəşkəs insan tələfatının qarşısını almağa kömək edəcəkdir və ümid edirəm ki, məsələnin hərtərəfli şəkildə həll olunması yolunda bu atılan ilk addımdır,"- o deyib.
Cənab Borell bildirib ki, indi danışıqlar zamanı istənilən həll yolunun davamlı olmasını təmin etmək lazımdır.
"Avropa İttifaqı ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərlik etdiyi qurulmuş formatı dəstəkləməyə davam edir, bu cəhdlərə və bütün Cənubi Qafqaz bölgəsinin dinc və firavan inkişafı üçün sazişlərin həyata keçirilməsinə töhfə verməyə hazırdır,"- bəyanatda deyilir.
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Qarabağla bağlı bəyanatda bu bölgənin statusu göstərilmir, ona görə beynəlxalq aktlar və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən çıxış etmək lazımdır.
"Bəli, bu sənəddə Qarabağın statusu haqqında məlumat verilmir, hazırda beynəlxalq hüququn bütün əsas aktları, ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən və digər sənədlərdən çıxış etməyə davam edirik," - Dmitri Peskov jurnalistlərə bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və həm insanlar fərdi qaydada, eyni zamanda mütəşəkkil qaydada qarşı tərəfi beynəlxalq məhkəmələrə verəcək.
İlham Əliyev bu barədə noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı danışıb.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərin demək olar ki, 99 faizində bütün binalar - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, qəbirlər, məscidlər dağıdılıb və qarşı tərəf buna görə təzminat ödəyəcək.
Cənab Əliyev onu da deyib ki 44 günlük müharibə vaxtı ona dayanmaq üçün çox müraciətlər olub.
“Bu 44 gün ərzində mənə nə qədər zənglər oldu, nə qədər siqnallar göndərildi ki, dayanın, dayanın. Deyirdim ki, şərt qoyuram düşmən qarşısında, çıxsın torpaqlarımızdan, biz dayanaq. Bəyanat versin ki, çıxıram, biz dayanaq. Cədvəl versin, tarix versin, biz dayanaq. Amma düşmən hesab edirdi ki, bizim uğurlu hücumumuzun qarşısını ala bilər,”- o deyib.
Azərbaycan Prezidenti noyabrın 9-da imzalanmış birgə bəyanatı “faktiki olaraq Ermənistan sülh kapitulyasiya aktı” adlandırıb.
İlham Əliyev “keçmiş köçkünlərə” də müraciət edib və deyib ki, onlar öz rayonlarına qayıdırlar.
“İlk növbədə, təhlükəsizlik, ondan sonra infrastruktur, ondan sonra bütün başqa bərpa məsələləri öz həllini tapacaq… Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək, itirilmiş ev heyvanları vətəndaşlara veriləcək,”- o deyib.
Azərbaycan Prezidenti "şəhid ailələrinin problemlərinin həll ediləcəyini" deyib.
“Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda indi onların uçotu aparılır,”- o deyib.
İlham Əliyev qeyd edib ki, bu müharibədə fərqlənmiş hərbçilər üçün yeni ordenlər və medallar təsis ediləcək.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyan Qarabağda atəşkəs haqqında qərarın, həmçinin onun təklifi ilə qəbul olunduğunu bildirib.
"Bu, qəti zərurətdən irəli gələn qərar olub,"- “Haykakan jamanak“ ("Erməni zamanı") qəzeti generalın sözlərini sitat gətirib.
Müdafiə Nazirliyinin rəsmisi deyib ki, Nikol Paşinyan Qarabağla bağlı atəşkəs haqqında üçtərəfli bəyanatı baş qərargah rəisinin vəziyyətin çoxtərəfli qiymətləndirmə analizinə əsaslanan təklifi ilə imzalamağa razılıq verib.
“Bu, qəti zərurət qərarı olub, ondan imtina etmək dönülməz nəticələrə gətirə bilərdi. Bunu birmənalı anlamaq və qəbul etmək lazımdır. Bunun ətrafında bütün spekulyasiyalara baxmayaraq, mən bu qərarı düzgün hesab edirəm. Bu bizim üçün çox acı həqiqətdir, lakin bu, vəziyyətin obyektiv dəyərləndirilməsinin nəticəsidir," - general Qasparyan deyib.
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da Qarabağda döyüş əməliyyatlarının dayandırılması qərarını düzgün hesab edir.
”Ermənistan və Artsax (Dağlıq Qarabağ -BBC News Azərbaycanca) ətrafında olduqca ciddi hərbi-siyasi vəziyyət yaranmışdı və həmin məqamda Silahlı Qüvvələri rəhbərliyinin təklifi ilə müharibənin dayandırılması düzgün addım olub”, - “168 jam” qəzetinə Seyran Ohanyan deyib.
Onun sözlərinə görə, müharibəni ordu yox, dövlət uduzub.
Sabiq müdafiə nazirinin fikrincə, Qarabağ üzrə üçtərəfli bəyanat sərfəli sənəd [erməni tərəfi üçün] deyil.
Məsuliyyət Ermənistanın hazırkı iqtidarı üzərinə düşür, keçmiş müdafiə naziri hesab edir.
Rusiya Silahlı Qüvvələrinin nümayəndəsi deyib ki, Dağlıq Qarabağda rusiyalı sülhməramlılar tərəfindən 16 müşahidə məntəqəsinin qurulması planlaşdırılır.
Bu barədə Moskvada keçirilən brifinqdə Rusiya SQ Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi danışıb.
General-polkovnik Sergey Rudskoy deyib ki, sülhməramlı qüvvələr tərəflərin təmas xətti və Laçın dəhlizi boyunca yerləşdiriləcək.
"Postlara atəşkəs rejiminin pozulması barədə məlumatların toplanması, bu məlumatların dərhal sülhməramlı qüvvələrin komandanlığına çatdırılması, eyni zamanda tranzit nəqliyyatın təhlükəsizliyinin qorunması və mülki şəxslərə qarşı qanunsuz hərəkətlərin qarşısının alınması vəzifəsi həvalə edilib. Bu, dinc həyata qayıdışın sürətlənməsinə və qaçqınların qayıtmasına kömək edəcək, " - Sergey Rudskoy deyib.
Rusiyalı generala əsasən, sülhməramlılar aviasiya və pilotsuz uçuş aparatlarından istifadə edəcəklər.
O, münaqişə bölgəsində hərbi polisin olacağını da bildirib. Onlar təmas xətti boyunca patrul xidməti, yük və maşın karvanlarını müşayiət etmək kimi vəzifələri yerinə yetirəcəklər.
Sergey Rudskoy sülhməramlı qüvvələrin tərkibində Suriyada hərbi təcrübə toplamış əsgərlərin təmsil olunduğunu bildirib.
"Demək olar ki, bütün hərbçilər Suriyada humanitar əməliyyatların təminatı və qorunması ilə bağlı vəzifələri yerinə yetirmək təcrübəsinə malikdirlər. Şəxsi heyət silahlı qarşıdurmalarda beynəlxalq humanitar hüquq normalarını öyrənmək və onlara əməl etmək üçün xüsusi təlim keçmişdir," - general-polkovnik Sergey Rudskoy deyib.
Yerevanda 17 siyasi partiya Azadlıq meydanında mitinq keçirir.
Polis xüsusi təyinatlıları kütləni dağıtmağa çalışır. Lakin mitinq iştirakçıları getməyə hazırlaşmır.
“Nikol - davaçan” ( "Nikol – satqın") – mitinq iştirakçıları qışqırırlar.
Mitinq iştirakçıları hakimiyyəti Qarabağla bağlı “xəyanətkar” bəyanat imzalamaqda ittiham edirlər.