You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. "Şəhid ailələri və müharibə əlilləri üçün sosial dəstək tədbirləri hazırlanır" - nazirlik

    Azərbaycan hakimiyyəti şəhid ailələri və müharibə əlilləri üçün sosial dəstək tədbirlərini hazırlayır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir.

    Prezident İlham Əliyevin yaralı hərbçilərlə görüşdüyünü qeyd edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib ki, tədbirlər maddi təminat, həyat şəraitinin yaxşılaşdırılması və məşğulluq məsələlərinin həlli istiqamətində tədbirləri nəzərdə tutur.

    Sahil Babayev deyib ki, "bu il 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi işləri aparılır. Onlardan böyük əksəriyyəti artıq verilib və proses davam edir”.

    Nazirliyin yaydığı açıqlamada 1500 nəfərin hansı kateqoriya mənsub olması barədə məlumat verilmir.

    BBC News Azərbaycancaya danışan nazirliyin nümayəndəsinə əsasən, burada söhbət Birinci Qarabağ müharibəsində şəhid olanların ailələri və əlillik alanlardan gedir. Məlumata əsasən, bu dövlət proqramıdır və onun çərçivəsində keçən il 900 nəfərə ev ayrılıb, bu il isə mənzillə daha 1500 nəfər təmin olunacaq.

    Azərbaycan 27 sentyabrdan bəri baş verən hərbi itkilərinin sayını açıqlamayıb.

    Azərbaycan Prezidentinin mətbuat xidmətindən BBC News Azərbaycancaya verilən məlumata görə "son döyüşlərdə şəhid olanların sayı dəqiqləşdirilir və bu barədə əlavə məlumat veriləcək."

  2. Xocavənd rayonunun Tuğ kəndindən video

    Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndindən video yayaıb.

    Təsvirlərdə yaşayış evləri, dükanlar, kəntdəki ictimai-iaşə obyektləri göstərilir.

    Görünən yaşayış evlərinin əksəriyyəti normal vəziyyətdədir və azad olunana kimi içərisində yaşayış olduğu təsiri bağışlayır.

    Müdafiə Nazirliyinin daha əvvəl Füzuli, Cəbrayıl, Zəngilan rayonunun kəndlərindən olan görüntülərə nisbətən bu kənddəki evlər dağıdılmayıb.

    Videoda kəndin daxilində təbii qaz şəbəkəsi olduğu görünür.

  3. Müdafiə naziri Rusiya sülhməramlılarının komandanı ilə görüşüb

    Azərbaycanın Müdafiə naziri cəbhə bölgəsində yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb.

    Cümə axşamı günü Müdafiə naziri general-polkovnik Zakir Həsənov əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

    Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.

    Görüşün detalları barədə əlavə məlumat verlməyib.

    Bundan əvvəl Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov Ermənistan müdafiə naziri David Tonoyanla görüşüb.

    Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən cəbhədə hərbi əməliyyatların dayandırılması və əraziyə Rusiya sülhməramlılarının yerləşdirilməsi barəsində üçtərəfli razılıq əldə olunub.

  4. İşğaldan azad edilmiş bölgələrdə yerli mobil operatorlar fəaliyyətə başlayıb

    Azərbaycanın iki mobil şəbəkə operatoru işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərməyə başlayıb.

    Azərbaycanın əsas mobil rabitə operatorlarından biri Azercell bəyan edib ki, artıq Şuşada Azercell-in ilk 4G şəbəkəsi fəaliyyət göstərir.

    Qurumun yaydığı rəsmi məlumatda bildirilib ki, “hazırda Şuşada olan əsgərlərimiz yaxınları ilə əlaqə saxlaya, həmçinin ən sürətli mobil internet xidmətlərindən istifadə edə bilirlər”.

    Başqa bir mobil rabitə operatoru Nar mobile da bildirib ki, səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edir.

    Qurum bildirib ki, işğaldan azad edilmiş rayonlarda şəbəkə quraşdırma işinin layihələndirməsi tamamlanıb, dövlət qurumları ilə razılaşdırdıqdan sonra şəbəkə quraşdırılması işlərinə başlanılacaq.

  5. Yerevanın mərkəzində etiraz mitinqi keçirilir

    Yerevanın mərkəzində etiraz aksiyası keçirilir.

    Bu anda etirazçıların sayı bir neçə yüz nəfərə çatır və ərazidə çox sayda polis əməkdaşı var.

    Bu barədə Open Caucasus Medianın tvitində deyilir.

    Məlumata görə, etirazçılar baş nazir Nikol Paşinyanın istefasını istəyirlər.

    Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən yürüş iştirakçıları Milli Təhlükəsizlik Xidmətinin binasının qarşısında şikayətlərini ifadə edərək, 17 partiyanın nümayəndələrinin açıqlama verəcəyi Azadlıq meydanına gediblər.

    Yürüş əvvəlcə Matenadaran binasınından başlayıb, daha sonra iştirakçılar MTN-in binasına gəlməyə başlayıb, news.am saytı yazıb.

    Polis binasına çatanda etirazçılar "Polis, bizə qoşul" şüarları səsləndirməyə başlayıblar.

    Öz növbəsində “Firavan Ermənistan” partiyasından olan millət vəkili Naira Zohrabyan beynəlxalq insan haqları strukturlarının Ermənistandakı siyasi təqiblərdən xəbərdar olduğunu bildirib.

    “Yüzlərlə insan saxlanır, müxalifətin fəaliyyətini pozmaq üçün hər şey edilir. Səlahiyyətlilər üçün geri sayım başlayıb və səlahiyyətlilər nə qədər terror etsələr də, insanları həbs etsələr də, heç bir şey onlara kömək edə bilməz,”- o deyib.

    Hüquq müdafiəçisi Avetik İşxanyan deyib ki, “Ermənistanda 1937-ci il qüvvədədir. Bu gün bu bina MTN deyil, hətta KQB də deyil, vətənini düşmənlərə təslim edən liderin əmri ilə insanların tutulduğu ÇK və ya NKVD-dir”.

  6. Polad Bülbüloğlu: "Bu barışıq deyil, bu Qarabağ məsələsinin həllidir"

    Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çərşənbə günü Rusiyanın RBK kanalına müsahibəsində deyib ki, “Bu status-kvo deyil. Status-kvo mövcud deyil, mövcud deyil və olmayacaq da. Bu barışıq deyil, bu Qarabağ məsələsinin həllidir”.

    Polad Bülbüloğlu deyib ki, atəşkəsə nəzarət üçün qarşılıqlı bir rus-türk mərkəzi olacaq, söhbət sülhməramlıların, yəni türk əsgərlərinin gətirilməsindən getmir.

    Qarabağda yaşayan erməni əhalinin taleyi barədə cənab səfir bildirib ki, məqsəd heç vaxt erməni əhalisini oradan qovmaq olmayıb.

    “Azərbaycanlılarla bir yerdə normal yaşamaq istəyən, sülh yolu ilə yaşamaq və işləmək istəyən (Dağlıq Qarabağa qaytarılacaq) erməni millətindən olan vətəndaşlar - Allah xatirinə qalsınlar və yaşasınlar. Ancaq onlardan biri yenidən silah götürərsə, onlara terrorçularla eyni münasibət göstəriləcək”, - Polad Bülbüloğlu deyib.

    Cənab Bülbüloğlu bildirib ki, qalan ermənilər Azərbaycan Respublikasının qanunlarına uyğun yaşayacaqlarını anlamalıdırlar.

    Onun sözlərinə görə, “əxlaqi cəhətdən buna hazırdırlarsa, Allah xatirinə qalsınlar, yaşasınlar, çalışsınlar”.

    “Bu gün Azərbaycanın iqtisadi inkişaf üçün imkanları Ermənistandan daha çoxdur. Ancaq kimsə pulemyotu basdıracağı xəyalını qursa və sonra bir daha onu qazsa, qoy bu xəyalları kənara qoysun”,- Polad Bülbüloğlu RBK kanalına deyib.

    O deyib ki, Azərbaycan bir daha ərazisində separatizm meyillərinə yol verməyəcək.

    Rusiyadakı səfir Kataloniyadan misal gətirib.

    “Baxın İspaniya rəhbərlərinə və bütün Avropaya, onlara necə sərt münasibət göstərildi. Dubinka ilə döyüldü, qazla zəhərləndi, su ilə vuruldu, cinayət işi açıldı. Separatizmin böyük bir şər olduğunu anlamalısan. Fürsət verilsə, Avropanın bir çox ölkəsi bundan əziyyət çəkəcək. Eyni İspaniya, eyni Belçika və eyni İtaliya, Böyük Britaniya bu problemlə üzləşə bilər”, Polad Bülbüloğlu bildirib.

    Polad Bülbüloğlu deyib: “Niyə əhalini aldatdılar? İndi əhali məyus olub və görün Yerevan küçələrində nə baş verir. Cəbhədə baş verənlər barədə əhaliyə vicdanla məlumat versəydilər, bu gün Yerevanda baş verənlər olmazdı”.

    Azərbaycan səfiri deyib ki, bundan sonra azad edilmiş ərazilərdə yerli komendantlıq ofisləri yaradılır və bundan sonra yerli özünüidarə orqanları olacaqdır.

    O bildirib ki, artıq “isti faza sona çatacaq və Azərbaycan dünya birliyinə Azərbaycanın işğal olunmuş ərazilərində baş verən dağıntılar barədə məlumat verəcək. Hər şeyi bərpa etmək lazımdır”.

  7. Ombudsman beynəlxalq təşkilatlara müraciət edib

    Ombudsman Səbinə Əliyeva BMT, Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi və səlahiyyətli digər beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb.

    Ombudsman Aparatından bildirirlər ki, müraciətlər fərdi şəkildə ünvanlanıb.

    “…müraciətlərdə bildirilib ki, Ermənistan silahlı qüvvələri yalnız mülki şəxslərə deyil, digər kombatant olmayanlara, sıradan çıxmış hərbi qulluqçulara, hərbi əsirlərə münasibətdə beynəlxalq humanitar hüquq normalarını, o cümlədən Cenevrə Konvensiyalarının tələblərini ciddi şəkildə pozmaqla müharibə cinayətlərini davam etdirib. Hərbi əsirlərə, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə münasibətdə törətdilmiş barbarlıq aktları faktlar əsasında diqqətə çatdırılıb,”- qurum bildirib.

    Səbinə Əliyevanın müraciətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş müharibə cinayətləri üzrə faktların xüsusi prosedurlar əsasında araşdırılması, beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlərin görülməsi tələb olunub, qurumun məlumatında deyilir.

  8. Rusiya sülhməramlıları və texnikanı daşıyan təyyarələr Yerevana gəlib

    Göyərtəsində sülhməramlılar olan 4 Rusiya hərbi nəqliyyat təyyarəsi Yerevana gəlib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirir.

    Məlumata əsasən, İl-76 təyyarələrindən zirehli transportyorlar, texnika və nəqliyyat vasitələri boşaldılır.

    Buradan rusiyalı hərbçiləri və texnika Dağlıq Qarabağ münaqişəsi zonasına yollanmalıdır.

  9. Lavrov: "Dağlıq Qarabağ ətrafındakı 7 bölgənin əvvəl olduğu mövqedə əbədi qalmaları barədə heç bir illuziya olmamalı idi"

    Ermənistandakı müxalifət Dağlıq Qarabağla bağlı razılaşmanın əldə olunması ilə bağlı vəziyyət barədə spekulyasiya etməyə çalışır, bu barədə cümə axşamı Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya və xarici mətbuata verdiyi müsahibədə adanışıb.

    Onun fikrincə, "şübhəsiz ki, hər şeyin bu mərhələdə belə bitdiyindən inciyən səmimi insanlar var."

    "Baxmayaraq ki, Dağlıq Qarabağ ətrafındakı yeddi bölgənin bir ay, ay yarım, iki ay əvvəl olduğu mövqedə əbədi qalmaları barədə heç bir illuziya olmamalı idi,”- rusiyalı nazir deyib.

    “Hesab edirəm ki, məsul qurumlar əhaliyə izah etməli idilər ki, bu tənzimləməni müəyyən mərhələdə ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən təklif olunan və uzun illər masa üstündə qalan, münaqişəni qan tökülmədən və zənnimcə bu bölgədəki heç kimin təhlükəsizliyinə zərər vermədən, ilk növbədə əlbəttə ki, Qarabağ erməniləri, bölgə ölkələrindən olanlar və Qarabağda yaşayan digər etnik qruplar üçün ideal həll yolu açan prinsiplərə uyğun olaraq həyata keçirmək lazım gələcək”.

    Onun fikrincə, bütün kommunikasiyaların - nəqliyyat, iqtisadi sahələrin blokdan çıxarılması bu bölgənin canlanması üçün, o cümlədən “Azərbaycan ilə Türkiyə Respublikası arasında ticarət və nəqliyyat əlaqələrinin dayandırılması səbəbindən digərlərindən daha çox zərər görən Ermənistan iqtisadiyyatının bərpası üçün böyük bir müsbət rol oynamalıdır".

    "İndi qüvvəyə minən müqaviləylə bütün bu əlaqələr bərpa olunur. İqtisadiyyat sərbəst nəfəs almalı, Ermənistanın tərəfdaşları ilə nəqliyyat əlaqələri olmalıdır,"- Lavrov bildirib.

  10. Azərbaycan Dağlıq Qarabağdakı separatçıların liderini beynəlxalq axtarışa verib

    Azərbaycanın Baş Prokurorluğu elan edib ki, Qarabağ bölgəsində özünü tanınmamış "Dağlıq Qarabağ Respublikasının Prezidenti" elan etmiş Arayik Harutyunyan cinayətdə şübhəli bilinir və axtarışa verilib.

    Azərbaycanın Baş prokuroru Kamran Əliyev oktyabrın 30-da keçirdiyi brifinqdə bəyan edib ki, Azərbaycan ərazisininə atılan və nəticədə mülki şəxslərin də həlak olub yaralandığı raketlər, ancaq yüksək rütbəli şəxslərin icazəsi ilə istifadə oluna bilər.

    Bundan başqa Kamran Əliyev bildirib ki, Arayik Harutyunyannın öz sosial media hesabından etdiyi çıxışlar da onun raketlərin istifadəsində günahkar olduğunu təsdiq edir.

    Bundan başqa Azərbaycan Arayik Harutyunyanın köməkçisi David Babayan, tanınmamış qurumun müdaifə naziri olmuş Cəlal Artunyan və tanınmamış "DQR parlamentinin deputatı" Armen Babacanyanı da beynəlxalq axtarışa verib.

    Onlar barəsində terror, Cinayət Məcəlləsinin 100-cü maddəsində göstərilən müharibə cinayətləri törədilməsi, insanlıq əleyhinə cinayətlərin törədilməsi kimi maddələri ilə ittiham elan olunub.

    Rəsmi məlumata görə, bu şəxslər barələrində qərarı çıxarılıb və onlar beynəlxalq axtarışa verilib.

    Noyabrın 10-da Rusiya, Ermənistan və Azərbaycan üçtərəfli razılaşma ilə cəbhədə hərbi əmaəliyyatların dayandırılmasında qərarlaşıblar, amma Xankəndidə (Ermənilər oranı Stepanakert adlandırır -red.) olan separatçıların lideri Arayik Harutyunyan və onun əmrindəki şəxslərin taleyi barədə razılaşmada heç nə göstərilməyib.

  11. Qubadlı rayonunun Xocik və Cəbrayıl rayonunun Hovuslu kəndlərindən video

    Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunmuş Qubadlı rayonunun Xocik və Cəbrayıl rayonunun Hovuslu kəndlərindən video paylaşıb.

  12. Özünüaldatma qurbanları. Müharibəni uduzmaqdan sarsılmış ermənilər Paşinyanın istefasını tələb edir

  13. Rusiya sülhməramlıları Laçın dəhlizində mövqe tutmaqdadır, bu görüntüləri öz tvitində, “hərbi və təhlükəsizlik həvəskarı” Aldin yayıb.

  14. Azərbaycan XİN: "Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı Memorandumun imzalanmasını alqışlayırıq"

    Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı noyabrın 11-də Memorandumun imzalanmasını alqışlayır.

    Qurum qeyd edib ki, Azərbaycan ərazisində yerləşəcək, atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarəti həyata keçirəcək Birgə Mərkəzin işinin təşkili ilə əlaqədar ən qısa zamanda Birgə İşçi Qrup fəaliyyətə başlayacaq.

    “Birgə Mərkəzin fəaliyyətinin atəşkəs rejiminə nəzarətin səmərəliliyinin artırılmasına və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyinə inanırıq,”- Azərbaycan XİN bildirib.

  15. Xocavəndin Azıx, Akaku və Ağbulaq kəndlərindən video

    Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad olunan Azıx, Akaku və Ağbulaq kəndlərindən video yayıb.

    Təsvirlərdə boşaldılmış kəndlərdəki evlər, ictimi iaşə obyektləri görünür.

    Nazirliyin yaydığı işğaldan azad olunmuş Füzuli, Zəngilan, Qubadlının kəndləri ilə müqayisədə bu kəndlərdə yaşayış evləri dağıdılmayıb.

  16. Lavrov: "Dağlıq Qarabağın statusu müəyyənləşdirilməyib"

    Qarabağ siyasi prosesin əsas mövzusudur, çünki Azərbaycanın 5+2 rayona nəzarətin bərpa etməsinin prosesi öz özlüyündə gedir, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bunu cümə axşamı günü Rusiya və xarici KİV-lərə verdiyi müsahibədə söyləyib.

    O deyib ki, Azərbaycan orada müvəqqəti idarəetmələr yaradır və burada sülh həyatını bərpa edəcək.

    Sergey Lavrov deyib ki, Dağlıq Qarabağın statusu müəyyənləşdirilməyib.

    Dağlıq Qarabağın statusu bu bölgənin bütün kateqoriyalı sakinlərinin hüquqları dəqiqləşdirildikdən sonra müəyyənləşdiriləcək, o qeyd edib.

    "Bu statusun Dağlıq Qarabağda SSRİ-nin dağılması dövründə başlayan və çox dəhşətli nəticələrlə başa çatan müharibə başlayana qədər, uzun illər olduğu kimi etno-konfessional harmoniyanın bərpasına kömək etmək üçün hamımızın hansı addımları atmalı olduğumuzdan asılı olaraq təyin ediləcəyi ehtimalına əsaslanırıq,”- Lavrov deyib.

    Sergey Lavrov deyib ki, status yalnız Dağlıq Qarabağda yaşayan və ora qayıtmaq hüququ olanlara və əlbəttə ki, hər zaman bu ərazidə yaşamağa davam edənlərə hansı hüquqların veriləcəyi bəlli olduqdan sonra müəyyən edilə bilər.

    Lavrov qeyd edib ki, Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün heç bir süni tarix olmamalıdır.

    Rusiya xarici işlər naziri UNESCO-nun Dağlıq Qarabağdakı mədəniyyət abidələrinin bərpasına cəlb olunmasının vacibliyini qeyd edib.

    "Əlbətdə ki, UNESCO-nu mədəni irsin simvollarını bərpa etməyə və onlara hörmət etməyi təmin etməyə cəlb edəcəyik. İnsanların evlərinə qayıtmalarına kömək etmək, təchiz etmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsini, [BMT] Qaçqınlar üzrə Ali Komissarlığı cəlb edəcəyik,”- o deyib.

  17. Rusiya Prezidenti Vladimir Putin, Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsinə dair qərara imza atıb.

    Müvafiq sənəd rəsmi hüquqi informasiya portalında yayımlanıb.

    Rusiya hökumətinə kontingentin maddi cəhətdən təminatı, hərbçilərə və onların ailələrinə tələb olunan müavinətlər ayırmaq tapşırığı verilib.

    Sənəddə deyilir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi sülhməramlı kontingent “heyətini ildə ən azı iki dəfə dəyişdirməlidir”.

    Bundan başqa, Müdafiə Nazirliyi resurs müddəti tükəndikcə və zərurət yaranarsa texnikanın dəyişdirilməsini təmin etməlidir. Fərman imzalanma günündən qüvvəyə minib.

  18. Paşinyan: "Ermənistan Dağlıq Qarabağın müstəqilliyinin tanınmasında israr edir"

    Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan Dağlıq Qarabağın "müstəqilliyinin" beynəlxalq səviyyədə tanınmasında israr etməyə davam edir.

    Ermənistan baş naziri Nikol Paşinyan növbəti xalqa müraciətində Qarabağ müharibəsi üzrə Rusiya və Azərbaycan prezidentləri ilə imzaladığı sənədin Ermənistan cəmiyyətində qızğın mübahisələr doğuran müddəalarını izah edib.

    Paşinyan sənədin imzalanması ilə bağlı erməni xalqının ağır günlər yaşadığını, “göz yaşları və kədər hisslərini” anladığını bildirib. Lakin qeyd edib ki, imzalanmış sənəd Qarabağ məsələsinin tam həlli demək deyil.

    “27 sentyabrda başlanan müharibə ictimai məyusluq və mənə ünvanlanan çoxlu suallar doğuran bir sənəd imzalamaqla nəticələndi, - deyə Paşinyan bu “sərfəli olmayan” sənədin niyə imzaladığını izah edir. – Müdafiə Nazirliyi və SQ Baş Qərargahı tərəfindən müharibənin təcili dayandırılması haqqında məruzə alandan sonra bunu etmişəm. Artsax (ermənilər Dağlıq Qarabağı belə adlandırırlar - red.) prezidenti isə deyirdi ki, bir neçə saat ərzində Stepanakerti itirə bilərik”.

    Onun sözlərinə görə, indi çoxları deyir ki, Hadrutu, Şuşanı itirdikdən sonra Stepanakertin (Xankəndi) itirilməsinin fərqi yoxdur.

    “Lakin Stepanakertin itirilməsi Əsgəran və Mardakertin (Ağdərə) itirilməsinə gətirərdi. Bu şəhərlər isə müharibənin ilk günləri cəbhə arxası olub və orada müdafiə istehkamları olmayıb. Orada bu şəhərləri müdafiə etmək üçün yetərli sayda döyüş qabiliyyətli qüvvə də olmayıb”, Paşinyan deyib.

    Bu şəhərlərin itirilməsi nəticəsində, onun sözlərinə görə, erməni tərəfinin “müdafiə bölgələri düşmən qüvvələrinin mühasirəsinə düşərdi”.

    “20 minə yaxın əsgər və zabitlərimiz məhv olma ya əsirlik perspektivi ilə dövrələnərdi. Karvaçarın (Kəlbəcər) və Kaşatağın (Laçın) süqut etməsi qaçılmaz olardı”.

    Onun sözlərinə görə, komandirin vəzifəsi əsgərə tapşırıq verməkdir. Lakin əgər əsgər gələcək hadisələrə heç cür təsir edə, tapşırığı yerinə yetirə bilmirsə və həlak ola bilərsə, əsgərin həyatı naminə vətən fəda etməlidir.

    “Məhz bu səbəbdən mən bu bədnam razılaşmanı imzalamışam. Mən 25 min əsgərin həyatını öz karyeram və həyatımdan üstün tutmuşam”, - Paşinyan deyib.

    Niyə sülhməramlılar daha tez yerləşdirilməyib?

    Paşinyanın sözlərinə görə, bunun iki səbəbi var. Birincisi odur ki, o zaman erməni tərəfi Qarabağ ətrafında 7 rayonu döyüşsüz təhvil verməli olardı. İkincisi, ölkə rəhbərliyi yeni resurslar cəlb etmək və böyük səylərlə vəziyyəti erməni tərəfin xeyrinə dönüşə nail ola biləcəyinə ümid edib.

    “Odur ki, Ermənistanın baş naziri və Qarabağ prezidenti daima vətənin müdafiəsi üçün könüllü dəstələr təşkil etmək çağırışları ilə çıxış edib, lakin bunu elə etmişik ki, cəbhə xəttində döyüşənlərdə həyəcan hissi yaranmasın”, Paşinyan deyib.

    “Əsgər və zabitlər, generallar, könüllülər heç bir santimetr torpaq verməmək uğrunda qəhrəmancasına vuruşublar. Əslində üç orduya qarşı. Və biz çıxışı olmayan bir reallıqla üzləşmişik”, - o deyib.

    Meğrinin təhvil verilməsi haqqında şayiələr

    Söhbət Ermənistanın cənubunda İran və Naxçıvanla həmsərhəd Meğri rayonundan gedir. Razılaşmaya görə, bu ərazidən Naxçıvandan Azərbaycana birbaşa yol açılacağı nəzərdə tutulur.

    Paşinyanın sözlərinə görə, imzalanmış sənəd doğurdan da yaxşı deyil, amma olduğundan da pis təqdim etməməyə çağırıb.

    “İndi də Meğrinin təhvil verilməsindən danışırlar. Bu, tamamilə cəfəng fikirdir. Söhbət sadəcə regional nəqliyyat kommunikasiyaların açılmasından gedir. Bu halda Naxçıvandan Azərbaycana, lakin bununla belə, Yerevandan Sünik vilayətinə Naxçıvandan keçən yol da açılır”, - Paşinyan deyib.

    Paşinyan həmçinin Naxçıvan üzərində Ermənistan-İran dəmir yolunun da açıldığı və bunun gələcəkdə “Ermənistanın iqtisadi inkişafı üçün” əhəmiyyətini qeyd edib.

  19. Bəzi dövlət qurumları işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayır

    Dövlət Təhlükəsizliyi Xidməti bildirir ki, qurumun Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.

    Bununla bağlı oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fəman imzalanmışdı.

    DTX bildirir ki, Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq qurumun Şuşa şəhər idarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov BBC News Azərbaycancaya deyib ki, hazırda işğaldan azad edilmiş rayonların polis idarəsinin rəisləri müvəqqəti olaraq həmin ərazilərə komendant təyin ediliblər.

    "Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunmuşlar. Qeyd olunan Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir,"- Azərbaycan DİN-in məlumatında deyilir.

  20. Birinci Qarabağ müharibəsindən video

    Sosial mediada 1993-cü ildə Birinci Qarabağ müharibəsindən video paylaşılıb.

    Videoda 1993-cü ildə Kəlbəcər və Laçının şimal kəndləri işğal olunmasından sonra erməni əsgərləri azərbaycanlılara müraciət edirlər.

    "Diqqət, diqqət, Ermənistan qoşunları Kəlbəcər rayonuna və Laçının şimal kəndlərinə giriblər. Biz sakinlərə yol veririk. Yollar bağlıdır. Onsuz da sizin qaçmağa heç yeriniz yoxdur. Biz sakinlərə əl vurmayacağıq. 10 saat vaxt veririk sizə."

    Videoda görüntülənən əsgərlər bu sözlər dedikdən sonra gülür, əl çalır və göyə atəş açırlar.

    10 noyabr razılaşmasına əsasən erməni qüvvələri 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonundan, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonundan çıxmalıdır.