"Azərbaycanın dərhal reaksiya verməsi helikopterin vurulması ilə bağlı üzrxahlığı qəbul etməyimizə imkan verdi,” Kremlin mətbuat katibi Dmitri Peskov bildirib TASS yazıb.
Agentlik yazır ki, Peskov "iki hərbçinin ölümünün həqiqətən fəlakət, faciə olduğunu" bildirib.
"Bu, əlbəttə ki, bütün hərbi komandirlərimiz və silahlı qüvvələrdə xidmət edən bütün insanlarımız və bütün vətəndaşlarımız üçün ağrıdır. Azərbaycanlıların və Azərbaycan Prezidentinin ani reaksiyası və Azərbaycanın vəziyyəti qərəzsiz araşdırmağa və təqsirkarları cəzalandırmağa hazır olduğunu elan etməsi bizə bu üzrxahlığı qəbul etməyə imkan verdi," - deyə Kremlin sözçüsü vurğulayıb, xəbərdə bildirilir.
Noyabrın 9-da Ermənistanın Azərbaycan sərhədi yaxınlığındakı ərazisində Rusiyaya məxsus “Mi-24” helikopterinin vurulması nəticəsində iki pilot həlak olub, biri yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı dərhal bəyanat yayaraq bildirib ki, "helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuşu həyata keçirib".
"Uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib. Bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib", qurumun bəyanatında bildirilib.