You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Putin: "Dağlıq Qarabağda döyüş əməliyyatları qurbanlarının sayı 4000-i keçib"

    "Döyüşlər nəticəsində mülki əhali də daxil olmaqla qurbanların sayı 4 min nəfəri keçdi, yaralıların sayı 8 mindən çoxdur, adam, qaçqınların sayı, müxtəlif mənbələrə görə, həqiqətən on minlərə bərabərdir".

    Bunu Rusiya Prezidenti Vladimir Putin cümə günü bölgədəki humanitar məsələlərin həlli ilə bağlı iclasda söyləyib.

    O qeyd edib ki, bir çox mədəniyyət yerləri və mülki infrastruktur məhv edilib.

    Ermənistan döyüşlərdə 1383 hərbçisinin öldüyünü bildirib.

    Azərbaycan hələ hərbi itkilərlə bağlı açıqlama verməyib.

  2. Kəlbəcərdən köçən bəzi erməni ailələr evlərini yandırıb gedirlər, Xudavəngdən BBC News -un müxbiri Steve Rosenberg-in reportajı.

    BBC News jurnalistləri Kəlbəcərdən köçən bəzi erməni sakinlərin əşyalarını yığmasına və evlərini yandırmasına şahidlik ediblər.

  3. Sergey Şoyqu: "Dağlıq Qarabağdakı müşahidə məntəqələrinin yerləşdirilməsi şənbə günü başa çatacaq"

    Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinlə Qarabağ humanitar məsələləri ilə bağlı görüşündə deyib ki, Dağlıq Qarabağda humanitar problemlər artır.

    O bildirib ki, hərbi nəqliyyat aviasiyası üç gündə 1100-dən çox rus sülhməramlısını Dağlıq Qarabağa köçürüb, Tass agentliyi yazır.

    "Üç gün ərzində 73 təyyarə reysi həyata keçirilib, 1103 hərbçi, 168 texnika daşınıb," – nazir deyib.

    Rusiya sülhməramlı missiyasının Dağlıq Qarabağdakı müşahidə məntəqələrinin yerləşdirilməsi şənbə günü başa çatacaq, rusiyalı nazir bildirib.

    "Digər bir sülhməramlı bölmə Dağlıq Qarabağın şimalında yerləşdirilib. Sabah bu zonada səkkiz postun yerləşdirilməsini başa çatdırmağı planlaşdırırıq,"- cənab Şoyqu deyib.

    Rusiya müdafiə nazirinin sözlərinə görə, 10-11 noyabr tarixlərində Laçın dəhlizi nəzarət altına alınıb, cümə axşamı saat 17: 00-da sülhməramlılar Xankəndiyə daxil olublar və Xankəndi və Şuşa şəhərlərinin ərazisində dörd müşahidə məntəqəsi qurulub.

    "Bu gün “Cənub” məsuliyyət zonasında müşahidə məntəqələrinin yerləşdirilməsini başa çatdırırıq. Ümumilikdə, bu zonada doqquz məntəqə olacaq,"-deyə müdafiə naziri əlavə edib.

  4. "Britaniyalı nazir üçtərəfli bəyanatın imzalanmasını alqışlayıb" - Azərbaycan XİN

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Wendy Morton telefonla danışıblar.

    Nazirlər bölgədəki cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanat ətrafında fikir mübadiləsi aparıblar, Azərbaycan XİN bildirir.

    Qurum bildirib ki, telefon danışığı zamanı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətraf rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz evlərinə geri qayıtması, humanitar xatakterli mübadilələrin həyata keçirilməsi və bütün kommunikasiyaların açılması kimi məsələlər müzakirə edilib.

    "Nazir Wendy Morton bölgədə atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılmasını elan edən üçtərəfli bəyanatın imzalanmasını alqışlayıb. O, razılaşmanın həyata keçirilməsinin vacibliyini vurğulayıb. Wendy Morton, həmçinin tərəflərin humanitar məsələlərə diqqət verilməsinin mühüm olduğunu qeyd edib,"- nazirliyin məlumatında deyilir.

  5. Qarabağda Rusiya sülhməramlılarına rəhbərlik edən Rüstəm Muradov kimdir?

  6. Arayik Harutyunyan: "Ağdərə-Vardenis yolu hələ xeyli müddət erməni qüvvələrin nəzarəti altında qalacaq"

    Arayik Harutunyan bu gün geniş tərkibdə müşavirə keçirib, bu barədə onun Facebook səhifəsində bildirilib.

    Müşavirədə atəşkəs razılaşması imzalandıqdan sora yaranmış yeni vəziyyətdə, müharibəsi nəticəsində evlərini itirmiş vətəndaşların yerləşdirilməsi və onların məişət məsələləri müzakirə olunub, Arayik Harutyunyan bu barədə öz Facebook səhifəsində yazıb

    Onun sözlərinə görə, əvvəlcə vətəndaşlar mehmanxanalarda və hökumət tərəfindən icarəyə alınmış mənzillərdə yerləşdiriləcək, daha sonra isə onların yaşayış problemləri tam həll olunacaq.

    Normal yaşayış şəraitlərinə qayıtmaq üçün təcili tədbirlər görülməlidir, o yazıb.

    Onun sözlərinə görə, Ağdərə-Vardenis yolu hələ xeyli müddət erməni qüvvələrin nəzarəti altında qalacaq, belə ki, “əhalinin blokadada qalmaq narahatlığı əsassızdır”.

    Mənzillərini itirən vətəndaşlar Xankəndi və başqa yaşayış məntəqələrində yerləşdiriləcək. Gələcəkdə isə hamının mənzil problemləri “dövlət hesabına” həll olunar, o deyib.

  7. Yerevanda mitinq başa çatıb

    Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələb edilən mitinq başa çatıb.

    Noyabrın 14-də etirazçılar müharibədə həlak olanların xatirəsinə meydanda şam yandırmağa gedəcəklər.

    Etirazçılar noyabrın 15-ə yenidən mitinq təyin ediblər.

  8. Qubadlının işğaldan azad olunan iki kəndindən video

    Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Xəndək və Muradxanlı kəndlərindən video yayaıb.

    Təsvirlərdə hər iki kənddə dağılmış və normal vəziyyətdə olan yaşayış evləri, əkin sahələri və meyvə ağacları görünür.

  9. Arayik Harutyunyan Rüstəm Muradovla görüşüb

    Qarabağ separatçılarının rəhbəri Arayik Harutyunyan deyib ki, bu gün atəşkəs rejiminə nəzarət etmək üçün gələn rus sülhməramlılarının komandiri general-leytenant Rüstəm Muradovla görüşüb.

    O bu barədə öz Facebook hesabında yazıb.

    "Görüş zamanı sülhməramlı ordunun məsuliyyət daşıyan missiyası ilə bağlı konkret məsələlər barədə fikir mübadiləsi aparırıq,"- o yazıb.

  10. Polis Yerevandakı etiraz aksiyasındakı iştirakçıları saxlamağa başlayıb

    Rusiyanın Sputnik agentliyinin məlumatına görə, polis Yerevandakı etiraz aksiyasındakı iştirakçıları saxlamağa başlayıb.

    Ermənistan paytaxtı Yerevanda minlərlə insan mərkəzi meydana toplaşaraq Baş nazir Nikol Paşinyanın və hökumətin istefasını tələb edir.

    Etirazçılar Nikol Paşinyanı Rusiyanın iştirakı ilə Azərbaycanla atəşkəs sazişi bağlamaqda və Ermənistan qoşunlarını Qarabağdan çıxarmaqla Laçın, Kəlbəcər və Ağdamın Azərbaycana verilməsinə razılaşmaqda günahlandırır.

  11. Mitinqdə qarabağlılar da çıxış edir, BBC müxbiri Yerevandan xəbər verir.

    Onlar Nikolu “ata-babaları, özlərinin doğulub yaşadıqları vətəni almaqda” günahlandırır.

    Bu qadın deyir: “İndi mənim evim, vətənim yoxdur. Mən harada yaşamalıyam. Sən hansı qarabağlıdan soruşub, o sənədi imzaladın?!”

  12. Rusiyanın NATO-dakı nümayəndəliyi bildirib ki, 8 ədəd Mi-8 və Mi-24 Rusiya Hərbi helikopterləri Rusiya, Ermənistan, Azərbaycan sülh sazişinin həyata keçirilməsinə nəzarət etmək üçün sülhməramlı missiyada iştirak etmək üçün Dağlıq Qarabağa gəlib.

  13. Firavan Ermənistan parlament fraksiyasının üzvü İveta Tonoyan fraksiya və eyni adlı partiyanın rəhbəri Qaqik Tsarukyanın və etirazda iştirak edən siyasi qüvvə rəhbərlərinin hazırda MTX-də saxlanıldığını deyib.

    İveta Tonoyan fəalların evlərində axtarışlar və təqiblərə son qoymağa çağırıb.

    Çıxışların arası “Nikol satqın! Nikol, çıx get!” çağırışları ilə kəsilir.

  14. Mariya Zaxarova: "Rusiya Ermənistanı və erməniləri soyuqda qoymadı"

    Rusiyanın Xarici İşlərliyinin rəsmi Twitter səhifəsi naziliyin sözçüsü Mariya Zaxarovadan sitatı paylaşıb.

    Cümə günü Zaxarova mediada olan iddialar haqqında deyib ki, "Rusiya Ermənistanı və erməniləri soyuqda qoymayıb".

    "Rusiya əvvəlcə siyasi yolla - diplomatları ilə, ardınca da sülhməramlı qüvvələrini gətirərək vəziyyəti düzəltmək üçün baxmadığı daşın altı qalmadı", - Maria Zaxarova deyib.

    Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda Qarabağda olan Rusiya sülhməramlılarının hərbi avtomobil karvanının hərəkəti videosu da dərc olunub.

  15. TRT HABER Şuşada 28 ildən sonra qılınan ilk namazın görüntülərini yayıb

    TRT HABER-in yaydığı bu videoda Şuşada 28 ildən sonra ilk dəfə namaz qılınmasının görüntüləri var.

    Videoda təxminən 8 nəfərin məscidin içərisində azan sədaları altında namaz qıldığı müşahidə olunur.

  16. Ermənistanda məğlubiyyət hissi insan itkisi acısına qarışıb - VİDEO, BBC müxbiri Steve Rozenberg-in Yerevandan hazırladığı reportaj.

  17. Suqovuşan kəndindən video

    Azərbaycan Müdafiə Nazirliyi Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndindən video yayımlayıb.

    Təsvirlərdə əvvəllər Ermənistan hərbçilərinin istifadə etdiyi inzibati binalar, hərbi texnika və mülki avtomobillər göstərilib.

    Videoda silah anbarının içərisində yüzlərlə yeşikdə istifadə olunmamış mərmi, F1 əl qumbarası, minaatan mərmiləri, qrad mərmiləri və minlərlə güllə göstərilib.

  18. Yerevan: " Paşinyan məğlubiyyətçi sənədi imzalayaraq tək Qarabağı yox, Ermənistanı məhv edib"

    Mitinqdə Firavan Ermənistan parlament fraksiyasının üzvü Mikayel Melkumyan və keçmiş hakim Erməni Respublikaçı Partiyasının üzvü, sabiq Milli Məclis sədrinin müavini Arpine Hovhannisyan çıxış edib.

    Arpine Hovhannisyan Paşinyanın “məğlubiyyətçi sənədi” imzalayaraq tək Qarabağı yox, Ermənistanı məhv etdiyini deyib.

    “Onun imzaladığı sənəd sayəsində Ermənistanı da itirilmək təhlükəsi qarşısında qoyulur”.

  19. Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edir

    Yerevanın Azadlıq meydanında birləşmiş müxalif qüvvələrin mitinqi başlayıb. Etirazçıların əsas tələbi baş nazir Paşinyanın istefasıdır. İzdiham: “Nikol satqın! Nikol çıx get!” – qışqırır.

    Etirazlar noyabrın 10-u gecəsi, baş nazir Nikol Paşinyanın, Azərbaycan və Rusiya lideriləri ilə birgə Qarabağda müharibəni dayandırmaq haqqında ortaq anlaşmaya imza atmasından sonra başlayıb.

    Müxalif qüvvələr sənədi "Ermənistanın kapitulyasiyası" hesab edir, Paşinyan tərəfindən onun imzalanmasını "xəyanət" kimi qiymətləndirir.

    Ermənistan baş naziri getməlidir, bütün xalqın sağlam qüvvələri isə yaranmış vəziyyətdən necə çıxmaq məsələsinin həllini tapmalıdır, Daşnaksutyun Erməni İnqilabi Federasiyasının bəyanatında deyilir.

    Daşnaksutyun etirazları təşkil edən 17 siyasi qüvvədən biridir. Digər tanınan qüvvələrdən etirazlarda Qaqik Tsarukyanın rəhbərlik etdiyi parlamentdə təmsil olunan Firavan Ermənistan, Serj Sarkisyanın rəhbərlik etdiyi keçmiş hakim Ermənistan Respublikaçı Partiyası və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyanın istefadan sonra təsis etdiyi Vətən Partiyasıdır. Vanetsyan 2018-ci ildə “məxməri inqilabdan” sonra Paşinyan tərəfindən MTX rəisi təyin olunub, bir neçə aydan sonra general-mayor rütbəsi verilib və 10 aydan sonra vəzifədən azad edilib.

    Daşnaksutyunun bəyanatında deyilir: “Noyabrın 10-da Paşinyan tərəfindən imzalanmış bəyanat məğlubiyyətçi, alçaldıcı bir sənəd, erməni xalqına qarşı böyük cinayətdir. O, gələcək nəsillərin müstəqil ölkədə yaşamaq, ləyaqətli gələcək qurmaq haqlarını təhlükə altına qoyur”.

    Mitinqdə çıxış edənlər “vəziyyəti düzəltmək üçün” baş nazir “sarsıntısız" vəzifəsini tərk etməlidir.

    90-cı illərdə Levon Ter-Petrosyan hökumətində baş nazir olmuş Hrant Baqratyan deyir ki, bu məğlubiyyət, "Qarabağın təhvil verilməsi" planı qabaqcadan Qərbdə (xüsusən Britaniya kəşfiyyat xidməti tərəfindən) işlənib hazırlanıb və Nikol Paşinyan buna bələd olub.

  20. Yerevan mitinqi: "Müharibədə həlak olanların anaları çıxış edir"

    Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələb edilən mitinqdə müharibədə həlak olanların anaları da çıxış edir.

    Onlardan birinin mayor Mkrtiç Hakobyanın anası Paşinyandan cavab tələb edir.

    "İmzalayıb torpaqları təhvil verəcəydisə, nə üçün mənim oğlun həlak olmalıydı?"

    O bütün anaları meydana, cavab tələb etməyə çağırır.