You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Füzuli rayonunda minaya düşən iki nəfərdən biri həlak olub - Baş Prokurorluq

    Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində minaya düşən iki Azərbaycan vətəndaşından biri həlak olub, digəri ağır yaralanıb, Baş Prokurorluq bildirir.

    “14 noyabr saat 17 radələrində 2020-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşları 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cü il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşüblər, nəticədə Yasin Əhmədov həlak olub, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb.”

    Prokurorluğun yaydığı məlumatda deyilir ki, Ermənistan qüvvələri geri çəkildikcə, tərk etdiyi əraziləri minalayır.

    Məlumata əsasən, hadisə ilə bağlı təcavüzkar müharibə aparma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma də daxil, bir neçə maddə üzrə cinayət işi açılıb və araşdırma aparılır.

  2. Dağlıq Qarabağ münaqişəsində ən çox qazanan kim oldu? Türkiyədən baxış

    Həftənin əvvəlində Dağlıq Qarabağ münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasını elan edən üçtərəfli razılaşmadan ən çox faydalanan Rusiya oldu, İstanbul Universitetinin alimi Hakan Güneş belə hesab edir.

    “Rusiya, sözün əsl mənasında bölgəyə qayıtdı. Həm də birbaşa Azərbaycan ərazisində hərbi mövcudluğunu yaratmış oldu”.

    BBC News Türkçəyə bölgədəki yeni reallıqları izah edən mütəxəssis deyir, Azərbaycan müharibə nəticəsində işğal altındakı rayonları qaytararaq Dağlıq Qarabağın içində də irəliləyib.

    “Azərbaycan 1994-cü ildə atəşkəsdən sonra yeddi rayonunu geri aldı. İşğaldan xilas oldu. Qarabağ vilayətinin sərhədləri daxilində əlavə olaraq, 25 faiz irəliləyiş əldə etdi”.

    Hakan Güneşin fikrincə, müharibə nəticəsində məğlubiyyətə uğrayan Ermənistan Rusiyadan daha da asılı vəziyyətə düşüb.

    Yerevan yalnız əraziləri itirmədi, o, həmçinin iqtisadiyyatının, siyasi sisteminin nə qədər problemli olduğunu anladı. Üstəlik, Rusiya ilə Qərb arasında tarazlığın saxlanılmasına yönələn Yerevanın siyasəti də nəticə vermədi, Hakan Güneş deyir.

    Türkiyəli alim, həmçinin Azərbaycanı Naxçıvanla bağlayacaq yolun əhəmiyyətini də şərh edib. “Avropa, onun üzərindən Trakiya, İstanbul, Anadolu, Anadoludan Naxçıvana, ordan Bakıya bir yol deməkdir bu. Bu layihə “30 ildir Türkiyənin, Qərbin istədiyi plan idi,” o deyir.

    Amma Hakan Güneş əlavə edir ki, Rusiyanın bu işdə olması bəzi narahatlıqlar yaradır.

    Türkiyə sırf hərbi qüvvə olaraq sülhməramlı missiyada iştirak etməsə də, müşahidəçi şəklində təmsil olunur, o, eyni zamanda hərbi, texniki və təlim sahəsindəki başqa razılaşmalar sayəsində də Azərbaycanda mövcuddur və Türkiyə də bəlirli bir qazanc əldə etdi, BBC Türkçeye danışan Hakan Güneş deyib.

  3. FHN Suqovuşan su anbarını mühafizəyə götürüb

    Azərbaycan Fövqəladə Hallar Nazirliyi Tərtərin işğaldan azad edilən Suqovuşan su anbarını mühafizəyə götürüb.

    "Su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri ərazidə sutkalıq fasiləsiz nəzarət rejiminin tətbiqinə başlayıb,"- Fövqəladə Hallar Nazirliyi bildirib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilib.

    Nazirlik bildirib ki, işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili barədə Prezidentin sərəncamına əsasən, bu addım atılıb. Oktyabrın 29-da İlham Əliyev işğaldan azad olunan ərazilərdə müvəqqəti idarəetmənin təşkili barədə fərman imzalayıb.

  4. Türkiyə Milli Müdafiə Nazirliyi: “Ehtiyac olsa, tərəddüd etmədən Azərbaycana hər cür kömək edəcəyik”

    Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, Qarabağ münaqişəsinə görə imzalanan atəşkəs razılaşmasını və onun yerinə yetirilməsini yaxından izləyir.

    “İşğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlığın yenidən bərqərar olması prosesini çox yaxından izləyəcəyik, güzəştə gedilməsinə imkan verməyəcəyik, ehtiyac olduğu halda heç bir tərəddüd etmədən Azərbaycana hər cür kömək edəcəyimizi bir daha vurğulayırıq," - Türkiyə Milli Müdafiə Nazirliyinin şənbə günü yaydığı bəyanatda deyilib.

    Qurum onu da əlavə edib ki, noyabrın 11-də cəbhədə atəşkəsə nəzarət edəcək və yoxlama aparacaq Türkiyə-Rusiya atəşkəsi müşahidə mərkəzinin əsasları və detalları barəsində verilmiş qərar hələ də iki ölkə arasında müzakirə olunur.

  5. Rusiya Dağlıq Qarabağ zonasında son vəziyyəti əks etdirən xəritə yayımlayıb

    Rusiyanın yaydığı, Dağlıq Qarabağ münaqişəsi zonasında son vəziyyəti əks etdirən xəritədə Rus sülhməramlı qüvvələrin müşahidə məntəqələrinin yerləri göstərilir.

    Xəritədə əməliyyatın ərazisi "Şimal" və "Cənub" adlanan məsuliyyət zonalarına bölünüb.

    “Cənub”məsuliyyət bölgəsində doqquz müşahidə məntəqəsinin yerləşdirilməsi başa çatdırılıb. 15-ci Sülhməramlı Briqadanın bölmələri tərəfindən son gün ərzində bu məsuliyyət zonasında daha beş müşahidə məntəqəsi yaradılıb, ” - Müdafiə Nazirliyinin rəsmi saytında deyilir.

    14 noyabr tarixinə olan rəsmi məlumata görə, sülhməramlı əməliyyatın keçirildiyi bölgədə, təmas xətti boyunca Rusiya kontingentinin 12 müşahidə postu yerləşdirilib.

  6. Ermənistan Səhiyyə Nazirliyi Qarabağda 2317 hərbçinin öldüyünü təsdiqləyib

    Ermənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində 2317 hərbçinin öldüyünü bildirib. Rusiyanın İnterfaks agentliyinin məlumatına görə, bu say məhkəmə ekspertizasından keçmiş meyitlərə aiddir. Agentlik bildirib ki, bu xəbəri Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan Facebook-da yazıb. O deyib ki, şəxsiyyəti məlum olmayan cəsədlər var.

    Onun sözlərinə görə, Azərbaycan tərəfdən ölən hərbçilərin cəsədlərinin dəyişdirilməsi prosesi yeni başlayıb.

    "Mübadilə edən tərəflər bu anda son rəqəmlərə sahib ola bilməzlər, çünki mübadilə prosesi hələ də davam edir,"- Nikoqosyan deyib.

    Cümə günü, tanınmamış "Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi" 1383 hərbçinin öldüyünü bildirmişdi.

    İkinci Qarabağ müharibəsi sentyabrın 27-dən başlayıb və 44 gün çəkib.

    Azərbaycan tərəfi hələ ki, itkilərin sayını açıqlamasa da, Rusiya mənbələri hər iki tərəfin ağır itki verdiyini bildirib.

    Noyabrın 10-da Ermənistan, Rusiya və Azərbaycan hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalayıb.

    Şənbə günü ilk dəfə tərəflər Rusiyanın iştirakı ilə döyüşçülərin meyitlərini mübadilə ediblər.

    Bundan əvvəl döyüşlər getdiyi vaxtda Azərbaycan Ermənistana 30 hərbçinin meyitini təhvil verdiyini bəyan eləmişdi.

  7. Laçının Güləbürd kəndindən video

    Azərbaycan Müdafiə Nazirliyi Laçın rayonunun işğaldan azad olunan Güləbürd kəndindən video yayıb.

    Təsvirlərdə kəndin evləri, kənd ətrafı təpəliklər, çay dərəsi, elektrik yarımstansiyası görünür.

    Güləbürd kəndi Laçın dəhlizinə yaxın kəndlərdən biridir və İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçilərinin bu kəndin azad olunması zamanı çəkdikləri bəzi videolar sosial şəbəkələrdə yayılmışdı.

  8. Türkiyə Müdafiə Nazirliyi Azərbaycanın qələbəsini təbrik edən video yayımlayıb

    "Dağlıq Qarabağda böyük bir zəfər əldə edərək bizi qürurlandıran Azərbaycanlı qardaşlarımıza və onların qəhrəman ordusunun cəsur əsgərlərinə ithaf olunur," - deyə Türkiyə Müdafiə Nazirliyin yaydığı məlumatda bildirilib.

    Videoda Azərbaycan və Türkiyə ordularının təlimlərindən və ikinci Qarabağ müharibəsində Azərbaycan ordusunun döyüş əməliyyatları kadrlarından istifadə edilib.

  9. Qarabağın erməni sakinləri Xankəndinə qayıdırlar

    Qarabağın erməni əhalisinin bəziləri Xankəndinə qayıdırlar.

    Şənbə günü Ermənistan ictimai radiosunun yaydığı məlumata görə, ikinci Qarabağ müharibəsi dövründə qaçqın düşmüş insanları aparmaq üçün 11 avtobus Yerevanın mərkəzindən Xankəndinə yola düşüb.

    Məlumatda deyilir ki, qaçqınların qayıtması barəsində seperatçı "Dağlıq Qarabağ Respublikasının rəhbəri" Arayik Harutyunyan ilə Yerevan meri Hayk Marutyan arasında razılıq əldə olunub.

    İctimai radionun xəbərinə görə, onların cümə axşamı günü baş tutan görüşündə Yeravan bələdiyyəsinin kommunal xidmətlərdə və bərpa işlərində Xankəndinə (Stepanakert) xüsusi mütəxəssislər qrupu göndərəcəyi razılaşdırılıb.

  10. Azərbaycan əsgərlərinin Şuşada rəqs etdiyini göstərən video yayılıb

    Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə videonu öz Twitter səhifəsində paylaşıb.

    Səfir videonu paylaşaraq qeyd edib: "Ürəkaçan mənzərə. Şuşada ilk qar və Azərbaycan əsgərləri rəqs etməkdən zövq alırlar".

    Daha sonra o əlavə edib: "Ermənistanın işğalına son verilməsi ilə sülhün ilk cizgiləri Qarabağımızda hiss olunmağa başlayır".Video kadrlarda Azərbaycan musiqisinin sədaları altında üç hərbçinin rəqs etdiyi əks olunub.

    Kadrlardan dağlıq əraziyə qar yağdığı görünür, amma məkanın hara olması haqqında məlumat verilmir.

  11. Şuşa ətrafındakı döyüşlərdə həlak olan bir neçə hərbçinin meyiti dəyişdirilib

    Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbçinin meyiti mübadilə olunub.

    Nazirlik şənbə günü yaydığı məlumatda bildirib ki, erməni hərbçilərinin cəsədi toplanıb və Ermənistan tərəfinə təhvil verilib.

    "Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun altı hərbi qulluqçusunun meyiti təhvil alınıb", - Müdafiə Nazirliyi bildirib.

    Məlumata görə, bu addım 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın səkkizinci bəndinə uyğun olaraq atılıb.

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, bu, "humanitar aksiyadır" və Azərbaycanın "Dağlıq Qarabağ" bölgəsinə gəlmiş Rusiya sülhməramlılarının vasitəçiliyi və iştirakı ilə baş tutub.

  12. Bərdəyə sığınanlar evlərinə qayıdırlar

  13. Rusiya helikopterləri Qarabağa gələn sülhməramlıları müşayiət edir

    Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Qarabağa göndərdiyi Mi-8 və Mi-24 hərbi helikopterləri Ermənistandan münaqişə bölgəsinə gedən sülhməramlıları müşayiət etməyə başlayıb.

    Nazirliyin məlumatına görə,"Helikopterlər Ermənistanın Erebuni hava limanından Gorus və Xankəndi (Stepanakert) istiqamətində gedən sülhməramlı qüvvələri yanlardan müşayiət etmək tapşırıqlarını yerinə yetiriblər".

    Məlumata görə, helikopterlər atəşkəsə və münaqişə bölgəsindəki döyüş əməliyyatlarına nəzarət edəcək, eyni zamanda maddi-texniki avadanlıq və heyətin çatdırılmasında iştirak edəcək.

    Ötən gün bu məqsədlə səkkiz helikopterin Rusiyaya məxsus An-124 "Ruslan" hərbi nəqliyyat təyyarəsi ilə Yerevandakı hava limanına gətirildiyi bildirilib.

    Bundan əvvəl Rusiya Müdafiə naziri Sergey Şoyqu hərbi nəqliyyat aviasiyasının üç gün ərzində Qarabağa 1103 hərbçi və 168 texnika köçürdüyünü bildirib.

  14. Sergey Lavrov:"Dağlıq Qarabağda heç bir türk sülhməramlısı yerləşdirilməyəcək"

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Türkiyəli müşahidəçilər Azərbaycna ərazisində, Dağlıq Qarabağdan uzaqda yerləşəcək bir bölgədə Rusiya-Türkiyə monitorinq mərkəzində olacaq və bu mərkəzin yeri hələ dəqiqləşməyib. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yadığı məlumata görə, Sergey Lavrov yerli və xarici jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, Rusiya ilə Türiyə arasında birgə atəşkəsi müşahidə üzrə çərşənbə günü memorandum imzalanıb.

    "Mərkəz Dağlıq Qarabağdakı vəziyyəti, ilk növbədə təmas xəttindəki ərazidə izləmək və hansı tərəfin pozduğunu və hansı tərəfin əməl etdiyini müəyyənləşdirmək üçün pilotsuz uçuş aparatları və digər texnoloji, canlı izləmə və qeyd sistemlərindən istifadə edərək, yalnız uzaqdan işləyəcəkdir", - Sergey Lavrov deyib.

    O bildirib ki, Türkiyəli müşahidəçilərin hərəkət sərhədləri keçmiş münaqişə zonasında deyil, Azərbaycan ərazisində qurulacaq binalarla məhdudlaşacaq.

    Cənab Lavrovun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu və müdafiə naziri Hulusi Akarın Türkiyənin Rusiya ilə eyni şərtlərdə çalışacağı ilə bağlı açıqlamaları, yalnız Azərbaycanda yerləşdiriləcək nəzarət mərkəzinə aiddir.

    Sergey Lavrov deyib ki, mərkəzdə Türkiyəni təmsil edən nümayəndələr "hərəkətsiz olacaq və yerində heç bir missiya aparmayacaq".

    Türkiyə və Azərbaycan tərəfi hələ ki, bu məsələ barəsində şərh verməyib.

    O rus və türk müşahidəçilərin və mütəxəssislərin atəşkəsə nəzarət mərkəzində bərabər şərtlərlə işləyəcəklərini təsdiq edib.

    "Dağlıq Qarabağda heç bir türk sülhməramlısı yerləşdirilməyəcək. Bu, üç liderin açıqlamasında açıq şəkildə qeyd olunur", - Sergey Lavrov deyib.

    Rusiya XİN rəhbəri onu da deyib ki, tərəflər arasında əldə olunan razılaşma Rusiyadakılar da daxil olmaqla bir çox insan tərəfindən səhv şərh edilir.

    "Razılaşma ilə bağlı çoxlu fərziyələr var, ancaq atəşkəsin elan edilməsindən əvvəl həftə ərzində aparılan intensiv danışıqların ardınca kağıza yazılanlar budur",- Sergey Lavrov deyib.

  15. Hikmət Hacıyev: "Azərbaycana dəymiş ziyanın qiymətləndirilməsi üçün beynəlxalq və yerli qurumlar cəlb olunacaq"

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, sentyabrın 27-dən indiyədək döyüşlər nəticəsində Azərbaycana dəymiş ziyanın qiymətləndirilməsi üçün beynəlxalq və yerli qurumlar cəlb olunacaq.

    O bildirib ki, ümumi nəticə əsasında əldə ediləcək rəqəmlər beynəlxalq ictimaiyyətə də təqdim olunacaq.

    "Bütün bunlar qiymətləndirildikdən sonra vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması istiqamətində lazımi tədbirlər görüləcək."- o qeyd edib.

    Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan silahlı qüvvələri yalnız cəbhə bölgəsindəki mülki əhalini və obyektləri deyil, cəbhə zonasından xeyli kənarda yerləşən şəhərləri, o cümlədən Gəncəni, Mingəçeviri, Xızını və digər şəhərləri ballistik raketlərdən atəşə tutub.

  16. Dağlıq Qarabağ üçün idarələrarası humanitar cavab mərkəzi yaradılıb

    Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ üçün idarələrarası humanitar cavab mərkəzinin yaradılması barədə fərman imzalayıb. Bu barədə cümə günü Kremlin mətbuat xidməti məlumat yayıb.

    "İdarələrarası mərkəzə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazirliyin, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri, habelə digər maraqlı federal icra orqanlarının nümayəndələri daxildir. İdarələrarası mərkəzin yaradılması və istismarı ilə bağlı təşkilati və digər məsələlərin həlli Rusiya Federasiyası Müdafiə Nazirliyinə həvalə ediləcək,"- mətbuat xidməti tərəfindən yayılan sənəddə deyilir.

    Rusiya Prezidenti bildirib ki, mərkəz bölgə sakinlərinə ən aktual problemlərin həllində kömək etmək üçün yaradılır.

    “Mərkəz qaçqınların daimi yaşayış yerlərinə qayıtması prosesinə operativ dəstəyi, mülki infrastrukturun bərpası və Dağlıq Qarabağda normal həyat üçün şərait yaradılmasıüçün Azərbaycan və Ermənistanın dövlət qurumları ilə qarşılıqlı fəaliyyətlə məşğul olacaq,"- o deyib.

    Mərkəzin funksiyaları dövlət strukturlarının işinin koordinasiyasını da əhatə edəcək.

    Putin mərkəzin hərbi əməliyyatlardan zərər görmüş bölgələrin sakinlərinə humanitar yardım göstərmək üçün ictimai təşkilatlarla da işləyəcəyinə ümid etdiyini bildirib.

    Bundan əlavə, mərkəz belə bir yardıma ehtiyac duyarsa, Azərbaycan və Ermənistan hökumət orqanlarına "beynəlxalq humanitar təşkilatlarla və öz aralarında qarşılıqlı əlaqələrin qurulmasında" kömək etməyə hazırdır.

    "Mənə elə gəlir ki, bu cür yardım respublikalar arasındakı münasibətlərin mürəkkəb tarixçəsini nəzərə alaraq çox faydalı olardı,"- Putin deyib.

  17. Ankarada keçirilən görüş vaxtı Rusiya və Türkiyə hərbi heyətləri Qarabağ və Suriya ilə bağlı vəziyyəti müzakirə ediblər.

    Anadolu Agentliyi (AA) bildirir ki, XİN və daha sonra Müdafiə Nazirliyində keçirilən danışıqlar vaxtı Türkiyə -Rusiya Birgə Monitorinq Mərkəzinin mexanizminin təfərrüatları müzakirə olunub.

    Vurğu atəşkəsin pozulmasının qarşısının alınmasına edilib, AA xəbərində deyilir.

    Məlumata əsasən, tərəflər Türkiyə-Rusiya müşahidəçi missiyasının sayı, dislokasiyası və fəaliyyət dairəsini müəyyən etməlidirlər.

  18. Dağlıq Qarabağın mülki əhalisi əlavə yardıma ehtiyac duyacaq - Putin

    Putin bəyan edib ki, Dağlıq Qarabağdakı hərbi əməliyyatlar tamamilə dayandırılıb.

    Onun sözlərinə görə, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat “qan tökülməsini dayandırmağa və vəziyyəti sabitləşdirməyə imkan yaradıb.”

    Putin hesab edir ki, Dağlıq Qarabağın mülki əhalisi əlavə yardıma ehtiyac duyacaq.

    Putin ümid edir ki, "münaqişə" sözü artıq Dağlıq Qarabağdakı vəziyyəti izah etmək üçün istifadə olunmayacaq.

    Putin eyni zamanda, Rusiya Federasiyasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı idarələrarası mərkəzinin işinə beynəlxalq dəstəyə ümid bəsləyir.

  19. Qarabağda həlak olanların cəsədlərinin "mübadiləsinə başlanılıb"

    Qarabağda separatçıların lideri Qarabağda həlak olanların cəsədlərinin mübadiləsinə başlanıldığını bildirir.

    Arayik Harutyunyan bu barədə özünün Facebook hesabında yazıb.

    "Bu gün əvvəlcədən əldə edilmiş razılaşmalara uyğun olaraq ölənlərin cəsədlərinin mübadiləsi prosesi başlayıb".

    Məlumata görə, prosesdə Rusiya sülhməramlıları, yerli fövqəladə xidmət və Beynəlxalq Qızıl Xaç Komitəsi iştirak edir.

  20. "Rusiya BMT-nin tələbi ilə Azərbaycan və Ermənistanla danışıqlar aparır"

    Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, BMT-nin tələbi ilə dünya təşkilatının strukturlarının Qarabağda olması üçün Rusiya Azərbaycan və Ermənistanla danışıqlar aparır.

    "Humanitar fəaliyyətlə məşğul olan beynəlxalq təşkilatlarla əlaqəyik. Bunlar ilk növbədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsi, BMT-nin İnsani Məsələləri Koordinasiya Ofisi və BMT İnkişaf Proqramıdır. Bütün bu strukturların bölgələrdə iştirakı var, lakin birbaşa Dağlıq Qarabağda deyil.”

    Nazir deyib ki, hazırda bunun üçün BMT strukturlarının istəyi ilə erməni və azərbaycanlı həmkarlarla müzakirələr aparırlar.

    Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, BMT strukturları üçün bölgədəki qaçqın və köçkün sayı barədə dəqiq məlumatlara sahib olmaq vacibdir.