You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Mevlüt Çavuşoğlu Milli Dirçəliş Günü ilə bağlı Azərbaycana təbrik ünvanlayıb

    “32 il əvvəl müstəqillik üçün ayağa qalxan qəhrəman azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını da azadlığa qovuşdurdu,” Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu “Twitter”də Azərbaycana Milli Dirçəliş Günü münasibətilə ünvanladığı təbrik paylaşımında bildirib.

    “1988-ci ildə Bakıda qaldırılmış bayraq bu gün işğaldan azad edilən torpaqlarda dalğalanır! Milli Dirçəliş Günün mübarək olsun, can Azərbaycan!” - Türkiyə XİN başçısı vurğulayıb.

  2. BQXK: "Qarabağ münaqişəsi tərəfləri 200 cəsədi mübadilə ediblər"

    "Qarabağ münaqişəsi tərəfləri artıq 200 ölənin cəsədi mübadilə ediblər," Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Prezidenti Peter Maurer deyib, "RİA Novosti" xəbər verir.

    O deyib ki, "təşkilatın Dağlıq Qarabağdakı fəaliyyətinin prioritetləri köçkünlərə kömək etmək, öldürülənlərin cəsədlərini almaq, həmçinin mümkün danışıqlara və mübadiləyə hazırlaşmaq üçün məhkumları ziyarət etməkdir", "Ria Novosti" Maurerdən sitat gətirir.

    Agentlik BQXK rəhbərinin "səy göstərməyə davam edəcəyik" dediyini yazır.

    Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, çərşənbə axşamı günü Maurer Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

    Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zakharova cümə günü keçirilmiş brifinqdə "tərəflərin dünyanın bir sıra bölgələrində (Dağlıq Qarabağda məsələsi daxil olmaqla) baş verənlərlə bağlı qiymətləndirmə mübadiləsi və koronavirus kontekstində qarşılıqlı əlaqəni müzakirə etməyi planlaşdırdığını" bildirmişdi.

    Azərbaycanla Ermənistan arasında döyüşlər sentyabrın 27-də başlayıb. Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış anlaşmaya əsasən dayandırılıb.

    Ermənistan döyüşlər zamanı ümumilikdə 1300-dən çox itki verdiyini açıqlayıb, Azərbaycan tərəf hələ hərbi itkilərini açıqlamır.

  3. Prezident İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad edilmiş bəzi yerlərə səfər ediblər

    Azərbaycan Prezidenti İlham Əliyev və onun həyat yoldaşı, ölkənin vitse-prezidenti Mehriban Əliyeva işğaldan azad edilmiş bəzi ərazilərə, o cümlədən Cəbrayıl rayonu ərazisindəki Xudafərin körpüsünə baş çəkiblər.

    Bu barədə video görüntüləri birinci xanım Mehriban Əliyeva öz Facebook səhifəsində paylaşıb.

    Videoda Prezident İlham Əliyev qarşı tərəfin Cəbrayılı dağıtmasından danışıb.

    "Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar. Talan ediblər. Onların məqsədi var idi. Heç vaxt bundan sonra burada azərbaycanlılar yaşamasın. Yaşayacağıq. Əbədi yaşayacağıq".

    İlham Əliyev videoda niqtinin davamında bildirib ki, dağıdılmış ərazilərin "hamısı bərpa ediləcək".

    Daha sonra o "30 il ərzində heç bir beynəlxalq qurumun Azərbaycan ərazilərində baş verənlərlə bağlı məsələ qaldırmadığını" vurğulayıb.

    İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

  4. Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

    Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür.

    Azərbaycan mediası yazır ki, Milli Dirçəliş Günü ölkədə 1992-ci ilin 17 noyabrından qeyd olunur və bu gün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

    "1988-ci il noyabrın 17-də yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edərək Bakının mərkəzi meydanına toplaşıb və fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası" olub.

    "Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi “Meydan hərəkatı”nın əsasını qoyub", yerli medianın məlumatında bildirilir.

    "SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan “Meydan hərəkatı”nın mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilməyib və 17 günlük “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub", yerli media yazır.

    Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.

  5. Ermənistan XİN Paşinyanın açıqlamasını təkzib edib

    Ermənistan Xarici İşlər Nazirliyi Baş nazir Nikol Paşinyanın sülh prosesi zamanı Dağlıq Qarabağdakı Şuşa şəhərinə sahiblik məsələsinin müzakirə edildiyi barədə açıqlamasını təkzib edib.

    Müvafiq bəyanat bazar ertəsi günü Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan tərəfindən yayımlanıb.

    "Sülh prosesi zamanı Şuşa məsələsi müzakirə edilməyib,"- o bildirib.

    Paşinyan bazar ertəsi günü onlayn mətbuat konfransı zamanı bildirib ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı müzakirə zamanı Azərbaycan tərəfinin Dağlıq Qarabağdakı Şuşa şəhərinin ona verilməsinə dair tələbi müzakirə olunub.

  6. Noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

    Bu barədə sosial mediada görüntülər yayılmışdı.

  7. Rusiya MN: “ Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müşahidə postları tamamlanıb”

    Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov cümə günü bildirib ki, Qarabağdakı tərəflərin təmas xətti boyunca barışıq əməliyyatı bölgələrində Rusiya sülhməramlı qüvvələrinin müşahidə postları tamamlanıb, vəziyyət gecə-gündüz izlənilir.

    “Atəşkəsə və bütün döyüş əməliyyatlarına riayət olunmasına nəzarəti cənub məsuliyyət zonasında doqquz, şimal zonasında daha 9 müşahidə məntəqəsində sülhməramlı bölmələr həyata keçirir,"- o deyib.

    O, "atəşkəsin bütün təmas xətti boyunca müşahidə olunduğunu" vurğulayıb.

    Rus sülhməramlıları Dağlıq Qarabağın şimalındakı Kəlbəcər bölgəsindəki qədim Xudavəng (Dadivank) monastırı yaxınlığında müşahidə məntəqəsi yaradıb və insanların ziyarətgahı pulsuz ziyarət etmələri mövzusu müzakirə olunur.

    Üçtərəfli razılığa əsasən, Kəlbəcər bölgəsi Azərbaycanın nəzarətinə keçir.

    Bundan əvvəl kilsədəki müqəddəs sayılan əşyalar Ermənistana göndərilib.

    Rusiya hərbi nəqliyyat təyyarələri sülhməramlıları Dağlıq Qarabağa köçürmək üçün 140 uçuş həyata keçirib.

    Rusiya MN nümayəndəsi bazar ertəsi günü hərbi mütəxəssislərin Xankəndi-Gorus yolunun 1 km-lik hissəsini araşdırdığını və təmizlədiyini, həmçinin 27 ədəd qırıq və zədələnmiş texnikanın yoldan və yol kənarlarından çıxardığını qeyd edib.

    "Laçın dəhlizindəki ərazinin minalardan və partlayıcı maddələrdən tam təmizlənməsi işləri aparılır, "- o deyib.

    Rusiya Müdafiə Nazirliyi bazar günü 470-dən çox qaçqının Dağlıq Qarabağa qayıtdığını bildirib.

    "Bu il noyabrın 15-də 475 qaçqın, Ermənistan Respublikasının ərazisindən Rusiya sülhməramlı qüvvələrinin və hərbi polisin patrullarının müşayiəti ilə Dağlıq Qarabağa qayıdıb," – o deyib.

    Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi açıqlayıb ki, noyabrın 14-dən bəri hərbi əməliyyatlara görə Dağlıq Qarabağ ərazisini tərk etmiş 725 nəfər yaşayış yerlərinə qayıdıb.

  8. BBC müxbiri Yuri Vendik öz Twitter hesabında Rusiya sülhməramlılarının Qarabağa getməsi ilə bağlı görüntülər paylaşıb.

    "Gorus. Rusiya sülhməramlıları Qarabağa gedir"- o yazıb.

  9. Ermənistanın baş naziri Nikol Paşinyan son iki gündə Şuşadan 300-dən çox hərbçi cəsədinin çıxarıldığını söyləyib, Ermənistan mediası yazır.

    Azərbaycan noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edildiyini bildirib.

  10. Paşinyan: "Laçın dəhlizi bu gün açılacaq"

    Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizi 16 noyabrda açılacaq və təhlükəsiz fəaliyyət göstərəcək.

    O bu barədə bu gün parlamenetdəki çıxışı zamanı danışıb.

    "Laçın dəhlizindən keçən yol bu gün açılacaq və təhlükəsiz fəaliyyət göstərəcək. Qarabağ vətəndaşları artıq kifayət qədər yaxşı templə Stepanakertə qayıdır," - o deyib.

    Hazırda noyabrın 10-da 9 Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanatına uyun olaraq Laçın dəhlizinin təhlükəsizliyini Rusiya sülhməramlıları təmin edir.

  11. Paşinyan xarici işlər nazirinin istefasına qərar verib

    Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin xarici işlər naziri Zohrab Mnatsakanyanın istefasına qərar verib.

    O bu barədə bazar ertəsi parlamentdə söyləyib.

    Bundan sonra Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan bazar ertəsi istefa məktubu yazıb.

    "Hörmətli cənab baş nazir, xahiş edirəm istefa məktubumu qəbul edin. Etibarınız və komanda işiniz üçün təşəkkür edirəm,"- Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyanın paylaşdığı Mnatsakanyanın məktubunda deyilir.

    Zohrab Mnatsakanyan bundan öncə bildirmişdi ki, Paşinyan Azərbaycan və Rusiya ilə birgə imzaladığı bəyanatla bağlı onunla məsləhətləşməyib.

  12. Müdafiə Nazirliyi Azərbaycanın Xocavənd rayonunun işğaldan azad olunmuş Domi kəndindən videoreportaj təqdim edib.

  13. Bunu da oxuyun, (arxivdən)

    "Müharibədən qaçanları şərti olaraq üç qrupa bölmək olar. Bəziləri dərhal Ermənistanın içərilərinə, məsələn, Yerevana, müharibənin axırını orada gözləməyə gedirlər, digərləri Qarabağla sərhədyanı yaşayış məntəqələrində qalırlar. Ermənistanın Qoris şəhərində otellərdə qalanların əksəriyyəti jurnalistlərlə qaçqınlardır. Üçüncüləri də var, onlar dərhal cəbhə xəttindən uzaqlaşırlar, lakin tezliklə evə qayıtmaq ümidilə Qarabağı tərk etməyə tələsmirlər."

    BBC müxbirləri Laçın və Şuşada olublar və müşahidələrini yazıblar. Onlar orada nə gördü?

    Məqalədə oxuyun:

  14. Türkiyə mediası: "Qarabağa türk əsgərinin göndərilməsinə dair Prezident administrasiyasının sənədi Türkiyə parlamentinə göndərilib"

    "Türk əsgərinin bir illik Qarabağa göndərilməsinə dair Prezident administrasiyasının sənədi Türkiyə parlamentinə təqdim olunub," Türkiyə mediası yazır.

    "Azərbaycanın münasib gördüyü yerdə Türkiyənin Rusiya ilə birlikdə yaradacağı ortaq mərkəzdə və bu mərkəzin görəcəyi işlərdə Türkiyə Silahlı Qüvvələri heyətinin və lazım olduğu qədər mülki heyətin olmasının 16 avqust 2010-cu ildə imzalanmış ”Türkiyə ilə Azərbaycan arasında strateji ortaqlıq və qarşılıqlı yardım anlaşması”na əsasən ölkəmizin öhdəliklərinə uyğun olaraq Azərbaycanın ərazi bütovlüyünü təsdiqləyən beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qərarları və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının prinsiplərinə uyğundur, bu, həmçinin bölgədə yaşayan xalqların sülh və rifahı, eləcə də milli maraqlarımız üçün zəruri sayılır", Anadolu Agentliyi sənəddən çıxarış edib.

    Sənəddə həmçinin deyilir ki, "buna görə də anlaşmadakı öhdəliklərimizi yerinə yetirmək, atəşkəsin təmin edilməsi, pozuntuların aradan qaldırılması, bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi məqsədi və Türkiyənin də mənfəətlərini qorumaq şərtilə yeri, əhatəsi, miqdarı və vaxtı Türkiyə Prezidenti tərəfindən təsdiqlənməli və təyin olunmalı olan Türkiyə silahlı Qüvvələrinin öhdəliklərinin yerinə yetirilməsi istiqamətində davranmaları üçün xarici ölkələrə göndərilməsi, bu qüvvələrin Prezidentin qərarlaşdıracağı əsaslara görə istifadə edilməsi ilə risk və təhdidlərin aradan qaldırılması üçün hər cür tədbirin görülməsi və buna imkan yaradacaq tənzimləmələrin Prezidentin müəyyənləşdirəcəyi prinsiplərə uyğun olaraq aparılması üçün Konstitusiyanın 92-ci maddəsinə uyğun olaraq bir il müddətinə icazə verilməlidir".

    Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistan Baş nazirinin döyüşlərin dayandırılması ilə bağlı imzaladıqları anlaşmaya əsasən münaqişə bölgəsində müşahidələrin aparılması üçün ortaq rus-türk müşahidə mərkəzinini qurulması da nəzərdə tutulmuşdu.

    Bölgədə sülhü təmin etmək üçün Rusiyadan olan sülhməramlılar artıq fəaliyyətə başlayıb.

  15. Baş Prokurorluq: "Azərbaycanın mülki itkilərinin sayı 94-ə çatıb"

    "Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlər nəticəsində mülki itkilərinin sayı 94-ə çatıb", Baş Prokurorluq mülki itkilərlə bağlı noyabrın 16-na olan statistikanı açıqlayıb.

    Qurum bildirib ki, "indiyədək xəsarət almış mülki şəxslərin sayı 414-dür".

    "İndiyədək 112 çoxmənzilli yaşayış binası, 3410 ev və 512 mülki obyekt yararsız vəziyyətə düşüb," Baş Prokurorluğun məlumatında deyilir.

    Azərbaycan və Ermənistan arasında döyüşlər sentyabrın 27-dən noyabrın 10-dək davam edib.

    Ermənistan tərəfi döyüşlərdə 1380-dən çox şəxsin həlak olduğunu bildirib. Azərbaycan tərəfi hələ hərbi itkilərinin sayını açıqlamayıb.

  16. 30 il təmas xəttində, 44 gün atəş altında: Tərtərdən reportaj

  17. FHN: "İşğaldan azad olunmuş ərazilərdə yerli strukturların təşkili davam etdirilir"

    Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yerli strukturlarının təşkilinin davam etdirildiyini açıqlayıb.

    Qurum bildirib ki, "FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq, Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb".

    "Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqla təchiz edilib", məlumatda deyilir.

    Bundan öncə Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.

  18. "Rusiya sülhməramlılarının daha 18 təyyarəsi Ermənistana çatıb" - TASS yazır

    "Rusiya sülhməramlılarının daha 18 təyyarəsi Ermənistana çatıb", Rusiyanın TASS xəbər agentliyi bu ölkənin Müdafiə Nazirliyinə istinadən yazır.

    Agentliyin xəbərinə görə, "Rusiya Müdafiə Nazirliyi son 24 saat ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri Ermənistana 58 ədəd texnika təhvil verildiyini açıqlayıb".

    "Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı əməliyyatlara qatılmaq üçün Ermənistana göndərilən 15-ci sülhməramlı briqadanın avadanlıqları və heyəti ilə Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının daha 18 Il-76 təyyarəsi və iki An-124 Ruslan təyyarəsi var. Rus hərbçiləri gətirdikləri bəzi mallar, silahlar və hərbi texnikanı boşaltdılar", qurumun məlumatında bildirilir, TASS yazır.

    TASS quruma istinadən xəbər verir ki, "son 24 saat ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri Ermənistana 58 ədəd texnika: zirehli personal daşıyıcıları, yolsuzluq yük maşınları, tanker yük maşınları, ekskavatorlar və digər texniki vasitələri çatdırıb".

    Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistan Baş nazirinin döyüşlərin dayandırılması ilə bağlı imzaladıqları anlaşmaya əsasən Rusiya sülhməramlılarının münaqişə bölgəsində hələlik 5 il müddətinə yerləşdirildikləri bildirilir.

  19. Rusiya Fövqəladə Hallar Nazirliyinin bir qrupu Xankəndində yaradılan İdarələrarası Humanitar Müdaxilə Mərkəzinin tərkibinə daxil olacaq.

    "Yaxın gələcəkdə Mərkəzin qruplaşması o cümlədən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin qüvvələri və vasitələri, Rusiya Federasiyasının digər federal icra orqanlarının nümayəndələri hesabına həyata keçiriləcək", - RİA Novosti yazır.

    Qrupun Dağlıq Qarabağa qayıdacaq köçkünlərin təhlükəsizliyini təmin etdiyi bildirilir: noyabrın 14-də Laçın dəhlizi vasitəsilə doqquz avtobus (250 nəfər), noyabrın 15-də 19 avtobus (475 nəfər) müşayiət olunub.

    Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı humanitar məsələlərə toxunduğu görüşdə Qarabağda atəşkəsdən sonra mülki əhalinin əlavə yardıma ehtiyac duyacağını söyləmişdi.

    O, bu məqsədlə, qaçqınların geri qaytarılması və infrastrukturun bərpası ilə məşğul olacaq İdarələrarası Humanitar Müdaxilə Mərkəzinin yaradılması barədə bir fərman imzalamışdı.

    Bu Mərkəz Rusiya sülhməramlı kontingentinin tərkibində formalaşdırılır.

  20. Qarabağda sülhlə bağlı 7 sual. Bundan qazanan kimdir və sonra nə olacaq?