You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Putin: "Qarabağın yekun statusu həll olunmayıb"

    Rusiya prezidenti "Rossiya 24" telekanalının efirində bildirib ki, Qarabağın yekun statusu həll olunmayıb və Moskva status-kvonu saxlayır.

    "Bəli, belə problem mövcuddur. Qarabağın yekun statusu həll olunmayıb, biz danışmışıq ki, bu günə olan status-kvonu, mövcud vəziyyəti saxlayırıq. Bundan sonra nə olacaq - buna gələcəkdə, gələcək liderlər və bu prosesin gələcək iştirakçıları qərar verəcək."

    Putinin fikrincə, normal həyat üçün, Ermənistanla Azərbaycan arasında insanlar arasında gündəlik səviyyədə münasibətlər, xüsusən də münaqişə zonasında əlaqələrin bərpası üçün şərait yaradılsa, bu, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün də şərait yaradacaq.

    "Qarabağın sərbəst, müstəqil bir dövlət kimi tanınmamasına gəldikdə, burada müxtəlif qiymətləndirmələr ola bilər, amma bu, şübhəsiz ki, o cümlədən yeni başa çatan qanlı qarşıdurma vaxtı da, əhəmiyyətli bir amil olub. Ermənistan da daxil, Qarabağın tanınmaması faktının özü hadisələrin gedişinə və onun qavranılmasına əhəmiyyətli dərəcədə təsir göstərib”.

    Rusiya prezidentinin sözlərinə görə, hətta Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımamışdı, bu da deməkdir ki, Azərbaycanın öz ərazilərini qaytarmağa çalışırdı.

    Vladimir Putin beynəlxalq qanunlara görə Qarabağın həmişə Azərbaycanın ayrılmaz hissəsi olduğunu xatırladıb və deyib ki, KTMT bu məsələyə müdaxilə edə bilməzdi, çünki təşkilata üzv olan Ermənistana “heç kim təcavüz etmirdi”. "Bu, bizə hərbi hərəkətlərdə birbaşa iştirak etmək üçün heç bir haqq vermirdi”.

    Vladimir Putinin dediyinə görə, əsas odur ki, üçtərəfli razılaşma sayəsində qan tökülməsinin qarşısını almaq mümkün oldu.

    “Ən əsası odur ki, qan tökülməsini dayandırmaq mümkün oldu. Yalnız rəsmi məlumatlara görə 4 mindən çox insan həlak oldu, əslində daha çox olduğunu düşünürəm. Axı bu kino deyil, həyatda konkret insanlar, konkret ailələrin üzləşdiyi faciədir! Buna görə qan tökülməsinin dayandırılması - əsas nəticədir.”

    Prezident İlham Əliyev çıxışlarında dəfələrcə bildirib ki, Dağlıq Qarabağda heç bir status haqqında söhbət gedə bilməz.

  2. Təcili xəbər, Türkiyə Parlamenti Azərbaycana əsgər göndərməyə razılıq verdi

    Türkiyə parlamenti Azərbaycana əsgər göndərməyə razılıq verib.

    Müvafiq qanun layihəsi bu gün Türkiyə Böyük Millət Məclisində təsdiq olunub. Bu sənəd Milli Məclisə dünən təqdim olunub.

    Türkiyə Prezidentinin sərəncamına əsasən, türkiyəli hərbçilər Rusiya ilə müştərək yaradılacaq birgə monitorinq mərkəzlərində xidmət edəcəklər.

    Türkiyə Silahlı Qüvvələrinin (TSQ) heyəti Azərbaycanda 1 il müddətinə qala bilər.

    TSQ-nın Azərbaycandakı vəzifələrinin hüdudu və əhatə dairəsi Türkiyə Prezidenti tərəfindən müəyyənləşdirilir, sənəddə deyilir. Qərara görə, monitorinq mərkəzlərindəki işə mülki personal da cəlb oluna bilər.

    AK Partiyası, CHP, MHP və İYİ Partiya sənədin lehinə səs verib.

  3. Erməni qüvvələri Ağdamda "yanğın törədirlər"

    İşğal olunmuş ərazilərdən geri çəkilən erməni qüvvələri tərk etdiyi ərazilərdəki əmlaka od vururlar, belə ərazilərdən birinə baş çəkən Türkiyə telekanalının xəbərində deyilir.

    Ağdamdan "4-5 kilometr aralıda" olan TRT çəkiliş qrupunun videosunda alov tutub yanan yerlərin üzərində qalın tüstü yayıldığını görmək olar.

    Türkiyə televiziyasının müxbirinə əsasən, həm şəhərin ətrafında, həm də onun mərkəzindəki inzibati və mülki tikililərə od vurulur.

    Türkiyəli müxbir eyni səhnəyə Kəlbəcərdə də rast gəldiyini deyir.

    Onun sözlərincə, erməni qüvvələrinin iki gün ərzində şəhərdən çıxması gözlənilir.

    10 noyabr razılaşmasına əsasən Ağdam 20 noyabrda Azərbaycana qaytarılmalıdır.

  4. Əhmədbəyli–Füzuli–Şuşa yolunun çəkilməsinə 50 milyon manat ayrılıb

    Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı sərəncam imzalayıb.

    Sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.

  5. Qarabağda yeni status-kvo: Gürcüstanda Rusiyanın artan təsirindən qorxurlarmı?

  6. Təcili xəbər,

    Türkiyə Böyük Millət Məclisi Azərbaycana əsgər göndərməyi müzakirə edir.

    Müzakirə canlı yayınlanır.

    Türkiyə Prezidentinin sərəncamına əsasən, türkiyəli hərbçilər Rusiya ilə müştərək yaradılacaq birgə monitorinq mərkəzlərində xidmət edəcəklər.

  7. Dağlıq Qarabağ: Türkiyə ilə Rusiya monitorinq mərkəzlərini müzakirə ediblər

    Türkiyənin müdafiə naziri Hulusi Akar, Dağlıq Qarabağ məsələlərinə dair Rusiya nümayəndə heyəti ilə görüşün keçirildiyini deyib

    Türkiyənin müdafiə naziri Dağlıq Qarabağda atəşkəsdən sonra həyata keçiriləcək işlərin müzakirəsi üçün Türkiyə və Rusiya hərbi heyətləri arasında texniki görüşlərin keçirildiyini bildirib.

    "Müzakirələr aparıldı, ortaq işimiz davam edir," – Hulusi Akar Ankarada baş tutan görüşləri şərh edərkən deyib.

    Rusiya hərbi heyəti Ankaraya 14 noyabrda, Azərbaycan və Ermənistan arasında münaqişəyə son qoyan Dağlıq Qarabağa dair razılaşmanın imzalanmasından sonra gəlib.

    Türkiyə və Rusiya heyətləri razılaşmada göstərilən birgə monitorinq mərkəzlərinin yaradılmasını müzakirə edirlər.

  8. Laçin dəhlizində təhlükəsiz hərəkət bərpa olunub - general Konaşenkov

    Laçın dəhlizi və Xankəndi (Stepanakert) yolunun bir hissəsi mülki nəqliyyat hərəkəti üçün yenidən açılıb.

    Bu barədə brifinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

    General-mayor İqor Konaşenkov Xankəndi yolunun 28 kilometrlik hissəsinin həm minalar, həm də dağıdılmış və zədələnmiş texnikadan təmizləndiyini qeyd edib.

    “Mülki nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti bu gün saat 10: 00-dan etibarən açılıb,"- general Konaşenkovun sözləri Ria Novosti agentliyində iqtibas olunur.

  9. Ermənistanda məmurların istefaları davam edir

    Ermənistan XİN xüsusi tapşırıqlar üzrə elçisi, daha əvvəl tanınmamış “DQR XİN rəhbəri” olmuş Karen Mirzoyan istefa ərizəsini verib.

    Daha əvvəl Ermənistan XİN rəhbəri Zohrab Mnatsakanyan istefa verib. Bu xəbərdən əvvəl Ermənistan Xarici İşlər Nazirliyi məlumat yaymışdı ki, Şuşanın Azərbaycana verilməsi məsələsi heç vaxt nəzərdən keçirilməyib. Lakin parlamentdə çıxışı zaman baş nazir Nikol Paşinyan bu məsələnin danışıqlar gündəliyində olduğunu bəyan etmişdi.

    Zohrab Mnatsakanyandan başqa, onun müvini Şavarş Koçaryan da istefa verib. Şavarş Koçaryan Rusiya və Avrasiya Birliyi və Dağlıq Qarabağ məsələləri ilə məşğul olurdu.

  10. Arayik Harutyunyan barədə Azərbaycanın elan etdiyi axtarış üzrə istintaq davam edir.

    Qarabağda separatçıların rəhbəri Arayik Harutyunyan barədə Azərbaycanın elan etdiyi axtarış üzrə istintaq davam edir.

    Bunu BBC News Azərbaycancaya Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib.

    “Onunla bağlı beynəlxalq axtarış elan edilib və o qərarları icra edilməsi üçün İnterpola göndərmişik. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək,”- o bildirib.

    Bundan əvvəl Azərbaycanın Baş Prokurorluğu elan edib ki, Arayik Harutunyan cinayətdə şübhəli bilinir və axtarışa verilib.

    Onun köməkçisi David Babayan, separatçıların müdaifə naziri olmuş Jalal Artunyan və tanınmamış “DQR parlamentinin” deputatı Armen Babacanyan müharibə cinayətləri törədilməsi, insnalıq əlehinə cinayətlərin törədilməsi kimi maddələrdə ittiham olunublar, qurumun məlumatında deyilir.

    Son günlər Arayik Harutyunyanın Dağlıq Qarabağdakı rus sülhməramlıları ilə çəkilmiş fotoları yayılıb.

  11. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan "hücuma məruz qalıb"

    Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan naməlum şəxslər tərəfindən hücuma məruz qaldığını bildirib.

    Hovhannisyan Facebook səhifəsində qeyd edir ki, o, noyabrın 9-dan bəri təhdid xarakterli mesajlar alır, lakin buna əhəmiyyət verməyib və polisə müraciət etməyib, noyabrın 9-na keçən gecə isə fiziki təzyiqə məruz qalıb.

    “Dünən gecə iki naməlum şəxs üstümə cumub, xoşbəxtlikdən, müdafiə oluna bildim. Mən heç kəsdən qorxmuram və heç kəsi özümə düşmən saymıram. Lakin bir halda ki, bu günədək mənə qarşı divan tutmaq və təhdid xarakterli çağırışlar yayılmaqda davam edir və müəyyən yerlərdə məni izləyirlər, polisə müraciət etməyə məcburam”, - Artsrun Hovhannisyan Facebook səhifəsində yazıb.

    Artsrun Hovhannisyan 44 gün davam edən döyüşlər və cəbhədəki vəziyyət haqqında müntəzəm surətdə rəsmi məlumat verirdi.

    Atəşkəs bəyanatı imzalandıqdan sonra bir çoxları məyus olmuşdu ki, çox vaxt rəsmi məlumat “həqiqi vəziyyəti əks etdirməyib”.

  12. Bu dəbilqələr erməni əsgərlərinə məxsusdur. Onlar Xankəndində Ermənistan ordusunun kazarmalarına yaxınlıqda çölə tökülüb. Əsgərlər deyirlər ki, içəridə onları saxlamaq üçün yer olmadığından belə edilib.

  13. Dağlıq Qarabağ sakinləri üçün internet və rabitə pulsuz olacaq - Arayik Harutyunyan

    Tanınmamış "Dağlıq Qarabağ Respublikası Prezidenti" sakinlər üçün bəzi güzəştlər elan edib.

    "Dağlıq Qarabağ sakinləri üçün bütün kommunal xidmətlər və rabitə (şəhər, internet və mobil daxil olmaqla) bir il müddətinə ödənişsiz olacaq", - Arayik Harutyunyan sözlərinə istinad edən Open Caucasus Medianın yaydığı tvitdə deyilir.

    Aylıq gəliri 60 min dramdan (205 AZN) aşağı olan ailələrə əlavə olaraq “müvafiq maddi yardımın veriləcəyi” deyilir.

    Evlərini itirmiş Dağlıq Qarabağ sakinləri 300 min dram (1,020 AZN) məbləğində birdəfəlik ödəniş alacaqlar. Bu sakinlər həmçinin kirayə üçün kompensasiya şəklində maddi yardım almağa davam edəcəklər, məlumatda deyilir.

    Tanınmamış “DQR Müdafiə Ordusunun mətbuat xidməti” Facebook səhifəsində bildirilib ki, "200 erməni hərbçisinin Üryan yüksəkliyi istiqamətində mühasirəyə düşməsi xəbəri doğru deyil."

    Məlumata görə, belə xəbər bəzi Azərbaycan mənbələrində yayııb.

    Azərbaycan Müdafiə Nazirliyi bu barədə heç bir şərh verməyib.

  14. Azərbaycan və Ermənistan əsgərləri Şuşa yaxınlığında - video

    Ermənistan və Qarabağı əlaqələndirən Laçın dəhlizinin rəsmi açılış mərasimi olub.

    Bu barədə RT-nin jurnalisti Murad Hacıyev Twitter-də paylaşıb.

    O həmçinin yazıb ki, "indicə Rusiya sülhməramlılarının Qarabağda, Şuşa yaxınlığındakı postunda Azərbaycan və Ermənistan əsgərlərini" çəkiblər.

    Onun sözlərinə görə, dəhlizin açılışı zamanı orada Azərbaycan və Ermənistan əsgərlərindən başqa, Rusiya sülhməramlıları və xilasedicilər, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də olub.

  15. İlham Əliyev Dağlıq Qarabağ barədə: "Heç bir status haqqında söhbət gedə bilməz"

    Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonundan Şuşaya yol çəkilişi layihəsinin icrası ilə tanış olarkən Dağlıq Qarabağ barədə deyib ki, "heç bir status haqqında söhbət gedə bilməz".

    "Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var."

    O təkrar edib ki, bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal, mehribanlıq, sülh şəraitində yaşadıqları kimi, erməni xalqı da belə yaşayacaq.

  16. Dağlıq Qarabağ qaçqınları Xankəndiyə qayıdırlar - fotolar

    Dağlıq Qarabağ qaçqınları atəşkəs razılaşmasından sonra Xankəndiyə qayıdırlar.

    Bu barədə fotolar yayılıb.

    Fotolarda onlar Ermənistan Fövqəladə Hallar Nazirliyi tərəfindən Kilikia avtovağzalından göndərilən və Xankəndiyə yola düşən avtobusa minməyə hazırlaşır.

    Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda tam atəşkəsə dair birgə bəyanat imzalayıblar.

    Rusiya sülhməramlıları və hərbi polisin müşayiəti ilə noyabrın 17-dək Ermənistandan artıq 482 nəfər Qarabağa qayıdıb.

  17. Ermənistanın xarici işlər nazirinin müavini işdən çıxarılıb

    Ermənistan Baş naziri Nikol Paşinyan xarici işlər nazirinin müavini Şavarş Koçaryanı vəzifəsindən kənarlaşdırmaqla bağlı sərəncam imzalayıb.

    O 2008-ci ildən bu vəzifədə idi.

    Ötən gün Ermənistan Prezidenti Armen Sarkistan Paşinyanın təklifi ilə xarici işlər naziri Zohrab Mnatsakanyanı işdən çıxarıb.

  18. Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı bəyannaməsini yenidən yazılması və ya düzəlişlər edilməsi cəhdlərini müşahidə etmir.

    "Verilən bəyanatı yenidən yazmaq, düzəltmək cəhdlərini görmürük. Düzgün başa düşürəmsə, indi Ermənistanda çətin müzakirələr gedir. Öz ölkələrinin maraqlarını qorumaq üçün birləşən 17 partiya bu bəyanatın hər hansı düzəldilmə cəhdlərinə birmənalı şəkildə qarşı çıxıblar. Buradan yola çıxırıq və bu cür cəhdlərin baş verməməsi və heç bir halda uğur qazanmaması üçün hər şeyi edəcəyik”, o, Beynəlxalq Qızıl Xaç Komitəsinin direktoru Peter Mauerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.

  19. İlham Əliyev: “Şuşanın işğaldan azad edilməsi əməliyyatı dünya hərb tarixində xüsusi yer tutacaq”

    "Şuşanın işğaldan azad edilməsi bizim düşmənə gücümüzü, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi”, Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı layihənin icrası ilə tanış olarkən deyib.

    Yerli media yazır ki, cənab Əliyev nitqində “Şuşanın azad edilməsinin çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat olduğunu" vurğulayıb.

    “Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, çığırlardan keçərək, yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir,” o bildirib.

    Daha sonra İlham Əliyev həmçinin “Şuşa işğaldan azad ediləndən sonra artıq düşmən dərk elədi ki, bundan sonra bizə qarşı müqavimət göstərməyin heç bir əhəmiyyəti yoxdur” deyib:

    “Əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzaladı. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi”.

    Ölkə başçısı Şuşanın işğaldan azad olunmasından bir gün sonra qəhrəman Azərbaycan Ordusunun daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad etməsini xatırladıb.

    İlham Əliyev işğaldan azad olunmuş ərazilərdən çox qısa müddət ərzində “quruculuq işlərinə başlandığını” diqqətə çatdırıb.

    “Qələbə günündən 8 gün keçəndən sonra və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdə Alıxanlı qəsəbəsində Şuşaya avtomobil yolu çəkilir. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək. İkinci Qarabağ müharibəsi bizim Şanlı Qələbəmizdir... Hazırda düşmən tərəfindən vurulmuş ziyan hesablanır və dəqiq hesablanacaq. Bütün zərərçəkmiş insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu gün işləri biz planlı şəkildə aparacağıq. İlk olaraq ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa və yenidənqurma işləri görüləcək”.

    İlham Əliyev bu yolun təməlqoyma mərasiminin "böyük rəmzi məna daşıdığını" qeyd edib.

    "Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil."

  20. Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə bağlı təməlqoyma mərasimi keçirilib

    "Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə bağlı təməlqoyma mərasimi keçirilib", Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında bildirilir.

    Qurum bildirib ki, "təməlqoyma mərasimi noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı baş tutub".