Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi “plan üzrə
gedir”, Prezident İlham Əliyev deyib.
O, Türkiyənin TRT Haber kanalına müsahibəsində deyib ki, bu günə
qədər qarşılarında duran bütün vəzifələr icra edilib: “Azərbaycan Ordusu uğurla
irəliyə gedir. Bir çox yaşayış məntəqələri, bir şəhər, bir neçə kənd işğaldan
azad edildi. Hazırda müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedir”.
Prezident
atəşkəslə bağlı başqa dövlətlərin çağrışı ilə bağlı sualın cavabında deyib ki,
atəşkəs müəyyən şərtlərlə təmin edilməlidir. O xatırladıb ki, Azərbaycan 30 ilə
yaxındır ki, sülh danışıqlarına ümid edirdi, amma “bugünkü Ermənistan bütün
əvvəldən, bəri başdan əldə edilmiş prinsipləri pozaraq” Azərbaycana yeni hücum
təşkil edib.
İlham
Əliyev deyib ki, atəşkəs üçün onun tələbləri var: beynəlxalq vasitəçilər buna
ciddi zəmanət verməli, eyni zamanda “Ermənistanın işğal edilmiş torpaqlardan
çıxmaq qrafiki, yəni cədvəli Azərbaycana verilməlidir, hansı gün hansı bölgədən
çıxacaq”.
Prezident
bu zaman müharibənin dayanacağını deyib: “Ermənistanın baş naziri bir il bundan
əvvəl bizim torpaqlarımızda demişdi ki, “Qarabağ Ermənistandır”, Azərbaycan
xalqından üzr istəməlidir. İkincisi, o deməlidir ki, Qarabağ Ermənistan deyil.
Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Dördüncüsü, bəyan
etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır.
Bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir. O halda
təbii ki, atəşkəs bərpa olunacaq və beləliklə, bu məsələ müzakirə yolu ilə həll
olunacaq, Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdacaq. Amma biz bilməliyik
ki, bu, nə zaman olacaq. Çünki biz 30 ildir ki, gözləyirik, 30 il bizə verilən
vədlər, deyilən sözlər həyatda reallaşmır, gerçəkləşmir. Azərbaycan xalqı artıq
buna dözə bilmir, Azərbaycan dövləti dözə bilmir. Bizə konkret, real tarix
deyilməlidir ki, onlar nə zaman hansı bölgədən çıxacaqlar,”- İlham Əliyev əlavə
edib.