Cəbhə bölgəsində döyüşlər - ilk on gündə nə baş verib?

Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlamış döyüşlər bu gün də davam edir. Hər iki tərəf hərbi və mülki itkilərin olduğunu deyir. Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı gününün ilk saatlarında "hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfində" olduğunu açıqlayıb.

Canlı reportaj

  1. Azərbaycanda qismən səfərbərlik elan edilib

    İlham Əliyev Qarabağ münaqişəsi

    Şəklin mənbəyi, President.az

    Azərbaycanda qismən səfərbərlik elan edildi. Bununla bağlı Prezident İlham Əliyev sərəncam verib.

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

    Bazar ertəsindən Bakı daxil ölkənin bəzi iri şəhər və rayonlarında hərbi vəziyyət elan edilib.

    Bu barədə İlham Əliyev fərman verib. Hərbi vəziyyət elan edilən ərazilərdə saat 21.00-dan 06.00-a qədər komendant saatının tətbiqinə başlanır.

    Ermənistan da hərbi vəziyyət və qismən səfərbərlik elan edib.

  2. Hikmət Hacıyev: “Bunu, Ermənistanı sülhə məcburetmə əməliyyatları da adlandırmaq olar”

    Hikmət Hacıyev Azərbaycan Prezidentinin köməkçisis

    Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində fəaliyyət göstərək Azərbaycanın müdafiəsini təşkil edirlər, Prezident köməkçisi Hikmət Hacıyev deyib.

    “Bu, müdafiə xarakterli olan əməliyyatlardır və məqsəd mülki əhalinin təhlükəsizliyini təmin etmək, Ermənistanın təxribatlarının qarşısnı almaq üçün əks həmlə tədbirləri həyata keçirməkdir. Bu əməliyyatları sülhə məcburetmə əməliyyatı da adlandırmaq olar ki, bu yolla Ermənistan nəhayət ki, sülhə məcbur edilsin və danışıqlar prosesində də konstruktiv şəkildə iştirak etsin,” - cənab Hacıyev deyib.

    “Bu müharibə Azərbaycan xalqının seçimi deyil. Bu müharibə Azərbaycan xalqına qarşı 30 ildən artıqdır aparılır. Belə çətin dönəmdə Azərbaycan xalqı, dövləti səfərbərdir. Biz özümüzü müdafiə etmək hüququna malikik,” -Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

    Bazar ertəsi Azərbaycandakı diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bazar günü Azərbaycan və Ermənistan arasında başlayan döyüşləri “vətən müharibəsi” adlandırıb.

    “Azərbaycan xalqının tarixində bu böyük bir vətən müharibəsidir”, o çıxışında deyib.

    Hikmət Hacıyev deyib ki, Azərbaycanın məqsədi sülhdür.

    “Bizim məqsədimiz sülhdür. Öz vətəndaşlarımızı qorumaqdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində fəaliyyət göstərir,” - o deyib.

  3. Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud iş rejiminə keçir

    AZAL uçuşları məhdudlaşdırır

    Şəklin mənbəyi, Azərbaycan Hava Yolları

    Azərbaycanda hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud iş rejiminə keçir, qurum məlumat yayıb.

    Bununla əlaqədar "Azərbaycan Hava Yolları"nın Bakı-Naxçıvan-Bakı istiqamətində sentyabrın 30-dək (30 sentyabr daxil olmaqla) nəzərdə tutulmuş bütün reysləri dayandırılıb.

    AZAL-ın oktyabrın 1-nə nəzərdə tutulmuş Bakı-London-Bakı və oktyabrın 2-nə nəzərdə tutulmuş Bakı-Berlin-Bakı istiqamətindəki aviareysləri ləğv edilib.

    Bu istiqamətlərdə ləğv edilmiş reyslərin sərnişinləri aviabiletlərini cərimə ödənilmədən digər tarixlərə dəyişə və ya ödənilmiş vəsaiti geri ala bilərlər, AZAL bildirib.

    Bundan başqa, Fly Dubai aviaşirkəti 29 sentyabr, 1 və 3 oktyabr tarixlərinə nəzərdə tutulmuş Dubay-Bakı-Dubay istiqamətində reyslərini, "Aeroflot" aviaşirkəti 1 və 4 oktyabr tarixinə nəzərdə tutulmuş Moskva-Bakı-Moskva istiqamətində aviareyslərini və "Belavia" aviaşirkəti 2 və 4 oktyabr tarixlərinə nəzərdə tutulmuş Minsk-Bakı-Minsk istiqamətində aviareyslərini ləğv edib.

  4. "ABŞ şiddətin artmasını ən sərt şəkildə qınayır"

    ABŞ Azərbaycan Qarabağ Ermənistan müharibəsi

    Şəklin mənbəyi, Getty Images

    Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca mülki şəxslər də daxil olmaqla çoxsaylı itkilərlə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar Amerika Birləşmiş Ştatlarını narahat edir, ABŞ-ın Azərbaycandakı səfirliyi Qarabağda keçirilən əməliyyatlar barədə bəyanat verib.

    Bəyanatda deyilir ki, "ABŞ şiddətin artmasını ən sərt şəkildə qınayır".

    Səfirlik bildirib ki, ABŞ Dövlət katibinin birinci müavini Stephen Biegun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla əlaqə saxlayaraq hər iki tərəfi "dərhal hərbi əməliyyatları dayandırmağa, vəziyyəti daha da gərginləşdirməmək üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə və regiondakı gərginliyi daha da artıran ritorika və hərəkətlərdən uzaq olmağa" çağırıb.

    "ABŞ kənar qüvvələrin təsiri ilə artan şiddətdə iştirakın faydasız olacağını və regional gərginliyi daha da artıracağını düşünür. Tərəfləri ən qısa müddətdə substantiv danışıqları bərpa etmək üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırırıq,” - bəyanatda deyilir.

  5. Ermənistan xəstəxanaları yalnız təxirəsalınmaz yardıma ehtiyacı olan pasiyentləri qəbul edəcək

    Ermənistan xəstəxanaları yalnız təxirəsalınmaz yardıma ehtiyacı olan pasiyentləri qəbul edəcək.

    Ermənistan səhiyyə naziri Arsen Torosyanın sərəncamı ilə tibbi müəssisələrdə planlı surətdə tibbi yardım üçün pasiyentlərin qəbulu dayandırılıb.

    Xəstəxanaların işinin yeni tənzimlənməsi Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi və döyüş nəticəsində yaralananlara yardım göstərmək ehtiyacı ilə bağlıdır və ölkədə elan olunmuş hərbi vəziyyət müddətində qüvvədə qalacaq, nazirin sərəncamında bildirilir.

    Ermənistan Hökumətinin qərarı ilə sentyabrın 27-də ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan olunub.

  6. "Ermənistandan Qarabağın şimalına gedən magistral yol bağlıdır"

    "Ermənistandan Qarabağın şimalına gedən magistral yol bağlıdır"

    Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib ki, Ermənistanın şərq hissəsindən Qarabağın şimalına gedən Sotk-Karvaçar avtomobil yolu nəqliyyatın hərəkəti üçün bağlıdır.

    Yolun bağlanmasının səbəbləri barədə məlumat verilmir.

  7. Baş Prokurorluq: "Yaralanan mülki şəxslərin sayı 26 nəfərə çatıb"

    Baş Prokurorluq mülki yaralıların sayını açıqlayıb.

    Şəklin mənbəyi, Azertag

    Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, Azərbaycanın Baş Prokurorluğu açıqlayıb.

    Prokurorluq bildirib ki, sentyabrın 28-də səhər saatllarında Tərtər rayonunun mərkəzi və kəndləri ağır artilleriyadan atəşə tutulub və nəticədə bir neçə evə, körpüyə və polis şöbəsinə zərbə endirilib.

    Məlumatda deyilir ki, bundan başqa, Tərtər şəhərində ümumilikdə 70 mənzildən ibarət iki yaşayış binası atəş nəticəsində zərərsiz hala düşüb, sakinlər təxliyyə edilib.

    Baş Prokurorluq Tərtər rayonu ərazisində çoxsaylı heyvan tələfatının olduğunu da bildirir.

  8. Ermənistan: "Gecə döyüşlərində 200 hərbçi yaralanıb"

    Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Hovhannisyan gecə baş vermis döyüşlərdən sonra erməni tərəfində yaralıların sayının 200-ə çatdığını bildirib. "Vəziyyəti ağır olanlar Ermənistan xəstəxanalarına köçürülürlər", - o deyib.

  9. Ermənistan itkisinin sayını açıqlayır

    Ermənistan bu gecə Dağlıq Qarabağda döyüşlərdə həlak olan daha 15 hərbçisinin siyahısını dərc edib.Ermənistan mediası ümumilikdə 31 hərbçinin itirildiyini bildirib. Bundan başqa Xocavənddə iki mülki şəxsin - bir uşaq və bir qadının öldüyü bildirilir.

    Azərbaycan Ermənistanın canlı itki verdiyi bəyan edib. Ancaq Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, onlar mülki əhaliyə atəş açmırlar, yalnız strateji mövqeləri vururlar.

    Ermənistan Müdafiə Nazirliyi döyüşlərin gecə də davam etdiyini bildirib. Bu barədə nazirliyin rəsmisi Artsrun Hovhannisyan öz Facebook səhifəsində yazıb.

    "Gecə döyüşlər davam edib. Bizim silahlı qüvvələr əhəmiyyətli müvəffəqiyyətə nail olublar. Lakin vəziyyət hələ həyəcanlıdır, bəzi istiqmətlərdə top döyüşləri gedir," - deyə yazıb və əlavə edib ki,"Azərbaycan tərəfinin bizim itkilər haqqında məlumatı həqiqətə uyğun deyil".

  10. "Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb", Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb, Azərbaycan Müdafiə Nazirliyi deyir.

    “Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib,”- nazirliyin məlumatında deyilir.

    Şəklin mənbəyi, Azərbaycan MN

    Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb, Azərbaycan Müdafiə Nazirliyi deyir.

    “Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib,”- nazirliyin məlumatında deyilir.

    Bazar günü Azərbaycan Ermənistanın yaşayış məskənlərini atəşə tutmasını əsas gətirərək cəbhəboyu əks-hücum əməliyyatının başlanmasına qərar verdiyini bəyan edib.

    Ermənistan hücuma birinci Azərbaycanın başladığını deyib.

    Hər iki tərəf itkilərin olduğunu açıqlayıblar.

  11. Canlı yayıma başlayırıq

    Salam. Bu səhifədə BBC News Azərbaycanca cəbhədə döyüşlər barədə xəbərlərin canlı yayımına başlayır.