Azərbaycan
Müdafiə Nazirliyi "Ermənistan Müdafiə Nazirliyinin törətdiyi hərbi
cinayətlərdən diqqəti yayındırmağa çalışdığını" açıqlayıb.
Qurum bildirib
ki, "Ermənistanın Azərbaycan Ordusu tərəfindən Xankəndinin guya atəşə
tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır".
Ermənistan Vahid İnformasiya Mərkəzi
tanınmamış “DQR Dövlət Təcili Xidmətinə” istinad edərək bildirib ki, Xankəndinə
“kasetli bomba atılır. Azərbaycan tərəfi dəqiq şəhəri - yaşayış binalarını,
mülki və ictimai infrastrukturu hədəf alır," - TASS xəbər verir.
"Bu cür məlumatlar yaymaqla Ermənistan Müdafiə
Nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır,”- deyə
Azərbaycan Müdafiə Nazirliyi Xankəndinin,
ümumiyyətlə hədəfə alınmadığını bildirib.
Human Right Watch oktyabrın 28-də
Bərdəyə atılan raket zərbəsi zamanı erməni silahlı qüvvələrinin kasetli
bombadan istifadə edildiyini bildirmişdi. Həmin hadisə zamanı 20-dən çox adam
ölmüş, 70-dən çox adam yaralanmışdı.
Ermənistan Bərdəni raket atəşinə tutmadığını bildirmişdi.
TASS yazır ki, “kasetli bomba - bu halda, ehtimal ki, topçu silahları - mülki şəxslər üçün xüsusi təhlükə yaradır: bir çox kiçik partlayıcı elementləri böyük bir əraziyə səpələyir, bunların çoxu dərhal işə yaramır və insanlar üçün aylar və illər sonra da təhlükə yaratmağa davam edir”.
“Bu səbəbdən yüzdən çox ölkə belə silah-sursatın qadağan edilməsi haqqında beynəlxalq konvensiyanı imzalayıb. Ancaq nə Ermənistan, nə də Azərbaycan həmin ölkələr arasındadır. İnsan haqları təşkilatları, xüsusən də Beynəlxalq Əfv Təşkilatı münaqişənin hazırkı mərhələsinin başlanğıcından bəri hər iki tərəfi bu silahlardan istifadəyə görə tənqid edib”.