İlham Əliyev Laçın rayonunu Azərbaycana qaytarılması münasibətiylə xalqı təbrik edib.
O
deyib ki, bu tarixi naliyyətdir ki, bir güllə atılmadan, bir şəhid verilmədən Laçın rayonu qaytarılıb və Ermənistan buna məcbur edilib.
Prezident bildirib ki, işğaldan əvvəl Laçın rayonunda 50
min sakin yaşayıb, indi isə oranın sakinlərinin sayı 80 mindən bir qədər çox olub.
Prezident xalqa müraciətində Rusiya və Ermənistanla imzalanmış 10 noyabr sənədi haqqında da danışıb və onun şərtlərini şərh edib.
O, Bəyanatın noyabrın 10-da imzalandığını deyib və tarixin fərqli deyilməsini Rusiya saatı ilə bir saat fərqdə gördüyünü bildirib.
Prezident deyib ki, razılaşmanın birinci bəndindəki məsələlə artıq təmin edilib.
İlham Əliyev deyib ki, birinci bəndə görə atəşkəs təmin olunub, ancaq hərdənbir Ermənistan tərəfi atəşkəsi pozsa da "layiqli cavabını alır."
O deyib ki, ikinci bənddə göstərilən Ağdam rayonunun təhvil verilməsi və üçüncü bənddəki Rusiya sülhməramlılarının yerləşdirilməsi artıq həyata keçib.
İlham Əliyev deyib ki, razılaşmanın dördüncü bəndi bəyənatın müddətinin 5 il olduğu haqqındadır.
Razılaşmada deyilir ki, əgər, müddətin bitməsinə 6 ay qalmış tərəflər buna etiraz etməsələr, bu Bəyanat və bu razılaşma uzadılır.
İlham Əliyev deyib ki, beşinci bənddə atəşkəsə nəzarət mərkəzinin yaradılması qeyd olunub, amma Bəyanat imzalananda bu bənd o qədər də geniş açıqlanmayıb.
Cənab Əliyev sənəd imzalayanda artıq mərkəzin Türkiyə-Rusiya mərkəzi olacağının razılaşdırıldığını deyib.
O bildirib ki, Türkiyə-Rusiya mərkəzi məsələsi də “artıq öz həllini tapıb”.
Onun sözlərinə görə, Kəlbəcər və Laçın rayonlarının qaytarılmasını ehtiva edən altıncı bəndin də bir hissəsi təmin olunub.
Prezident deyib ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir və Laçın şəhəri o dəhlizin ortasında qalır.
“Mən Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində”, - İlham Əliyev deyib.
O deyib ki, razılaşmada 3 il vaxt göstərilsə də "biz bunu daha tez müddətdə edə bilərik".
O bildirib ki, “Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır”.
Cənab Əliyev bu məsələni "razılaşmaya saldırmasaydı Laçın şəhərinin Laçın dəhlizi daxilində həmişəlik qala biləcəyini" deyib.
Prezident yeddinci bənddə məcburi köçkünlər və qaçqınların BMT-nin nəzarəti altında geri qaytarılacağından danışıldığı deyib və bildirib ki, bu, növbəti təmaslar əsnasında həll olunacaqdır.
“Səkkizinci bənddə göstərilir ki, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. Artıq bu proses davam edir - həm cəsədlərin mübadiləsi, həm əsirlərin və girovların”,- İlham Əliyev bildirib.
Onun sözlərinə görə, doqquzuncu bənddə bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilməsindən bəhs edilir.
Prezident orada Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin olacağından və bu bəndin sırf onun təkidi ilə Bəyanata salınmasını deyib.
O bildirib ki, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa olmayıb.
Prezident onu da bildirib ki, bu bəndin şərtlərinə görə, “tərəflərin razılığı əsasında Naxçıvan ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin olunacaq.
İlham Əliyev bildirib ki, bu iki dəhliz olması deməkdir.
“Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər”,- İlham Əliyev deyib. .
İlham Əliyev deyib ki, o, regionda olan dəmir yolu xətlərinin qiymətləndirilməsi üçün tapşırıq verib.
Bundan başqa cənab Əliyev deyib ki, dəmir yollarının bərpası məsələsini Rusiya Federasiyasının nümayəndə heyəti ilə müzakirə edib, amma Ermənistan burada iştirak etməyib.
Prezident deyib ki, Ermənistan işğala görə bütün regional layihələrdən kənarda qalıb və heç nə qazanmayıb.