"Azərbaycanda koronavirusla mübarizə heç bir xarici maliyyə
dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına maliyyələşdirilib”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 3-də
Nyu-Yorkda BMT Baş Assambleyasının (BA) COVID-19 pandemiyası ilə mübarizəyə
həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində keçirilən xüsusi
sessiyasında çıxış edib, Azərbaycan Prezidentinin rəsmi saytı xəbər verir.
Cənab Əliyev “Azərbaycanın
virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata
keçirdiyini” bəyan edib.
“COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq
tərəfimizdən adekvat addımlar atılıb. Bu gün ölkə üzrə koronaviruslu xəstələr
46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim 6
funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan
laboratoriyalarımızın sayı 40-dan artıqdır. Pandemiyanın mənfi təsirinin
qarşısının alınması məqsədilə hökumət tərəfindən 2.5 milyard ABŞ dolları
həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilib. Sosial
yardım tədbirləri 5 milyon insanı əhatə edir ki, bu da ölkə əhalisinin yarısı
deməkdir”, Azərbaycan Prezidenti deyib.
İlham Əliyev “pandemiya başlayandan bəri Azərbaycanın
Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olduğunu” vurğulayıb.
O, bildirib ki, Azərbaycan “pandemiyanın ilk vaxtlarında dəyərli
tövsiyələrinə və öz mütəxəssislərini ölkəmizə ezam etdiyinə görə təşkilata
minnətdardır”,
“Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə
mübarizədə nümunəvi ölkə adlandırıb. Biz Ümumdünya Səhiyyə Təşkilatına toplam
10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etmişik.
Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə
yardımı göstərib”, Prezident deyib.
Azərbaycanın pandemiya dövründə qlobal atəşkəslə bağlı BMT Baş
katibinin təşəbbüsünü dəstəklədiyini vurğulayan İlham Əliyev "Ermənistanın bu
çağırışa məhəl qoymadığını" deyib.
“Son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü
şəkildə məhv edib. Ermənistanın Baş naziri “Qarabağ Ermənistandır” kimi bir
sıra təxribatçı bəyanatları ilə danışıqlara son qoydu və Ermənistanın müdafiə
naziri “yeni ərazilər uğrunda yeni müharibə”yə çağırış etdi”, o əlavə edib.
İlham Əliyev deyib ki, “cari ilin iyul ayında Ermənistan
regionda yeni gərginlik mənbəyi yaratmaq, yeni əraziləri işğal etmək və
Azərbaycanın strateji enerji infrastruktur layihələrinə zərbə vurmaq məqsədilə
dövlət sərhədində hərbi təxribat törədib”.
“Daha sonra, avqust ayında Ermənistanın diversiya qrupu təmas
xəttini keçməyə cəhd etdi. Sentyabrın 24-də BMT Baş Assambleyasının ümumi
müzakirələri çərçivəsində çıxışım zamanı mən Ermənistanın yeni müharibəyə
hazırlaşması ilə bağlı xəbərdarlıq etmişdim. Sentyabrın 27-də Ermənistan
Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başladı. Azərbaycanın döyüş
bölgəsinə yaxın ərazilərdə yerləşən Tərtər və digər şəhərləri 44 gün ərzində
Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə məruz qaldı”,
Azərbaycan Prezidenti 44cgünlük müharibənin başlaması ilə bağlı bir daha açıqlama
verib.
O, Ermənistan döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə,
Mingəçevir, Qəbələ, Siyəzən və digər şəhərlərə qarşı ballistik raketlərdən
istifadə etdiyini BMT BA-nın iclasının iştirakçılarının nəzərinə çatdırıb.
Azərbaycanın bu müharibədə verdiyi mülki itkilərdən bəhs edən
İlham Əliyev deyib ki, “nəticədə 11 nəfəri uşaq olmaqla, 94 mülki şəxs qətlə
yetirilmiş, 400-dən artıq insan yaralanıb”.
“Azərbaycan Ordusu bunun layiqli cavabını verib, ölkə
vətəndaşlarını və ərazisini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı başlamış
və işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edib. Hərbi əməliyyatlar
zamanı qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur etdi. Azərbaycan və
Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da
üçtərəfli Bəyanatın imzalanması nəticəsində Azərbaycanın işğal altında olan
digər əraziləri də azad edildi”.
İlham Əliyev deyib ki, o vaxtdan etibarən, “təqribən bir aydır
ki, atəşkəsə əməl olunur”.
“Atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzi vasitəsilə
Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır. Beləliklə,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib.
Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi.
Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilib”, Azərbaycan Prezidenti deyib.