You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Ermənistanda müharibə ilə əlaqədar bəzi qadağalar ləğv edilir

    Ermənistanda hərbi vəziyyətə görə mitinq keçirilməsinə, mediaya və ölkəyə giriş-çıxışa tətbiq edilən qadağalar ləğv edilib.

    Bu, çərşənbə günü hökumətin ölkədə elan edilmiş hərbi vəziyyət haqqında qərara dəyişiklik edilməsindən sonra mümkün olub.

    Qərar dərc edildikdən dərhal sonra qüvvəyə minir, neüs.am saytı yazır.

    Bundan əvvəl Hökumət Aparatının rəhbəri Eduard Agacanyan Facebook səhifəsində bu barədə xəbər verib.

    Bu qadağalar müharibənin başlaması ilə əlaqədar olaraq sentyabrın 27-də tətbiq edilmişdi.

  2. Şəhid ailələrinə “imtiyazların verilməsi nəzərdə tutulacaq"

  3. Laçındakı ermənilərin əksəriyyəti yaşadıqları yerləri tərk edirlər

  4. Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılmasında Rusiya Prezidenti Vladimir Putinin rolunun "xüsusi olduğunu" qeyd edib.

    O deyib ki, 44 gün ərzində cənab Putinlə mütəmadi əlaqədə qalıb və qan tökülməsinin qarşısının alınması və insan həyatının qorunması üçün lazımi tədbirlər müzakirə edilib.

    "Vladimir Vladimiroviçlə itkin düşənlərin axtarışı, əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi kimi problemləri həll etmək üçün hələ də yaxından çalışırıq", o qeyd edib.

  5. Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, hazırda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır.

    Çox qısa müddət ərzində dostlarımız orada xidmət edəcək. Türk və rus generalı birlikdə işləyəcəklər. Orada türk ve rus zabitləri birgə olacaqlar.

    O, həmçinin bildirib ki, Azərbaycanla tədris və praktika sahəsində də işlər davam edir.

    Ötən gün Rusiya Müdafiə Nazirliyi bildirib ki, bu mərkəz Qarabağdan kənarda, Azərbaycan ərazisində yerləşəcək və orada rus və türk əsgərlərinin sayı eyni olacaq.

  6. Azərbaycanda həlak olmuş hərbçilərin və mülki şəxslərin bank borcları tam silinəcək

    Azərbaycanda müharibə zamanı həlak olmuş hərbçilərin və həlak olmuş mülki şəxslərin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinəcək.

    Bu barədə Azərbaycan Banklar Assosiasiyası elan edib. Qurum bildirib ki, bu, bankların yekdil olaraq qərarıdır.

    Bundan başqa, hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılacaq.

    Eyni zamanda, şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait, yaralanmış bank işçilərinə isə üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödəniləcək.

    ABA bildirib ki, Assosiasiyaya üzv banklar qəbul edilmiş qərarı "tam şəkildə" icra etməkdədir.

    "Cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış və şəhid olmuş şəxslər haqqında və digər əlaqədar məlumatlara banklar malik olmurlar. Buna görə də, bankların şəhid ailələri və qazilərlə əlaqə saxlaması kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə deyil, yalnız onların müvafiq statusunun müəyyən edilməsi və bankın daxili məlumat bazasında uyğun qeydlərin aparılması məqsədi daşıya bilər", ABA aydınlıq gətirib.

  7. Putinin sözçüsü: "Qarabağda rus dilinin ikinci dövlət dili statusu verilməsi danışıqların mövzusu deyil"

    Rusiya rus dilinin başqa ölkələrdə istifadəsini alqışlayır, lakin ona dövlət statusu verilməsi ölkələrin daxili işidir, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

    Cənab Peskov bu sözləri keçirdiyi mətbuat konfransında rus dilinin Dağlıq Qarabağda dövlət dillərindən biri edilməsi planları barədə xəbərlərə şərh verərkən deyib.

    “Rus dili hər halda Qarabağda istifadə olunur, Ermənistanda da, Azərbaycanda da rusca danışılır və rus dilində dünyanın bir çox yerində, o cümlədən keçmiş Sovet İttifaqı məkanında da danışılır. Və deyirlər ki, əlverişli bir ünsiyyət dili olduğundan və hələ də öyrənilməkdədir. Təbii ki, biz bunu hər şəkildə alqışlayırıq və rus dilində bilik səviyyəsinin yayılmasını və saxlanmasını daha da təşviq etməyə hazırıq, bunu öz vəzifəmiz hesab edirik", Ria Novosti agentliyi ondan sitat gətirir.

    Lakin o vurğulayıb ki, Rusiya Ermənistan və Azərbaycanda rus dilinin ikinci dövlət dilinə çevrilməsini təklif etmir, bu hər hansı bir ölkəninn- Azərbaycanın və Ermənistanın daxili işidir.

    Peskov əlavə edib ki, Dağlıq Qarabağda rus dilinə dövlət statusu verilməsi "danışıqların və ya əlaqələrin mövzusu deyil, bu, rus dilinin Azərbaycan və Ermənistanda danışılmasının de-fakti vəziyyətidir".

    KİV-də bundan əvvəl yayılmış xəbərlərə görə, Dağlıq Qarabağda separatçıların Milli Məclisi rus dilinin erməni dilindən sonra dövlət dili elan edilməsi barədə qanun layihəsi hazırlayırlar.

  8. Qarabağda texnoloji parklar və innovasiya mərkəzlərinin açılması planlaşdırılır

    Azərbaycan və Türkiyə şirkəti arasında Qarabağda Yüksək Texnologiyalar Parkının yaradılmasına dair memorandum imzalanıb, Azərbaycan İnnovasiyalar Agentliyi bu barədə məlumat yayıb.

    Agentlik bildirib ki, "Qarabağın yüksək texnologiyalar və yeniliklər bölgəsinə çevrilməsi dövlətimizin iqtisadiyyatı və tərəqqisi üçün vacibdir. Bu məqsədlə Qarabağda texnoloji parklar və innovasiya mərkəzlərinin açılması planlaşdırılır."

    İnnovasiya Agentliyi bu yolda ilk addımı ataraq Türkiyənin ən böyük sənaye bölgələrindən birində yerləşən və 130 texnologiya şirkətini dəstəkləyən GOSB texnoparkı ilə “Mədəni və Elmi Əməkdaşlıq” memorandumu imzalayıb.

    Memorandumda deyilir ki, texnologiya bilikləri səviyyəsinin artırılması və gənc mütəxəssislərin yetişdirilməsi məqsədi ilə mütəmadi olaraq akselerasiya programlarının, texnologiya transferi proqramlarının, bilik və təcrübələrin paylaşılması planlaşdırılır. Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil ediləcək, müştərək Yüksək Texnologiyalar Parkı yaradılacaq.

    Parkda “soft” və “hard” elmi araşdırmaların aparılması, yüksək texnoloji cihazların istehsalı, gənclərin İKT mütəxəssisləri ilə ünsiyyətdə olmaları, təcrübələrini bölüşmələri və yeni ideyalarını həyata keçirmələri üçün mühit yaradılması planlaşdırılır.

  9. Azərbaycan Müdafiə Nazirliyi Laçın rayonunun Qarıqışlaq kəndindən videogörüntülər paylaşıb.

  10. Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb.

  11. 10 noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub

    10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb, ölkə Prezidentinin rəsmi saytı xəbər verir.

    Sərəncamda deyilir ki, "hər il noyabrın 10-u Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin".

    Sərəncamın ikinci bəndi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bu Sərəncamdan irəli gələn məsələləri həll etməli olması ilə bağlıdır.

    Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə 2020-ci ilin sentyabrın 27-də başlayıb.

    Noyabrın 10-da bu müharibə Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın imzaladığı birgə bəyanatla başa çatıb.

  12. Təcili xəbər, Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq

    "Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq", Azərbaycan Prezidentinin rəsmi saytı xəbər verir ki, Prezidenti İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    "Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:

    1. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

    Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə 2020-ci ilin sentyabrın 27-də başlayıb.

    Noyabrın 10-da bu müharibə Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın imzaladığı birgə bəyanatla başa çatıb.

  13. Azərbaycan Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib

    Azərbaycan Respublikasının Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.

    Qurumun yaydığı müraciətdə Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrasının sürətləndirilməsi məqsədilə vətəndaşlara müvafiq sənədləşməni həyata keçirilməsi qaydaları ilə bağlı tövsiyə edilir ki, səfərbərlikdən təxrisedilmə ilə əlaqədar hərbi qulluqçuların aşağıda göstərilən kateqoriyalara aid olmasını təsdiq edən sənədləri yalnız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təqdim etsinlər:

    - üç və ya daha çox uşağı olan;

    - himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;

    - himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;

    - ailənin tək övladı olan;

    - ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;

    - döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;

    - yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;

    - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan” şəxslər.

    Təqdim olunacaq sənədlərin surətləri notarial qaydada təsdiq olunmuş olmalıdır.

    Azərbaycan Prezidenti İlham Əliyev “bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” Sərəncamı 2020-ci il dekabrın 1-də imzalayıb.

  14. Azərbaycan XİN Fransa parlamentinin bir qrup üzvünün Dağlıq Qarabağa planlaşdırılan səfərinə münasibət bildirib

    “Azərbaycan Respublikasının onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlər ilə bağlı rəsmi mövqeyi bəllidir və bu mövqe dəyişilməz olaraq qalır. Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır".

    Azərbaycanın yerli mediası yazır ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Erməni KİV-lərinin "Fransa parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyi, eləcə də burada görüşlər keçirərək, mövcud olan humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırmaları ilə bağlı xəbərlərinə münasibət bildirərkən deyib.

    "Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır,” media Leyla Abdullayevadan sitat gətirib.

  15. DANX işğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturunun bərpası ilə bağlı layihə hazırlayır

    “İşğaldan azad edilən şəhər və rayonlarda yük daşınması, avtobusla sərnişin daşınması və taksi minik avtomobilləri ilə sərnişin daşıma xidmətlərinin göstərilməsi məqsədilə avtomobillərə xidmət etmək üçün təmir sexləri, texniki qulluqların aparılması sahələri, yanacaq doldurma məntəqəsi, avtoyuma məntəqəsi və avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün digər sexlər və duracaq sahələri olan avtonəqliyyat təsərrüfatının təşkil edilməsi nəzərdə tutulub”.

    Bu barədə BBC News Azərbaycancaya Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildiriblər.

    Qurum bildirib ki, “nəzərdə tutulan işlər dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin tərkib hissəsi kimi reallaşdırılacaq”:

    “Bu, həmçinin özəl sektor üçün yeni investisiya imkanlarının yaranması və böyük layihələrin idarə edilməsi ilə bağlı təcrübələrin formalaşmasına geniş təkan vermiş olacaq”.

    Həmçinin bildirilir ki, “bu məqsədlə DANX tərəfindən təklif olunan avtomobil nəqliyyatına dair infrastruktur obyektlərinin nümunəvi tikinti-layihə sənədləri hazırlanır”.

    Dövlət Avtomobil Nəqliyyatı Xidməti həmçinin “Azərbaycanda işğaldan azad olunan ərazilərin iqlimi, torpaq fondunun burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açdığını nəzərə alaraq, həmin ərazilərdə əhalinin yenidən məskunlaşması üçün inşa ediləcək kənd və qəsəbələrə ilkin olaraq hər rayon üçün sərnişindaşıma fəaliyyəti göstərilməsi məqsədilə rayon mərkəzlərini nisbətən böyük kənd və qəsəbələrlə əlaqələndirən, həmçinin ölkəmizin paytaxtı Bakı şəhərini və digər şəhərləri (Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Bərdə, Tərtər və s.) həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili (şəhərdaxili) və müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma marşrutunun təşkil edilməsinin nəzərdə tutulduğunu” açıqlayıb.

    DANX 30 ilə yaxın zaman ərzində işğal altında olmuş torpaqlarda nəqliyyat infrastrukturuna dəymiş zərərin də təhlilini aparıb:

    “22 avtonəqliyyat müəssisəsi (bu müəssisələrə məxsus qarajlar, idarə binaları, sexlər, qaraj avadanlıqları, qurğular), 10 avtovağzal və avtostansiya kompleksi, avtonəqliyyat müəssisələrinə məxsus Ağdamda 160, Laçında 70, Füzulidə 60, Cəbrayılda 15, Zəngilanda 40, Şuşada 90, Xocalıda 70, Qubadlıda 50, Xankəndidə 350, Kəlbəcərdə 70, Ağdərədə 30, Xocavənddə 10 ədəd, ümumilikdə 1 015 ədəd nəqliyyat vasitəsi talan edilib, yararsız hala gətirilib”.

    DANX sıradan çıxarılmış nəqliyyat infrastrukturu və maddi-texniki bazanın dəyərinin milyonlarla manat həcmində ölçüldüyünü bildirib.

  16. Anar Kərimov: "Qarabağdakı xristian mədəni və dini abidələr bizə əcdadlarımızdan qalıb və onları qoruyuruq"

    "Azərbaycanın çoxmədəniyyətli millət kimi qeyd edilməsi şübhə doğurmamalıdır və Qarabağın xristian mədəni irsi hökumət tərəfindən qorunacaq".

    Azərtac xəbər agentliyi yazır ki, bu barədə Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov “France 24” televiziya kanalına eksklüziv müsahibəsində deyib.

    Xəbərdə deyilir ki, nazir müavini "Azərbaycanın çox mədəniyyətli və çox dinlərin çoxluq təşkil etdiyi ölkə" olduğunu bildirib.

    "Ölkəmizdə bütün dinlərə hörmətlə yanaşılır. Bakıda erməni kilsəsi şəhərin mərkəzində yerləşir və hamıya açıqdır", Anar Kərimov deyib, Azərtac sitat verir.

    "Bakıda kilsə və sinaqoqların fəaliyyət göstərdiyi bildirilərək Qarabağdakı xristian dini abidələrinin əcdadlarımızdan miras qaldığı vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan əcdadlarımızdan miras qalan xristian mədəni və dini irsini qoruyub və qoruyacaq. Həmçinin bildirilib ki, Ermənistan bölgədə bir çox müsəlman dini abidələrini dağıdıb", agentlik yazır.

    Anar Kərimovun "təhlükəsizlik və hava şəraiti imkan verən kimi UNESCO-nun bölgəyə səfərinin təmin olunacağı ilə bağlı xəbər verdiyi" bildirilir.

  17. Rusiya Müdafiə Nazirliyi: "Rusiya sülhməramlıları 27 mindən çox qaçqının Dağlıq Qarabağa qayıtmasına kömək edib"

    "Rusiya sülhməramlıları ötən gün ərzində 1100 nəfərdən çox olmaqla 27 mindən çox qaçqının Dağlıq Qarabağa qayıtmasına kömək edib," Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı məlumat yayıb, TASS yazır.

    Agentlik yazır ki, "1 dekabr 2020-ci il tarixində rus sülhməramlıları Ermənistandan Dağlıq Qarabağa qayıdan qaçqınların daha bir avtobus karvanını müşayiət edib. Yerevandan Stepanakertə 1168 nəfər gəlib".

    Nazirliyin məlumatına görə, "14 noyabr 2020-ci ildən bu yana 27 mindən çox qaçqın öz evinə qayıdıb".

    Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə 27 sentyabrda Dağlıq Qarabağda gərgin döyüşlərlə başlayıb. Azərbaycan, Ermənistan, Rusiya liderlərinin Qarabağda döyüşlərin dayandırılmasilə bağlı bəyanat noyabrın 10-da imzalanıb.

  18. İqor Konaşenkov: Qarabağa 26 min erməni qayıdıb

    Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Dağlıq Qarabağdakı atəşkəsə nəzarət etmək üçün yaradılmış Rusiya ilə Türkiyə ortaq mərkəzində hər iki tərəfdən hərbçilərin sayı eyni olacaq.

    Onun sözlərinə görə, mərkəz Azərbaycan ərazisində yerləşəcək, Ria Novosti bildirib.

    İqor Konaşenkov onu da bildirib ki, bu gün rus sülhməramlılarının müşayiəti altında Dağlıq Qarabağa 846 erməni əsilli qaçqın geri dönüb və bununla da geri dönən şəxslərin sayı 26 minə çatıb.

  19. Laçının qayıtmasını bayram edənlər: "Ona görə burdayıq ki, görək bizə deyirlərmi nə vaxt qayıdırıq?"

  20. "Laçında yaz açıla, qırxbuğum yığam, kətə salam, peç qalayam, tüstü çıxa"

    Nuridə Abdullayeva və onun qardaşı ailələri ilə birgə hazırda Bərdənin Qaradağlı kəndində məskunlaşıb.

    O burada özünə yenidən güzəran qurub, ev-eşik düzəldib.

    Bərdə onun üçün doğmalaşsa da, o yenə də Laçına qayıtmağa tələsir.

    Azərbaycan, Ermənistan, Rusiya liderlərinin Qarabağda döyüşlərin dayandırılmasilə bağlı noyabrın 10-da birgə imzaladığı bəyanata görə Laçın rayonu dekabrın 1-də Azərbaycana geri qaytarılıb.

    Laçın rayonu 1992-ci ilin mayında işğal edilib.

    Ermənistanla Dağlıq Qarabağı əlaqələndirən Laçın dəhlizi Laçın şəhərindədir.