Hikmət Hacıyev: Azərbaycanın Ermənistana qaytarmaq istədiyi mülki şəxs vəfat edib
Azərbaycanın Ermənistana qaytarmaq istədiyi mülki şəxs - Mişa Melkumyan Azərbaycanda vəfat edib
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev BBC News Azərbaycancaya deyib ki, onlar Mişa Melkumyanı geri vermək istəsələr də, Ermənistan tərəfi onu götürməkdən imtina eləmişdi.
Hikmət Hacıyevin sözlərinə görə, 84 yaşlı Mişa Melkumyan müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkib və bu gecə vəfat edib.
O əlavə edib ki, oktyabrın 18-dən Qızıl Xaç Beynəlxalq Komitəsinin yerli nümayəndələrinin müşahidəsi altında mərhumun müalicəsi aparılırdı.
Oktyabrın 29-da Azərbaycan 30 erməni hərbçinin cəsədlərinin və bir mülki şəxsin erməni tərəfinə birtərəfli qaytarıldığını bildirib.
Daha sonra Azərbaycan rəsmiləri bildirib ki, Ermənistan tərəfi daha bir mülki şəxs - 84 yaşlı Mişa Melkumyandan imtina edib.
Ermənistan ombudsmanı Arman Tatoyan Melkumyanın götürülmədiyini onun səhhəti ilə izah etmişdi.
Ermənistan ombudsmanının rəsmi saytında dərc edilən bəyanatda deyilirdi ki, “Ermənistanda səlahiyyətli orqanlara sorğu edilib və məlum olub ki, Mişa Melkumyanın səhhətinə görə, onu nəql etmək olmaz“.