You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Təcili xəbər, Cenevrə görüşündə nə barədə razılığa gəlinib?

    Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri ilə görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov, Stephane Visconti və Andrew Schofer) bəyan edib ki, tərəfləri bir daha oktyabrın 17-də Parisdə və oktyabrın 25-də Washington-da təsdiqlənmiş və oktyabrın 10-da Moskvada verilmiş Birgə Bəyanata uyğun olaraq humanitar atəşkəsin təcili təşkili də daxil olmaqla, öz öhdəliklərini tam yerinə yetirməyə çağırıblar.

    Həmsədrlər nazirlərlə həm ayrılıqda, həm də birgə görüşüblər.

    Görüşlərdə ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk (PRCiO) də iştirak edib. Onlar həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi və BQXK prezidenti Peter Maurer ilə də məsləhətləşmələr aparıblar.

    Atəşkəsin və ya digər öhdəliklərin həyata keçirilməsinə xələl gətirmədən tərəflər təcili əsasda bir sıra addımlar atmağa razılaşıblar.

    • Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki əhalini və ya qeyri-hərbi obyektləri qəsdən hədəfə almayacaq;
    • Tərəflər BQXK və ATƏT sədrinin şəxsi nümayəndəsinə lazımi təhlükəsizlik zəmanətləri verməklə döyüş sahəsindəki qalıqların mübadiləsi və bərpasının həyata keçirilməsində fəal iştirak edəcəklər;
    • Tərəflər bir həftə ərzində giriş və nəticədə mübadiləni təmin etmək məqsədi ilə BQXK və ATƏT sədrinin şəxsi nümayəndəsinə hazırki hərbi əsirlərin siyahısını çatdıracaqlar;
    • Tərəflər 10 oktyabr Birgə Bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsinin mümkün mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər.

    Bəyanatda deyilir ki, tərəflər 10 oktyabr Birgə Bəyanatının 3-cü bəndinə uyğun olaraq, hərtərəfli həllin əsas elementləri üzrə mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı fikir mübadiləsi aparıblar.

    Həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün tərəflərlə intensiv çalışmağa davam edəcək.

  2. Cenevrədə görüş başa çatıb

    Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xarici İşlər naziri ilə görüşü başa çatıb, XİN bildirib.

    Ceyhun Bayramov görüşdə "münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim edib".

    "Humanitar tədbirlərdən bəhs edən nazir Ceyhun Bayramov Azərbaycanın sərgilədiyi konstruktiv yanaşmanı vurğulayıb. Bu xüsusda, Azərbaycan tərəfindən birtərəfli qaydada cəsədlərin, habelə ahıl erməni qadınının Ermənistan tərəfinə təhvil verildiyini qeyd edib. Nazir Azərbaycanın bu təklifi çox öncədən irəli sürdüyünü bildirib.

    Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutmasının qəbuledilməz olduğunu vurğulayıb", məlumatda bildirilir.

  3. Azərbaycan Müdafiə Nazirliyi: "Qarabulaq (Aknaxpyur) kəndi atəşə tutulmayıb"

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, "Xocalı rayonunun Qarabulaq kəndinin (keçmiş Əsgəran rayonunun Aknaxpyur kəndi) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması nəticəsində mülki əhalinin xəsarət alması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır."

    "Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır", qurum qeyd edib.

    Bundan əvvəl tanınmamış "DQR ombudsmanı" Artak Beglaryan Twitter-də yazıb ki, bu kəndin "atəşə tutulması nəticəsində 60 yaşlı Sergey Balayanın həlak olub və 6 nəfər yaralanıb".

  4. Azərbaycan Müdafiə Nazirliyi bu gün saat 20:25 radələrində cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd “Osa” ZRK-nın vurulduğunu bildirib və bu barədə video yayımlayıb.

  5. Ermənistanın sabiq prezidenti Robert Koçaryan koronavirusa yoluxduğuna görə Moskva səfərini təxirə salıb

    Sabiq Ermənistan prezidenti Robert Koçaryan koronavirusa yoluxub və buna görə Moskvaya Qarabağ mövzusunda danışıqlara getməyəcək, bu barədə bu gün onun mətbuat xidməti xəbər verib.

    Ermənistanın iki keçmiş prezidenti Levon Ter-Petrosyan və Robert Koçaryan hansısa “Rusiya elita nümayəndələri ilə” Qarabağ problemini müzakirə etmək üçün birlikdə Moskvaya getməyə hazırlaşırdılar.

    Bu gün daha əvvəl Baş nazir Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyan KİV-lərə xəbər verib ki, Paşinyan on gün bundan əvvəl, iki sabiq "Dağlıq Qarabağ prezidentləri" ilə görüşdən sonra, Ter-Petrosyanla Koçaryanın bu səfərinə etiraz etmir.

  6. Bərdəyə raket hücumunun qurbanları dəfn edilib - Fotojurnal

    Oktyabrın 28-də Bərdə şəhərinin mərkəzi ərazilərinə raket zərbəsi endirilib və nəticədə 21 nəfər həlak olub, 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

  7. Tanınmamış "DQR ombudsmanı" Artak Beglaryan bildirib ki, Ağbulaq (Aknaxpyur) kəndinin atəşə tutulması nəticəsində 60 yaşlı Sergey Balayan həlak olub və daha 6 nəfər yaralanıb.

    Bu kənd Şuşadan şərqdə yerləşir. Erməni tərəfi günlərdir ki, burada döyüşlərin getdiyini iddia edirlər.

    Azərbaycan tərəfi axşam saatlarında kəndi atəşə tutmadığını açıqlayıb.

    Bundan başqa, tanınmamış “DQR hakimiyyətinin” informasiya mərkəzi hərbçilərə istinadən yaydığı məlumatda bu gün Azərbaycan ordusunun "Laçın istiqamətində aktivləşdiyini" bildirib.

    Azərbaycan tərəfi bu məlumatı şərh etməyib və xəbər müstəqil mənbələrdən təsdiq olunmayıb.

  8. Təcili xəbər, Cenevrədə görüş davam edir

    ATƏT-in Minsk Qrupunun həmsədrləri və Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında görüş hazırda davam edir.

    Azərbaycan XİN açıqlayıb ki, bundan əvvəl bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub.

    Məlumatda deyilir ki, Görüş zamanı nazir Azərbaycanın mövqeyi barədə qarşı tərəfə məlumat verərək, Ermənistanın destruktiv əməlləri, mülki şəxslərin və yaşayış məntəqələrinin hədəfə alındığı, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi, müharibə cinayətlərinin törədildiyini qarşı tərəfin diqqətinə çatdırıb.

  9. Rusiya Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyəti müzakirə edib

    Rusiya Prezidenti Vladimir Putin bu gün (video link vasitəsilə) Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağdakı vəziyyəti müzakirə edib.

    "Qarabağdakı vəziyyətin inkişafına vurğu etməklə, Zaqafqaziyadakı vəziyyət müzakirə edilib", Prezidentin mətbuat xidməti bildirib.

  10. Hikmət Hacıyev Tərtərə atılan "Smerç" raketinin şəklini paylaşıb

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistandan Tərtərin Ələsgərli kəndinə atılan "Smerç" raketinin şəklini paylaşıb.

    O, Twitter hesabından "raketin böyük ehtimalla və xoşbəxtlikdən partlamadığını" və onun tezliklə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən zərərsizləşdiriləcəyini yazıb.

  11. Bu təqribi xəritə mediaya açıqlanmış məlumatlara əsasən hazırlanıb.

  12. Belçika millət vəkilləri Qarabağa gediblər

    Belçikalı millət vəkillərinin bu gün tanınmamış “DQR prezidenti” Arayik Harutyunyanla görüşü olub, yerli informasiya kanalı bildirir.

    Kiçik nümayəndə heyətinə sol mərkəzçi Humanist Demokratik Mərkəz partiyasından parlament üzvü Georges Dalman rəhbərlik edir.

    Bundan əvvəl Qarabağa Fransa parlamentinin dörd deputatı və Almaniyanın "Almaniya üçün Alternativ" sağçı-populist partiyasının üzvləri baş çəkiblər.

    Axşam saatlarında Anna-News kanalının müxbiri Xankəndindən xəbər verib ki, Şuşa tərəfindən iyirmiyə qədər güclü partlayış səsləri eşidilib.

    Harada və nəyin partlaması barədə məlumat verilməyib.

    Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməyib.

    Bundan əvvəl, yerli vaxtla saat 4 radələrində tanınmamış "DQR-in xilasedici xidmətinin" məlumatına görə, gün ərzində Qarabağ yaşayış məntəqələrində vəziyyət nisbətən sakit olub.

  13. Azərbaycan MN: "Bərdə və Tərtər atəşə tutan 2 "Smerç" sıradan çıxarılıb"

    Azərbaycan Müdafiə Nazirliyi deyir ki, oktyabrın 30-da Bərdə və Tərtər şəhərlərini atəşə tutan qarşı tərəfə məxsus daha 2 "Smerç" sıradan çıxarılıb.

    “Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib,” – qurum bildirib.

    Nazirliyin məlumatına görə, bu gün saat 12.55 və saat 14:18 radələrində Azərbaycan Ordusunun bölmələri 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri sıradan çıxarıb.

    Qurum hadisələrin videogörüntülərini təqdim edib.

  14. Cenevrədə Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü başlayıb

    Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyan arasında görüş başlayıb, Ermənistan XİN mətbuat katibi Anna Nağdalyan Facebook səhifəsində yazıb.

    Bu gün daha əvvəl Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb.

  15. Müdafiə Nazirliyi Cəbrayılın azad olunan Xudafərin kəndindən video yayımlayıb

    Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən video sujet yayımlayıb.

    Sujetdə tarixi abidə Xudafərin körpüsü onun yaxınlığında dağıdılmış eyni adlı kənd təsvir olunub.

    Kadrlarda kəndin sakini Qaraslan İsmayılov dağılmış evləri haqqında danışıb.

  16. Dünən Azərbaycan 30 hərbçi meyitini və bir mülki şəxsi Ermənistana verib. Bu hadisə son illərdə Qarabağ münaqişəsi tarixində baş vermiş ən geniş miqyaslı və bir aydan çoxdur ki, davam edən müharibə dövründə isə ilk belə humanitar addımdır.

  17. Hikmət Hacıyev: "Hərbi tribunalların yaradılmasına ehtiyac var"

    "Azərbaycanda törədilən hərbi və müharibə cinayətlərinə görə Ermənistan dövlət olaraq, həmçinin digər şəxslər fərd olaraq məsuliyyət daşıyır", Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev cümə günü Baş Prokurorluqda keçirilən brifinqdə deyib.

    O söyləyib ki, günahkar şəxslərin cəzalandırılması üçün "bütün hüquqi addımlar atılacaq və beynəlxalq mexanizmlərdən istifadə olunacaq".

    “Bu gün də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi cinayət əməlləri Avropa İnsan Hüquqları Məhkəməsində “Çıraqov Ermənistana qarşı” işində qeyd olunub. Amma bütün bu əməllərin kompleks şəkildə qiymətləndirilməsi üçün beynəlxalq məhkəmə mexanizmlərinin və hərbi tribunalların yaradılmasına ehtiyac var ki, Ermənistanın siyasi-hərbi rəhbərliyində bu gün təmsil olunan şəxslər, həmçinin əvvəlki dövrlərdə də Azərbaycan xalqına qarşı cinayət əməllərini və insanlıq əleyhinə qarşı cinayət əməllərini törətmiş insanlar qanun qarşısında, yəni beynəlxalq ədalət mühakiməsi qarşısında cavablarını vermiş olsunlar. Bu, heç bir halda qisas deyil, bu, ədalətin təntənəsidir”, - o deyib.

  18. Kamran Əliyev: "İndiyədək 91 mülki şəxs öldürülüb, 400 nəfər yaralanıb"

    Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində indiyədək 91 mülki şəxs öldürülüb, 400 nəfər yaralanıb.

    Bu barədə Baş prokuror Kamran Əliyev cümə günü keçirilən brifinqdə deyib.

    Onun sözlərinə görə, 428 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2442 yaşayış evi yararsız vəziyyətə düşüb.

  19. Kamran Əliyev: "Ermənistanın dinc əhaliyə qarşı törətdikləri ilə bağlı 52 cinayət işi başlanıb"

    Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı 52 cinayət işi başlanıb.

    Bu barədə Baş prokuror Kamran Əliyev cümə günü keçirilən brifinqdə deyib.

    Kamran Əliyev bildirib ki, bu cinayət işlərinin 39-u dinc əhaliyə hücumlar, beşi muzdluların Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirak etməsi, biri tarixi abidələrin məhv edilməsi ilə bağlı başlanıb.

    "Muzdluların döyüş əməliyyatlarında iştirakı və əsir düşmüş hərbçilərə qarşı qeyri-insani rəftarla" bağlı DTX-nın Baş İstintaq İdarəsi və Hərbi prokurorluqda cinayət işlərinin başlanıldığı bildirilib.

  20. Azərbaycan Müdafiə Nazirliyi bu gün Ermənistan mətbuatının "Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarının vurulması" ilə bağlı xəbərini təkzib edib.

    Qurum məlumatı "növbəti yalan" adlandırıb.

    Nazirliyin məlumatında "oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində yeni inşa edilmiş raket-artilleriya silahları anbarının Azərbaycan Ordusu tərəfindən vurulduğu" qeyd olunur.