You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.
Canlı reportaj
BMT-nin agentlikləri Azərbaycanın münaqişədən əziyyət çəkən rayonlarında ehtiyacların dəyərləndirilməsi missiyasını başa vurduğunu açıqlayıb
"BMT agentliklərinin mütəxəssislərindən ibarət əlaqələndirilmiş qiymətləndirmə missiyasının Azərbaycanın münaqişədən əziyyət çəkən rayonlarına dördgünlük səfəri başa çatıb", Birləşmiş Mİllətlər Təşkilatının Azərbaycan nümayəndəliyi məlumat yayıb.
Qurumun məlumatına görə, "missiya BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, BMT-nin İnkişaf Proqramı, UNİCEF, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrindən ibarət olub".
"Missiya üzvləri Bərdə, Ağdam və Ağcabədi rayonlarında icra hakimiyyətlərinin başçıları ilə görüşüblər, eləcə də müvəqqəti məcburi köçkünlər və münaqişədən əziyyət çəkən icmaların yaşadığı yerlərə baş çəkiblər. Onlar həmçinin mülki evlər və infrastruktura dəyən ziyanı qiymətləndirmək üçün münaqişə zonasının yaxınlığında yerləşən kənd və qəsəbələrə səfər ediblər", məlumatda bildirilir.
Qurum həmçinin "əsas ehtiyacları anlamağa imkan verən və hökumətin fəaliyyətlərini dəstəkləmək üçün müxtəlif sektorlarda müvafiq humanitar cavab mexanizmlərini planlaşdırmaq məqsədilə missiyanın nəticələrinə dair hesabatın hazırlanacağını" açıqlayıb.
ANAMA əməliyyat-axtarış tədbirlərini davam etdirdiyini açıqlayıb
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) noyabrın 18-19-u üçün Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonları və Mingəçevir şəhəri ərazisində mərmilərin aşkar olunması daxil olmuş 66 müraciətin daxil olduğunu açıqlayıb.
Qurum bildirib ki, "aparılmış 65 operativ və təxirəsalınmaz əməliyyat çıxışı nəticəsində 55 ədəd partlamamış hərbi sursat (PHS) və 119 ədəd partlamış mərmi qalıqları aşkar olunub".
Azərbaycan MN: "Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub"
"Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub," Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qurum bildirib ki, "Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub".
"Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq", qurumun məlumatında deyilir.
Lavrov: "Qarabağda atəşkəs məsələsində ABŞ və Fransanın da mövqeyi nəzərə alınıb"
“Hesab etmirəm ki, Dağlıq Qarabağda atəşkəs məsələsi ABŞ-ın iştirakı olmadan həll olunub,” - Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın RT telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ABŞ və Fransa da bu məsələdə iştirak ediblər, həmin məsələ bu ölkələrin mövqeyi nəzərə alınmaqla həll olunub.
“Üç həmsədr ölkə olan Rusiya, ABŞ və Fransanın hələ 9 noyabr razılaşmasından əvvəl bir ay ərzində prezidentlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr səviyyəsində dəfələrlə səsləndirilmiş mövqeyi, yəni qan tökülməsini dərhal dayandıraraq atəşkəsə nəzarət mexanizmini yaratmaq istiqamətindəki mövqeləri siyasi cəhətdən, psixoloji cəhətdən öz təsirini göstərirdi”, - Rusiya XİN başçısı deyib.
Rusiyalı nazir ABŞ və Fransanın region ölkələrində nüfuza malik olduqlarını xatırladaraq həmin iki ölkə nümayəndələrində Dağlıq Qarabağ münaqişəsi məsələsi ilə bağlı təmaslar zamanı müəyyən küskünlük sezildiyini qeyd edib.
Lavrov bunu “kədərli” məqam kimi qiymətləndirib.
Movses Hakobyan Ermənistana silah verilməsi, İsgəndər raketi və "yalan informasiya" barədə
İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra istefa vermiş Ermənistan Hərbi-Nəzarət Xidmətinin rəhbəri Movses Hakobyan bu gün keçirdiyi brifinqdə "müharibə zamanı Rusiyanın Ermənistana silah verdiyini" deyib.
Onun sözlərinə görə, müharibə zamanı Rusiya Ermənistana lazım olandan da çox silah verib.
“Rusiya müharibənin ilk günündən Ermənistanı, hələ baş nazir Rusiya prezidenti ilə telefonla danışıqlarından qabaq, heç xəyalımıza belə gətirə bilmədiyimiz silahla təchiz edib”, - Hakobyan deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin o qədər də layiqli davranışına baxmayaraq, Rusiya bu münaqişədə özünü Ermənistanın əsl dostu kimi aparıb.
Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibə dövründə etdiyi çıxışlarda Ermənistana silah verildiyini bildirib. O konkret ölkə adı çəkməsə də, bəzi təhlilçilər onun Rusiyaya işarə vurduğunu bildirib.
O, “Artsaxda [Dağlıq Qarabağ- red.] “İsgəndər” istifadə edilibmi? – sualına belə cavab verib: “istifadə olunub, lakin deyə bilmərəm harada”.
Niyə istefa verib?
Daha əvvəllər Ermənistan Silahlı Qüvvələri baş qərargah rəisi və tanınmamış “DQR müdafiə naziri” olan Movses Hakobyanın sözlərinə görə, o, hələ oktyabrın 5-də ordudan tərxis olmaq istəyib, lakin “müharibənin ən qızğın çağında orduya zərər vura bilərdi”.
Qəti qərara gəlməyə isə baş nazir Paşinyanın hərbçiləri Qarabağdan Yerevana qayıdıb ”divarların altında zingildəyən” etirazçıların “məsələsini həll etməyə” çağırmağı vadar edib.
"Yalan" informasiya
Movses Hakobyan müharibənin davam etdiyi 44 gün ərzində cəbhədəki vəziyyət haqqında yalan məlumat yayıldığını deyib.
Bir halda ki, onun sözlərinə görə, Vahid İnformasiya Mərkəzinin vəzifələrindən biri “düşməni aldatmaq” olub.
“Lakin bunun üçün yanlış məlumat 30 faizdən artıq olmamalıdır”. Ermənistanda isə 100 faiz yalan olub, - o deyib.
“Bu hal əhalidə və hərbçilərdə çoxlu sual və ziddiyyətlər doğurub“.
Orduda kadr yerdəyişmələri
Movses Hakobyan erməni tərəfin Qarabağ müharibəsində məğlubiyyət səbəblərinin köklərinin daha dərin olduğu və daha uzaq keçmişə getdiyini bildirib.
“Uğursuzluqlarımız Silahlı Qüvvələrin müharibəyə hazırlığından başlayıb. Məni baş qərargah rəisi vəzifəsindən azad edəndə, Baş nazirdən bunu izah etməyi xahiş etdim. Dedi ki, bütün keçmiş rəhbərləri dəyişmək qərarı var. Mən biləndə ki, mənim yerimə Artak Davtyanı təyin edib, dedim ki, ən hazırlıqsız generalı təyin edib”.
“O vaxtdan da ordunun dağılması prosesi başlayıb. Lakin bu – xəyanət deyil. Sadəcə müharibə sənətini bilməməkdir“.
General Hakobyanın sözlərinə görə, iki il əvvəl orduda başlanmış dəyişikliklər nəticəsində ordunun tərkib hissəsi xeyli ixtisar olunub.
Müharibə zamanı, sentyabrın 30-na olan məlumata görə, Qarabağda 78 faiz səfərbərlik edilib, Ermənistanda – 52. Bu, 48 saatda edilməli idi, Hakobyan deyib.
“Lakin müharibənin 3-cü günü Baş nazir (Paşinyan) səfərbərliyi dayandırmaq və cəbhəyə könüllüləri göndərmək əmri verir. Müharibənin 5-ci günü 1500 nəfər qaçır və onları müxtəlif yerlərdə təcrid edirlər ki, Ermənistana qayıdıb çaxnaşma salmasınlar”, - Movsesyan əlavə edib.
"Lüzumsuz" Su-30
Keçmiş baş qərargah rəisi Movses Hakobyanın sözlərinə görə, 2018-ci ildə ordunun daha əvvəl qəbul olunmuş inkişaf planı ləğv edilib və bir sıra nəzərdə tutulan silah növlərindən imtina edilib.
“Yeni plana əsasən, Su-30SM təyyarələri, “Tor” zenit-raket qurğuları əvəzinə “Osa” zenit-raket qurğuları əldə edilib. Bu silahdan bir dənə də olsun PUA vurulmayıb. Hakimiyyət Rusiya hökumətinin qərarı ilə tanış olmamış Su-30SM təyyarələri alıb. Bir halda ki, qərara əsasən, təyyarə üçün sursat satılmayacağı qeyd olunur”, - Hakobyan deyib.
"Baş nazirin xanımının komanda məntəqəsində nə işi var?"
Movses Hakobyan Baş nazirin xanımı Anna Hakobyanın Qarabağda kənar şəxslərə icazə verilməyən hərbi komanda bunkerində olması ilə bağlı artıq bir həftədən çox dolaşan şayiələri şərh edib.
General bunkerdə monitorun qarşısında müharibənin gedişi videosuna baxan Anna Hakobyanı orada qalmamağı xahiş edib.
“Mən dedim: kişilər danışır, söyüşürlər. O dedi: yaxşı - və bir 20 dəqiqə də oturub getdi”, - general deyib.
Bir neçə saatdan sonra general Movses Hakobyanı Yerevana müdafiə nazirliyinə çağırıblar.
“Nazir Paşinyanın adından mənə Qarabağda komanda məntəqəsində görünmək qadağan olunduğunu dedi. Mən baş nazirə mesaj yazdım ki, burada qala bilmərəm, məni Artsaxa [Dağlıq Qarabağ-red.] göndər, ürəyim partlayır. Paşinyan mesajımı heç açmayıb da”.
Baş nazir aparatının reaksiyası
Baş nazir Paşinyanın mətbuat katibi Mane Gevorqyan keçmiş Ermənistan baş qərargah rəisi Movses Hakobyanın mətbuat konfransında bəyan etdikləri ilə bağlı deyib ki, bunu hüquq-mühafizə orqanları araşdırmalı və qiymət verməlidir.
Lakin mətbuat katibi eyni zamanda əlavə edib ki, Hakobyanın dedikləri “cəfəng və uydurulmadır”.
Baş Prokurorluq isə Movses Hakobyanın mətbuat konfransının video yazısının Xüsusi İstintaq Xidmətinə göndərildiyi və araşdırıldığını bəyan edib.
Ankara və London Dağlıq Qarabağ məsələsini müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Britaniyanın xarici işlər naziri Dominic Raab ilə telefonla danışıb.
Dominic Raab öz Twitter səhifəsində qeyd edib ki, "Türkiyə NATO-nun mühüm üzvüdür, həmçinin Britaniyanıın müttəfiqi və dostudur."
"Bu gün Türkiyənin Xarici İşlər Naziri Mevlüt Çavusoğlu ilə Şərqi Aralıq Dəniz bölgəsində de-eskalasiyanın gərəkliyini, Dağlıq Qarabağda münaqişəni və Liviyadakı vəziyyəti müzakirə etdik," - britaniyalı nazir Twitter səhifəsində yazıb.
Ermənistan sakinlərinin böyük əksəriyyəti Rusiyaya "yaxşı münasibət" bəsləyir
Ermənistanda respondentlərin təxminən 84 faizi Rusiyaya "yaxşı münasibət" bəslədiklərini söyləyiblər.
Bu, Rusiyanın Sputnik radiosunun sifarişi ilə aparılan sorğunun nəticələrində aydın olub.
Sorğuda iştirak edənlərin yalnız 9.4 faizi bunun əksini deyib.
Ermənilərin 6.8 faizi suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.
Respondentlərin 62,3 faizi Rusiyanı Ermənistan üçün dost ölkə adlandırıb.
İkinci yerdə, 39,9 faizlə Fransa, üçüncü yerdə isə 6,4 faizlə İran olub.
Respondentlərin 5,8 faizi ABŞ-ı, 1.2 faizi Gürcüstanı, 0.6 faizi isə Almaniyanı dost ölkə adlandırıb.
Ermənilərin demək olar ki, 85 faizi Rusiyanı öz ölkələrinin müttəfiqi sayır.
Respondentlərin 11,6 faizi Rusiyanı müttəfiq saymır, soruşulanların 3,6 faizi isə bu suala cavab verə bilməyib.
Respondentlərin əksəriyyəti (79,6%) Moskvadan hərbi və siyasi yardımı qəbul etməyə hazır olduqlarını bildirib.
Rusiya sülhməramlıları Şuşadan Füzuli rayonuna yollanan Azərbaycan hərbçilərini müşayiət ediblər
Dağlıq Qarabağdakı rusiyalı sülhməramlılar Şuşadan Füzuli rayonuna yollanan Azərbaycan hərbçiləri kolonunun təhlükəsizliyini təmin ediblər.
Bunu cümə axşamı günü Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov brifinqdə bildirib, TASS xəbər verir.
"Noyabrın 19-da Rusiya sülhməramlı qüvvələrinin patrulları Şuşadan Azərbaycan Respublikasının Füzuli rayonu ərazisinə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları olan beş avtomobilin təhlükəsiz hərəkətini təmin ediblər," - Konaşenkov deyib.
O, "atəşkəsə bütün təmas xətti boyunca əməl olunduğunu" vurğulayıb.
O, Ermənistandan Dağlıq Qarabağa qaçqınların qayıtması barədə də məlumat verib. "Sutka ərzində Ermənistan ərazisindən Dağlıq Qarabağa hərbi əməliyyatlar səbəbi ilə Dağlıq Qarabağdakı evlərini tərk etmiş 1199 qaçqının təhlükəsiz şəkildə geri qayıtması təmin edilib.
Ümumilikdə, 14 noyabr tarixindən etibarən Rusiya sülhməramlılarının köməyi ilə Dağlıq Qarabağın 3 mindən çox sakini əvvəlki yaşayış yerlərinə qayıdıb." – Konaşenkov deyib. Münaqişə zamanı öldürülən əsgərlərin cəsədlərinin mübadiləsi də davam edir, məlumatda deyilib.
Rusiya hərbi nəqliyyat aviasiyasının İl-76 və An-124 təyyarələri sutka ərzində 22 uçuş həyata keçirərək şəxsi heyəti, əmlak və 40-dan çox avtomobil və sülhməramlı kontingentin xüsusi texnikasını çatdırıb. Ermənistan ərazisinə yük maşınları, mühəndis avadanlığı və maddi-texniki dəstək avadanlığı və geyim əmlakı çatdırılıb.
24 aksiya ştirakçısı saxlanılıb
Ermənistan polisi cümə axşamı günü Baş nazir Nikol Paşinyanın istefası çağırışı ilə Yerevanın mərkəzi küçələrini bloklayan 24 nümayişçini saxlayıb, İdarənin mətbuat xidmətindən məlumat verilib.
Polisin müdaxiləsindən sonra yollar açılıb.
Ermənistan müxalifəti Paşinyanın istefasını tələb edir. Baş nazirin əleyhdarları hesab edirlər ki, noyabrın 9-da Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə Paşinyanın imzaladığı birgə bəyanat əslində kapitulyasiya sənədidir.
Bazar ertəsi günü, Ermənistan prezidenti Armen Sarkisyan xalqa müraciətində növbədənkənar parlament seçkilərinin keçirilməsinə və seçkilərə qədər hakimiyyəti milli barış hökumətinə ötürməyə çağırıb.
“Yerevan” dəstəsi Qarabağdan qayıdıb
Yerevan meri Hayk Marutyuan bildirib ki, “Yerevan” könüllü döyüşçülər dəstəsi döyüş borcunu yerinə yetirərək, əmrə əsasən Artsaxdan (Dağlıq Qarabağ-red.) geri qayıdıb, Armenpress agentliyi xəbər verir.
Yerevan bələdiyyə başçısı xatırladıb ki, könüllülər Yerevandan noyabrın 1-də yola düşüb, döyüş əməliyyatlarına isə noyabrın 7-də qatılıb.
“Bütün könüllülərə və silahdaşlarıma vicdanlı xidmətlərinə görə təşəkkür edirəm. Hamımıza dözüm və səbir arzulayıram”, - Marutyan deyib.
Sosial mediada Azərbaycan əsgərlərinin Ağdama girməsinə aid olduğu deyilən görüntülər yayılıb.
Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşmaya əsasən Ağdam sabah, noyabrın 20-də Azərbaycana qaytarılmalıdır.
Bəzi mənbələrə görə, orada hazırda təhvil-təslim işləri aparılır.
Mariya Zaxarova: "Kəlbəcərdən əhali kütləvi şəkildə Ermənistan ərazisinə gəlməkdədir"
Dağlıq Qarabağda sön həftə ərzindəki vəziyyətə Moskvada cümə axşamı günü keçirilmiş brifinqdə toxunan Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib ki, “erməni hərbi birləşmələrinin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması davam edir”.
Onun sözlərinə görə, “Kəlbəcər rayonundan əhali kütləvi şəkildə Ermənistan ərazisinə gəlməkdədir.”
“Dağlıq Qarabağa noyabrın 14-dən bəri 3 mindən çox adam qayıdıb - 3054 nəfər,” - Mariya Zaxarova əlavə edib.
Rusiya XİN rəsmisinin sözlərin görə, “noyabrın 13-dən 382 nəfərin cəsədi təhvil verilib və bu rəqəm hər iki tərəfi əhatə edir”.
Yerevanda küçədə etirazçılar yolu bağlayıb
Yerevanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları cümə axşamı günü şəhərin mərkəzi küçələrini bağlamağa başlayıb.
Onlar “Nikol satqın!” çağırışları edib və vətənpərvərlik mahnılarını oxuyublar.
Yerevanda etirazlar noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya ölkə başçıları arasında Qarabağda atəşkəs haqqında birgə sənəd imzalandıqdan sonra başlayıb. 17 müxalif siyasi partiya Paşinyanın istefası tələbilə mitinqlər təşkil edir.
Cümə axşamı günü isə onlarla gənc müxalifət tərəfdarı Yerevanda şəhər nəqliyyatının hərəkəti dayandırmaq aksiyasını keçirib. Bəzən küçədən keçən və yolun bağlanmasından narazı sakinlər və sürücülər arasında mübahisə baş verdiyi xəbər verilir. Sosial şəbəkədə bir mikroavtobusun aksiya iştirakçılarının üstünə sürülməsini əks etdirən video yayılıb.
Bir qədər sonra polis “Qazel” markalı mikroavtobusun nümayişçilərin üstünə sürülməsi insidenti ilə bağlı araşdırma aparıldığı haqqında məlumat yayıb.
Aksiya uzun çəkməyib, polis etirazçıları yoldan kənara sıxışdırıb və nəqliyyat hərəkətini bərpa edib.
Etirazçılar jurnalistlərə aksiyanın nəticələrindən razı qaldıqlarını deyiblər.
Son məlumatlara görə, daha sonra Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları şəhərin mərkəzindən xeyli aralı yerləşən Yerevanda ABŞ səfirliyi yaxınlığındakı İsakov prospektində canlı hasara düzülüb, nəqliyyat hərəkətini bağlayıblar.
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsindən zərər çəkənlərə yardım ayırıb
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsindən zərər çəkənlərə əlavə 3 milyon avro həcmində təcili yardım ayırıb.
Bu maliyyə oktyabr ayının əvvəlində döyüş əməliyyatlarının başladığı gündən bəri ayrılan 900.000 avrodan əlavə olan yardımdır.
Avropa İttifaqının nümayəndəsi bildirib ki, onlar döyüş əməliyyatlarının dayndırılmasını alqışlayır və münaqişədən təsirlənmiş insanlara kömək üçün humanitar yardım göndərlər.
Ermənistanda mitinqlər davam edəcək
“Heç bir şey olmadığı üçün müxalifətin gündəmi dəyişmir; Ermənistanda müxalifətin mitinqləri davam edəcək”.
News.am-ın məlumatına görə, bunu cümə axşamı günü Ermənistan parlamentindəki brifinq zamanı müxalif Firavan Ermənistan fraksiyasının üzvü Mikayel Melkumyan deyib.
O bildirib ki, hüquq-mühafizə orqanları müxalifət partiyası liderlərinin etiraz mitinqlərində iştirakına icazə vermir.
Rusiya və Azərbaycanla 10 noyabrda sülh sazişi imzananadan bəri Ermənistanda 17 yeddi müxalifət partiyası Yerevanda mitinqlər keçirir və Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
Cəbrayıl şəhərinə və Hadrut qəsəbəsinə elektrik enerjisi verilib
"Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə Cəbrayıl şəhərinə və Hadrut qəsəbəsinə elektik enerjisi verib.
Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu BBC News Azərbaycancaya deyib ki, artıq Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar elektrik enerjisi ilə təmin olunub.
Onun sözlərinə görə, elektrik enerjisi Horadiz yarımstansiyasından qidalanan yeni çəkilən elektrik xətti vasitəsiylə ötürülüb.
"Azərişıq” rəsmisi bildirib ki, qurum “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər görür və işğaldan azad olunmuş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını təmin edir.
Cənab Aydınoğlu deyib ki, hazırda Azərişıq ASC-nin əməkdaşları cəbhəboyu bölgələrdə Ermənistanın mülki obyektləri hədəfə alması nəticəsində dəyən zərəri aradan qaldırır və bərpa işlərini yerinə yetirir.
Onun sözlərinə görə, işğaldan azad olunmuş digər rayonlarda yerləşən xüsusi əhəmiyyətli binalar generatorlar vasitəsiylə işıqlandırılır.
Birinci Qarabağ müharibəsində döyüşmüş Ermənistanlı general ölüb
Birinci Qarabağ müharibəsinin iştirakçısı, Ermənistanın müdafiə nazirinin keçmiş müavini olmuş Manvel Qriqoryan ölüb.
Bu barədə Sputnik Ermənistan xəbər yayıb.
64 yaşılı generalın ölümünü onun vəkili də təsdiq edib.
Manvel Qriqoryan 2018-ci il iyunun 16-da həbs olunmuşdu və ona bir neçə maddə ilə ittiham elan edilmişdi.
O, qanunsuz silah saxlama, küllü miqdarda mənimsəmə, vergidən yayınma, dövlət vəsaitinin israf edilməsi kimi ittihamlarda günahlandırlaraq həbs edilmişdi.
Ermənistan mediası həbs olunarkən generalın evindən və ona məxsus yerlədən çoxlu silah-sursat, hərbçilərə aid ərzaq məhsullarının aşkar edilməsi videolarını yaymışdı.
Bu ilin yanvarında Manvel Qrigoryan səhhəti ilə əlaqədar həbsxanadan çıxmişdı.Ermənistan mətbuatının yazdığına görə, Manvel Qriqoryan İkinci Qarabağ müharibəsi zamanı cəbhəyə gəlsə də, daha sonra səhhəti pisləşdiyi üçün Yeravana qayıtmalı olmuşdu.
“AzerGold” Kəlbəcər və Zəngilandakı qızıl yataqları ilə bağlı hər hansı təklif almayıb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) bəyan edib ki, Kəlbəcər rayonun Zod (Söyüdlü), Qızılbulaq və Zəngilan rayonunun Vejnəli qızıl yataqlarının işlənilməsi ilə bağlı QSC-yə indiyədək hər hansı bir müraciət daxil olmayıb.
Qurumun məlumatında deyilir ki, bu günlərdə yerli mediada gedən xəbərlərdə ləğv edilmiş “Azərqızıl” dövlət şirkəti ilə “AzerGold” QSC assosiasiya edilib ki, bu zaman yanlışlığa yol verilib.
Yerli mediada "AzerGold” və xarici şirkətin birgə konsorsium təsis edərək işğaldan azad edilən ərazilərdə qazıntı işlərinin aparılmasına dair planların olması haqqında xəbərlər yayılıb.
"AzerGold" QSC-nin mətbuat katibi Ariz Tarverdiyev Azərtaca-a bildirib ki, 1996-cı ildə ABŞ şirkəti ilə artıq ləğv edilmiş "Azərqızıl" dövlət şirkəti arasında bağlanmış müqavilə yeni hesab olunaraq səhv salınıb.
Fransa Senatı “Dağlıq Qarabağı” tanımaqla bağlı layihəni müzakirə edəcək
Fransa Senatı (parlamentin yuxarı palatası) tanınmamış “Dağlıq Qarabağın” müstəqilliyini tanımağa çağıran layihəni müzakirə edəcək.
Rusiyanın TASS agentliyinin məlumatına görə, xəbəri cümə axşamı günü Senatda Respublikaçıların sədri Bruno Retayo elan edib.
"25 noyabrda Senat Fransanın Artsax Respublikasını tanıması ilə bağlı qərara baxacaq. Yalnız onun müstəqilliyi türk islamçı qüvvələri qarşısında Dağlıq Qarabağ əhalisinin hüquq və azadlıqlarını etibarlı şəkildə təmin edə bilər",- Bruno Retayo deyib.
Fransa Senatının qərarları məsləhət xarakterlidir və icra hakimiyyəti bunları nəzərə ala bilər, lakin yerinə yetirmək məcburiyyətində deyil.
Bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin deyib ki, "heç kim, hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımayıb".
O deyib ki, beynəlxalq hüquqa görə, bu yaxınlarda sona çatan hərbi qarşıdurmada Azərbaycan, bütün dünya birliyi tərəfindən öz ərazisi kimi tanınan yerlərə geri qayıdıb.
Vladimr Putin bildirib ki, bu məsələlərdə Türkiyəni beynəlxalq hüququ pozmaqda günahlandırmaq çətin işdir, çünki "Azərbaycan ona yardım göstərən hər hansı bir müttəfiq seçmək hüququna sahibdir".
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir neçə gün əvvəl Fransa nümayəndə heyyəti ilə görüşdə deyib ki, “Fransa rəsmilərinin münaqişə ilə bağlı verdikləri bəzi bəyanatlar Azərbaycan cəmiyyətində ciddi suallar doğurur”.
Nazir Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın elə həmsədr mandatından irəli gələrək neytrallığı qoruyub saxlamasının zəruriliyini vurğulayıb.