You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin xronogiyası

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.

Canlı reportaj

  1. Ermənistan polkovnikinin öldüyünü bildirib

    Ermənistan silahlı qüvvələrinin polkovniki Vahagn Asatryan iki gün öncə öldürülüb.

    Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı günü öz Facebook hesabından yazıb.

    O, Vahagn Asatryana "milli qəhrəman" adının verilməsi üçün Prezidentə müraciət etdiyini bildirib.

  2. Ermənistan tərəfi həlak olmuş daha 49 hərbçisinin adlarını açıqlayıb.

    Bununla da erməni tərəfinin itkilərinin sayı 604 nəfərə çatıb.

    Azərbaycan hərbi itkiləri barədə hələ ki, məlumat açıqlamayıb.

  3. Hikmət Hacıyev: "Tərtərdə yaralanan mülki şəxslərin sayı 5-ə çatıb, 3 nəfər öldürülüb"

    Oktyabrın 15-də Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərinin qəbiristanlığına hücumu nəticəsində yaralanan mülki şəxslərin sayı 5-ə çatıb, 3 mülki şəxs həlak olub.

    Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter səhifəsində yazıb.

    Azərbaycanın Baş Prokurorluğu bildirib ki, bu gün saat 13 radələrində Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi keçirilərkən ərazi "qəsdən ağır artilleriyadan intensiv atəşə tutulub".

    Hadisə nəticəsində həmin zaman orada olan şəhər sakinləri 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olub, Məmmədov Fizuli Əli oğlu, Əmirov İsgəndər Yelmar oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

  4. İlham Əliyev: "Onlar Hadrut şəhərini geri götürməyə cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular"

    "Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əks halda, Ermənistan üstünlüyə malik olacaq və öz məqsədinə çatacaq. Əslində, onlar elə bunu etməyə çalışırlar. Onlar azad edilmiş əraziləri geri götürməyə cəhd edirlər. Xüsusilə onlar Hadrut şəhərini geri götürməyə cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular".

    Azərbayacan Prezidenti İlham Əliyev oktyabrın 14-də “France 24” televiziya kanalına müsahibəsində deyib ki, Ermənistan "azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar", çünki bu, "yalnız yeni qurbanlara səbəb olacaq".

    İlham Əliyev söyləyib ki, humanitar zəmində atəşkəsin elan olunması qərarı Rusiyadan gəlib və Azərbaycan bunu dəstəkləyib.

    Prezident açıqlayıb ki, Moskvada elan olunmuş bəyannamədə danışıqların "əsas prinsiplər çərçivəsində aparılacağı" təmin edilib.

    İlham Əliyev atəşkəs elan olunandan Azərbaycanın "bütün artilleriya atəşini dayandırdığını" bildirib və əlavə edib ki, Azərbaycan yalnız Ermənistanın "atəşkəsi pozduğua görə cavab verməli olub".

    O, Azərbaycanın "qəsdən mülki şəxsləri heç vaxt atəşə tutmadığını", "hədəflərin yalnız hərbi qurğular olduğunu" qeyd edib.

    İlham Əliyev deyib ki, Azərbaycan Qarabağda kilsənin vurulması məsələsini "araşdırır".

    "Biz bu məsələni araşdırmalıyıq. Biz nə baş verdiyindən əmin deyilik. Bizi günahlandırmaq üçün bunun ermənilər tərəfindən törədilə biləcəyinə dair şübhələrimiz var. Əgər bu, Azərbaycan hərbi birləşmələri tərəfindən törədilibsə, bu, səhv olub. Bizim hədəflərimiz arasında heç bir tarixi və ya dini hədəf yoxdur".

    Cənab Əliyev Fransa Prezidenti Emmanuel Macronla sonuncu danışığının "müsbət olduğunu", ona Fransanın "həmsədr olaraq neytral qalacağı barədə məlumat verildiyini" bildirib.

    İlham Əliyev söyləyib ki, Fransa Prezidentindən "Azərbaycan tərəfində vuruşmaq üçün Suriyadan döyüşçü gətirilməsinə dair" dəlil gözləsə də, ona "heç bir dəlil təqdim olunmayıb".

    "Bizdə muzdlular yoxdur. Bu, bizim rəsmi bəyanatımızdır. Toqquşmalar başlayandan artıq 2 həftədən çox vaxt keçib və heç bir ölkə bizə buna dair bir dəlil belə təqdim etməyib. Bundan əlavə, bizim buna ehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir".

    Prezident Türkiyənin Azərbaycan-Ermənistan arasındakı münaqişədə hərbi iştirakının "daha bir feyk xəbər olduğunu" bildirib.

    O, Türkiyənin siyasi müstəvi istisna olmaqla "heç bir halda prosesdə iştirak etmədiyini" söyləyib.

    İlham Əliyev Azərbaycanda "Türkiyə qoşunlarının olmadığını", Türkiyənin F-16-larının isə Azərbaycanda "birgə keçirilən hərbi təlimdən qaldığını" qeyd edib.

  5. Elektron Təhlükəsizlik Xidməti: "Vətəndaşlara Azərbaycan Banklar Assosiasiyasının adından saxta məktublar göndərilir"

    Azərbaycanın Elektron Təhlükəsizlik Xidməti açıqlayıb ki, Azərbaycan Banklar Assosiasiyasının adından saxta məktublar göndərildiyi qeydə alınıb.

    Xidmət bunun "Ermənistanın təxribatı" olduğunu bildirib.

    Məlumatda deyilir ki, vətəndaşlara "Telegram”, “WhatsApp” və digər kanallar vasitəsilə göndərilən "saxta məktubda guya Azərbaycan banklarının kiberhücumlara məruz qaldığı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılanadək bank müştərilərinin hesablarının müvəqqəti dondurulacağı bildirilir".

    Elektron Təhlükəsizlik Xidməti bu məlumatların "həqiqəti əks etdirmədiyini" qeyd edib və vətəndaşları "yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etməyə" çağırıb.

  6. Azərbaycan: "İndiyədək 43 mülki şəxs ölüb, 218 nəfər yaralanıb", Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

    Azərbaycanın Baş Prokurorluğu oktyabrın 15-də açıqlayıb ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində indiyədək 43 mülki şəxs ölüb, 218 nəfər yaralanıb.

    Bundan başqa, 1592 yaşayış evi, 79 çoxmənzilli yaşayış binası, 290 mülki obyekt yararsız vəziyyətə düşüb.

  7. Azərbaycanın Baş Prokurorluğu: "Ağdamda iki mülki şəxs yaralanıb"

    Azərbaycanın Baş Prokurorluğu bildirib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 15-i səhər saatlarından başlayaraq Ağdam rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya atəşinə tutub.

    Qurum açıqlayıb ki, bu gün saat 9 radələrində Ağdam rayonu, Birinci Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Roman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

    Baş Prokurorluq həmin şəxslərin yaşayış evlərinə də "ciddi ziyan dəydiyini" bildirib.

  8. Ermənistan MN: "Gecə ərzində nisbi gərginlik qorunub saxlanılıb"

    Ermənistan Müdafiə Nazirliyi gecə ərzində münaqişə zonasında "nisbi gərginlik qorunub saxlanılıb".

    Ermənstan MN-in sözçüsü Şuşan Stepanyan Facebook hesabında yazıb ki, "Rəqib səhər şimal və cənub-şərq istiqamətlərində aktiv artilleriya atəşinə davam edib".

  9. Hikmət Hacıyev: "Bir mülki şəxs yaralanıb"

    "Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi açıq şəkildə pozaraq Azərbaycanın Tərtər, Ağcabədi, Ağdam və digər bölgələrini atəşə tutmağa davam edir. Bir mülki şəxs yaralanıb".

    Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter səhifəsində yazıb.

  10. Təcili xəbər, Goranboy, Tərtər, Ağdam və Ağcabədi "atəşə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarını atəşə tutur.

  11. Azərbaycan MN qarşı tərəfin "vurulan qüvvə və texnikası" barədə

    Azərbaycanın Müdafiə Nazirliyi oktyabrın 15-də açıqlayıb ki, cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası vurulub və sıradan çıxarılıb.

    Nazirlik Azərbaycan Ordusunun humanitar atəşkəs rejiminə əməl etdiyini bildirib.

  12. Azərbaycan MN: "Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib"

    Azərbaycan Müdafiə Nazirliyi (MN) bildirib ki, oktyabrın 14-dən 15-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi vəziyyət "gərgin" olaraq qalıb.

    MN-in məlumatında deyilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində "Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib".

    Qurum qarşı tərəfin "ciddi itki verdiyini və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edildiyini" bildirib.

  13. ANAMA: "Dünən müxtəlif şəhərlərə mərmi düşməsi barədə 33 müraciət daxil olub"

    Oktyabrın 14-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Şəmkir, Tovuz, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə 33 müraciət daxil olub.

    ANAMA bildirib ki, aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 1 ədəd 9M33 raketinin döyüş başlığı (boş), 2 ədəd dron və 13 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

    Məlumatda deyilir ki, agentliyin partlayış qrupu tərəfindən 2 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 3 ədəd 152 mm-lik top mərmisi (2 ədəd OF-29 və 1 ədəd OF-45) və 2 ədəd dronu partlayış yolu ilə mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib.

  14. Evinə raket düşən Mingəçevir sakini:"Bir qarnı ac, bir qarnı tox ev tikmişdik..."

  15. İşğaldan azad edilən Cəbrayıl şəhəri - Müdafiə Nazirliyi video yayıb

  16. "ATƏT-in tarixində ilk dəfədir ki, mülkilərə qarşı dağıdıcı qüvvəyə malik raketdən istifadə olunub”, Bu sözləri Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

    "SCUD raketi ilə Gəncəyə hücum Ermənistanın başladığı eskalasiyanın kulminasiya nöqtəsidir”, - bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Bakıda xarici diplomatlar üçün keçirilmiş brifinqdə bildirib.

    “Bizə verilən məlumata görə, ATƏT-in tarixində ilk dəfə olaraq ATƏT ərazisində Gəncə kimi sıx əhalisi olan şəhərdə mülkilərə qarşı SCUD kimi dağıdıcı qüvvəyə malik raketdən istifadə olunub.”

    Hikmət Hacıyev qeyd edib ki, son vaxtların bütün silahlı münaqişələri nəzərə alınmaqla, ilk dəfədir ki, Gəncəyə qarşı tətbiq olunmuş raket kimi təhlükəli bir silahdan münaqişə zonasının xaricində istifadə olunub.

    Hacıyevin sözlərinə görə, oktyabrın 14-də, “səhər saat 1 radələrində Azərbaycan silahlı qüvvələri SCUD raket komplekslərinin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu və Ermənistan ərazisi arasındakı sərhəd zonası boyunca cəmləşməsini müşahidə ediblər.”

    “Raketlər yüksək hazırlıq, yəni start vəziyyətinə gətirilib”, - Hikmət Hacıyev deyib.

    “Hədəf əlbəttə ki, Gəncə, Mingəçevir və Azərbaycanın digər şəhərləri, xüsusilə mülki əhali idi”.

    “Azərbaycanın mülki əhalisinin təhlükəsizliyi və mühafizəsinin təmin edilməsi, eləcə də Beynəlxalq Humanitar hüquqa əsaslanaraq, özünümüdafiə hüququ və Azərbaycanın mülki əhalisinin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi kontekstində legitim hərbi hədəfin zərərsizləşdirilməsi üçün tədbirlər görülmüşdür”, o qeyd edib.

    Hikmət Hacıyev bir daha vurğulayıb ki, “Azərbaycan bu qərarı çox aydın tərzdə ifadə olunan beynəlxalq humanitar qahunvericiliyə, özünümüdafiə hüququna, hərbi zərurət və proporsionallıq kontekstinə uyğun bir şəkildə qəbul edib”.

  17. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Twitterdə "79 yaşlı erməni əsilli Azərbaycan vətəndaşı Margosyan Alivina Sarkisovna" ilə müsahibəni paylaşaraq bunun "ermənilərin Azərbaycanda dinc yanaşı yaşamalarının bir təzahürü" adlandırıb.

    "Qarabağ azad edildikdən sonra, erməni icması Azərbaycanda ləyaqətlə, sülh və firavanlıq içində yaşayacaqdır", o, tvitində söyləyib.

  18. Qarabağ müharibəsi - təqribi xəritə

  19. Ermənistanla döyüşlər Azərbaycan iqtisadiyyatına necə təsir edir?

  20. "Biz müharibəni uduzuruq, Kanye" - Kayne West-in silinmiş tvitində nədən danışılır?

    Məşhur amerikalı repçi Kanye West, Ermənistanda sülh konserti vermək istədiyini bildirib.

    “Mən Bazar günü ibadətini Ermənistana gətirmək, sülh naminə konsert vermək istərdim. Səncə prezident bütün xərcləri qarşılayar?”, - konsert planlarını açıqlayan reperin bu gün yaydığı tvitində deyilir.

    Onun postuna cavab verən şəxs, hazırda konsertin mümkün olmadığını yazır.

    “Hazırda yox, Kanye. Biz müharibəni uduzuruq, Kanye. Sözün əsl mənasında silahlarımız yoxdu. Düşmənin Türkiyə və İsrail dronları var. Bizdə isə... avtomatlardır. Və heç bir ölkə. HEÇ kim kömək etmir. Bu həqiqətən də, David və Qoliafın döyüşüdür. Bundan qalib çıxsaq, bu, yalnız tanrımın möcüzəsi olacaq”.

    Kanye West, cavabında belə deyir:

    “Okey, oraya mümkün qədər tez çatmaq barədə komandamla danışıram”.

    Məşhur repçinin kimlə danışdığı məlum deyil və həmin yazışma artıq silinib.

    Kanye West erməni əsilli Amerika realiti-şou ulduzu, fotomodel və aktrisa Kim Kardashian-ın əridir.