"Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz.
Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək.
Lakin, eyni zamanda bizim təklifimiz buna əsaslanırdı ki, gələcəkdə Dağlıq
Qarabağ ərazisində erməni icması və Azərbaycan icması dinc yanaşı
yaşamalıdır".
Bu
sözləri Prezident İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi
üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş
direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
İlham
Əliyev söyləyib ki, sentyabrın 27-də başlayan atışmalar "Ermənistanın
Azərbaycana son üç ay ərzində üçüncü hücumudur".
Prezident
döyüş əməliyyatlarının nəticəsinin Azərbaycan Ordusu üçün "çox
uğurlu" sayıb, qarşı tərəfin itkilərinin "xeyli çox olduğunu"
söyləyib.
Cənab
Əliyev vurğulayıb ki, Azərbaycan tərəfində "heç bir əcnəbi muzdlu" və
"hər hansı xarici hərbi iştiraka ehtiyac" yoxdur.
İlham
Əliyev söyləyib ki, Azərbaycan hazırda ölkənin müxtəlif şəhərlərində olduğu
kimi azərbaycanlı və erməni icmasının ziddiyyətsiz yaşaması
"əzmindədir", lakin bunun üçün "etnik təmizləmələrin nəticələri
aradan qaldırılmalı və Azərbaycanın bütün məcburi köçkünləri öz evlərinə
qayıtmalıdırlar".
Prezident
münaqişənin həllinin baza prinsiplərinin Azərbaycanın işğal edilmiş rayonlarının
"mərhələli şəkildə azad olunmasını" nəzərdə tutduğunu bildirib.
"Birinci
mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci
mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və
Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən
Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar
açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə
qaytarılmalıdır. Bu, azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş
Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmasını
və Dağlıq Qarabağın tərəflər arasında razılaşdırılmalı olan qəti statusunun
müəyyən edilməsinə dair danışıqları nəzərdə tutur".
İlham Əliyev münaqişənin hərbi fazasının başa çatandan və siyasi
nizamlamaya keçəndən sonra Rusiyanın "regionda sabitləşmə işində aparıcı
rol oynamaqda davam edəcəyinə" əmin olduğunu bildirib.