"İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı".
Prezident İlham Əliyev Türkiyənin A Haber kanalına müsahibəsində həmçinin deyib ki, Ermənistana "mülki təyyarələrlə, eyni zamanda, karqo təyyarələri ilə qaçaq yolla silah göndərilir".
Onun sözlərinə görə, bu yaxınlarda Rusiyada yaşayan zəngin erməni iş adamları təqribən 30-40 milyon dollara “İl-76” təyyarəsi alıb və onunla Azərbaycana qarşı vuruşmaq üçün Rusiyada yaşayan ermənilər Qarabağa muzdlu kimi göndərilir.
O, bununla bağlı Azərbaycanın Beynəlxalq Mülki Aviasiya Təşkilatına rəsmən müraciət etdiyini qeyd edib.
Cənab Əliyevin sözlərinə görə, Rusiya Ermənistana silah göndərmədiyi barədə açıqlama verib.
"Ona görə bizim fikrimizcə, bu silahları Rusiyada yaşayan erməni iş adamları, zəngin iş adamları qanunsuz yollarla bəzi hərbi zavodlardan alıb Ermənistana göndərirlər. Bu istiqamətdə araşdırmalar davam etdirilir”, o qeyd edib.
Prezident İlham Əliyev jurnalistin Şuşa şəhəri ilə bağlı sualına cavab olaraq deyib ki, "Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".
"Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Buna biz çalışmalıyıq. Buna biz nail olmalıyıq. Nə zaman bu olacaq, onu yaxın gələcək göstərər".
Prezident İlham
Əliyev münaqişə gedən ərazinin dağlıq ərazi olması baxımından bildirib ki, Türkiyədən satın alınan SİHA-lar "müharibənin gedişatını çox dəyişdirdi”.
O, jurnalistin "Türkiyə və Pakistandan hərbi dəstək istəyəcəksinizmi?" sualına cavab olaraq deyib ki, "Xeyr. Bizim belə bir fikrimiz yoxdur."
"Bizim Türkiyədən, Pakistandan və başqa qardaş ölkələrdən aldığımız dəstək yalnız mənəvi və siyasi dəstəkdir", o əlavə edib.
Cənab Əliyev deyib ki, Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılması məsələsi "heç zaman müzakirə mövzusu olmayıb".
O həmçinin deyib ki, "bu mövzu ilə bağlı hər hansı bir danışıq olmayıb, heç zaman olmayıb və bu gün də belə bir məsələ yoxdur".
Füzulidən danışan Prezident Əliyev "Füzuli rayonunun kəndlərinin də mütləq əksəriyyəti bizdədir. İndi biz Füzuli şəhərini də görürük", deyib.