You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin xronogiyası

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.

Canlı reportaj

  1. Britaniyanın Azərbaycandakı Səfiri Gəncə barədə: "Həlak olan və yaralıların ailələrinə səbr diləyirəm"

    Britaniyanın Azərbaycandakı Səfiri James Sharp Twitter hesabında Azərbaycan dilində Gəncəyə raket atılması ilə bağlı post paylaşıb.

    "Mən keçən il Azərbaycan dilini öyrəndə, Gəncədə iki həftə qaldım və ona görə də Gəncədə son hadisələr məni sarsıtdılar. Həlak olan və yaralıların ailələrinə səbr diləyirəm", cənab Sharp bildirib.

    Bazar günü erməni tərəfinin Gəncəyə atdığı raket nəticəsində 10 nəfər ölüb, 35 nəfər yaralanıb.

  2. ABŞ Azərbaycan və Ermənistanı "atəşkəsə dair öhdəliklərini yerinə yetirməyə çağırır"

    ABŞ-ın Dövlət Katibi Mike Pompeo Twitter-də yazıb ki, ABŞ Azərbaycan və Ermənistanı atəşkəsə dair öhdəliklərini yerinə yetirməyə, Gəncə və Stepanakert [Xankəndi] kimi mülki əraziləri hədəf almamağa çağırır.

    "İnsan həyatının itirilməsindən kədərlənirik və sülh yolu ilə tənzimləməyə sadiq qalırıq", o qeyd edib.

  3. KOBİA: "160 sahibkarlıq subyektinə ziyan dəyib"

    Sentyabrın 27-dən, müharibə başlayandan bəri Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 160 sahibkarlıq subyektinə ziyan dəyib, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) açıqlayıb.

    Agentlik bildirib ki, quruma əsasən Gəncə və Naftalan şəhərləri, Tərtər, Füzuli, Beyləqan, Bərdə, Ağdam, Cəbrayıl və Ağcabədi rayonlarından müraciət edilib.

    Məlumatda deyilir ki, atışma nəticəsində daha çox ailə təsərrüfatlarına, ticarət mərkəzlərinə, mağazalara, ictimai iaşə obyektlərinə, çörək sexlərinə, yanacaqdoldurma məntəqələrinə, mehmanxana, apteklər, bərbərxana, bazar və digər sahibkarlıq obyektlərinə müxtəlif dərəcəli ziyan dəyib.

  4. Tərtər sakini BBC News-a: "Biz Dağlıq Qarabağda qələbə gözləyirik"

    BBC News-un jurnalisti Göktay Koraltan humanitar atəşkəsdən öncə Azərbaycanın Tərtər şəhərində olan 62 yaşlı Aybəniz Cəfərova ilə danışıb.

    Göktay Koraltan Twitter hesabından yazıb ki, 6 aylıq nəvəsi ilə birgə qalan Aybəniz Cəfərova atışmalara baxmayaraq oradan getməkdən imtina edib.

    "Biz Dağlıq Qarabağda qələbə gözləyirik", - o deyib.

  5. Qarabağda atəşkəs: Xankəndində nə deyirlər? -BBC Ruscanın müxbiri yazır

  6. Hadrutdan video

    Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Hadrut qəsəbəsindən video paylaşıb.

  7. Ombudsmanın Gəncənin atəşə tutulması barədə hesabatı: "3 uşaq hər iki valideynini itirib"

    Azərbaycanın Ombudsmanı Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri olan və münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərini atəşə tutması barədə faktlaşdırıcı missiyaya dair hesabat yayıb.

    "Təəssüf hissi ilə bildiririk ki, Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 3 uşaq hər iki valideynini itirib", məlumatda qeyd olunur.

    Həmçinin qeyd olunur ki, yaralanan 35 nəfərdən 10 nəfəri məktəbli uşaqlardır.

    Hesabatda həmçinin bildirilir ki, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

    Bazar günü Gəncəyə atılmış raket nəticəsində 10 nəfər ölüb, 35 nəfər yaralanıb.

  8. BBC News-un Moskva bürosundan jurnalist Will Vernon Twitter-də Qarabağdan görüntü paylaşıb.

    "Dağlıq Qarabağ: mürəkkəb və problemli bir tarixə sahib olan inanılmaz dərəcədə gözəl bir bölgə. Həm Ermənistan, həm də Azərbaycan bu torpağın öz xalqlarına məxsus olduğunu iddia edir", o yazıb.

  9. "Təhvilvermə əməliyyatı üçün tərəflər razılaşmalıdır", Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəli bildirir

    "Belə əməliyyatların həyata keçirilməsi, həlak olanların təhvilvermə əməliyyatı üçün vaxtı və yeri tərəflər razılaşdırmalıdır".

    Bu barədə BBC News Azərbaycanca Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova bildirib.

    O deyib ki, "BQXK neytral tərəfdir, artıq elan edib ki, tam hazırdır və tərəflərin razılaşmasından sonra əməliyyatlara başlaya bilər".

    "Münaqişə tərəfləri elan ediblər ki, onlar bu addımı atmağa hazırdılar. Sırf əməliyyatın həyata keçirilməsi üçün müəyyən razılaşmalar və müəyyən addımlar atılmalıdır."

    Azərbaycan və Ermənistan arasında oktyabrın 10-da humanitar atəşkəs razılığı əldə olunsa da, tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

    Atəşkəs elan olunandan sonra Azərbaycana ən çox fəsadları olan hücum oktyabrın 11-də ölkənin ikinci böyük şəhəri, münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinə edilib.

  10. Gəncə atəş altında: "Yatmışdıq, istədim duram, gördüm hər şey üstümə tökülüb" - yaralılar danışır

  11. "Dağlıq Qarabağ ombudsmanı": "Müllki əhali arasında itkilərin sayı artır"

    Son gün Dağlıq Qarabağda daha 3 yaralı sakin xəstəxanada ölüb və beləliklə sentyabrın 27-də döyüşlər başlanandan bəri dinc əhali arasında müharibə qurbanlarının sayı 31-ə çatıb, - tanınmamış "DQR ombudsmanı" Artak Beqlaryan Twitter-də yazıb.

    Daha əvvəl Beqlaryan Azərbaycan silahlı qüvvələrinin 100-dən çox Qarabağ yaşayış məntəqələrinin raket və artilleriya atəşinə tutulması nəticəsində 102 dinc sakinin yaralandığını bildirmişdi.

    Azərbaycan mülki şəxsləri hədəfə almadığını israrla bildirir. Azərbaycan rəsmiləri silahlı qüvvələrin yalnız hərbi obyektləri hədəfə aldığını bəyan edir.

  12. 50 azərbaycanlı həkim Türkiyədən Azərbaycana gəlib

    Türkiyədə işləyən və təhsil alan 50-yə yaxın azərbaycanlı tibb mütəxəssisi döyüşlərdə yaralanan əsgərlərin müalicə prosesində könüllü tibbi xidmət göstərmək üçün Azərbaycana gəlib.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bildirib ki, könüllü həkimlər özləri ilə gətirdikləri müxtəlif tibbi vasitələri quruma təhvil veriblər.

    Qurum həkimlərin Türkiyədəki “Azərbaycanlı Həkimlər Dərnəyi”nin təşəbbüsü, Azərbaycanın Türkiyədəki Səfirliyi və TƏBİB-in təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə gətirildiyini açıqlayıb.

    Tibb mütəxəssislərinin TƏBİB-in tabeliyində olan müəssisələrdə xidmət göstərəcəkləri bildirilib.

  13. Azərbaycanın Baş Prokurorluğu: "İndiyədək 42 mülki şəxs ölüb, 206 nəfər yaralanıb"

    Azərbaycanın Baş Prokurorluğu bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində indiyədək 42 mülki şəxs ölüb, 206 nəfər yaralanıb.

    Məlumatda deyilir ki, 1479 yaşayış evi, 66 çoxmənzilli yaşayış binası və 241 mülki obyekt yararsız vəziyyətə düşüb.

  14. BBC News-un müxbiri Gəncədən növbəti reportajını hazırlayıb

    BBC News-un tanınmış müharibə müxbiri Orla Guerin Gəncədən daha bir reportaj hazırlayıb.

    Bu reportaj barədə Twitter hesabında məlumat verən jurnalist yazır ki, Azərbaycanın ikinci böyük şəhərinə hücumdan sonra ölüm sayı 10-a çatıb.

    "Bakı Ermənistanı müharibə cinayətində ittiham edir. Yerevan Azərbaycanı mülkiləri atəşə tutmaqda ittiham edir,"- Orla Guerin yazır.

    Jurnalist videoreportajında dağıntılarda yaxınını itirənlərin, evləri dağılan sakinlərin acılarından danışır, dinc insanların hədəf olmasına toxunur.

    Video ingiliscədir.

  15. Azərbaycan "humanitar atəşkəs rejiminə əməl etdiyini" bildirir

    Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun "humanitar atəşkəs rejiminə əməl etdiyini" bildirib.

    ”Azərbaycan Ordusunun bölmələri heç bir atəş açmır və hücum həyata keçirmir," - cənab Dərgahlı söyləyib.

  16. Gəncədə yas mərasimi: "Yeznəm, bacım, bacımın oğlu, böyük dərddir, bir ailədən 3 şəhid"

  17. Azərbaycan MN qarşı tərəfin "sıradan çıxarılan texnikası və heyəti" barədə

    Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 13-də bildirib ki, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası vurulub və sıradan çıxarılıb.

    "Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti vurulub, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.

    Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə vurulub," - Azərbaycan MN bildirib.

  18. Ermənistan MN: "Azərbaycan bütün cəbhə xətti üzrə hücuma keçib"

    Azərbaycan Silahlı Qüvvələri "səhər Qarabağda, demək olar ki, bütün cəbhə xətti üzrə hücuma keçib," - Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan Facebook səhifəsində yazıb.

    Daha əvvəl “Qarabağ ordusunun mövqelərinin raket atəşinə” tutulduğu bildirilmişdi.

    Azərbaycan MN çərşənbə axşamı səhər yaydığı məlumatda bildirmişdi ki, erməni tərəfi Azərbaycan mövqelərinə "basqın etməyə cəhd göstərib".

    Tərəflər arasında oktyabrın 10-dan humanitar atəşkəs imzalansa da, hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edir.

  19. Azərbaycan MN: "Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib"

    Azərbaycanın Müdafiə Nazirliyi oktyabrın 13-də açıqlayıb ki, Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla "Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib".

    Nazirlik bildirib ki, oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut istiqamətlərində ümumi vəziyyət "gərgin olaraq qalıb".

  20. Ermənistan: “Gecə Qarabağda nisbi gərgin vəziyyət dəyişməyib”

    Gecə Qarabağ münaqişə bölgəsində nisbi gərgin vəziyyət dəyişməyib, Ermənistan Vahid İnformasiya Mərkəzinin səhər saat 9-a olan məlumatında deyilir.

    “Səhər qarşı tərəf şimal, şimal-şərq və şərq istiqamətlərində yenidən intensiv raket və artilleriya atəşləri ilə müşayiət olunan əməliyyatlara başlayıb,” - məlumatda deyilir.

    Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı səhər tezdən Ağdam, Goranboy, Tərtər və Ağcabədinin atəşə tutulduğunu bildirib.

    Ermənistan Müdafiə Nazirliyi Tərtər istiqamətində atəş açdığını təkzib edir.

    Azərbaycan və Ermənistan oktyabrın 10-da atəşi dayandırmaqla bağlı razılaşma imzalasa da, o gündən bəri hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edir.