You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin xronogiyası
Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.
Canlı reportaj
Azərbaycan Müdafiə Nazirliyi: "Biz etməmişik"
Azərbaycan Müdafiə Nazirliyi "zərbə PUA-larının yalnız işğal olunmuş ərazilərdə olan Ermənistan silahlı qüvvələrinin hərbi texnikasına qarşı tətbiq olunduğunu" açıqlayıb.
Azərbaycan tərəfinin bu məlumatı, qarşı tərəfin "Azərbaycan PUA-sının zərbəsi nəticəsində Ermənistan ərazisində bir şəxsin yaralanması" iddiasından sonra açıqlanıb.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan sosial mediada bir yaralı şəxsin fotosunu yayaraq, onun "Ermənistan ərazisindəki Sotk kəndi ətrafında vurulduğunu" qeyd edib.
Şuşan Stepanyanın dediyinə görə, "14 yaşlı Narek Arzoyanın vəziyyəti ağırdır və o, Yerevanda xəstəxanaya yerləşdirilib".
Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib və qarşı tərəfi "yalan yaymaqda" ittiham edib.
Qurumun sözçüsü Vaqif Dərgahlı BBC Neüs Azərbaycancaya bildirib ki, "biz etməmişik".
MN bildirib ki, Azərbaycan Ordusu mülki əhaliyə, xüsusilə uşaqlar, qadınlar və yaşlılara qarşı silah tətbiq etmir.
Joe Biden-in Qarabağla bağlı mövqeyi
ABŞ Demokrat partiyasının prezidentliyə namizədi 10 oktyabrda razılaşdırılmış atəşkəsin "qüvvəyə minməməsiylə" bağlı narahatlığını bildirib.
Joe Biden deyib ki, 27 sentyabrda başlayan döyüşlərdən sonra, ABŞ prezidenti Donald Trampın və dövlət katibi Mike Pompeo-nun Ermənistan və Azərbaycan liderlərinə zəng etməməsi izaholunmazdır.
Joe Biden-ə əsasən, Trump administrasiyası tərəflərə bunları bildirməlidir:
- Azərbaycana - münaqişənin hərbi yolla həlli cəhdlərinə dözməyəcəyini;
- Ermənistana - Dağlıq Qarabağ ətrafındakı bölgələrin sonsuz olaraq işğal altında qala bilməyəcəyini və atəşkəs əldə edilən kimi, danışıqların yenidən başlayacağını;
- Türkiyə və İrana - bu münaqişədən aralı durmalı olduqlarını;
- Türkiyəyə - Azərbaycana silahların verilməsini və davakar ritorikanı məsuliyyətsiz hesab etdiyini;
Azərbaycan və Ermənistan atəşkəsin pozulmasına görə bir-birini ittiham edir.
Tofiq Zülfüqarov: “Ermənistan hesab edir ki, Rusiya Türkiyə ilə üz-üzə qalsa…”
“Bu, müharibənin yeni fazasıdır,”- Azərbaycanın keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov BBC News Azərbaycancaya deyib.
Azərbaycan çərşənbə günü səhər elan edib ki, işğal olunmuş Kəlbəcərə yaxın sərhədyanı ərazilərində Ermənistanın operativ-taktiki raket kompleksini zərərsizləşdirib. Azərbaycan oktyabrın 11-də Gəncəyə 10 dinc sakinin ölümünə, onlarla şəxsin yaralanmasına, çoxmənzilli binanın dağılmasına səbəb olan raketin məhz Ermənistan ərazisindən atıldığını bildirib.
Gəncəyə raket atdığını təkzib edən Ermənistan bildirib ki, ərazisində hərbi obyektin vurulması ona Azərbaycan ərazisində istənilən hərbi obyekti vurmaq haqqını verir.
Tofiq Zülfüqarov hesab edir ki, Ermənistan öz məqsədlərinə çatmaq istəyir, münaqişəyə bu və ya digər yollarla Rusiyanın və ya Kollektiv Təhlükəsizlik Müqaviləsinə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzv ölkələrin qoşulmasına çalışır.
“Yəni, Ermənistan istəyir ki, münaqişənin çərçivəsi daha geniş olsun. Hesab edirlər ki, Rusiya Türkiyə ilə üz-üzə qalsa, onların hansısa şansı ola bilər. Hesab edirəm ki, bu, yanlış yoldur. Çünki artıq bəllidir ki, rus əsgəri və ya hansısa başqa ölkənin əsgəri gedib ermənilərin ilhaqçı və işğalçı siyasətinə qurban olmaq istəmir. Əminəm ki, nə Rusiya, nə də digər KTMT üzv ölkələri və onların vətəndaşları bu konfliktə qoşulacaqlar”.
Tofiq Zülfüqarova görə, “hazırda Ermənistanın indiki siyasəti və baş verən hadisələr və düşdüyü vəziyyət bu ölkənin “provokativ, populist siyasəti”nin nəticəsidir.
“Təbii ki, bunun sonu belə də olmalıdır. Aydındır ki, Ermənistan Azərbaycanla üz-üzə dayanmaq məcburiyyətindədir. Qorxusundan belə təxribatlara və hərbi cinayətlərə əl atır. Bu, təbii ki, qəbul olunmazdır və bu məsələdə Ermənistanı dəstəkləyən olmayacaq,” - cənab Zülfüqarov vurğulayıb.
O əlavə edir ki, Gəncə vurulduqdan sonra Ermənistanın ərazisindəki hərbi hədəflər hərbi qanunlara görə legitim hesab olunur. “Bu baxımdan da Azərbaycan Ordusu Azərbaycan Konstitusiyasına uyğun olaraq, Azərbaycanın vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazım olan addımları atmaq hüququndadır,” - Tofiq Zülfüqarov deyib.
Azərbaycan Müdafiə Nazirliyi "hərbi olmayan hədəflərə atəş açmadığını" bəyan edib.
Nazirlik Ermənistan tərəfinin Azərbaycanın mülki əhalinin də müalicə olunduğu hospitala atəş açması barədə iddialarının "yalan olduğunu" deyib.
"Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu heç bir mülki infrastruktura və qeyri hərbi hədəfə atəş açmır",- Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Qurum bəyan edib ki, Azərbaycan ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir.
Tanınmamış "Dağlıq Qarabağ Respublikasının hərbi bölməsi" idda edib ki, Azərbaycan Silahlı Qüvvələri cəbhənin şimal-şərq hissəsində "mülki şəxslərin də olduğu xəstəxananı atəşə tutub".
Ermənistan iqtisadiyyatı Azərbaycanla döyüşlərdən necə təsirlənir?
Ermənistanın əməliyyat-taktiki raket komplekslərinin vurulması - Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi "Ermənistan silahlı qüvvələrinə məxsus əməliyyat-taktiki raket sistemlərinin start mövqeyinə gətirilməsi" barədə video yayımlayıb.
Nazirliyin məlumatına görə, raket kompleksləri atış üçün hazırlıq vəziyyətinə gətirilən zaman zərərsizləşdirilib.
Müdafiə Nazirliyi bildirib ki, həmin raketlər "Azərbaycanın mülki əhalisi və yaşayış məntəqələrini atəşə tutmaq məqsədilə" hazırlıq vəziyyətinə gətirilibmiş və ona görə də vurulub.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbi-siyasi rəhbərliyini “sırf öz ehtimallarına əsaslanaraq, Ermənistan ərazisində olan və adi döyüş növbətçiliyi aparan hərbi texnikanı” atəşə tutmaqda ittiham edib.
"Son döyüşümüzdür, burada fərarilik xəyanətə bərabərdir" - tanınmamış "DQR prezidenti", Arayik Harutyunyan Qarabağdan kənarda olan ermənilərə müraciət edib.
Tanınmamış "DQR prezidenti" Arayik Harutyunyan Qarabağdan kənarda olan erməniləri Qarabağın "müdafiəsinə" çağırıb.
"Azad və müstəqil dövlətə sahib olmaq üçün misli görünməmiş tarixi fürsətimiz var idi ki, bunun üçün artıq yüksək qiymət ödəmişik.
Bu, imtina etmək hüququmuz olmayan son döyüşümüzdür, burada fərarilik xəyanətə bərabərdir.
Buranın sahibi bizik, düşməni içəri buraxmağa haqqımız yoxdur, müqəddəs yerlərimizi təhqir etməyə yol verməməliyik.
Buna görə də mən sizə erməni xalqının ləyaqətini yüksək tutub saxlayan qürurlu vətəndaş, əsl vətənpərvərlər kimi müraciət edirəm.
Vətənlərində möhkəm dayanan qardaşlarınıza qoşulmağa tələsin.
Hələ ki, çox gec deyil, geri qayıdın, axı bütün hərəkətləriniz insanlar və tarix tərəfindən qiymətləndiriləcək.
Lənət əvəzinə xeyir-dua yolunu seçin. Artsax (Qarabağ) hamınızı gözləyir!", onun Telegram kanalındakı çağırışında bildirilir.
O, bu gün daha əvvəlki müraciətində "atəşkəs qüvvəyə mindikdən sonra Azərbaycanın cəbhədə müəyyən uğur qazandığını" iddia edib.
Harutyunyan deyib ki, atəşkəsin elanından sonra Azərbaycan Silahlı Qüvvələri “bir neçə sahədə hücuma keçib və cəbhəni "DQR" ərazisinin dərinliyinə çəkməyə nail olublar”.
Arayik Harutyunyan münaqişənin sülh danışıqları yolu ilə həllinin "hələ də gec olmadığını" deyib.
Azərbaycan tərəfi atəşkəsin pozulması iddialarını təkzib edib.
Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı BBC News Azərbaycancaya bildirib ki, Azərbaycan Müdafiə Nazirliyi atəşkəs rejiminə riayət edir.
Paşinyan Moskva danışıqları barədə:
Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində Rusiya XİN başçısı Sergey Lavrovun bundan əvvəl bəyan etdiyi münaqişənin həllinin şərti kimi işğal olunmuş beş rayonun Azərbaycana qaytarılması məsələsinə də toxunub.
"Danışıqlar prosesində Azərbaycan tədricən o məqama çatdı ki, əslində erməni xalqı, Dağlıq Qarabağ sakinləri qarşısında öz hüquqlarından imtina etmək tələbini qoydu. Bu tələbin mahiyyəti ondan ibarətdir ki, dərhal yeddi bölgədən beşi qaytarılmalı, qalan iki bölgənin verilməsi üçün konkret qrafik təqdim edilməli və qeyd edilməlidir ki, Dağlıq Qarabağın hər hansı statusu Azərbaycan tərkibində müəyyənləşdirilməlidir ", - Ermənistan lideri deyib.
“Eyni zamanda Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ərazilərin təhvil verilməsi prosesi ilə hər hansı səbəb-nəticə əlaqəsində olmamalıydı. Yəni, ərazilər status müqabilində deyil, sülh müqabilində təhvil verilməli idi. Əks təqdirdə, Azərbaycan məsələni hərbi yolla həll etməklə hədələyirdi. Bu danışıq bazasını yekun sənəd olaraq, əvvəlki iqtidardan alan hökumətimiz belə müzakirədən imtina etdi, çünki bu qeyri-məqbul idi”, - Paşinyan deyib.
Paşinyan çıxışında həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinə atəşkəsin bərqərar olunması istiqamətində göstərdikləri səylərə görə təşəkkürünü bildirib və daim əlaqə saxladığı Rusiya prezidenti Vladimir Putinin rolunu ayrıca qeyd edib.
Ermənistan ərazisinə zərbə - müharibənin gedişində yeni dönüş
Yuri Vendik, BBC müxbiri:
Azərbaycan tərəfindən bu gecə Ermənistan ərazisində yerləşən hədəfə raket zərbəsi yeni Qarabağ müharibəsinin gedişində ciddi və hətta dönüş məqamı ola bilər.
Bu, tanınmamış Dağlıq Qarabağ və ətraf Azərbaycan rayonlarından kənar sırf Ermənistan ərazisinə zərbə endirildiyi faktın ilk dəfə hər iki tərəfin də etiraf etdiyi haldır.
Azərbaycan bəyan edir ki, sərhədə yaxın və Azərbaycan şəhərinə tuşlanmış raket qurğusunu ləğv edib; Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şusan Stepanyan cavab verib ki, bu, “sadəcə bir ehtimaldır” və Ermənistan bu günədək öz ərazisindən Azərbaycan istiqamətində atəş açmayıb.
Müharibənin lap əvvəlində Ermənistan sərhədyanı Vardenis şəhərinə aviasiya hücumu edildiyini və guya Türkiyə qırıcı təyyarəsinin Ermənistan təyyarəsini vurduğunu bildirmişdi, lakin əsaslı dəlillər təqdim etməmişdi.
Azərbaycan isə öz şəhərlərinin Ermənistan tərəfindən raket atəşinə tutulduğunu deyir.
İndi Şuşan Stepanyan bəyan edir ki, Ermənistan Azərbaycan ərazisində hərbi hədəfləri “vurmaq haqqını özündə saxlayır” və sərhəd üzərindən atışmalar adi bir hala çevrilsə, bu, müharibənin Qarabağ hüdudlarından çıxması və Ermənistan-Azərbaycan sərhədi boyunca başlaması demək olacaq.
Bundan başqa, bu halın, nəzəri baxımdan, beynəlxalq siyasi nəticələri də ola bilər. Azərbaycandan fərqli olaraq, Ermənistan Rusiya ilə KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzvüdür və onun ərazisinə zərbə endirildiyinin təsdiqlənməsi Rusiyanın öz müttəfiqi tərəfində münaqişəyə müdaxilə etməsinə səbəb ola bilər.
Lakin bu günədək Rusiya müharibə edən tərəflər arasında tarazlıq saxlamağa və vasitəçi rolunu oynamağa çalışıb.
Paşinyanın çəkildiklərini dediyi istiqamətlər "Füzuli və Xocavənd ərazisidir"
Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı BBC News Azərbaycancaya deyib ki, Ermənistan Baş Naziri Nikol Paşinyanın geri çəkildiklərini dediyi istiqamətlər barədə İlham Əliyev öz Twitter hesabında bəhs edib: "Paşinyanın Qarabağda şimal və cənubdan geri çəkildiklərini elan etdiyi ərazilər barədə Prezidentin Twitter hesabındakı son paylaşımında bəhs olunub”.
Azərbaycan Prezidenti İlham Əliyev sosial mediadakı son paylaşımında bildirib ki, Füzuli və Xocavəndin bəzi kəndləri işğaldan azad edilib.
Vaqif Dərgahlı əlavə edib ki, Azərbaycan Müdafiə Nazirliyi Moskvada razılaşdırılan atəşkəs rejiminə riayət edir.
İlham Əliyev: “Ermənistana silahı kim verir, biz yaxşı bilirik”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Azərbaycana hərbi yardım etməsi iddiaları barəsində deyib ki, “münasibətlər qardaşlıq çərçivəsindədir”.
O, Türkiyənin “Haber Türk” televiziyasına müsahibəsində bildirib ki, Azərbaycan Türkiyədən silah alsa da, başqa ölkələrdən də alır.
“Biz Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən [silah] alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var. Niyə almayaq? İndi baxın, Ermənistan nə edir? Biz pulla alırıq,” - İlham Əliyev deyib.
İlham Əliyev bildirib ki, onda Ermənistanın döyüşlərdə istifadə etdiyi və məhv olunan silahların siyahısı var.
“İki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edildi, 33 tank qənimət götürüldü. Yəni, 233 erməni tankı bizdədir. Ondan sonra iki S-300 qurğusu məhv edildi. Hər birinin qiymətini hər kəs bilir. Ondan sonra hava hücumundan müdafiə sistemləri – OSA-35 məhv edildi. TOR, KUB, KRUQ, karqo avtomaşınları, tank əleyhinə silahlar. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir. Sual olunur, kasıb Ermənistan, sən bu pulu haradan tapdın? Sən bunu pulla aldınmı? Xeyr. Sənə verdilər. Kim verdi, onu hər kəs bilir,” - İlham Əliyev deyib.
Cənab Əliyev bildirib ki, Ermənistana silah verilməsi davam edir.
Prezident bu ilin iyulunda Ermənistan-Azərbaycan sərhədində dörd gün davam edən hərbi qarşıdurmanı xatırladaraq deyib ki, “Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayandı, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı”.
Avqust ayında Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putindən iyulun 16-dan sonra Rusiyadan Ermənistana uçan təyyarələrin hərbi təyinatlı yükləri barədə sual vermişdi. Rusiya rəsmiləri sonradan bu yükün Ermənistandakı Rusiya hərbi bazasına inşaat materialları daşıığını bəyan etsə də, Azərbaycan rəsmiləri bu cavabı şübhə altına almışdılar.
“Haber Türk” televiziyasına müsahibəsində İlham Əliyev sual edib ki, valyuta ehtiyatı 1.5 milyard ABŞ dolları olan, dövlət büdcəsində silahlar üçün vəsait olmayan Ermənistan bu pulu hardan alır?
“Xarici dövlət borcu təqribən 8 milyard dollardır. Yəni, bu ölkə iflasa uğrayıb. Haradandır bu qədər məhv edilmiş, hələ nə qədər məhv ediləcək texnika? Əgər müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik, bütün ordusunu!” - İlham Əliyev deyib.
Azərbaycan Prezidenti Ermənistanı nəzərdə tutaraq bildirib ki, “onlar müharibəni nə qədər tez dayandırsalar, o qədər də tankları, topları qoruya bilərlər”.
“Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yoxdur. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir. Azərbaycan sərhədində Türkiyə sərhədçiləri var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin,” - İlham Əliyev bildirib.
Müsahibədən bəzi hissələri bu canlı reportajımızda oxuya bilərsiniz.
Nikol Paşinyan: “Qarabağ ordusu şimal və cənubda geri çəkilib, son dərəcə ağır vəziyyət yaranıb”
"18 gün davam edən müharibədə Qarabağ ordusunun bölmələri münaqişə bölgəsinin şimal və cənub istiqamətlərinin bəzi sahələrində geri çəkilib", xalqa müraciətində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, "Dağlıq Qarabağ müdafiə ordusu" "böyük" itkilər sayəsində, eyni zamanda, Azərbaycana "nəhəng" itkilər yetirərək vəziyyətə nəzarəti altında saxlayır.
"Hamı anlamalıdır ki, cəbhə xəttində son dərəcə ağır vəziyyət yaranıb", o qeyd edib.
Bütün bunlar, onun sözlərinə görə, çarəsizlikdən xəbər vermir.
“Sadəcə, mən xalqa həqiqəti deməyə borcluyam, öz cəmiyyətindən minlərlə canlı qüvvə itkilərini gizlədən Azərbaycan rəhbərliyindən fərqli olaraq. Bundan əlavə, Azərbaycan 1 milyard dollarlıq hərbi texnika itirib”, - Paşinyan deyib.
İlham Əliyev: “Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar”
“Prinsip etibarilə bu məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib, - beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndindən, - orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıb, - Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində,” - Azərbaycan Prezidenti İlham Əliyev deyib.
O, “Haber Türk” televiziyasına müsahibəsində deyib ki, Ermənistan qüvvələri ərazidən çıxarılmalı,azərbaycanlılar münaqişə bölgəsinə qayıtmalıdır.
İlham Əliyev bildirib ki, Azərbaycan çoxmillətli dövlətdir və Bakı da daxil olmaqla bir çox bölgələrdə fərqli millətlər və ermənilər hazırda da yaşayır.
Prezident əlavə edib ki, “Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq”.
İlham Əliyev bildirib ki, “Qarabağ azad olunandan sonar oraya sərmayə də yatırılılacaq, sosial proqramlar icra ediləcək, iş yerləri yaradılacaq”.
O, görüləcək işlərin orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün “yeni bir mərhələ” olacağını deyib.
Prezident azərbaycanlıların və ermənilərin bölgədə bir yerdə yaşaya biləcəklərinə əmin olduğunu deyib.
O əlavə edib ki, Gürcüstanda 300 mindən çox azərbaycanlı və 200 minə yaxın erməni birgə yaşamaq təcrübəsinə malikdir və hətta bəzi yerlərdə onlar bir kənddə yaşayırlar.
İlham Əliyev bildirib ki, “biz xalqlarımızı birgə yaşayışa hazırlamalıyıq”.
“Bu mənim Dağlıq Qarabağda yaşayan ermənilərə müraciətimdir. Onlar bilsinlər ki, Azərbaycan xalqı onların düşməni deyil. Sadəcə olaraq, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir. Buna Azərbaycan xalqının haqqı var. Onlar da yaşasınlar, biz də yaşayaq. Amma bizi qovsunlar, onlar yaşasınlar, bu, ədalətli deyil. Biz buna heç vaxt razı ola bilmərik,”- Prezident deyib.
Təcili xəbər, Prezident İlham Əliyev: Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndi azad edilib
Prezident İlham Əliyev Twitterdə bildirib ki, "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
İlham Əliyev Türkiyənin "Haber Türk" telekanalına müsahibəsində həmçinin deyib ki, Ermənistanın “Dağlıq Qarabağın müstəqilliyinin" tanınması məsələsindəki cəhdləri “yersizdir və özləri üçün zərərlidir”.
Prezident deyib ki, heç bir ölkə bunu etməyəcək və Azərbaycanın suveren ərazisi beynəlxalq hüquqa görə dəstəklənir.
“Minsk qrupuna həmsədrlik edən ölkələr, onlar bizim ərazi bütövlüyümüzü tanıyır. Avropa İttifaqı ilə bizim “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir”,- İlham Əliyev deyib.
Cənab Əliyev bildiririb ki, o, hər hansı dövlətin bunu edəcəyinə inanmır və əgər kimsə buna cəhd etsə, dərhal sonra o ölkə ilə Azərbaycan bütün diplomatik əlaqələrini kəsər.
Müsahibədən bəzi hissələri bu canlı yayımda oxuya bilərsiniz.
Prezident İlham Əliyev: “İcazəmiz olmadan sülhməramlılar gələ bilməz”
Prezident İlham Əliyev "Haber Türk" kanalına müsahibəsində bildirib ki, beynəlxalq sülhməramlıların bölgəyə göndərilməsi iki ölkənin, Ermənistanın və Azərbaycanın razılığı əsasında olmalıdır.
Onun sözlərinə görə, sülməramlıların tərkibi, hansı güclərdən formalaşmasını iki ölkə razılaşdırmalıdır və əgər hər hansı bir ölkə veto qoyarsa təbii ki, bu olmayacaq.
“Hər kəs anlamalıdır ki, bu gün sülhməramlıların göndərilməsi deyəndə burada Azərbaycan torpaqlarından söhbət gedir. Suveren Azərbaycan ərazisindən söhbət gedir və bizim icazəmiz olmadan hər hansı bir ölkə sülhməramlılarını bizim torpağımıza göndərə bilməz”, - İlham Əliyev deyib.
O bildirib ki, icazə olmadan sülhməramlıların bura gəlməsi “qanuna, beynəlxalq hüquqa ziddir və bu qəbul edilməzdir”.
Cənab Əliyev hesab edir ki, sülhməramlıların göndərilməsi müzakirə olunan təməl prinsiplərdə ən son mərhələdə nəzərdə tutulub.
“İlk növbədə, torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, nəqliyyat məsələləri, sərhədlərin açılması, ticarətin bərpası ondan sonra sülhməramlı güclərin gətirilməsi də istisna edilmir”,- İlham Əliyev bildirib.
Prezident deyib ki, 30 il ərzində danışıqlar müddətində müsbət nəticə əldə olunmayıb və sülhməramlılar məsələsi “heç müzakirə də olunmayıb”.
O deyib ki, bu məsələdə hər hansı bir fərziyə, istək olasa da Azərbaycanın razılığı olmadan bu mümkün deyil.
Ceyhun Bayramov Sergey Lavrovla danışıb
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bu gün rusiyalı həmkarı Sergey Lavrova zəng edərək ona regionda sonuncu gərginlik ilə bağlı məlumat verib.
XİN-in yaydığı məlumatda deyilir ki, nazir Bayramov Sergey Lavrova deyib ki, 14 oktyabr tarixində gecə saat 1-də və daha sonra səhər saat 8-də Ermənistanın silahlı qüvvələri tərəfindən raket sistemləri Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunu ilə sərhəd olan ərazidə Azərbaycan ərazisini atəşə tutmaq məqsədilə hazırlıq vəziyyətinə gətirilib və Azərbaycan Silahlı Qüvvələri legitim hədəf kimi bu raket sistemlərini hazırlıq vəziyyətində vurub.
Ceyhun Bayramov onu da söyləyib ki, Azərbaycan "özünü müdafiəetmə hüququ çərçivəsində və öz mülki əhalisini müdafiə etmək məqsədilə, eləcə də mülki əhaliyə və Gəncə və Mingəçevir şəhərləri daxil olmaqla, mühüm əhəmiyyət kəsb edən infrastruktura Ermənistan tərəfindən həyata keçirilmiş sonuncu raket hücumunu nəzərə alınaraq hərəkət edib.
Azərbaycan XİN rəhbəri "bununla növbəti insan faciəsinin qarşısının alındığını, çox sayda Azərbaycan mülki şəxslərinin həyatını xilas edildiyini" qeyd edib.
Rusiyalı nazir mülki şəxslərin həlak olması ilə bağlı "öz ciddi narahatlığını" ifadə edib, XİN-in məlumatında deyilir.
Məlumata görə, Sergey Lavrov Moskvada razılaşdırılmış humanitar atəşkəsə riayət edilməsinin "vacibliyini" vurğulayıb.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, bu gün, günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub.
Ermənistan tərəfinin buna şərhi hələ məlum deyil.
Sergey Lavrov: “Qarabağda sülhməramlıların yerləşdirilməsi lazımdır”
“Qarabağda sülhməramlıların yerləşdirilməsi lazımdır”, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov belə deyib.
O, üç Rusiya nəşrinin rəhbərlərinə verdiyi müsahibəsində münaqişənin həlli ilə bağlı fikirlərini izah edib.
“Birinci mərhələ Qarabağın təhlükəsizlik zəmanətlərinə riayət edərək Qarabağ ətrafındakı beş bölgənin tədricən azad edilməsidir. Bura rabitə, əlaqə, nəqliyyat əlaqələrinin bərpa edilməsi, sülhməramlıların təmas xəttində yerləşdirilməsi daxildir. İkinci mərhələ Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsidir”, - Rusiya XİN başçısı deyib.
Lavrov vurğulayıb ki, “bu yanaşma Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə nizamlanmasına dair danışıqların ATƏT-in Minsk Qrupunun (həmsədrlər - Rusiya, ABŞ, Fransa) vasitəçiliyi ilə aparıldığı təkliflərə uyğundur.
Ancaq Rusiya XİN başçısı “təmas xəttində Rusiya hərbi müşahidəçilərinin yerləşdirilməsinə” də çağırıb.
"İndi hətta sülhməramlılar olmasa da, hərbi müşahidəçilərin mövcudluğu yetərli ola bilərdi".
"Biz hesab edirik ki, əgər bunlar bizim hərbi müşahidəçilərimiz olsaydı tamamilə doğru olardı, amma son söz tərəflərin olmalıdır", - Rusiya xarici siyasət idarəsinin rəhbəri deyib.
Lavrov "müharibənin başlamasının münaqişənin həllini sürətləndirəcəyinə ümid etdiyini" deyib.