You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin xronogiyası

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.

Canlı reportaj

  1. Azərbaycan XİN-indən Nikol Paşinyanın “qarşılıqlı güzəşt” istəyinə cavab

    Qarabağda sülhlə bağlı Azərbaycanın mövqeyi birmənalıdır, Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva deyib.

    Ermənistan Baş Naziri Nikol Paşinyan çərşənbə axşamı AFP agentliyinə deyib ki, Ermənistan Qarabağla bağlı Azərbaycanla "qarşılıqlı güzəştlərə hazırdır".

    “Azərbaycan hökumətinin mövqeyi dəyişilməzdir. Ermənistanın işğalçı qüvvələri, - necə ki, bunu BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq təşkilatların qərarları tələb edir, - Azərbaycanın işğal olunmuş bütün torpaqlarından geri çəkilməlidir,” - Leyla Abdullayeva BBC News Azərbaycancaya deyib.

  2. Dağlıq Qarabağda münaqişə bölgəsinin məlum olan son vəziyyəti xəritədə belə əks olunub

    BBC Dağlıq Qarabağda münaqişə zonasında döyüşlərin getdiyi, atəşə məruz qalmış və Azərbaycanın azad etdiyi, eləcə də Azərbaycan və Ermənistanın sentyabrın 27-dək nəzarətində olan ərazilərin xəritəsini hazırlayıb.

  3. Təcili xəbər, Azərbaycan MN: Tərtər və Füzuli rayonlarının yaşayış məntəqələri yenidən atəşə tutulur

    Azərbaycanın Müdafiə Nazirliyi açıqlayıb ki, Tərtər və Füzuli rayonlarının yaşayış məntəqələri Ermənistan ordusu tərəfindən yenidən atəşə tutulur.

  4. Putin: "Ermənistanın Baş naziri ilə daim işgüzar əlaqədəyəm"

    "Bu, faciədir. Biz çox narahatıq, çünki həm Azərbaycan, həm Ermənistan və həm də Dağlıq Qarabağ – bütün bunlar, bizə yad olmayan insanların yaşadığı ərazilərdir. Bizdə, Rusiyada 2 milyona yaxın azərbaycanlı və hesablamalarımıza görə, 2 milyondan çox erməni yaşayır,” - Vladimir Putin “Rossiya” dövlət kanalına verdiyi müsahibədə deyib.

    "Əlbəttə ki, bu, faciədir. İnsanlar ölür, hər iki tərəfdə ağır itkilər var. Ümid edirik ki, ən yaxın vaxtlarda bu münaqişə dayandırılacaq. Ancaq bu, tamamilə sona çatmasa, bir daha demək istəyirəm, buna hələ çox var, hər halda biz – və mümkün qədər tez olaraq - atəşı dayandırmağa səsləyirik”, - Rusiya lideri vurğulayıb.

    "Məlum olduğu kimi, Ermənistan KTMT-nin üzvüdür. Və bu müqavilə çərçivəsində bizim Ermənistan qarşısında müəyyən öhdəliklərimiz var. Ancaq hərbi hərəkətlər - çox təəssüflər olsun ki, [onlar] indiyədək davam edir - Ermənistan ərazisində aparılmır. Rusiyanın bu müqavilə çərçivəsində götürdüyü müqavilə öhdəliklərinin icrasına gəlincə - biz öz öhdəliklərimizi həmişə yerinə yetirmişik, yetiririk və yetirəcəyik. Bildiyiniz kimi, mən Ermənistanın Baş naziri ilə daim canlı işgüzar əlaqədəyəm. Və Rusiyanın müttəfiq öhdəliklərini yerinə yetirməsinin keyfiyyəti ilə bağlı Ermənistan rəhbərliyində heç bir sual yaranmır," - Vladimir Putin deyib.

  5. Azərbaycan Ombudsmanı Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin atəşə tutulması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

    Ombudsman Səbinə Əliyeva dünya dövlətlərini Ermənistanın Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini atəşə tutmasını əsas gətirərək onu dayandırmağa çağırıb

    Onun müraciətində deyilir ki, Ermənistan silahlı qüvvələri oktyabrın 6-dan başlayaraq mülki əhalinin sıx yaşadığı və münaqişə zonasından uzaq olan Yevlax rayonu ərazisini və bu ərazidən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini kaset tipli raket zərbələri ilə atəşə tutub.

    Ermənistan bunu təkzib edir.

    "Raketlər Yevlax rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin 10 metrliyinə düşüb, 300-dən çox kaset tipli bombaların qəlpələri ətrafa yayılıb,"-Səbinə Əliyeva bildirib.

    Ombudsman bununla Ermənistanın "Avropanın enerji təhlükəsizliyinə yönəlik qəsd əməllərə" başladığını söyləyib.

    Azərbaycan Ombudsmanı hesab edir ki, bu hücumla Ermənistan nəinki Azərbaycanı hədəfə alır, “bütünlükdə region və Avropa dövlətlərinə yönəlik cinayət hadisəsi olmaqla, qlobal enerji təklükəsizliyinə zərbə vurmaq və region üçün ciddi ekoloji fəsadlar törətmək məqsədi daşıyır”,

    Səbinə Əliyeva dünya dövlətlərinə müraciət edərək onları Ermənistana qarşı "sərt reaksiya verməyə, onu dayandırmağa" çağırıb.

    Ermənistan Müdafiə Nazirliyi erməni birləşmələrinin Bakı-Tbilisi-Ceyhan neft kəmərini atəşə tutmasını təkzib edir:

    “Biz dəfələrlə bəyan etmişik ki, neft-qaz strukturlarını hədəfə almırlar, lakin Artsax istiqamətində atəş açan bütün hərbi obyektlər, onların yerləşdiyi yerdən asılı olmayaraq, ləğv ediləcək," - nazirliyin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb.

  6. Azərbaycan MN Cəbrayıl rayonunun Şəybəy kəndindən görüntülər yayıb

    Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl rayonunun Şəybəy kəndindən görüntülər paylaşıb.

    Şəybəy kəndi oktyabrın 3-də işğaldan azad edilib. Bu barədə Prezident İlham Əliyev öz Twitter səhifəsində məlumat paylaşmışdı.

  7. Təcili xəbər, Azərbaycanın Baş Prokurorluğu: Ağdamın kəndində bir mülki şəxs həlak olub

    Azərbaycanın Baş Prokurorluğu oktyabrın 7-də yaydığı məlumatda bildirib ki, Ermənistan silahlı qüvvələri Ağdam rayonunun müxtəlif istiqamətlərini atəşə tutub.

    Qurum açıqlayıb ki, rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub.

    Baş Prokurorluq həmçinin evə külli miqdarda ziyan dəydiyini bildirib.

  8. İlham Əliyev Vladimir Putinlə danışıb

    Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

    O, Vladimir Putini ad günü münasibətilə təbrik edib.

    İlham Əliyev Rusiya Prezidenti ilə həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə edib.

  9. Müdafiə Nazirliyi döyüşlər başlayandan bəri Ermənistanın vurulmuş texnikasının sayını açıqlayıb, Azərbaycanın yeni dayaq məntəqələrini azad etdiyi bildirilir.

    "Çərşənbə günü ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini Ermənistan silahlı qüvvələrindən təmizləyib," - Azərbaycan Müdafiə Nazirliyi bildirir.

    "Döyüşlərdə qarşı tərəfin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib," - qurumun məlumatında deyilir.

    Müdafiə Nazirliyinin məlumatında "Ermənistanın sentyabrın 27-si - döyüşlər başladıqdan indiyədək 250-dək tank və digər zirehli texnika, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 60-dək hava hücumundan müdafiə vasitələrini zərərsizləşdirildiyi" açıqlanıb.

    Qurum, həmçinin döyüşlər başladıqdan indiyədək "Ermənistanın 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsinin, 8 silah-sursat anbarının, 150-dək avtomobil texnikasının və bir ədəd “S-300” zenit-raket kompleksinin vurulduğunu" da bildirib.

  10. Ermənistan itirilmiş hərbçilərinin sayını açıqlayıb

    "Ermənistan Dağlıq Qarabağdakı son döyüşlərdə daha 40 hərbçisini itirdiyini" bildirib.

    Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, indiyədək döyüşlər zamanı həlak olmuş hərbçilərin ümumi sayı 280-ə çatıb.

    Azərbaycan tərəfi indiyədək həlak olmuş hərbçilərin sayını açıqlamayıb.

  11. Baş Prokurorluq: "28 mülki şəxs həlak olub, 144 yaralı var"

    Ermənistanın rayon və şəhərləri atəşə tutması nəticəsində 28 mülki azərbaycanlı həlak olub, 144 yaralı var".

    Bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.

    Qurum, həmçinin "66 mülki obyektin və 427 evin yararsız vəziyyətə düşdüyünü" açıqlayıb.

  12. Hikmət Hacıyev: "Son raket hücumları Ermənistanın hərbi doktrinasının bu qədər aqressiv olduğunu bir daha təsdiqlədi"

    "Təmas xəttində vəziyyət gərginləşməzdən əvvəl Ermənistan açıq şəkildə Azərbaycanın kritik enerji infrastrukturunu - Mingəçevir su anbarını raket hücumları ilə təhdid etdi. Ermənistanın son raket hücumları bu ölkənin hərbi doktrinasının bu qədər aqressiv olduğunu bir daha təsdiqlədi".

    Bunu Azərbaycan Prezidentinin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev öz Twitter hesabında yazıb.

  13. Müdafiə Nazirliyi işğaldan azad olunmuş Cəbrayıl rayonunun Şükürbəyli kəndinin görüntülərini yayıb

  14. Təcili xəbər, "Tərtər, Bərdə Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri atəşə tutulur" - Azərbaycan Müdafiə Nazirliyi

    "Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Bərdə Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri atəşə tutulur", Müdafiə NAzirliyinin məlumatında bildirilir. Qurum Azərbaycan Ordusunun "adekvat tədbirlər" gördüyünü bəyan edib.

  15. Azərbaycan MN: “Cəbrayıl istiqamətində Ordumuz tam üstünlüyə malikdir”, Qurum Ermənistan Müdafiə Nazirliyinin bu səhər itkilərlə bağlı yaydığı məlumatın "əsassız olduğunu" bildirib.

    Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində tam üstünlüyə malik olduğunu" açıqlayıb.

    "Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb. Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır", qurum bəyan edib.

    Çərşənbə günü səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan Facebook səhifəsində "Azərbaycan Ordusunun cənub-şərq istiqamətində gedən döyüşlər zamanı texniki və canlı itkilər verdiyini" yazıb.

  16. Azərbaycan MN: "Gecə bütün cəbhəboyu döyüşlər davam edib"

    "Oktyabrın 7-ə keçən gecə bütün cəbhəboyu döyüşlər davam edib", Müdafiə Nazirliyi çərşənbə günü məlumat yayıb.

    Qurumun məlumatında bildirilir ki, "Azərbaycan qoşunları ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları aparıb".

    "Qarşılıqlı artilleriya atışları qeydə alınıb. Dünən gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci dağatıcı alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralanan var", MN-nin açıqlamasında deyilir.

    Müdafiə Nazirliyi "artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topunun sıradan çıxarıldığını" da bildirib.

  17. Vaqif Dərgahlı: "Şuşan Stepanyanın müharibədən xəbəri yoxdur"

    “Şuşan Stepyanyanın müharibədən xəbəri yoxdur”, - Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

    Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan çərşənbə günü səhər saatlarında “bu gecə cəbhədə Azərbaycanın texnika və canlı itki verdiyini” açıqlayıb.

    Cənab Dərgahlı döyüşlərlə bağlı tezliklə açıqlama veriləcəyini bildirib.