BBC News Rusca Xidmətinin müxbiri Marina Katayeva çərşənbə axşamı günü səhəri yazıb ki, ikinci gecədir ki, Xankəndində (Stepanakert) partlayışlar səsləri eşidilmir.
"13 oktyabr səhəri "boş" hava həyəcanı siqnalı səslənib. Şəhər hələ də boş qalır, ancaq artıq açıq mağazalar tapa bilərsiniz.
Bir hissəsi yerdə qalan partlamamış mərminin yaxınlığında kafe açılıb. Onun ətrafına səliqə ilə gül qabları düzülüb.
Kafenin sahibi bizim üçün erməni qəhvəsi hazırlayır və pul götürmür.
"Hələ işləmirik. Kafenin altında yaxşı zirzəmi olduğu üçün, açmışıq ki, lazım olarsa, insanlar içəridən ora düşə bilsinlər."
Erməni nənə və babaya heykəlin qoyulduğu təpədən döyüşlərin əks-sədası gəlir.
Yerli sakinlər səslərin Hadrut ətrafından gəldiyini deyirlər. İnsanlar yavaş-yavaş zirzəmilərdən çıxıb öz işləri ilə məşğul olurlar.
Başımda Janna Aguzarovanın "Köhnə otel" mahnısından sözlər səslənir:
...Şəhər öz insanlarının xoşbəxtliyi ilə yaşayır.
Şuşada cəbhədəki partlayışlar daha yaxşı eşidilir.
Dağıdılmış kilsədə bizi bir yerli sakin qarşılayır və o özünü tankçı Armen kimi təqdim edir. O, 1990-cı illərdəki Qarabağ müharibəsinin veteranıdır.
Armen güllə, qəlpə və mina ilə yaralandığını və bədənində 23 qəlpənin qaldığını deyir.
Son döyüşlər başlamazdan əvvəl Armen Şuşada toy və şənlikləri çəkirdi. İndi isə şəhərə hücumların nəticələrini çəkir.
Armen bizi - yanında partlamamış mərminin qaldığı - məscidə aparır. O, əmindir ki, məscidi hədəfləsələr də, zərbə yan keçib.
Şuşanın Mədəniyyət Mərkəzinin yaxınlığında bir kran durur. Ancaq ərazi hələ təmizlənməyib. Damın qalıqları tamaşaçı oturacaqlarının üzərindədir.
Səhnə də binanın qırıntıları ilə doludur. Mərmilərdən biri birbaşa binaya dəyib. O, insanların olduğu zirzəmiyə qədər çatıb. Digəri də yaxınlıqda görünür.
Şəhər çox sakitdir. 10 gün əvvəl, hələ zərər dəyməmiş şəhərə gələndə yaşıl olan ağaclar indi sarı və qırmıza rənglərə boyanıb - Qarabağda qızıl payız başlayıb."