Prezident İlham Əliyev “Sky News” televiziya kanalında müsahibəsində
atəşkəsin razılaşdırılması və danışıqların bərpa edilməsi ilə bağlı deyib ki,
“bu, Ermənistanın mövqeyindən asılıdır”.
“…Onlar
həmişə status-kvonu möhkəmləndirmək, status-kvonu dəyişməz olaraq saxlamaq və
BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və danışıqlar masasında olan və
ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərə əsasən
qaytarmalı olduqları torpaqları qaytarmamağı istəyirdilər.”
İlham
Əliyev əlavə edib ki, “danışıqlar münaqişənin siyasi həllinə və işğal olunmuş ərazilərin
boşaldılmasına gətirib çıxarmalıdır.”
Onun
sözlərinə görə, "Ermənistanın dəstəkləməkdən imtina etdiyi əsas prinsiplərdə
torpaqların açıq
şəkildə necə geri qaytarılacağı göstərilir":
“Birinci
mərhələdə Dağlıq Qarabağın cənub-şərq tərəfində yerləşən beş Azərbaycan rayonu,
sonra Dağlıq Qarabağ və Ermənistan arasında yerləşən iki Azərbaycan rayonu
qaytarılmalıdır. Sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıdırlar. Dağlıq
Qarabağda 25 faiz azərbaycanlı əhali olub, onların da hüquqları təmin edilməlidir.
Onlar yaşadıqları yerə - qədim Şuşa şəhərinə və digər yerlərə qayıdırlar və biz
normal kommunikasiyaları bərpa edirik. Biz xalqlar arasında təmasları bərpa
edirik. Mən əminəm ki, insanlar yavaş-yavaş barışacaqlar. Bu, vasitəçilərin
planıdır və biz bunu dəstəkləyirik.”
Jurnalistin
“25 faiz azərbaycanlı əhalinin Dağlıq Qarabağa qayıtmasına icazə verilsə, siz
Dağlıq Qarabağın müstəqilliyini tanıyarsınız?” sualına cavabında Azərbaycan
Prezidenti “Xeyr. Heç vaxt. Bu məsələ heç vaxt danışıqlar masasında olmayıb”,
deyə cavab verib.
Əraziyə
sülhməramlıların gətirilməsi ilə bağlı Prezident Əliyev qeyd edib ki, bu,
ATƏT-in Minsk qrupu tərəfindən münaqişənin həlli üçün işlənib hazırlanmış əsas
prinsiplərdə təmin edilən ünsürlərdən biridir və sülhməramlılarla bağlı bənd
var:
“…
biz ilk olaraq əsas məsələni - işğalı, ərazilərin boşaldılmasını həll etməliyik
və azərbaycanlılar oraya qayıdandan sonra əlbəttə ki, sülhməramlılar gəlməlidirlər.
Bu, razılaşma çərçivəsindədir. Əgər bu, hər iki tərəfdən imzalansa, onda hər
iki tərəf bu sülhməramlıların kim olacağını seçəcək. Beləliklə, biz buna qarşı
deyilik. Lakin biz faktiki olaraq bu bəndlə bağlı danışıqların aktiv fazasında
deyilik."
O,
Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada hazırda davam edən görüşü
barədə deyib ki, "biz sülh yolu ilə həll istəyirik, amma həll. Biz həll
istəyirik, imitasiya yox, daha 30 il ərzində boş sözləri yox, praktiki
addımları, vaxt cədvəlini, insanlarımızın evlərinə nə vaxt qayıdacağını, onlar
üçün təhlükəsizlik zəmanətinin nədən ibarət olacağını və bizim necə
barışacağımızı bilmək istəyirik."
Onun
sözlərinə görə, iki millət barışmalıdır:
"Biz
qonşuyuq. Biz əbədi olaraq düşmənçilik şəraitində yaşaya bilmərik. Bu,
dayandırılmalıdır. Lakin tarixi həqiqət və beynəlxalq hüquq əsasında
dayandırılmalıdır."
Müsahibənin mətni Azərbaycan Prezidentinin rəsmi saytında çap
olunub.