You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin xronogiyası

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.

Canlı reportaj

  1. Tanınmamış "DQR" daha 26 hərbçisinin öldüyünü bildirib

    Tanınmamış "Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi" oktyabrın 9-da daha 26 hərbçisinin öldüyünü bildirib.

    Bununla tanınmamış "DQR"-in ölən hərbçilərinin sayı 376-ya çatıb.

    Cümə günü öldüyü elan edilən gənclər əvvəl elan edilən siyahılarda olduğu kimi əsasən 2000-2001-ci il təvəllüdlü və böyük ehtimal ki, təcili çağırış əsgərləridirlər.

    Döyüşlərdə ölənlər barədə məlumatlar tam deyil - bunu erməni hərbçiləri də qəbul edirlər.

    Azərbaycan hərbi itkiləri barədə məlumat açıqlamır.

  2. Təcili xəbər, Azərbaycanın Baş Prokurorluğu: Füzulidə 3 mülki şəxs yaralanıb

    Cümə günü səhər saatlarında Füzuli rayonunda 3 mülki şəxs yaralanıb, Azərbaycanın Baş Prokurorluğu bildirib.

    Məlumatda bildirilir ki, Füzuli rayonu Qarabağ kənd sakinləri 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Nizami Cəfər oğlu və 1968-ci il təvəllüdlü Abbasov Alman Ənvər oğlu yaşadıqları evlərə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

    Məlumatda o da qeyd olunur ki, onların yaşadıqları evlərə külli miqdarda ziyan dəyib.

    Baş Prokurorluq bildirib ki, Füzuli rayonu cümə günü səhər saatlarından başlayaraq müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutulub.

  3. Təcili xəbər, Azərbaycanın Goranboy, Tərtər və Ağdam rayonları atəşə tutulur, Bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama verib.

    Azərbaycanın Müdafiə Nazirliyi Azərbaycanın Goranboy, Tərtər və Ağdam rayonlarının Erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu bildirib.

  4. Azərbaycan MN: Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı öldürülüb, digər polkovniki yaralanıb

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, oktyabrın 8-də keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb.

    Məlumatlarda deyilir ki, atəş nəticəsində binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu öldürülüb.

    Azərbaycan MN Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən Ermənistan silahlı qüvvələrinin "ağır itkiyə məruz qaldığını", oradakı hərbi hissələrin şəxsi heyəti təxliyə etdiyini bildirib.

    Qurum Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində "xeyli sayda hərbi qulluqçunun öldüyünü və yaralandığını" qeyd edib.

    "Dünən gün ərzində və ötən gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə vurulub və sıradan çıxarılıb. Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib", - Azərbaycan MN-in məlumatında deyilir.

  5. Azərbaycan və Ermənistan gecə davam edən döyüşlər barədə

    Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək və gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər davam edib.

    Nazirlik Azərbaycan Ordusunun bölmələrinin mühüm istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə atəş zərbələri endirdiyini və onların hərəkət fəaliyyətini "tam məhdudlaşdırdığını" bildirib.

    Ermənistanın Müdafiə Nazirliyi isə gecə ərzində vəziyyətin "nisbətən sabit-gərgin" olduğunu, müdafiə bölmələrinin "vəziyyətə nəzarət etdiyini" deyib.

    Ermənistan MN Azərbaycanın yaşayış məntəqələrinə raket atdığını iddia edib.

  6. Azərbaycan MN Ermənistan ərazisində Azərbaycan PUA-larının vurulması iddiaları haqda: "Başqa yalan tapmadılarmı?"

    Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı oktyabrın 8-də Ermənistan əraizində Azərbaycana məxsus PUA-ların vurulması iddialarına cavab verib.

    Vaqif Dərgahlı BBC News Azərbaycancaya "iddiaların əsassız olduğunu" bildirib.

    "Bizim orada nə işimiz var? Başqa yalan tapmadılarmı?", - o, sual edib.

    Ermənistanın Müdafiə Nazirliyi oktyabrın 8-də axşam saatlarında Ermənistanın Vardenis rayonu ərazisində Azərbaycana məxsus 7 PUA-nın vurulduğunu iddia etmişdi.

    Bu barədə Nazirliyin sözçüsü Şuşan Stepanyan Facebook hesabından yazıb.

  7. Türkiyənin Milli Müdafiə Nazirliyi: "Ermənistan işğal etdiyi Dağlıq Qarabağı dərhal boşaltmalıdır"

    Türkiyənin Milli Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı hücumlarını pisləyib.

    "Mülki insanlara hücum edərək bütün dünyanın gözü qarşısında hərbi cinayətlər törədən Ermənistan öz tarixinə daha bir qara ləkə əlavə etməkdədir. Ermənistan işğal etdiyi Dağlıq Qarabağı dərhal boşaltmalı və insanlığa qarşı törətdiyi cinayətlərə görə hesab verməlidir!", - nazirlik oktyabrın 8-də Twitter səhifəsində paylaşıb.

  8. Dünən ANAMA-ya mərmilərin düşməsi barədə 60 müraciət daxil olub

    Oktyabrın 8-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə 60 müraciət daxil olub.

    Agentlik həmin ərazilərdə 1 ədəd 152 mm-lik top mərmisi (OF-540), 1 ədəd 122 mm-lik top mərmisi (D-4), 2 ədəd 300 mm-lik raket (9M528), 33 ədəd patron (30 ədəd 5.45 mm-lik və 3 ədəd 7.62 mm-lik) və 9 ədəd partlamış mərmi qalıqlarının aşkar oldunduğunu və 29 ədəd bombacığın zərərsizləşdirildiyini bildirib.

  9. Vladimir Putin Azərbaycan və Ermənistan XİN başçılarını Moskvaya dəvət edib

    Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərini Qarabağ döyüşlərində ölənlərin meyitlərini və əsirləri dəyişmək məsələsini müzakirə etmək üçün Moskvaya dəvət edib, Rusiyanın TASS agentliyi bildirib.

    “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla bir sıra telefon danışıqlarından sonra Rusiya Federasiyasının Prezidenti ölənlərin meyitlərini və əsirləri mübadilə etmək üçün humanitar səbəblərdən Dağlıq Qarabağ münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasına çağırır. Oktyabrın 9-da Rusiya Xarici İşlər nazirinin vasitəçiliyi ilə bu məsələlərdə məsləhətləşmələr üçün Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Moskvaya dəvət olunurlar”, - məlumatda deyilir.

  10. Tom de Wall: “Avropalılar Azərbaycanın əsas şikayəti ilə bağlı ucadan dəstək verməlidirlər: o faktı ki…”

  11. Azərbaycan Müdafiə Nazirliyi Şuşada kilsənin dağıdılmasında rolu olmadığını bildirib

    “Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”, - Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.

    Ermənistan tərəfi bildirib ki, Şuşada yerləşən "Müqəddəs xilaskar" kilsəsi Azərbaycan tərəfindən atəşə tutulub və kilsənin damında dəlik açılıb.

    Nazirlik bildirib ki, Ermənistan tərəfi oktyabrın 4-də Gəncəni atəşə tutarkən mülki yerləri hədəf alıb və dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan vurub.

    Müdafiə Nazirliyi deyib ki, Azərbaycan Ordusu tarixi, mədəni, dini tikililəri və abidələri hədəfə almır.

  12. Rusiya və Azərbaycanın Baş nazirləri danışıblar

    Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycanın Baş naziri Əli Əsədovla söhbət edib.

    "Tərəflər Zaqafqaziya bölgəsində sülhün və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıblar,"- Rusiya hökumət başçısının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

  13. Atəşə məruz qalan Bərdə sakini: "İki mərmi şəhərin içinə düşüb"

    Oktyabrın 8-də Ermənistanın Bərdə şəhərini atəşə tutması nəticəsində 7 nəfər xəsarət alıb, Azərbaycan baş prokurorluğu bildirir.

    Ətraflı videomuzda izləyin.

  14. Şuşada "3 jurnalist yaralanıb"

    Alman qəzeti Bild-in jurnalisti Twitter hesabında Şuşada 3 jurnalistin yaralanması ilə bağlı məlumat paylaşıb.

    Jurnalist tanınmamış "DQR səlahiyyətlilərinə" istinad edib.

    O yazıb ki, Şuşadakı bir kilsənin dəfələrlə atəşə tutulması zamanı üç jurnalist yaralanıb.

    Daha sonra o yazıb ki, yerli rəsmilər jurnalistlərdən birinin vəziyyətinin kritik olduğunu deyiblər.

    Ermənistan rəhbərliyi deyib ki, yaralananlardan biri Rusiya, digər ikisi yerli jurnalistdir.

    BBC News Azərbaycanca bu məlumatı müstəqil mənbələrdən təsdiqlədə bilməyib.

    Azərbaycan rəsmiləri Ermənistan hakimiyyətini ittiham edib ki, o, media nümayəndələrini döyüşlər gedən əraziyə gətirməklə onların həyatını təhlükə altına qoyur.

  15. İlham Əliyev:"Erməni qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılmasına dair bir cədvəl almalıyıq"

    Azərbaycan Prezidenti İlham Əliyev sosial mediadakı postunda erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasına dair cədvəldən bəhs edib.

    "Erməni qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılmasına dair bir cədvəl almalıyıq və bu cədvəl vasitəçi ölkələr - Minsk qrupu həmsədrləri tərəfindən təsdiqlənməlidir," - o, Twitter hesabında yazıb.

    İlham Əliyevin bu tviti Cenevrədə Qarabağla bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Azərbaycan nümayəndə heyəti arasında görüş ərəfəsinə təsadüf edir.

    Ermənistan rəhbərliyinin bu şərtə münasibəti hələ məlum deyil. Yalnız ölkənin baş naziri Nikol Paşinyan xarici mediaya müsahibəsində "qarşılıqlı güzəştə getməyə hazır" olduqlarını deyib.

  16. Cenevrədə Dağlıq Qarabağla bağlı danışıqlar keçirilir

    Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya, Fransa, ABŞ) və Azərbaycan nümayəndələrinin iştirakı ilə Dağlıq Qarabağla bağlı danışıqlar keçirilir, RİA Novosti xəbər verir.

    “BMT-nin Cenevrə Ofisi yanında Fransanın Daimi Nümayəndəliyindən RİA Novosti-yə bildirildiyi kimi, iclas BMT-dən kənarda, məxfi yerdə və qapalı formatda keçirilir”.

    Bundan əvvəl diplomatlar ATƏT-in rusiyalı həmsədri İqor Popovun Cenevrəyə gəldiyini təsdiqləyiblər.

    Azərbaycan XİN çərşənbə günü bildirmişdi ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrəyə səfər edəcək və bu səfərin məqsədi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək və münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdır.

  17. “The Economist”in redaktoru: “Azərbaycan üçün ən effektiv yeganə platform Türkiyə istehsalı dron sistemi idi”

    “The Economist” dərgisinin müdafiə məsələləri üzrə redaktoru Shashank Joshi BBC News-a Ermənistan-Azərbaycan müharibəsində istifadə edilən silahlarla bağlı danışıb:

    - Bu münaqişənin hər iki tərəfində hansı silahlardan istifadə olunur?

    - Qeyd etdiyiniz silah, nəsə köhnə bir pilotsuz təyyarə deyil, onlar Harop dronlarıdır ki, xüsusi, gəzən sursatlar növünə aiddir.

    Əslində, onu kamikadze dronu ilə uzun müddət havada qala bilən raketın qarışığı kimi təsəvvür etmək olar. O, döyüş meydanı boyunca müstəqil şəkildə saatlarla uçaraq, vura biləcək hədəfləri axtarır və daha sonra insanın hər hansı müdaxiləsi olmadan onlara çırpılır.

    Azərbaycan artıq bir müddətdir ki, İsraildə istehsal olunan bu sistemə sahibdir və qənaətimizə görə, onu ilk dəfə dörd il əvvəl, 2016-cı ildə, Harop sursatının ermənilərin avtobusuna çırpılma epizodunda istifadə edib.

    Və böyük bir əminliklə demək olar ki, onlar bu dəfə də, yenidən istifadə olunub. Maraqlıdır ki, əslində effektiv təbliğat olan həmin musiqili videoda da dünyanın müxtəlif yerlərində istifadə olunan ən qabaqcıl hərbi sistemləri görürük.

    - İstifadə edilən silahlar barədə verdiyiniz vahiməli və qorxunc təsvir nəzərə alınsa, bu münaqişənin miqyasından nə dərəcədə narahat olursunuz? Jonah Fisherin məlumatında biz artıq orada yetirilən zərərin müəyyən hissəsini görmüşük.

    Düşünürəm ki, çox qabaqcıl sistemlər və güclü millətçi ehtirasların bir araya gəlməsi ilə yanaşı çox köhnəlmiş, qeyri-yüksək texnologiyalı, lakin mülkilərin məskunlaşdığı ərazilərə zərbə endirməyə və ciddi itkilər törətməyə qadir məhv vasitələrinin mövcudluğu hamını narahat etməlidir.

    Sovet dövrünə aid raket sistemləri dərin narahatlıq doğurur, lakin düşünürəm ki, buradakı həqiqi problem, dağıntıların miqyası ilə bağlı deyil. Zənnimcə, biz, eyni zamanda həm köhnə, həm də yeni münaqişə qaydalarını görürük. Buraya artilleriya, raketlər, pulemyotlar, səngərlər və əsgərlərin açdığı atəşlə yanaşı, qeyd etdiyim gəzən sursat növləri də daxildir.

    Və düşünürəm ki, Azərbaycan üçün ən effektiv yeganə platform Ermənistanın zirehli sistemlərini, artilleriya və havadan müdafiəsini effektiv şəkildə məhv edən Türkiyə istehsalı dron sistemi idi.

    Bilirsinizmi, bu, dəbli döyüş təyyarəsi deyil, dəbli raket də deyil, bu, Türkiyənin bütün bölgə boyunca istifadə etdiyi iki-üç milyon dollarlıq drondur. Və yəqin ki, bu, döyüş meydanlarındakı gördüyünüz hər hansı başqa sistemlərdən daha çox hərbi dağıntılara səbəb olub.

  18. İlham Əliyev: "Birtərəfli qaydada atəşkəs elan edilə bilməz"

    Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, birtərəfli qaydada atəşkəs elan edilə bilməz.

    "Qərar ikitərəfli olmalı və bölgədə tətbiq olunmalıdır," o, Twitter hesabında yazıb.

  19. Azərbaycan ordusunun indiyədək işğaldan azad etdiyi şəhər və kəndlərin siyahısı

    Azərbaycan rəsmilərinin sentyabrən 27-dən bəri verdiyi məlumata görə, Azərbaycan Ordusu indiyədək ümumilikdə 1 şəhər və 26 kəndi işğaldan azad edib.

    İşğaldan azad olunan ərazilər siyahısında Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun 19, Tərtərin 2, Fizulinin 5 kəndi var.

    Cəbrayıl şəhəri oktyabrın 4-də işğaldan azad olunub.

    Azad edilmiş kəndlərin siyahısı:

    Cəbrayılın kəndləri:

    27 sentyabr: Böyük Mərcanlı, Nüzgar

    3 oktyabr: Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq

    4 oktyabr: Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad

    5 oktyabr: Şıxəli Ağalı, Sarıcalı, Məzrə;

    Fizulinin kəndləri:

    27 sentyabr: Aşağı Əbdürəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz;

    Tərtərin kəndləri:

    3 oktyabr: Talış və Suqovuşan (Madagiz);

  20. Qarabağdakı yeni müharibənin ən məşhur fotoşəklinin qəhrəmanı ölüb

    Yeni Qarabağ müharibəsində çəkilmiş ən məşhur fotoşəkillərdən birinin qəhrəmanı, topçu Albert Ovannisyan ölüb - bu gün bu barədə bütün erməni mətbuatı əsgərin atasına istinad edərək yazır.

    "Bu günlərdə fotosu dünyaya yayılan və bir çoxunuz üçün əziz olan oğlum Albert Ovannisyan ölümsüzlüyə addımlayıb. Mənim ağrım və ailəmin ağrısı təsvir edilə bilməz," - Artak Ovannisyan Facebook-da yazıb.

    Ermənistan Müdafiə Nazirliyinin və Reuters-in sentyabrın 29-da yaydıqları bu fotoşəkil dünya mətbuatında dəfələrlə dərc olunub.