Prezident İlham Əliyev Rusiyanın RBK kanalına müsahibəsində danışıqlarda Rusiyanın rolu barədə suala cavab verib.
O söyləyib ki, Rusiya Minsk qrupunun həmsədri kimi ATƏT tərəfindən üç ölkəyə verilmiş hüquq və səlahiyyətlərə malikdir, həmçinin qonşu kimi, Azərbaycan və Ermənistanla ortaq tarixə malik olan bir ölkə kimi, əlbəttə, xüsusi rol oynayır.
"...biz dəfələrlə Rusiya rəhbərliyinə müraciət etmişik ki, Rusiya rəhbərliyi Ermənistana siyasi təsir göstərmək vasitələrindən istifadə etsin, erməni tərəfini inandırsın ki, işğala son qoyulmalıdır. Bu mövzu dəfələrlə müzakirə edilib və sizə deyə bilərəm ki, rusiyalı həmkarımla bütün çoxsaylı görüşlərimdə bu mövzu ya müfəssəl, ya o qədər də ətraflı olmayan formada müzakirə edilib, lakin belə olmadı", Prezidentin saytında yazılıb.
O qeyd edib ki, "Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir".
"Buna görə əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində Yerevanın ayılması nəzərə alınmaqla, Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər: təkcə hərbi qarşıdurma baxımından deyil, bütövlükdə Ermənistanın gələcəyi üçün indiki vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla münaqişənin həllini tapmaqdır. Bu həll isə çox sadədir - onlar bizim ərazidən getməli, öz qoşunlarını çıxarmalı, bizim insanlar oraya qayıtmalı və biz yenidən yanaşı yaşamağa çalışmalıyıq."
Cənab Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyan barədə deyib ki, "Qoy o, Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi."